06.02.2011

Əli Kərimli sərt danışdı: “Məğlub olacaqsan”

Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Demokrat Partiyasının qərargahında müşavirə keçirib.

“Qafqazinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, müşavirədə partiya sədri Əli Kərimli siyasi vəziyyət və partiyanın yaxın hədəfləri haqda məruzə etdi. AXCP sədri hələ aylar öncə parlament seçkisində, əslində hakimiyyətin Pirr qələbəsi qazandığını, sonun başlanğıcını gətirdiyini deməsini xatırlatdı. Bildirdi ki, saxta seçkilərdən sonra hakimiyyətin çöküşü istiqamətində mühüm hadisələr baş verib. Bunlar ictimai-siyasi təşkilatların bir araya gələrək İctimai Palata yaratması, “WikiLeaks” saytının dünya boyunca Əliyevləri rəzil etməsi, Turqut Ərin kitabı vasitəsi ilə hakimiyyətin mahiyyətinin açılmasıdır. Əli Kərimlinin fikirincə, sadalananlar yeni bir siyasi situasiya gəlişdirdiyi bir anda, yaxın Şərqin müsəlman ölkələrini inqilab dalğaları bürüdü və bu da demokratik prosesə insanların ümidini, inamını daha da artırıb.



Misiri dünyadakı avtoritarizmin ciddi dayaqlarından biri kimi qiymətləndirən partiya sədri dedi ki, avtoritar dövlətlərin rəhbərləri uzun illər idi Misiri öz müəllimləri, ustadları kimi qəbul ediblər:“Misir Azərbaycan üçün də model kimi düşünülürdü. Düşünülürdü ki, Misirdə avtoritarizim tam təkmilləşib, cəbr aparatını yaradıb, 30 il hakimiyyətdə qalmağı bacarıb, 1,4 milyon polisi olan polis rejimi qurub, ölkənin müxalifəti tam olaraq qurama məhkəmələrlə repressiyalara məruz qoyulub, beləliklə, hakimiyyətdə əbədi qalmağın düsturu tapılıb. İndi bütün diktatorların ustadlarının başı qaldadır. Misir xalqı ayağa qalxıb şər rejimini ciddi şəkildə sınağa çəkir. Sizin heç bir narahatlığınız olmasın ki, Misir xalqı artıq öz mənəvi qələbəsini dadıb, onun rejimi dəyişməsi bugün sabahlıqdır”

Əli Kərimli Misirdən bütün əzilən, istismar olunan xalqlara pozitiv mesajlar gəldiyini və mesajların daha da sıxlaşacağını vəd etdi: “Xalqımızın bir çox nümayəndələrində zülmün çox olmasına, sərəncamında qanuni-qanunsuz silahlı dəstələrin varlığına görə illüziya yaranıb ki, bu ailə hakimiyyəti ilə mübarizə aparmaq olmayacaq. Misirin ən böyük pozitiv təsiri ondan ibarətdir ki, nəhayət, xalqımızın bütün nümayəndələri əyani şəkildə gördü ki, ailə hakimiyyətinin zülm və repressiyaları onların ayaq üstə qalxıb buna etiraz etdiyi gün bitir. Bunu nə qədər tez etsək, istismar olunmağımız o qədər tez bitəcək, daha tez haqqımızı, hüququmuzu ələ alacağıq”.

AXCP sədri son günlər inqilabın qorxusundan nazirliklərin bir- birinin ardınca keçirdiyi anti-korrupsiya kollegiyalarını da tənqid etdi: “5-6 sıravi əməkdaşları işdən çıxarmaqla, həbs etməklə bütün günahları onların üstünə qoymaq istəyirlər. Xalqımız isə yaxşı bilir ki, rüşvət və korrupsiya idarəetmənin bir piramidası kimi qurulub və onun zirvəsindəkilər hakimiyyətdəkilərdir. Bu cəhdlərlə xalqı daha uzun müddətə talan etmək istəyirlər, keçməyəcək. Bizə, hər şeyin günahını 5-6 sıravi işçinin üzərində olması haqda mesaj verəndə biz də soruşacağıq: Bəlkə Dubaydakı 75 milyon dollarlıq villaları da sıravi məmurlar alıb?”

Diktatorların aqibətindən söz açan Əli Kərimli dövlət başçısı İlham Əliyevə sərt müraciət ünvanladı: “Səndən daha çox pulu olanlar, səndən daha zalımlar, səndən daha qəddarlar, səndən polisi 50 dəfə artıq olanlar artıq məğlubdurlar, sən də məğlub olacaqsan!”

Sonda partiya sədri təşkilati məsələlər haqqında danışdı. Bildirdi ki, avtoritarizmi yenmək tək bir partiya ilə mümkün deyil, ölkənin bütün demokratik ictimai-siyasi qurumları, xalqın özünün səfərbər olması lazımdır: “Vətəndaşlarımızla ciddi iş aparılmalıdır, onlara vəzifələri izah olunmalıdır, inandırılmalıdır. Bizim haqqımız yoxdur Misirdəki kimi 30 il dözək, dözə biləcəyimiz hədd yetib. Artıq qətiyyətli mübarizəyə başlamalıyıq”.

Müşavirədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP sədrinin müşaviri Sahib Kərimov, partiyanın Rəyasət Heyətinin üzvü Seymur Həziyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da çıxış edib.

Natiq

Комментариев нет:

Отправить комментарий