Показаны сообщения с ярлыком Publisistika. Показать все сообщения
Показаны сообщения с ярлыком Publisistika. Показать все сообщения

30.01.2012

Zühur zamanı


Cabir Albantürk

Zamana Sahibim gəlir, zamana şahidim gəlir,
Yalana qalibim gəlir, film konesdi, qardaşım
                                                          Hacı Baba Pünhan

Yaratdıqlarını yaxşı yola yönəldən, Mütləq Adil olan Rəhman Allahın  adıyla və bu iş üçün Seçdiklərinə səlavatıyla başladım, son Rəsulun (s) nəslindən  zühur edəcək son Qaimin (ə) intizarıyla...Aləmlərin Rəbbi olan Rəhim Allahın nazil etdiyi Kitablarda saleh bəndələrinə verdiyi vədəsinin  zamanı yetişməkdə, bitməkdə möhləti İsrail övladı, erməni adlı şeytan hizbinin...

01.11.2011

Eşafotlar


Cavidan

Hər dəfə anamgilə gedəndə eyni bir mənzərənin yanından keçməli oluram...Balaca bir qəssab dükanının yanında yerə basdırılmış dəmir boruya bağlanan buzov başını aşağı salıb ölümünü gözləyir.

Bu gün axşammı, sabah səhərmi, onu yıxıb başını bədənindən ayıracaq və dərisini soyaraq ətini, sümüklərini, hətta içalatını da satıb süfrələrə göndərəcəklər.
O dükanın yanındakı buzovlar təbii ki, hər dəfə dəyişir. Amma mənzərə və onun məndə oyatdığı  hisslər olduğu kimi qalır…



Qadın hikkəsi ön mövqeyə iddialı


Hafiz Mirzə

Qadın gözəllik, zəriflik, təmizlik,dəyanət və ləyaqət mücəssəməsidir!

İnsan hələ tam olmadıqca, onun həyatında və əməllərində natamamlıq özünü əks etdirəcək. Bu halda onun ümümbəşəri miqyasda tam mükəmməl ideya və əməl sahibi olacağına çox da bel bağlamayaq. Allah-təala Adəmi (ə) tək saxlamadı və bütün insanlığın gələcəyi naminə onun üçün Həvvanı yaratdı. 
Məhz onun üçün və məhz insanlığın xoşbəxt gələcəyi naminə Həvvanı yaratdı! 



29.10.2011

SÖZÜN QÜDRƏTI


Rövşən Yerfi

Allah kimdir? Fövqəlbəşər qüvvə, kainatın ulu, şəriksiz memarı, insanın mövcudluğunun səbəbkarı, yaradıcısı, yaratdığı qulun yiyəsi, ağası, böyüyü… Bu azman Ağa, Yenilməz Böyük nə istəyir qullarından? Verdiyi öyüd-nəsihətlə zəngin müqəddəs kitabın göstərdiyi yola uyğun yaşamaq və son nəfəsinədək Ona dua edib ibadətdə olmaq! Bunun üçün insan hər şeydən əvvəl nə etməlidir? Məyusedici də olsa, qorxmalıdır. Pis gündən, əzabdan, cəzadan, nəhayət cəhənnəmdən qorxmalıdırlar. Olmazdımı ali şüurlu insana qorxusuz, hürküsüz, özünəlayiq münasibət göstəriləydi?

Zəhrimara qalmış analoq


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Bu boyda oğruluğun, süni qiymət qaldırmanın fonunda inkişafımız heç vaxt analoqa-manaloqa çevirilməyəcək

 Səhər yerimizdən duranda əllərimizi analoqsuz sabunla yuyuruq, analoqsuz çaynikdə su qaynadırıq, analoqsuz maşınımızda gedirik, analoqsuz telefonla danışırıq, analoqsuz yeməklər yeyirik, axşamlar analoqsuz televiziyamıza baxırıq. Orada göstərirlər ki, bu analoq nə olan şeydir, ondan, yəni analoqsuz yol tutub gedən dövlətin də, onun vətəndaşının da xoş halına, xoş gününə!


26.10.2011

Cobs, Qəddafi... Bağırov...


Svetlana Quliyeva

İnsanların qəribə, izaholunmaz xüsusiyyətləri çoxdur. Onlardan da biri axına düşmək. “Qonşudan qalma dala” prinsipinə kor-koranə tabe olmaq istəyi. İllah da ki, biz – azərbaycanlılarda.

Hamının etdiyini etməliyik mütləq. İnsanların ümumi, milli “dərdinə” şərik çıxmasaq, yaşaya bilmərik.

Əlinə həyatı boyunca bir dənə də olsun “Apple” məhsulu almayan, “Apple” sözünün “alma” anlamından qeyrisini indiyədək heç tanımayan, Stiv Cobsun adını nə evdə, nə qonşuda eşidənlərin hamısı bir ağızdan ağı deyib ağladılar onun ölümünə. Özü də elə ağladılar ki, Cobsu qəbirə aparan xərçəng belə etdiyi əmələ peşman oldu.

23.10.2011

Vətəndaş ittifaqı

УНИЧТОЖАЙ РЕПТИЛОЙДОВ! : ОЧИЩАЙ ПЛАНЕТУ ОТ МРАЗИ

Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Feysbuk cinsi azlıqlar üçün status yaradıb və bunu demokratiya kimi bizə soxuşdurmaq istəyir

 Dünən bir maraqlı, əslində maraqsız xəbər oxuyandan sonra bu gün yazmaq istəmirdim. Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanda KİV-in sayı 4300-ü keçib. Dedim daha niyə yazıram ki, oxucu 4299 mənbəni qoyub elə bizim qəzeti oxuyacaq? Məni bağışlayın, buna millətin mətbuata marağı yox, mətbuatın özünü xalqa sırımağı, görməmişliyi deyirlər. Deməli, bu mətbu orqanı adlandırılan şeylər nəsə başqa orqandır, başqa məqsədlərə xidmət eləyir. Vallah, mən belə demokratiyanın tərəfdarı deyiləm. O gün bir taksi sürücüsü cibindən qəzet vəsiqəsi çıxarır ki, şəhərdə "taksi" lampası, rayonlara gedəndə isə bu vəsiqə bizi "QAİ"dən qoruyur- 50 manata almışam. Çox yazılıb, çox deyilib, amma susmaq da olmur. Bu biabırçılığın qabağına bir sipər çəkən olacaq, yoxsa qorxursunuz ki, Avropa Şurası bizi antidemokrat adlandırar?

Nənəmin unutmadığı qoxu

Aliyə


“Sevdiyin kişinin xəyanəti, sevmədiyin kişinin mənasız sədaqətindən yaxşıdı”. 

Nöüzənbillah, bu nə axmaq sözdü, lapdan ağzımdan çıxan…. Əlbəttə, hər iki hadisədə yaxşı bir şey yoxdu, it əzabıdı hər ikisi. Amma sevgi nədir, xəyanət nədir, deyə düşünürəm, axır vaxtlar…

…Babamın ölümündən 7-8 il keçmişdi. Əlində nəsə tikən, yamayan nənəm həmişə gündüşən astanada oturmuşdu.


