22.02.2011

"AYO-da vəziyyət sabitdir!"

           Azad Yazarlar Ocağının sədri, yazıçı-publisist Aqşin Yeniseylə müsahibə

-AYO-da hazırkı vəziyyət necədir?
-Həmişə olduğu kimi. Hərə bir tərəfdə başını yazısının üstünə əyib düşünür. 


-AYO-da birləşən yazarlar arasında müəyyən polemikaların, bəzən söz savaşının getdiyinin şahidi oluruq. Buna AYO sədri olaraq münasibətiniz necədir?
-Həddindən artıq yaxşıdır. Bir yazımda da yazmışdım ki, AYO xor oxumaq üçün bir yerə toplaşmış ortababların dərnəyi deyil. Burada bir araya gələn yazarlar müstəqil düşüncə sahibləridir və hər bir yazar öz fikirlərini söyləməkdə azaddır. Eyni məhfum, yaxud hadisə barəsində bu təşkilatda üzvlərin sayı qədər fikir və mülahizələr ola bilər. Sadəcə, bizim cəmiyyət totalitar təfəkkür tərzindən hələ xilas ola bilmədiyi üçün bir təşkilatda bu qədər fikir müxtəlifliyinin ola bilməsini dərk edə bilmir. Beynimizin ortasında “ağa deyir sür dərəyə - sür dərəyə!” zehniyyəti hökmrandır. AYO-dakı yazarlar özləri kimi düşünməyənləri güllələtdirmək, tutdurmaq, ən azı, “vətən xaini” damğası vurub sıralarından qovmaq üçün bir araya gəlməyiblər. Kimə belə bir “yaradıcı” təşkilat lazımdırsa, gül kimi AYB var, üz tutsun ora. Şəxsən mən AYO-da olan bu fikir müxtəlifliyinin cəmiyyətimizə də yayılmasının tərafdarıyam. Kim Azərbaycandakı fikir eyniliyindən, düşüncə bozluğundan bezməyibsə, inciməyin məndən, demək, gönüqalın adamdır. Əgər söhbət həm də yaradıcı adamlardan gedirsə və burada fikir müxtəlifliyinə yer yoxdursa, görün indi biz nə gündəyik.


-Bu il AYO Milli Kitab Mükafatı müsabiqəsinə qatılmaqdan imtina qərarı verdi. Amma bəziləri düşünürlər ki, bu səhv qərar idi… 

-Bəziləri dedikdə AYO üzvlərini nəzərdə tutursunuzsa, Qan Turalını çıxmaq şərtilə təşkilatda heç kim bu fikirdə deyil. Qan Turalının isə bu münasibəti bizə aydın deyil. MKM-in builki ilk toplantısından sonra onun “Azadlıq” qəzetinə verdiyi açıqlama ilə indiki əməlləri arasında yerlə göy qədər fərq var. Üstündən cəmi üç-dörd həftə keçən bu açıqlamada dostumuz Tural bütün AYO üzvlərindən daha kəskin şəkildə bildirmişdi ki, bu müsabiqədə iştirak etməyəcək və kifayət qədər öz münasibətini arqumentlərlə də əsaslandırmışdı. Bu da onun münasibəti: “Mən müsabiqəyə qatılmayacam. Münsiflərin ədəbiyyatdan başları çıxmır və hamısı avtoritar rejimin vintcikləridir. Keçən il tənqidlərdən sonra rusdilliləri çıxardıb yerinə rejimə yarınmaqda azərbaycan dilinin imkanlarından istifadə edənləri salıblar. Amma nədənsə Zəlimxan Yaqub siyahıda yoxdur. Niyazi Mehdi və Şahbaz Xuduoğlunu görüntü üçün münsiflər heyətinə salıblar.” Qəzetin həmin sayını tapıb oxuya bilərsiniz. Bu yaxınlarda isə məlum oldu ki, əfəndimiz nəinki müsabiqəyə qatılmayacaq, hətta müsabiqəyə göndərilən əsərlərə ekspertlik edəcək. Belə çıxır ki, özü də “rejimin vintciyindən” birinə çevriləcək. Bu ya, loru dildə desək, öz tüpürcəyini yalamaqdır, ya da bizim Tural insan təbiətində bu günəcən bəşəriyyətə məlum olmayan hansısa mənəvi keyfiyyət kəşf edib. Biz bu kəşfə öz aramızda hələlik “mobil vicdan”, yaxud “cib vicdanı” adını qoymuşuq. Gecə-gündüz öz yazılarında başqalarına əqidə dostluğundan, mübarizə ardıcıllığından, sözübütövlük dəyanətindən dərs keçən bir gəncimizin üç həftənin içində bu cür tüklənib “yuvadan uçması” ancaq sərçələrə xas olan xüsusiyyətdir. Ancaq AYO-da heç kimin onun qərarına müdaxilə etmək fikri yoxdur. Bu barədə üzvlər arasında eşitdiyim ən ağır ifadə budur: “Qan Turalıdır da…” 

