07.07.2021

ABŞ Əfqanıstandan çıxarkən xaos və terrorla ətraf ölkələrə təhlükə yaratmaqla çıxır

Cəmil Şirvanov

Son bir neçə ayda NATO qüvvələrinin Əfqanıstandan çıxması ilə əlaqədar Talibanın aktivləşməsi və Əfqanıstan hökuməti ilə açıq-aşkar müharibəyə girməsi regionun yenidən qan gölünə çevrilməsi anonsunu verir. Lakin bu tendensiyanın artması ilə əlaqədar regionda sülhün və əmin-amanlığın olmasında həqiqətən də maraqlı olan başlıca qüvvələr – Rusiya və İran da əllərini ciblərinə salıb hadisələri kənardan seyr etmirlər. Hər iki dövlət artıq neçə vaxtdır ki, öz imkanları daxilində vəziyyətin gərginləşməsinin qarşısını almaq, bundan başqa, əgər gərginləşərsə, təhlükəsizlik tədbirləri görmək baxımından aktiv fəaliyyətə keçərək, regiondakı qüvvələrlə əməkdaşlıq, münaqişələri az ağrılı ötüşdürmək üçün bütün səylərini ortaya qoyurlar.
İran həm Əfqanıstanın şiə əhalisinin, həm də öz sərhədlərinin və əhalisinin təhlükəsizliyini gözə alaraq bütün dünyada terrorçu təşkilat kimi tanınan Talibanla belə açıq-aşkar diplomatik danışıqlara başladı. Rusiya isə öz növbəsində regionda yerləşən KTMT, həmçinin MDB üzvü olan dövlətlərin təhlükəsizliyini təmin etmək üçün KTMT-nin daha aktiv fəaliyyət göstərməsinə çalışdı və bu yöndə xeyli irəliləyişlər oldu. KTMT dövlətləri Əfqanıstandan gələ biləcək hərbi təhdidin qarşısını almaq üçün bəzi hərbi-strateji və taktiki məsələlərdə fəaliyyətlərinin koordinasiya edilməsi və qərarların bir mərkəzdən və daha operativ verilməsi barədə müqavilələr imzaladılar və bu müqavilələrin icrasına başladılar. Təsadüfi deyil ki, Tacikistanın KTMT dövlətləri Şurasındakı daimi nümayəndəsi KTMT-dən daha güclü kömək göstərilməsini, daha çox adekvat addımların atılmasını xahiş etdi. İran da öz növbəsində Taliban və Əfqanıstan hökuməti nümayəndələrini Tehranda görüşdürərək onlara ən yüksək səviyyədə - Xarici İşlər naziri səviyyəsində vasitəçilik etdi.
Bölgənin digər gücləri olan Çin və Pakistan isə kənardan baxmaqla kifayətlənirlər. Çünki Rusiyanın və İranın Talibanla “məşğul olması” və bu işə resurslar sərf etməsi onların da əlinə oynayır. Prosesin niyə məhz bu məcrada getdiyini anlamaq üçün bir az əvvələ səyahət etməliyik. SSRİ-nin Əfqanıstan kampaniyasına.
İranda islam inqilabı baş verərkən NATO Əfqanıstana girməyə hazırlaşırdı. İslam inqilabı nəticəsində İran Amerikanın nəzarətindən çıxmışdı. İnqilab möhkəmlənməyə macal tapmamış onu beşikdəcə boğmaq istəyirdilər. Həmçinin geopolitika qaydalarına görə Əfqanıstanı götürən güc bütün Orta Asiyaya nəzarət edə biləcəkdi. SSRİ bir neçə gün də geciksə idi, Əfqanıstana SSRİ yox, NATO girəcəkdi. Bununla da İran dövlətinin suverenliyi yeni böyük təhlükə ilə üz-üzə qalacaqdı. İran çox güman ki NATO kimi bir gücün Əfqanıstandan gələn təsirinə tab gətirməyib məhv olacaqdı. Çünki bir tərəfdən İranın başına İraq bəlasını açmışdılar. Çoxları başa düşmür ki, ruslar Əfqanıstana girməklə faktiki olaraq İranı məhv olmaqdan xilas etdilər. Düzdür, SSRİ Əfqanıstana girməklə Cənub sərhədlərinin təhlükəsizliyini həm Orta Asiyadan, həm də Cənubi Qafqazdan qorumuş oldu, amma əsas faktor odur ki, SSRİ-nin Əfqanıstana girməsi İranı böyük bir fəlakətdən qorudu. İran məhz bu tarixi fürsətdən istifadə edib inkişaf yoluna qədəm qoydu. İran dövləti bu gün ayaqda qalmasına görə məhz ruslara borcludur. Amma əvəzində nə oldu? Əfqanlar rusların ölkədən qovulması üçün mübarizəyə qalxarkən İran onları silahlandırdı və dəstək verdi. Hətta İranın o vaxtkı dini rəhbəri Rusiyanı ABŞ-dan sonra “ikinci şeytan” adlandırdı.