21.10.2011

AİLƏ MİLLƏTİN SƏNGƏRİDİR


İlahə Ucaruh

Bu gun Azərbaycan ailələrində  böyüyən uşaqlarımıza  Güneyimizdə şovinist islam-fars rejimi ilə, Quzeyimizdə isə antidemokratik durumla gedən milli savaşın davamçıları kimi baxılmalıdır. Bilməliyik ki,  güclü və zalım yağılara sinə gərmək elə də asan və tez başa gəlməyəcək, gələ də bilməz. Bir neçə əsrin və nəslin  işi, amalıdır azadlıq, milli xoşbəxtlik.

16.10.2011

Köləlikdən qalan riyakarlığa son qoymalıyıq


Rövşən Yerfi                                        

 Bu günlərdə internetdə Rusiyaya məxsus şəbəkələrin birində bizim cavanlarla ermənilərin həmişə baş verən bir mübahisəsinə rast gəldim. Təbii ki, ehtiraslar coşur, mübahisə bəzən təhqirə də keçirdi. Buna artıq öyrəşmişik. Mənim xoşlanmadığım cəhət isə rus familyalı şəxslərin söhbətə qarışıb  bizləri qınamaları idi: qonşu ola-ola bir-birini qırırsınız, məğlubiyyətinizin yanğısından nə etdiyinizi bilmirsiniz, və sair...

15.10.2011

Müasir insan necə olmalıdır?

Habil Yaşar

   Müasirlik... yəni hər kəs həqiqətəndəmi müasirdir və ya hər kəs müasirdir yoxsa mən geridə qalmışam? Mənmi müasirəm ya siz müasirlikdən hər gün doya-doya danışaraq , özünü “müasir” insan  kimi göstərməyə çalışan hoqqabazlar. Müasirlik anlayışının sizlərin düşündüyü qədər  cılız olduğuna heç zaman inana bilməyəcəyimdən dolayı sizlərə müasir insan necə olmalıdır və mən necə müasir insanam adı altında essemlə nəzərə çatdırmağa çalışacağam...

14.10.2011

Media kimə lazımdır?

İlkin Əkbərli

Dostlarımızdan biri tez-tez deyir ki, zamanı qabaqlamaq olmaz. Bizimkilərin “mədə”si çox balacadır, sizin təqdim etdiyiniz “böyük tikə”ləri həzm etmək gücündə deyil. Başqa birisi deyir ki, hələ XV əsrdə dünyanın bəzi ölkələri qəzet buraxanda, bizdə qəzet yox idi, dünya dağılmırdı ki? Başqa birisi Mirzə Cəlildən, Üzeyir bəydən misal çəkir ki, bu kişilər deyib, başqa ölkələrdə qəzetlər bağlansa, tufan qopar, aləm bir-birinə dəyər, amma bizdə belə hal baş versə, heç kimin tükü də tərpənməz. 15 minlik oxucu ordusu toplamış “Sənət qəzeti” 100 minlik oxucusu ilə mətbuat tarixində isilinməz uz qoymuş “Gündəlik Azərbaycan”, “Realnıy Azərbaycan” və sair qəzetlər susdu, yaxud susduruldu, kim cınqırını çıxartdı ki?
Qısası, bizi başa salmaq istəyirlər ki, qəzet boş şeydir. Düzü, əvvəllər bizə “qəzet boş şeydir” deyənlərin öz fikirlərini “boş şey” sayırdıq, indi isə özümüz də bu barədə balaca fikirləşməyə başlamışıq. Qəzet ictimai rəyə təsir etmək üçündür. İndi bu ölkədə əhalinin ən azı 98 faizi qəzet oxumursa, elə kəndlər var ki, ora illərlə qəzet-jurnal gedib çıxmırsa, bu mətbuat ictimai fikrə necə təsir edəcək? Yaxud, qəzet oxuyan kiçik bir qisim, oxuduqlarından ibrət götürmürsə, gözünü, qulağını deşən haqsızlıqlara biganə qalırsa, daha qəzetlər nə üçündür? Hamı taleyi ilə barışıbsa, onu əzənin, haqqını yeyənin qarşısında ikiqat olub sınırsa, amma onun haqqı üçün çarpışanlara dirsək göstərirsə, daha qəzetçilər özlərini niyə şəhid edirlər?
“Media” o deməkdir ki, yuxarıların sözünü aşağıya, aşağıların sözünü yuxarıya çatdırırsan. Yəni, yuxarılara qəzet vasitəsi ilə deyirsən ki, ay məmur qardaş, bəlkə sən bilmirsən, aşağılarda filankəs, bəhmənkəs belə bəd əməllər törədir. Sonra sənə məlum olanda ki, bu balaca məmur elə o böyük məmura verdiyini çıxartmaq üçün özünü şəhid edir, qısası, onun sifarişi ilə xalqı talayır, onda həmin sözləri yuxarı ötürməyin nə mənası?
Qəzet xalqdan impuls almalıdır. Amma xalqın öndə gedənlərinin bir çoxunun normal yazmaq qabiliyyəti yoxdursa, yaza bilənlər cəsarətsizlikdən adını, ünvanını gizlədirsə və bütün savadını öz acizliyinə bəraət qazandırmaq üçün sərf edirsə, biz həmin “impulsu” kimdən almalıyıq?
Müəllimləri, həkimləri zorla xoşlamadıqları, aylarla, illərlə ala bilmədikləri qəzetlərə 25-30 manatlıq abunə yazdırırlar, cınqırları çıxmır. İndi desən ki, həmin pulu səndən tutmuruq, amma get, könüllü 10 manatlıq istədiyin qəzetə abunə yazıl, ömründə yazılmaz.
Nə istədiyini bilməyən insanlar içində yaşamaq dəhşətdir.

Can sağlığına!


Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Aramızda sağlığının vacibliyini əsas sayanlar daha çoxdur və bu da sevindiricidir

 Bəzən adam seçim qarşısında qalır- vicdanla yaşamaq lazımdır, yoxsa qanunla? Olmur ey... Elə də olmur, belə də olmur. Ya bu vicdan deyilən şey amorf bir şeydi, ya da qanunun vicdanı yoxdur. 



11.10.2011

Хочу перемен !!!

Cavidan


Facebookdakı hesabımın dost siyahısına dünən gəlmiş istifadəçinin profilinə baxdığım zaman Viktor Tsoyun "Хочу перемен" mahnısının klipini təkrar-təkrar paylaşdığını gördüm. İstifadəçimiz bu paylaşmanı aksiya adlandırır və   bu yolla da cəmiyyətimizdə özünün arzulayıb görmək istədiyi köklü-əsaslı dəyişikliklərin baş verməsi prosesinə məşhur rəvayətdəki sərçənin öz doğma meşəsini yanğından qurtarmaq üçün dimdiyində damla-damla su daşıması inadı və inamı ilə hər gün hamı ilə paylaşır mahnını.