-AYO-ya yaxınlığı ilə seçilən, əksər yazarların kitablarını nəşr edən «Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu da AYO-çuların MKM-na qatılmamasını səhf addım kimi dəyərləndirir…

-Dostum Şahbaz Xuduoğlu AYO-da söz sahibi deyil. Ona görə o istədiyi kimi düşünə və danışa bilər.

-Şahbaz bəylə Qan Turalın MKM-da biri münsif, digəri ekspert qismində təmsil olunacaqlar. Buna münasibətiniz necədir?
- Qan Turalıya olan münasibətimi bildirdim. Şahbaz bəy isə bir naşir olaraq kitabla bağlı keçirilən istənilən tədbirdə həm münsif, həm ekspert ola bilər. Bu onun peşəsindən irəli gələn bir seçimdir. Lakin Şahbaz bəyin haqqı yoxdur ki, qol götürüb oynadığı havaya hamını oynatsın. Sevimli naşirimiz keçən il çap elədiyi müəlifləri hansı canfəşanlıqla bu müsabiqədə iştirakdan çəkindirirdisə, bu il həmin canfəşanlıqla da onları bu müsabiqədə iştirak etməyə təhrik edir. Eynən Qan Turalı kimi. Sadəcə, onların “mövsüm dəyişikliyinin” bir fərqi var; bu dəyişiklik Turalda üç-dörd həftə çəkdisə, Şahbaz bəy kişi kimi düz bir il dözdü. 


-Yazarlar MKM-da iştirak etməməyi onunla əsaslandırdılar ki, ötəniliki müsabiqə ədalətli keçirilməyib, obyektivlik olmayıb. Amma builki müsabiqədə Şahbaz bəyin, Qan Turalın, Niyazi Mehdinin orada təmsilçiliyi var. Bu obyektivliyin olacağına ümid vermir ki?
-Müsabiqənin obyektiv olub-olmayacağı artıq məni ilgiləndirmir. Bu müsabiqə keçirilməyə başladığı gündən ədəbiyyatımızda elə ürəkbulandırıcı mənzərə yaratdı ki, hətta bundan sonra bütün münsiflər və ekspertlər şurası yalnız AYO-çulardan ibarət olsa belə, şəxsən mən heç vaxt bu müsabiqəyə əsər təqdim etməyəcəyəm. Adımı o siyahıda görmək istəmirəm. Bu necə müsabiqədir ki, yazıçı və şairləri, az qala, qol gücünə təhrik edirlər ki, əsərlərinizi göndərin. Bir o qalıb ki, Şahbaz bəy əlinə bir çomaq alıb kitablarını çap elədiyi müəllifləri naxırsayağı qabağına qataraq müsabiqəyə hoylasın. Onlara şair, yazıçı lazımdırsa, yerini deyim; Aran bölgəsi doludur şairlə, hamısı da müsabiqəlik istedadlardır. Qıy vursalar, atla da gəlməli olsa, gəlib müsabiqəyə qatılacaqlar, hərəsinin də qoltuğunda 3-4 zırıltı poema. 


