06.01.2017

İndiki məmurlarla köhnələrin fərqi

İbrahim Hümbətov

Şah İsmayıl Xətayi taxt-taca sahib olanda on dörd yaşlı bir yeniyetmə idi. Əgər XXI əsrdə həmin yaşda olan yeniyetmə oğlanın hər hansı bir ölkəni idarə etməyə qadir olmadığını nəzərə alsaq, bu heç də sirr deyil ki, XV əsrin on dörd yaşlı yeniyetməsi ölkəni heç vaxt sərbəst idarə edə bilməzdi. Deməli, Şah İsmayılın ətrafındakı məmurlar vətənpərvər, müdrik, ləyaqətli adamlar olublar... Mən bu faktı elə-belə xatırlatmadım. Çünki bütün dövrlərdə cəmiyyətin tərəqqisi uğrunda çalışan vətənpərvər insanlar, özü də Cənubi Azərbaycanda çox olub.
 Vəzifə adamı deyəndə, gözlərimiz önündə öncə məmur obrazı canlanır, yəni səlahiyyət sahibi. Bəlkə də vəzifə, elə xoşbəxt məqamlarla dolu bir imtiyaz olduğu üçün də, adamlar səlahiyyət sahibi olmağa daha çox can atır. Bu da bir həqiqətdir ki, səlahiyyət sahibi olmaq hər adama yaraşmır. Vay o günə ki şəxsi göstəriciləri yetərincə olmayan bir adam səlahiyyət sahibi olur. Və həmin məmurun ucbatından ətrafdakılar əziyyət çəkir. Amma səlahiyyətilə müsbət keyfiyyətləri üst-üstə düşəndə məmur daha ləyaqətli görünür, həm vəzifəsinə şərəf gətirir, həm də xalqın məhəbbətini qazanır. Məsələn, söhbət idarəçilik, vətənpərvərlik və ya təşkilatçılıqdan düşəndə, sovet vaxtının dünyasını dəyişmiş ləyaqətli məmurlarının adları gündəmə gəlir, onlardan sitatlar söylənilir; filan kənddəki körpünü rəhmətlik filankəs inşa elətdirib və yaxud filan məmur rayonun qeyrətini çəkirdi, imkan verməzdi ki, kimsə camaatın haqqını tapdasın, deyirlər. Bəs indi vəziyyət necədir? Yuxarıda sadaladığım tarixləşmiş adamlardan sonra rayonda vəzifədə işləmək çətin deyil ki? Görəsən, indiki məmurlar onların ənənəsini davam etdirə bilirlərmi, özlərinə rəhmət payı qazanırlarmı? Bəziləri kimi vəzifədən gedəndən sonra camaat arasına çıxmaqdan ehtiyat etməyəcəklər ki? Sözün əsl mənasında indi də ləyaqətli məmurlar az deyil, amma gəlin səmimi etiraf edək, elələri də var ki taleyin verdiyi bu fürsətdən maddi cəhətdən gen-bol bəhrələnsələr də, mənəvi cəhətdən heç nə əldə edə bilməyiblər. Elə ona görədir ki həm vəzifədə işlədikləri zaman, həm də vəzifədən gedəndən sonra yaşadıqları cəmiyyətin qınaq obyektinə dönürlər. İndi Siz deyin, vəzifədə qalmaq naminə mütrüflüyü özünə rəva bilən, süründürməçi, vədinə yalançı, rüşvətxor, ləyaqətsiz, Xalqın, Dövlətin malını öz halal malı kimi mənimsəyib harınlayan vəzifə adamına MƏMUR deyil, MƏNFUR sözü daha çox yaraşmırmı? Yeri gəlmişkən, bu sözlərin hər ikisi dilimizə ərəblərdən gəlib; “MƏMUR” inzibatçı, hökm verən, səlahiyyət sahibi, “MƏNFUR” isə nifrətəlayiq adam mənasını verir. Ancaq bir şey daha çox maraqlıdır, görəsən on beş-iyirmi ildən sonra indiki səlahiyyət sahiblərindən hansılarını sələfləri kimi gələcək nəsillərə nümunə göstərəcəklər?
 Sizə bir maraqlı əhvalat danışım. Bir nəfər qəfildən dostunun evinə getməli olur. Ev sahibinin də bir neçə balaca uşağı var imiş. Əliboş gələn qonaq utana-utana deyir ki, bağışlayın da, tələsik oldu, uşaqlar üçün bir şey ala bilmədim. Ev sahibi halını pozmadan deyir ki, narahat olmayın, bizim uşaqlar pul da götürür.