02.07.2011

POTENSİAL İNSAN

Həmid HERİSÇİ



Qədim kənd mənzərələri əhatəsindəydim bu hadisənin baş verdiyi dar məqamda. Sinəsinə sərin quyu suyu fışqırdılan kəhər atın şahə qalxdığını gördüm. Üzərimizdəki sütunsuz göylərə ağ göyərçinlər sahibdi burda. Qədim daş divar dibində son günlərini çürüdən paslı manqal. Kağız kisənin dibindən son kömür (bəlkə son ömür?) parçalarını manqala atan tanımadığım birisi. Nəm çəkmiş kibrit qutusundan çıxarılan çöplərin biri sınır, ikincisi, üçüncüsü... Səbrimiz imtahana çəkilir sanki.
Hə, yamanca darıxdım bu son mənzərəni seyr etdikcə, yorğun gözlərimi nəhayətsiz göy qübbəsinə qaldırınca anında şaşırıb gözlərimi bərəltdim. Göy qübbəsinə çatıb orda rəqs edən ağ göyərçinlər ulduz xəritəsindəki YEDDİ QARDAŞ bürcünü göylərə tam dəqiqliyi ilə həkk etmişdilər...
***
Nağıllar aləmində bir də görürsən ki, qəhrəmana deyirlər: “Get öz arzularının ardınca, gündüz vaxtı göylərə baxanda diqqətli ol, ulduzları, sitarələri, səyyarələri çalış günün günorta vaxtında gör”.
Hə, mən də sanki belə vəziyyətə düşmüşdüm - göylərdə rəqs edən göyərçinlərin ulduz bürclərini səma üzərinə rəssam kimi həkk etdiklərini açıq-aydın görürdüm. Düşündüm: “Bəlkə məni qara basır? Bəlkə... Bəlkə Allah özü mənim bəsirət gözümü açıb indi?. Bir sözlə, əməlli-başlı möcüzələr aləmində idim. Zarafat deyil, günün günorta vaxtı göydə ulduzları görürdüm elə bil...
Quş dilini bilən Süleyman peyğəmbərlər harda qaldı e? Gedib onlara danışardım sütunsuz göylər aləmində gördüyüm bu ilahi möcüzəni. Yooox, belə demə. Quş dilinə indi də bələd olanlar var. Başı papaqlı, əli təsbehli Bakı quşbazlarını deyirəm də... “Bəlkə onlarla bölüşüm öz müşahidələrimi?” Sualı ürəyimdə dönə-dönə təkrarlayıb gəlirəm Bakının səs-küylü Əzizbəyov meydanına. Sürücü tayfasıyla qiymət davasını çox da uzatmadan bir köhnə “Jiquli”yə əyləşib baş götürüb gedirəm adı əzbər Maştağa kəndinə. Kənddə rəhmətə gedən zənən xeylağı var - qapı ağzında durmuş dəmir mafəyə adətə görə qara kəlağayı sancaqlanıb. Xəzri vurduqca kəlağayı rəhmətə gedənin narahat ruhu kimi çırpınıb dalğalanır. Kənd cayıllarının çəp baxışlarının müşayiəti altında gəlirəm məşhur quşbaz Məşədi Qeybinin mübarək qapısına.



Hacı qeybi


Maştağada hamı ona “Məşədi, Kərbəlayı” desə də bu köhnə quşbaz əslində hələ ki, heç bir ziyarətə getməyib. O ənənəyə sadiqəm - qapıda məni salamlayan bu köhnə kişiyə “Məşədi Qeybi” deyə xitab edəcəyimi əvvəlcədən yəqin etsəm də qəfildən dilimdən tamam başqa ifadə çıxır:
- Salaməleyküm, Hacı Qeybi...
- Sən ki, məni həci etdin, Allah niyyətini eşitsin. Buyur içəri.
Təzəcə sulanmış həyətin nəm qoxusu. Masaya sərilən ağ süfrə. Üzüm yarpaqlarının divarda oynayan dəcəl kölgələri. Məcməyi üstə hüzurumuza əlvan çay dəstgahı gəlir. Armudu stəkanlar ağ süfrəyə gəlib çatanacan bir-iki dəfə öz aralarında toqquşub cingiltili səs çıxarır, ruhumuzun incə tellərinə toxunur. Həyətin ortasında əhənglənmiş 14 daşın işarələdiyi böyük bir dairə var. Ortada isə yastı su qabı.
- Hacı Qeybi, bəs bu nədir belə həyətinizin ortasında? - ilk sualım özümdən biixtiyar dodaqlarımdan qaçır.
- Bilirdim ki, siftə mənə bu sualı verəcəksən. - Məşədinin üz qırışları azca açılışır. - Göydə yolunu azmış tək göyərçin bu dairəni yuxarıdan görüncə onu ağ göyərçin dəstəsi bilib aşağı enir. Düşür əlimə, qanadlarını tez kəsib onu özümünkülərə qatıram. 2 aya təzə qanadları çıxanacan məndən elm-irfan öyrənir... - Köhnə quşbaz əl hərəkəti ilə göyərçin qanadlarını necə kəsdiyini təkrarlayır. - Bütün kənd də bilir mənim buna ixtiyarım var, day səs-küy salmırlar.
Ürəyimdə lal suallar səslənir: “Dairəni təşkil edən 14 daş, yəni 14 məsumun işarəsimi? Göyərçinlərin daşıdığı 14 məsum ruh bu yollamı göydən tənzil olur hüzurumuza? Demək, əsl quşbaz bazardan almır öz quşunu, göy qübbəsindən gözləyir qismətini”...
Məşədi ilə çaydan bir udum almağımız bizə bəsdi, söhbətimiz düşür rəvana (nirvanaya?):
- Cadu çağıranlar başqadı, cəddi çağıranlar başqa. Mən cəddi çağıranlardanam. Cinlə şeytan adəmlərə çarpaz verilib, namaz möhürünün lap yanındadı cinü-şeytan. Həzrət Əlinin gümüş üzüyü üzərində bu hikmət həkk edilibmiş: “Bildin, əməl elə”. Yoxsa biliyin batil olar. Mən əməl sahibiyəm. Quşlarımı görürsən də...
Axşam namazının vaxtı yaxınlaşır deyə əsas sualımı Məşədi Qeybiyə verməyə tələsirəm:
- Dünən göydə bir dəstə göyərçinin rəqsini gördüm. Göy qübbəsinə qalxınca ulduz xəritəsini həkk etdilər səmada, - bunu deyib əl atıram süfrədəki təsbehimə.
- Bəli, bəli. Bu məsumlarda hikmət-iman bəndələrdən şükür ki, çoxdu. Dünən mənimkilər də səmada YEDDİ ULDUZ bürcünü işarələmişdilər. Allahın hikmətidir bu. Bunu gördünmü, seçilmişlərdənsən, günorta vaxtı ulduzları görüb məqamə yetişibsən. Şükür! Əməl vaxtıdır səninçün...
Qeybinin səliqəli həyətini bir də gözdən keçirirəm - uzaq üfüqlərdə günəş qürubdadı, imam qarışqaları yuvalarına qayıdır, ətraflarında bir dənə də qaçaraq atlı qarışqa gözə dəymir. İmam göyərçinləri qanadlarını büküb namaz vaxtını gözləyir. Kasıb komanın qapısı azcana aralanır - ordan uzanan qorxaq zənən əli çəkinə-çəkinə bizə əl-üz dəsmalı təklif edir. Hə, abdəstin vaxtı çatıb...
İstəyirəm son sualımı elə vaxt verim ki, Məşədi onu eşidib sükuta dalsın, azan sədaları özü versin sualımın cavabını:
- Quşların hamısı üfüqü trayektoriyanı götürüb uçuşa başlayır. Təyyarələr də belə edir. Tək Bakı göyərçinidi ki, dikinə (helikopter kimi) 1200 metrədək yuxarı qalxır, orta havanı keçib buluda girir, orda “küləklərin qızılgülünü”, yəni hava axınlarının kəsişdiyi nöqtəni tapır. Sükunətə dalıb 4-5 saat orda bu vəziyyətdə qalır...
Mənmi deyirdim bunları, yoxsa Məşədi Qeybi? Bilmirəm. Məncə, hər ikimiz.
- Hə, o biri quşlardı, təyyarələrdi uçan. Göyərçin isə yerdə bir nöqtəni manşırlayıb ordan səmaya millənir, - möcüzədi lap, hər ikimiz yenə bir ağızdan eyni sözləri təkrarlayırıq.
- Bu isə merac deməkdir axı, - cavabı yenə eyni anda hər ikimizin dodağından qopur. - Alimlər bunu öyrənib meracın nə olduğunu təsdiqləyə bilər.
Göyərçin sanki Arximedin arzuladığı o dayaq nöqtəsini, MƏRKƏZi tapmasa, heç göylərə millənə, merac edə bilərdimi? Bayaqdan söhbətimizi dinləyən göyərçinlər razılıq əlaməti kimi qanadlarını çırpır. Bu vaxt göylərə azan sədası yayılır, söhbətimizi bitirib üzü qibləyə Allaha dua etməyə başlayırıq...