İndi gələk Pakistan və Çinə. O zaman Pakistan öz torpağında amerikanlara terrorçular hazırlamaq üçün bazalar qurmağa icazə verdi, onlara hər cür yardım göstərdi. Bir sözlə Talibanın atası Amerika idisə, anası da Pakistan idi.
Çin də o zamanlar SSRİ ilə arasında olan soyuqluğa və bəzi ixtilaflara görə Talibana yardımını əsirgəmədi. İran isə artıq Səddam Hüseyn bəlasına qarşı mübarizə aparırdı.
Pakistanın indiki rəhbərliyinin amerikan boyunduruğundan yaxa qurtarmaq üçün göstərdiyi səylərə baxmayaraq, yenə də amerikayönümlü siyasətdən hali deyil və özünün doğma balası – Talibanın regiondakı xuliqanlıqlarına qarışmır, bununla da bu hərəkətlərə bir növ dəstək olur. Çin də həmçinin prosesləri kənardan müşahidə etməklə region dövlətlərinin məhv olmasını böyük həzzlə seyr edir. Çin iqtisadi ekspansiyasını həyata keçirəcəyi günü gözləyir.
SSRİ-nin 1979-cu ildə Əfqanıstana hərbi müdaxiləsi kimi ABŞ qüvvələrinin 2001-ci ildə Əfqanıstana uydurma bəhanələrlə işğalçı hərbi müdaxiləsinin arxasında da geopolitik səbəblər durur. ABŞ-ın 2001-ci ildə Əfqanıstana daxil olması Asiyanın düz ortasında bazalar qurmaqla Avrasiya inteqrasiyasına və Rusiyanın cənubdan Hind okeanının isti dənizlərinə çıxmasına mane olmaq məqsədi daşıyırdı. ABŞ 20 il bu yolun qarşısını kəsməklə hələlik bu vəzifənin öhdəsindən gəlməkdədir. Lakin Əfqanıstanda möhkəmlənə bilməyəcəyini görüb burdan çıxmaq qərarına gəldi. Bu çıxış elə bir çıxış olmalı idi ki, yenə də regionda sabitlik olmasın və Rusiyanın cənuba doğru yolu bağlansın. Üstəlik İrana da başağrıları verilsin. Yalnız belə bir çıxış amerikanları qane edə bilərdi.
Belə bir vəzifənin öhdəsindən gəlmək üçün amerikanlar yenidən Talibanla münasibətləri düzəltməyə, onlarla müqavilə bağlayıb guya “əfqanları çox istədiklərindən” çıxıb getmək təəssüratını yaratmağa başladılar. Düşünürük ki, ABŞ-ın Əfqanıstana girmək məqsədilə çıxmaq məqsədi arasında o qədər də fərq yoxdur. Əgər onlar Əfqanıstana girərkən əsas vəzifələrini – regionda xaos və terrorla ətraf ölkələrə təhlükə yaratmağı, o cümlədən Avrasiya inteqrasiyasına və Rusiyanın Hind okeanına çıxışına mane olmağı birbaşa özləri yerinə yetirirdilərsə, ordan çıxarkən bu vəzifəni yaratdıqları mütəşəkkil terror təşkilatının – Talibanın, həmçinin hələ də ABŞ təsirinin böyük olduğu Pakistanın üzərinə qoyurlar. Hər şey ABŞ-ın yarandığı gündən bu günə qədər digər dövlətlərə qarşı tətbiq etdiyi “Anakonda” strategiyasına uyğun davam etdirilir. ABŞ həmişəki kimi birbaşa toqquşma özünə sərfəli olmayanda bunu başqalarının əli ilə edir.
Atlantizmin flaqmanı, avanqardı olan ABŞ-ın bu cür tədbirlərinə qarşı yalnız avrasiyaçı geopolitik məntiqi, strategiyası olan dövlətlər müqavimət göstərə bilər. Konkret olaraq bu münaqişədə Rusiya və İran özlərini avrasiyaçı kimi göstərirlər. İran geopolitikanın beşiyi kimi, Rusiya isə onu sonradan ən yaxşı tətbiq edən ölkə kimi özünün məhz avrasiyaçı geopolitik strategiyalarını həyata keçirməkdədirlər. Beləliklə, Əfqanıstan münaqişəsinin həlli yolu yalnız və yalnız avrasiyaçı geopolitik məntiqə, strategiyaya malik dövlətlərin birgə səyi nəticəsində həll edilə bilər.

Комментариев нет:

Отправить комментарий