 Yadıma bilirsiz nə düşdü? 8 mart ərəfəsi bir müəllimə uşaqları hədiyyə əzabından qurtarmaq üçün demişdi ki, hədiyyə almaqla özünüzə çox da əziyyət verməyin, elə pul da gətirə bilərsiniz. Hətta humanistlik edərək bildirmişdi ki, imkanı olanlar filan qədər, imkanı olmayan filan qədər gətirsin. Uşaqlarçün əsl təhqirdir. İndi hansı uşaq özünü alçaldıb deyəcək ki, mən imkansızam?
 Amma öz aramızdı, hər şeyin pulla həll olunması yaxşı şeydir. Vaxtilə bir nəfər də ona yaxşılıq edən müdirinə deyir ki, sənin yaxşılığının xəcalətindən heç bilmirəm necə çıxım? Müdir də deyir ki, qəm eləmə, pul kəşf olunandan bütün hörmətlər vahid forma alıb. Siz də bu vahid formadan faydalana bilərsiniz.
 “Rüşvətə yox” hərəkatı başqa problemlər də yaradıb. Deyilənə görə, komissarlıqda təkrar komissiyadan keçən “neqodnı”lərdən pul almaq istəmirlər. İndi yazıq “neqodnı”lər razıdılar ki, əvvəlkindən də 2 dəfə çox versinlər, təki onları sağlam yazmasınlar. Yoxsa 30-35 yaşlarında yazıqları hərbi xidmətə yola salırlar. 
 Bizim adamların ümumiyyətlə pul verməklə arası yoxdu. Xoşluqla pul söhbətinə girmirlər. Amma zorla alanda heç cınqırlarını da çıxarmırlar. Elə-belə desən ki, gəl qəzetə 40 qəpik ver, ağlamağa başlayacaq. Əmək haqqından 30-40 manat tutanda isə lal olub dinməyəcək. Bizim adamlar qəribədir e, analoqu yoxdur. Saxtakarın yanında saxtakarı söysən, o da söyəcək, daha özünü o yerə qoymaz ki, elə saxtakarın yekəsi özüdür.
 O gün bir müxalifətçi var, deyirəm, işlədiyin məktəbdə biabırçılıq ərşə çıxıb, bəlkə ondan bir şey yazasan? Deyir, yox, Misirdən- Hüsni Mübarəkdən yazacam. Deyirəm, direktordan yaz, deyir, Qəddafinin anasını ağladacam. Belə-belə şeylərə görə bizə qəhrəman xalq deyirlər, bəs necə!
 Rayonlardakı mini xanlarımız oturub, od eləyirlər, gündə bir dərd xəbəri gəlir. İcra başçılarımızı bir düşüblər sahibkarların üstünə, vur-çatdasındı. Öz aramızdı, dükan sahiblərinə çox hörmətlə, nəzakətlə yanaşırlar. Deyirlər ki, sizə “azar” demirik, “dərd” demirik, sadəcə dükanın böyük-kiçikliyindən asılı olaraq 5-10 min manat istəyirik. Bəzilərinə də deyirlər dükanınızı söküb 5 metr dalda tikin. Demək, cəmi-cümlətanı 20-25 min xərcə düşəcəksiniz.
 Rəhbərliyimizdə humanistliyə bax! Yəni sizin mənə 1 qəpiyiniz də lazım deyil! Hansı rəhbər bunu edər? Şəxsən mən rəhbər olsaydım, 5-10 min yox, 20-30 min istəyərdim! Pulları var versinlər də, nə altlarına yığıb basdırıblar? Gəldi-gedər dünyadı.
 Mənim bir əla təklifim var. Deyirəm, nə qədər ki doğum şöbəsində dünyaya təzə gələnlərə görə pul almırlar, çalışın gənc nəslin sayını bir az da artırın. Gəlimli-gedimli dünyadı. Çünki qorxuram, təzədən rüşvət kompaniyasına start veriləndən sonra bu itkilərin əvəzini çıxmaq üçün haqq-hesabı 2-3 dəfə artıracaqlar. Mövqeləri əldən vermək olmaz. Vaxtkən başınıza çarə qılın.

Комментариев нет:

Отправить комментарий