Alim


Maştağadan Bakıya qayıdandan sonra bir neçə gün təkliyə qapıldım, külqabım siqaret kötükləri ilə doldu. Hansı alimlə bölüşüm bu əcaib fikirlərimi? Qərara gəldim ki, suallarımın tək bircə alim cavablandıra bilər - dünya çapında tanınmış məşhur riyaziyyatçı Lütfizadə ilə birlikdə çalışan akademik Rafiq Əliyev. Bir-birimizi çoxdan tanısaq da nə zamandır ünsiyyətimiz olmamışdı. Telefon danışığımız məni sevindirdi. Hörmətli alim həm də oxucularımdanmış. Qərar verib görüş günümüzü müəyyənləşdirdik. Həmin ərəfədə Rafiq müəllim öz həyat yoldaşını itirsə də özünü səbirli aparırdı. Bu itkidən sonra mən bəlkə də onun ilk həmsöhbəti idim. Ağırlığımı rahat yumşaq kresloya salıb göyərçinlər barədə bildiklərimi sadə dillə ona nəql etdim. “Avtomatlaşdırılmış siqnal sistemləri” sahəsində ən yüksək pillələrə qalxmış professor məni diqqətlə dinləyirdi. Eynəyinin şüşəsi üstdən arabir mənə diqqətlə baxan dəyərli alimimiz axırda nəhayət ki, aramızdakı sükut buzunu qırdı. Göyərçin cütlüyünün döş-döşə verib sevişə-sevişə göyə millənməsini təsvir etdiyim vaxt Rafiq müəllimin sarı siminə toxundum sanki. Ömür-gün yoldaşını xatırlayan kimi oldu o, bu nisgilli dəqiqələrdə:
- Alim istəyirəm ki, bu göyərçin “merac”ının riyazi modelləşdirməsini qursun.
Eynək arxasındakı mehriban gözlərinin lal kədərlə dolduğunu hiss etdim bircə an. 1983-cü ildə SSRİ Dövlət Mükafatı laureatı adını, “Soft Komputinq” kitabıyla dünya kitab bazarında fəxri ikinci yeri qazanmış professor çox yox, bir-iki saniyə yenidən öz şəxsi itkisini yaşadı. Tez də öz aləmindən ayrılıb söhbətimizə qayıtdı:
- Göyərçinlərimizin uçuş, qalxma modeli, düzü, məni çox düşündürdü. 10 il öncə riyaziyyat köklü dəyişib, təbii seçim nəticəsində yaranmış varlıqları indi ciddi öyrənir riyaziyyat. Alimin işi sonsuzluğun bizə bəlli olan son nöqtələrini tapmaqdır. Göyərçin məhz bu cür təbii modeldi. Onun avtomatlaşdırılmış siqnal sisteminin sonsuz kainatla bu cür əcaib bağlantısı... Nə deyim sualınıza... Bəli, çox maraqlı göründü mənə, - professorun havada bir nöqtəni tutub daim ora baxması, hərəkətlərindəki dəqiqlik, sükutla səsin müvazinətini dürüst tutması nəzərlərimdən qaçmır.
- Robotların sərbəstlik dərəcəsi 6 hərəkətlə məhdudlaşır. İnsanda 27 hərəkət varsa, ilanın sərbəstlik dərəcəsi sonsuzdur. Təəssüf ki, alimlər insanın yalnız reallığını nəzərə alır, potensialını gözardına vurur. Biz indi Lütfizadə ilə “potensial insan” modelinin riyazi modelləşdirilməsi ilə məşğuluq. Tədqiqatda iki tərəf var, Amerikanın tanınmış Berkli Universiteti, - layihəni onlar maliyyələşdirir, - bir də bizim “Rafiq Əliyevin elmi qrupu”.
Rafiq müəllim kinayə dolu baxışlarını masadakı bilgisayara ünvanlayıb az sonra sözünə davam etdi:
- Bilgisayarın ağlı mən deyərdim ki, “Əhməd haradadır?” filmindəki Zülümovun ağlını xatırladır. Yəni bütün Əhmədləri lazım gəldi-gəlmədi bir yerə yığır. İndi bizə insan beynini imitasiya edə bilən, onun psixoloji semantikasını əhatələyən bilgisayarlar lazımdı. Dəfələrlə yazmışam, keçər 30-50 il, görərsiz, riyazi qanunlar siz deyən o təbii, metafizik, göyərçin dilində danışacaq. Sizə iki məntiqi nümunə gətirim. Birinci misal: BÜTÜN İNSANLAR, GÖYƏRÇİNLƏR ÖLƏCƏK...
Professor gətirdiyi misalda lal-dinməzcəsinə sanki yenə öz şəxsi itkisinə toxunurdu. Daxilimdə özümə səsləndim: “O, öz itkisinin də riyazi tənliyini, modelini qurur, Allah”...
Bütün tüklərimin ürpəşdiyini, başımın ağırlaşdığını hiss edib əlimi çənəmə dayayıram. Alimə baxa-baxa onun qarşısında baş əymək fikri ötür ağlımdan...

***
Ani fasilədən sonra diqqətim yenə professorun nitqindədir:
 - Bu, məntiqi müddəadır, - Rafiq müəllim, hə, ağrısını bu cür cavablandırır sanki. Ancaq bununla barışmadığı da eynək arxasındakı gözlərindən sezilir.
- İkinci müddəa: SOKRAT İNSANDIR. Sizin məntiqiniz deyir: “SOKRAT ÖLƏCƏK. GÖYƏRÇİNLƏR DƏ”. Ancaq bu təfəkkürün arxasında hansı rəqəmlər durur? Hansı differensial tənlik? Hansı inteqral cədvəl?
Siqaretlərimizdən qalxan qalın tüstü havada əriyənə qədər dərin sükut girir aramıza. Qismətindəki itkiyə professorun bu cür riyaziyyatçı baxışı məni dərindən sarsıdır.
- Biz Lütfizadə ilə indi bununla məşğuluq. - Alimin bu qısa, quru cavabında onun bütün nəhəngliyini duyuram...

