07.01.2017

Paltar dükanı, dönərxana, yoxsa...

Rövşən Naziroğlu

Səhərdən axşama kimi rəngbərəng toyxana müğənnilərinin seyrangahına dönən telekanallarımızda kitaba, kitabşünaslığa həsr olunmuş ciddi verilişə rast gəlmək mümkün deyil.
Başqa ölkələrin telekanalları məşhur kitabxanalarda mühafizə edilən qədim əlyazmalar barədə reportaj hazırlasınlar deyə bir ətək xərc çəkib dünyanın dörd bir yanına jurnalist göndərir ki, millətin kitaba olan marağı daha da artsın...
İranda qədim əlyazmaların mühafizə olunduğu otağın qapısı yanğına, zəlzələyə davamlı materialdan düzəldilib. Çəkisi bir tondu. Kitabların qorunduğu otaqlardan su xətti keçmir. Əlyazmalar nəm çəkməsin deyə işçilərin çay içməsi də qəti qadağalar arasındadı.
Kitaba münasibətimizdən danışanda kitabxanaçı Sona xala düşür yadıma. Sona xala naharda yumurta çırpıb, kartof qızartdığı qızmar tavanın altına kitab qoyardı həmişə...
Gürcülər Tiflisin göbəyindəki bir çox tarixi tikilinin alt mərtəbəsində kitab mağazaları açıblar. Şəhəri gəzməyə çıxan turistlər istər-istəməz sehrli kitab aləminə də baş çəkmiş olur. Biz isə vaxtı ilə Bakının göbəyindəki tarixi tikililərin alt mərtəbəsində yerləşən kitab mağazalarını ləğv eləyib yerində ya paltar dükanı açmışıq, ya da dönərxana. Kitabxanalar barmaqla sayılacaq dərəcəyə çatıb.
Nahəmvar döşəmə üstündə ləngəri kəssin deyə təzə mebelin ayaqları altına qoyduğumuz kitabların səssiz harayı səbəb oldu bəlkə də kitabdan soyumağımıza.
Nə qədər ki, gec deyil, kitabla isnişməyimiz, dost olmağımız lazımdı...
Çünki kitabdan soyuduqca içimizə düşən qaranlığı gözlərimizi dikdiyimiz televizorun işığı ağarda bilməyəcək...

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий