01.08.2021

İRAN-TURAN. YENİ ƏFSANƏLƏR

Həmid Herisçi

Son zamanlar mətbuatda İran-Turan ziddiytələri, Şah İsmayıl mirası, Şeyxül İslam Allahşükür Paşazədəyə qarşı mübahisələr güclənib. Mövzudan qıraqda qalmaq istəmirəm. Başlayaq Şah babamızdan. Yəni Şah İsmayıldan.
Birinci. O, Türk dünyasını deyil, fars dünyasını parçalayıb, biləsiz. Şiə farsları farsdilli, üstəlik sünnü tacik, puştu, əfqan, bəluclardan, kürdlərdən ayırıb. Şah İsmayılın Əhli-beyt fəlsəfəsi əsasında Yaxın Şərqdə cızdığı sərhədlər indi də işləyir. Bölgənin geopolitik xəritəsini 500 il öncə necə o cızıbsa, xəritə, 500 il sonra da elə də qalacaq. Elə ideologiyası da. Bu ideologiyaya görə isə, İranla Turan qardaşdır. Düşmən deyillər.
İkincisi, İran-Turan qarşıdurmasına ümüd edənlər deyəsən uduzacaqlar.
Qarşıdurma olmayacaq. 
Tam tərsinə, yeni İran prezidenti İbrahim Rəisi Əfqanistan, Azərbaycan mövzusunda Türkiyə ilə sıx əməkdaşlıq edəcək, görərsiz. Politologiyada buna "situatsion müttəfiq" deyirlər.
Xüsusən Əfqanistanda. 
Çünki taliblər Əfqanistanda bərk antiaran mövqeyindədirlər. Heratı alıb, İran sərhədində ağlagəlməz ssenarilər gerçəkləşdirmək istəyirlər. Üstəlik nüfuzlu Xorasan klanına güvənən İbrahim Rəisi də özü mənşəcə bu bölgədəndir. 
Türkiyə ilə İran taliblərə qarşı bu bölgədə həm sahada, həm masada və kassada (yəni iqtisadiyyatda) birləşib eyni taktika və strategiyanı sərgiləyəcəklər.
Nəticədə Şahnamə ruhu, İran-Turan əfsanəsi, Səyavuş dünyası özünə yeni, müasir, çağdaş məzmun qazanacaqdır.
Beləliklə həm sahada, həm masada, həm kassada inteqrasiyamıza işləyən yeni projelərin icrasına başlayaq.
Bizi birləşdirən amillərə fikir verək. Nəinki bizi ayıran şərtiliklərə.

Комментариев нет:

Отправить комментарий