***
- Deməli, göyərçinlərimizin meracı, göyə millənməsi, göy qübbəsində ulduz xəritəsini cızması - bütün bunlar sizin karınıza gələcək? - deyib böyük maraqla ustaddan cavab gözləyirəm.
- Lakin ulduz xəritəsi, göyərçinlərin uçuş trayektoriyası dəqiq həndəsi fiqur deyil, nisbidir, fraktaldı. Yəni ölçüsü dəyişkən, Allah verən qədərdi - bu cavabı məni azca məyus edir.
- Lakin uzaq ulduz aləmindən gələn siqnal sistemini qavrayıb əks edən göyərçinlərdə bu, tam mənada insanınkı ilə eyni çıxır. Meracın ilk empirik təcrübəsini indi mən sizə danışıram. Bu, zarafat deyil axı. Yox, göyərçinlər həm fiziki, həm metafizik mərkəzi tapmasalar, səmaya 1200 metr millənə bilməzlər. Göyərçinlər kosmosu, ulduz xəritəsini eynən bizim kimi görüb qavrayır. Mən ki, bunun empirik, yəni təcrübədə təsdiqlənən nümunəsini sizə göstərirəm...
Bütün uzun söhbətimiz boyu bir yerdə qərar tutub əyləşən Rafiq müəllim bu vaxt qəfil yerindən qalxaraq küncdəki dolaba yaxınlaşır. Siyirməni çəkib ordan çıxardığı bir sənədi hörmətlə mənə uzadır:
- Al oxu. Dediklərin burda təsdiqini tapacaq...
İngiliscə yazılmış məktubun müəllifi dünya şöhrətli alim Lütfizadədir. İsveç Nobel Komitəsinə ünvanlanmış məktubun qısa məzmunu təxminən belədir: “Məncə, Rafiq Əliyevin işləri tamamilə kifayət edir ki, o, iqtisadiyyat sahəsi üzrə Nobel mükafatına layiq görülsün. İmza: L.Zadə”.
Alimin səsini bu dəfə qeybdən gələn səs kimi eşitməyə başlayıram. Əks-səda ilə birgə eşidirəm sanki indi bu səsləri:
- Siz deyənləri təxminən biz də nəzərə almışıq. Zadə ilə təzə nəzəriyyə üzərində işləyirik. “Potensial insan”ı riyazi yolla modelləşdirərkən onu iqtisadi modellərdə sınaqdan çıxarmışıq. Məncə, bundan sonra qərar çıxaran insan biz deyən o “potensial insan” olmalıdır. Göyərçini də biz inanın, əsla unutmayacağıq.

***
Akademik Rafiq Əliyevlə söhbətim qulaqlarımda əks-səda verə-verə yenə Maştağadakı tanış ünvana, Hacı Qeybinin qapısına qayıtdım. Hə, çox halal adamdı bu köhnə Bakı quşbazı. Saatlarla sənə Bakı göyərçinlərindən danışsın. Nərd də vurar sənlə, lakin heç vaxt zəri ovcunda cütləməz. Ayrıca qeyd edir-artıq bütün dünya alimləri bizim İmam Hüseyn göyərçinləri ilə maraqlanmağa başlayıb. Bakı göyərçinlərinin möcüzəsi dillərdən düşmür indi, bəziləri artıq bu cinsi ayrıca irq elan etməyi təklif edir bizə. Dünya farmakologiya elmi göyərçinlərimizi öyrənməyi indi özünə əsas borc bilir. Bəziləri isə hesab edir ki, bu Bakı quşları Nuh peyğəmbərin buraxdığı o qədim göyərçinlərin nəslindəndir. Xəzər dənizi isə o tufandan bizə yadigar qalmış su hövzəsidir. Altımızdakı neft də Nuhdan əvvəlki həyatın çürüntüsüdür...
- Göyərçin qənədiylə adamı vuranda lələyiylə əl sinirini zədələyir, ağrı gedir çıxır onurğa sütununa. Handabir cayıl tapmazsan ki, bu ağrıdan qışqırmasın. Ancaq şəfası var bu zərbənin, əsəblər sakitləşir sonra, əlin day heç vaxt əsmir.
Bakı quşbazlarının sərrast bıçaq zərbəsi, güllə atmaq bacarığı da sanki burdan qaynaqlanır. Onların Quran açma bacarığını da sıraya qatsam, hə, məsələ lap ciddiləşər. Göyərçin zərbəsi almış əllər day titrəmir axı. Quranı da ancaq bax, bu əllər düzgün aça bilərmiş...
- Dimdiyindən süd verən ana göyərçinlər isə naməhrəm gördümü, qanadları ilə özlərini, üzlərini örtür. Hə, onlardı müsəlman, biz isə hələ kafirik, - deyir Hacı Qeybi.
Özü də bax, bu cür niqab altda, qeybdə qalmaq istəyir. Şəklini də vermir mənə. Deyir ki, hələ qeybdədir, üzə çıxa bilməz. Deyir ki, qoy Rafiq müəllimin şəkli çap olunsun yazımda. Bir də bizim imam göyərçinlərinin şəkilləri mətbuatı bəzəsə, bu, Hacının lap ürəyincə olar.
Neynək. Gərək razılaşım bununla. Buyurun, baxın bizim İmam Hüseyn göyərçinlərimizə. Gələcəyin “potensial insan modeli” onun sayəsində dünyaya gələcək bəlkə də...

08.01.2011

Bir daha tele problemlər barədə

İbrahim Sel 
Professional Oxucu Liqası
 

Hindkinozim-motalizm janrı. Niyə bizim millət ancaq müğənni istehsal edir, gəncliyimizdə müğənnilik ruhu coşub-daşır? Televiziyalarda hava və su kimi ehtiyacımız olan intellektual verilişlərin yerini çal-çağırlar işğal edir? Bu suala belə bir cavab tapmışam. İndi müğənnilik eşqi ilə alışıb-yanan gənclərimizin yaş dövründən çıxış edib, onların ata-analarının yaşı haqqında fikir yürütsək, məlum olar ki onlar təxminən 1960-ci illərdə doğulmuş və gənclkləri Sovet İttifaqının 80-ci illərinə düşənlərdir. Həmin illər isə hind filmləri tayfunu altında keçmişdi, bu gənclərin valideynləri bir-birlərini hind mahnıları oxunan toylarda, hind filmləri göstərilən kinoteatrlarda görüb tanış olmuşdular. Bugünkü gənclərimizin əksər nümayəndələrinin nə qədər kobud da səslənsə, «fundamentləri» hind musiqisi altında qoyulmuşdu. Hind filmlərinin qəhrəmanları müğənniliyin bəlalardan, həyatın çətin vəziyyətlərindən çıxış yolu olduğunu canlandırırdılar. O informasiyalar kinoteatr salonlarında, toylarda kodlaşmaqda olan körpənin, gələcək gəncin kodeksinə girib. Və qarşımıza bu gün 20-25 yaşlılar çıxıb.