- Yəqin ki siz də bəzi AYO-çular arasında söz savaşının, soyuq müharibənin getdiyini görürsüz. Fikirlər səsləndirilir ki, artıq bir müddətdən sonra AYO-dan əsər-əlamət qalmayacaq… Siz necə düşünürsüz, AYO-nun parçalanmaq, yazarların ocağı olaraq səhnədən silinmək təhlükəsi varmı?
-AYO-nu yazıçılar yox, yalnız oxucular səhnədən silə bilər. Əgər bu təşkilatdakı yazıçılar oxunmasalar, biz hətta istəsək belə, təşkilatı yaşada bilmərik. Birincisi, AYO-nun AYB-dən fərqli olaraq o qədər maddi imkanları yoxdur ki, öz “meyitini” uzun illər meyitxanada saxlaya bilsin. AYO ölsə iki-üç günə ədəbiyyatımızı üfunət bürüyəcək və hamıya bəlli olacaq ki, AYO artıq yoxdur. İkincisi, bir ədəbiyyatın ki, ömrü mənən başa çatıbsa, onun fiziki ömrünü uzatmağın heç bir mənası yoxdur. Həmçinin AYO-nun da. AYO təsadüfdən yox, zərurətdən yaranan bir təşkilatdır, parçalanacaqsa, bu da hansısa təsadüf üzündən deyil, ədəbi, mədəni bir zərurət ucbatından parçalanacaq. Hələ ki, ədəbiyyatımızda belə bir zərurət yaranmayıb. 


-AYO-çu Rasim Qaracanın enyeniedebiyat.com adlı sayt açmasını necə dəyərləndirirsiz?
-Çox yaxşı. Söhbət “ən yeni ədəbiyyat”dan gedirsə bu adda sayt açmağa ən çox haqqı çatan adamlardan biri, bəlkə də, birincisi Rasim Qaracadır. Çünki bu seriyadan kitabları çıxan gənclərin əksəriyyəti Rasim bəyin “Alatoran” jurnalının yetirmələridir. 


-Bəzi yazarlar bildirirlər ki, Şahbaz Xuduoğlu azad yazarların kitablarını «Ən yeni ədəbiyyat» seriyasında çap etdirir, amma yazıçıya nə qonarar verir, nə də ki kitab.. Bu nə dərəcədə həqiqətdir. Sizin özünüzün də kitabınız bu seriyadan «Qanun» nəşriyyatında çap olunub. Qonarar almısızmı?
- Şahbaz bəylə qonorar davası eləmək doğru deyil. Birincisi, layihə başlayanda belə danışmışdıq ki, yalnız ikinci min tirajdan sonra qonorar barədə danışmaq olar. Onsuz da, biz kitablarımızı harada çap etsəydik, ən azı, 1000-1500 manat pulumuz çıxacaqdı. Şahbaz bəy kitabları öz hesabına çap etməklə bu məbləği, sanki, müəlliflərin özünə qaytarmış oldu. Bu da sənə qonorar. İkincisi, inanmıram ki, bizim kitabların satış tirajı o qədər çox olsun ki, oturub naşirlə qonorar çörtkələyək. Şəxsən mənin bu bir il müddətində kitabımın ilk min tirajı satılıbsa, min şükür. Heç olmasa, nəşriyyata borclu qalmamışam. Cəmiyyətimizin kitaba münasibətini unudub qonorar üstündə saçyoldusuna çıxmağın tərəfdarı deyiləm. Əgər “Qanun” nəşriyyatı mənim kitabımdan hansısa qazanc əldə edibsə, halal xoşları – bu, məni səmimi sözümdür. 

Комментариев нет:

Отправить комментарий