 Ruslar hind filmi barədə zarafatla deyirlər: «Əgər bir hind filminin əvvəlində divardan tüfəng asılıbsa, filmin sonunda o da mahnı oxuyub oynayacaq…»

 Dünyanın heç bir özünə az-çox hörmət qoyan ölkəsində bizim telekanallarımızdakı qədər hind filmi göstərilmir. Heç bir muasir sivil ölkədə bizdəki qədər hind kinosu xəstəsi yoxdur, hind musiqisinə bu qədər pərəstiş edilmir və hindlilərin ailə-məişət münasibətləri bu qədər beyinlərə yeridilmir. Hətta bizdə hind mədəniyyəti (?) günləri də keçirilir. Bu yaxınlarda isə Təhsil Nazirliyinin məsul işçisi xaricə oxumağa gedən tələbələrin Qərbə, Avropaya yox, məhz Hindistana göndərilməsini təklif etdi. Arqumenti də bu oldu ki, Qərbdən qayıdan tələbələr müxalifətyönümlü olurlar. Qəribə məntiqdir, eləmi? Yəqin Hindistandan yappərəst qayıdacaqlar.

 Nə yapışıblar bunlar Hindistandan, qopmurlar? Bizi hara getməliyik, Hindistana? Axı biletimizə belə yazılmamışdı.

 Ekrandan Cimi bizə qırıq tapança ilə bir vzvod əliavtomatlını qırmağından, bir daş atmaqla göydəki vertolyotu partlatmağından danışır. Belə filmlərdən sonra cayıllarımız gücləri çatmasa da, qabağına çıxanı çırpacaqları ilə hədələyirlər. Əyalətdə kişilər hind qızlarından seksual baxmağı, qadınlar isə hind kişilərindən işvəli yeriməyi öyrənirlər. Cavan adam evlənən kimi qaynatasının qabağına Ciminin villası boyda ev tikmək tələbini qoyur: «Yoxsa boşayacam!». Onsuz da bir-birilə anlaşma müstəvisində uçuruma yuvarlanmış xalqımız hindlilərdən «isnişməyin» yollarını öyrənir. Əclaflıq, oğrəşlik, şorgözlük, yaltaqlıq, xainlik və yalançılıq təmizlənmək əvəzinə qanımıza daha böyük dozalarla yeridilir. Hind kinosundan arvadı necə döyməyi, ataya arxadan zərbə vurmağı, anadan uzaq qaçmağı, dostu beş qəpiyə satmağı, zəifə şıllaq atmağı öyrənirik. Beləcə, bütün dünya Deyl Kornegidən, Dostoyevskidən öyrəndiyi halda, biz hisin-pasın içində itib batmış Dxarmendradan öyrənirik. Bizim batareyamızın bir baş çavuşu vardı, hind filmi başlayan kimi bütün batareyanı televizorun qarşısına yığıb, «farağat» komandasında ekrana baxdırardı. Ağ-qara televizorun qabağında Qabbarsink kimi bardaş qurub oturan bu pezəvəngi cana yığılmış uşaqlar öz aralarında söyür, «Hindistan voenkomatı» adlandırardılar. Bir dəfə mən də canımı dişimə tutub bir filmi axıradək diqqətlə izlədim. Demək, qəhrəmanı kisəyə salıb ağzını bağlayırlar və dənizə atırlar. Lakin o xırda bir təsadüf nəticəsində xilas olur və kisənin ağzını bağlayanlardan qisas alır… Əlbəttə ki mahnı oxuya-oxuya.

 Yazıq millət, səni Hindistana istiqamətləndirirlər. Yəqin inanırlar ki, bu yolla nə vaxtsa əsgərin Hind okeanına çatıb sapoquyla oradan su içəcək!

Bəlkə bunlar müalicə olunduğumuz Hindistan dərmanlarının təsirindəndir, hə, necə fikirləşirsən?

 Haşiyə: Müstəqil olandan bəri milləti silkələyə bilən, onu ayağa qaldırmaq gücündə olan nə bir musiqi əsəri bəstələnib, nə də bir tablo çəkilib. Mən hələ Allahın plakatlarından danışmıram, onları çəkməyi də bacarmırıq. Səhnələrdə primitiv pafosla, qiyə-qışqırıqla, isterik çığırışlarla dolu nə qədər desəniz xaltura var. Amma ortada əsl sənət əsəri gözə dəymir. Kino çəkəndə də hamının başını yerə soxan “Girov” kimi əbləhanə bir şey çəkirik. Bəlkə barmaqlarınızı qatlayıb qəhrəmanlıqlarınızı, şedevrlərinizi sayasınız. Vaxtilə çəkdikləri kinolar, yazdıqları kitablar Biləcəridən o tərəfə tanınmayanlar, özlərini Smotkunovski sayan dünən dağdan enib gələn ədabazlar, hər mövsümdə bir bayrağa beyət gətirənlər çıxıb ekrandan camaata vətənpərvərlik dərsi verirlər.

***

 Əlac qalıb xarici filmlərə. Bu gün hər hansı bir xarici filmi Azərbaycan dilində seyr etmək isə cəhənnəm əzabıdır. Məsələn, rus dilində haçansa baxdığım filmin Azərbaycan dilində tərcüməsinə rast gələndə dəhşətə gəlirəm. Heç bir kanalda dublyaj istənilən səviyyədə alınmır. Vaxtilə ANS telekanalı hər şeydə birinci olduğunu söyləsə də, kanalda dublyaj olunan və nümayiş etdirilən cizgi və yaxud bədii filmlər bərbad gündə səslənir.

 Qeyd etmək lazımdır ki, bizdə yanlış formada başa düşülən milli-mental dəyərlərin növbəti dalğasından sonra bütün telekanallarda dublyaj studiyaları fəaliyyətə başladı. Lakin yaradılmış studiyalar ortaya keyfiyyətli iş qoya bilmədilər. Əksər dublyaj studiyaları xarici serialları dilimizə çevirməkdə uğur qazanmaq istədilər. Ancaq nəticədə bu seriallar Azərbaycan dilində çox bəsit və gülməli formada səslənirdi. Bu da həmin serialların cəmi 2 nəfər aktyor tərəfindən səsləndirilməsinin nəticəsində olur. Bəzən cümlələrin bir-biriylə uyğunsuzluğu gülüş doğurur. Sözsüz ki, bu cür halların baş verməsinin əsas səbəbkarı tərcüməçilər və dublyaj studiyasının baş redaktorudur. Ancaq telekanal rəhbərləri bu sahəni ciddi nəzarətə götürməklə müəyyən irəliləyişə nail ola bilərlər. Digər tərəfdən bəzi dublyaj studiyaları obraza uyğun səsləndirmə ortaya çıxara bilmirlər. Belə ki, 10 yaşlı uşağın səsini 40-50 yaşlı aktyor səsləndirir, bu da tamaşaçıya hörmətsizlikdən başqa bir şey deyil. Xarici filmlərin həvəskarı kimi qeyd etmək istərdim ki, dublyajın uğurlu alınması üçün xüsusi dərslər almış aktyorlar bu işə cəlb olunmalıdır. Bu barədə danışan aktyorlarımız bildirirlər ki, dublyajlarda rol səsləndirmək səhnədə rol oynamaqdan qat-qat çətindir. Doğrudan da, aktyor rolu duyub onun ruhuna girməlidir. Əks təqdirdə səsləndirmə süni alınır. Xarici telekanallarda şahidi oluruq ki, filmlərin səsləndirilməsi 2 və ya hətta 1 nəfər aktyorun vasitəsilə aparılır. Ancaq fərq göz qabağındadır. Bizim aktyorlar obrazlara görə səslərini dəyişə bilmirlər. Bu da onların dublyajdan anlayışlarının olmamasından irəli gəlir. Nəticədə də dublyajlar çox gülünc formada verilir.

 Teleserialların dublyajlarında «Lider» TV işləkdir. Diqqətcil olsaq, bu dublyajlardakı qüsurları asanlıqla sezmək olar. Elə başlayaq «Belissima» teleserialından. Bu serialı cəmi 4 aktrisa səsləndirirdi. Hətta Hacı İsmayılov (digər aktyorlar da ola bilər) serialda özü-özüylə danışırdı. Yəni bir-biriylə danışan obrazları eyni aktyor səsləndirirdi. Serialda səs effekti belə ölür. Amma problem yaradan səbəb nədir? Bu, bilinmir. Niyə gənc obrazları gənc aktyorlara həvalə etməkdən çəkinir «Lider» TV-nin dublyaj redaksiyası? Bu həm gənclərçün dublyaj sahəsində məktəb olardı, həm də dolanışıq. O ki qaldı dublyajda Azərbaycan dilinin gözəlliyindən istifadə olunmasına, bu barədə çox danışılıb. Yəni hələ də şablon və pafoslu danışıq tərzi «Lider» dublyajında hakimdir.                      

 Qeyd edək ki, Azərbaycandakı telekanalların içərisində dublyajı ən yaxşı təşkil edən elə ANS kanalıdır. Bu kanalın rəhbər işçilərinin də iştirak etdiyi «Kriminal qiraət» filminin səsləndirilməsi Azərbaycanda çoxlarının ürəyincə olmuşdu. Son zamanlar bu kanalın dublyaj studiyası digər kanallara örnək ola biləcək işlər görə bilib.

 Bir sözlə, istərdik ki, seriallara və filmlərə, verilişlərə və sənədli filmlərə doğma dilimizdə baxanda əsəbləşməyək. Əlbəttə, böyük kinoda «sadomazoxizm»i bağda mazoxizmlə məşğul olmaq, «raskrıt kartı»nı xəritəni açmaq kimi tərcümə edən dublyaj ustalarmız bizi həmişə təəccübləndirə bilib. Bir özünüz fikir verin: «Atası nə etsə, oğlum da onu təkrar edir. Və bu, mənim xoşuma gəlir…»

 Yəqin ki, İncəsənət Universiteti nəhayət dublyaj aktyorları hazırlayacaq kurslar təşkil edəcək. İnanırıq ki, dublyajın səviyyəsi ölkəmizdə də digər xarici ölkələrdə olduğu dərəcəyə çatacaq, hətta onları ötəcək. Mirşahin və Orxan Fikrətoğlu bunu artıq bir dəfə sübut ediblər.




 Kədərə “yox!” deyək! Sorğular göstərir ki, əhalinin ən çox sevdiyi, populyar və yaddaqalan kanal ANS-dir. Lakin bir neçə dəfə bağlanıb açıldıqdan və müxtəlif təzyiqlərdən sonra o da «bozbaş» kanalına çevrildi. «Əhatə dairəsi», «Ən yeni tarix», «Təmiz söhbət», «Qulp», «Nəzər nöqtəsi» kimi əhalinin sevə-sevə baxdığı, müxtəlif ftikirlərin ifadə olunduğu kanalların əvvəlki izi-tozu da qalmadı. Əvvəllər «KVN-şik»lər demiş, hər yerdən ANS çıxırdı. Ancaq indi sosial problemlərin məngənəsində boğulan insanlar «dəqiq, vicdanlı, qərəzsiz» kanala zəng edəndə, onlara rəngarəng musiqilər cavab verir.

 Yuxarıda telekanallarımızın «sevimli qonağı» olan hind kinosu haqqında danışdıq. Yaxşı ki, son zamanlar bu tendensiya aradan götürülüb. 21-ci əsr azərbaycanlısının hind kinosuna baxmağa ehtiyacı varmı? Bəlkə də bəzi təbəqələr üçün maraq doğurur, ancaq gəlin görək gecə və gündüz hind kinosuna baxan xalq irəli gedə bilərmi? Qeyd etmək lazımdır ki, bizim cəmiyyət heç hind cəmiyyətindən o qədər fərqlənmir də. Axı Hindistan əhalisinin də əksər hissəsi aclıq və səfalət içində yaşayır, ətraf aləm barədə küt və səthi təsəvvürlərə malikdirlər. Hind kinosu istehsal edən şirkətlər məhz bu xüsusiyyətləri nəzərə alaraq gündə bir Cimi yaradıb ekrana buraxırlar. Ağır həyat şəraitinə malik toplumun nağıla ehtiyacı var ki, məşəqqətlərindən ayrılıb xəyallarda uçsun. Bəs bizə nə düşüb? Axı son zamanlara qədər, 90-cı illərin əvvəllərindən Bakıya doluşmuş kənd təfəkkürünün meydan sulamasına kimi paytaxtımız Şərq aləmində ən irəli getmiş və yüksək təfəkkür atmosferinə malik məkan idi. Elm, mədəniyyət, təhsil və incəsənət sahəsində nailiyyətlərimizlə öyünə bilərdik…

 Primitivliyin, diletantizmin bariz nümunələri kimi üzə çıxan melodram bəzən çox bahalı libas geyinir, yüksək dizayn və bədiilik elementləri ilə pərdələnir, müasir kino texnikasından, məşhur aktyorlardan istifadə edir. Lakin hansı libasa girir-girsin, onun əsas göstəricisi hadisəçilikdir. Burda qanunauyğunuq axtarmaq əbəsdir.  

 Teleseriallar bütün parıltısı, üzdə xoş görünən əlamətləri ilə içimizə daxil olmaqdadır. Bütün bu zir-zibil sovet dövründə «Hamlet»lərin, «İblis»lərin, «Aydın»ların daxili aləmimizdə yaratmış olduğu mənəvi özünümüdafiə səddini keçərək bizi mühasirəyə alır. Və bir də başımızı qaldıranda özümüzü ötəri hisslər, təsadüflər dünyasının axar-baxarında görürük. Hadisələr dənizinin ucu-bucağı olmadığı kimi, onları əks etdirən çoxseriyalı filmlər də nə qədər istəsən uzadıla bilir. Müxtəlif gözlənilməz vaqeələr bir-birini sıçrayışlarla əvəz edir və ancaq zahiri tellərlə, süni şəkildə bağlanır. Belə əsərlər insan mənəvi varlığının bütövəşməsinə deyil, «bu dünya beş gündür…», «ayaq hara, baş da ora» səfsəfəsinin təbliğinə xidmət edir. 

 Beləliklə, respublika telekanallarının proqramları sanki ölkə vətəndaşlarının zehni qabiliyyətini daha da kütləşdirməyə, onların zövqünü daha da korlamağa hesablanıb. Belə zənn etmək olar ki, məqsədyönlü kütləşdirmə və dünyadan təcridolma prosesi aparılır. Bəzi xarici ölkələrin telekanallarının yayımı dayandırılır ki, birdən hansısa həqiqəti deyər. Milləti tısbağa kimi öz qınına çəkilməyə vadar etmək, onları çəlimsiz yerli kanallardan- olan-qalan şəhər mədəniyyətini də dəfn etmək yolunu tutmuş arxaizmlərdən asılı etməyə çalışırlar. Xalqın elektron kütləvi informasiya vasitələrindən istifadə etmək hüququna sədd qoyulur, azeriblog.com kimi 1500 bloggerin şəbəkələşdiyi sistemlər dağıdılır. İnsanlarımız yerli kanalların hazırladığı bayağı, şit proqramlardan bezib, onlar əsasən ölkədə və dünyada baş verənlərdən- bir də hava proqnozundan xəbər tutmaq lazım gəldikdə yada düşür.

 Başqalarında gördüyümüz pis, ziyanlı xüsusiyyətləri mənimsəməkdə xüsusi istedad sahibi olmuşuq. İstər qida cəhətdən nə qədər murdar yeməklər, istər moda sarıdan dünyada nə qədər ədəbsiz geyimlər varsa, bizdə brend mal kimi formalaşdırılır.

 Rusiya telekanallarına təkcə ölkəmizdə yaşayan ruslar yox, rusdilli zialılarımız, hətta rus dilini az-maz bilənlər də baxır. Nədən ki yerli kanallarla müqayisədə onların üstünlüyü qat-qat çoxdur. Məsələn, Zəlimxan Yaqub kimi aşıq tipli alimlərimizi ekrana yaxın buraxmırlar, televiziyanı xalqın real maraqlarına xidmət etməyən bisavadlardan, arsız-arsız ağlaşan muğamşiklərdən qoruyurlar, ölkədə yaşanan ən ciddi problemləri rəngarəng proqramların mövzusu edirlər, hər bir məmurun nöqsanını onun üzünə vururlar, prezidentlərin, nazirlərin, siyasi-ictimai liderlərin kəm-kəsirlərini bədii gülüş hədəfinə çevirib, izləyicilərini əyləndirirlər, hətta kuklalarını düzəldirlər…

 Xəzərin o tərəfində, ən yaxın qonşumuz və qohumumuz olan Türkmənistanda bir müddət əvvəl böyük söz-söhbətlərə səbəb olan hüzür düşdü. Vətəndaşlarının bütün kommunal xərclərini ödəyən Türkmənbaşı, qəflətən dünyasını dəyişdi. Onun dəfn mərasimini- on kilometrlərlə uzanıb Aşqabad küçələrini basan türkmən selinin acısını yalnız Rusiya telekanalları bütün dünyaya yaydı, həm də saatlarla davam edən canlı yayımla. Türk dünyasının hər dövlət başçısına nəsib olmayan riyasız, saf ümumxalq sevgisini azərbaycanlılar da izlədi. Amma yalnız peyk antennası olanlar- Rusiya telekanalları ilə!

***

 Səhər-səhər evdən çıxarkən televizorda, ya da ictimai nəqliyyatda eşitdiyimiz hər hansı bir təsadüfi mahnı bizim bütün gün ərzindəki əhval-ruhiyyəmizi müəyyən edir. Həyat enerjisi ilə dolub-daşan mahnını dinlədikdən sonra işlərimiz də düz gəlir, əməllərimiz də. Sarsaq və yalançı sentimentallıqla dolu mahnıları dinləyəndən sonra isə əksinə, ya bizə atırlar, ya da biz kiməsə... Mən indiyə qədər qəmli mahnı eşidəndən sonra gözlərindən həyat eşqi yağan adam görməmişəm. Çünki bu mümkün deyil. Mətn və melodiyasından dərd-qəm (xüsusilə, saxta və mənasız) yağan mahnılar insanlarda həyata qarşı küskünlük, yorğunluq və bezginlik hissləri aşılayır.

 Gəlin bu cür mahnıların mövzularına diqqət edək: məsələn, məchul sevgililərdən birinin o birisini "atması" problemi. Axı, niyə bu kiçik, bir mövzu kimi çeynənilmiş şəxsi problemlə başqalarını yükləməlisən? Hətta bəzi hallarda bu dərd-qəmin səbəbi də bəlli olmur- “dərdliyəm”, “səbəbini soruşma” sözləri ilə dolu olan bu mahnıların mətnində heç bir məzmun və məna sezmək olmur.
 Diqqətlə fikir versək görərik ki, bu cür mahnılar əsasən 3-cü dünya ölkələrində və ya əksəriyyəti müsəlmanlar yaşayan ölkələrdə dəbdə olur. Özümüzün və ya qonşumuz Türkiyənin pop-musiqi dünyasına baxsaq məlum olar ki, mahnıların əksəriyyəti ağır templi, qəmli, insanları az qala intihara cəhd etdirəcək mətn və melodiyalardan ibarətdir. Niyə? Əlbəttə, bunun da bir səbəbi var
 İran bəstəkarı Dr. Məhəmməd Ənsari 3 illik araşdırmalarının sonucunda çox maraqlı məsələlərlə üzləşib. Cənab Ənsari hamını şoka salacaq faktlar üzə çıxarıb.
 Heç kimə sirr deyil ki, Qərbdə müxtəlif məxfi institutlar var- onlar əhalisi əsasən müsəlmanlardan ibarət olan ölkələrdəki psixoloji və moral vəziyyətlə bağlı araşdırmalar aparır və bu araşdırmalara uyğun tədbirlər görürlər. Yadınızdadırsa, bir müddət əvvəl bu tip institutların ağaclarda, balıqlarda, buludlarda və s. yerlərdə "Allah" sözünün ərəb əlifbasında yazılışına bənzər formasını “kəşf” edərək, müsəlman dünyasına sırımaları barədə mətbuatda çoxlu yazılar çap olunmuşdu. Onlar yaxşı bilirlər ki, müsəlmanlar bu tip “kəşf”lərə uyur, Tanrının zatən onların yanında olduqlarını, onları müdafiə etdiyini zənn edir və bununla da işlərini bitmiş hesab edirlər. Çünki bu cür rəmzlərə uyan insanların əksəriyyəti əlavə elm və bilik əldə etməyi lüzumsuz hesab edir və nəticədə mənsub olduqları cəmiyyətin inkişafı ləngiyir.
 Doktor Ənsarinin araşdırmaları sonucunda məlum olub ki, həmin Qərb institutları eyni psixoloji təsir vasitəsi kimi kütləvi incəsənətdən- popdan və bu növ incəsənətin əsas janrlarından biri olan mahnı janrından istifadə edirlər. Belə ki müğənnilərin özlərinin də xəbəri olmadan onların qəmli-dərdli mahnıları reklam olunur, “sevilir” və yayılır. Nəticədə ən qəmli mahnılar oxuyan müğənni ən populyar müğənniyə çevrilir. Onlar -Ağadadaşdan tutmuş, İbrahimə qədər- özləri də bilmədən bu institutların əlində silaha, xalq isə hədəfə dönüşür. Nəticədə bu xalqların psixologiyası zədələnir, geniş ruh düşgünlüyünə uğrayır və sabaha inam hissini itirir.
 Ağlına o qədər də şübhə etmədiyim oxucu “guya ABŞ-da qəmli mahnı oxuyan yoxdur?” sualı verə bilər. Yalnız bir müqayisə ilə kifayətlənirəm- Maykl Ceksonun ən dərdli, ən faciəli mahnısı olan "Earth Song" planetdəki ekoloji problemlər barədədir.