04.02.2011

Cəmil Həsənlidən Ramiz Mehdiyevə şok ittihamlar

“Azərbaycanın dünənində və bu günündə olan işıqlı ziyalıların vurulmasının ideya təşəbbüsçüsü və əsas icraçısı bilavasitə cənab Ramiz Mehdiyevdir"

Keçmiş millət vəkili Cəmil Həsənlinin “Azadlıq” qəzetinə müsahibəsi

- Cəmil müəllim, az əvvəl “Turan” agentliyinə müsahibə verərək Azərbaycanda seçkiləri kəskin şəkildə pisləmiş və kütləvi saxtakarlıq olduğunu bildirmişdiniz. Bu günlərdə isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı 7 noyabr parlament seçkisi barədə yekun rəyi açıqlandı. Əgər bir az geniş mənada yanaşsaq, bu yekun rəy Sizin və seçkilərin saxtalaşdırıldığını elan edən bütün ictimaiyyətin iddialarını beynəlxalq səviyyədə təsdiqlədi.
- Bilirsiniz, biz hamımız bu prosesin içərisində olmuşuq və xalqın seçki hüququnun necə əlindən alınmasının şahidiyik. Faktiki olaraq, ATƏT-in yekun rəyində təsdiq olunduğu kimi, Azərbaycan xalqı 7 noyabrda öz iradəsini ifadə edə bilmədi və parlament seçkisi total şəkildə saxtalaşdırıldı. Artıq seçkilər haqqında ən səlahiyyətli söz demək hüququna malik olan ən nüfuzlu beynəlxalq təşkilat bizim mövcud parlamentin Azərbaycan xalqının iradəsini ifadə etmədiyini təsdiqlədi. Bundan sonra bu parlamentin gözükölgəli fəaliyyət göstərməsi ölkəyə yalnız və yalnız ziyan gətirəcək. Ötən ilin 7 noyabrında seçki adı ilə baş vermiş olaylar açıq şəkildə göstərdi ki, xalqın hakimiyyətin mənbəyi olması barədə konstitusiyanın mühüm maddəsini hakimiyyət dairələri artıq unudub. Bu seçkilərdə xalq hakimiyyətə yox, hakimiyyət xalqa öz iradəsini diktə etdi və bununla da xalq hakimiyyətin formalaşdırılması prosesindən uzaqlaşdırıldı. Özünə hörmət edən hakimiyyət ATƏT-in bu rəyindən sonra yeni seçkilər təyin etmək barədə düşünməlidir.

- İndi çıxış yolunu nədə görürsünüz?
- Qoy çıxış yolunu ilk növbədə Azərbaycanı belə vəziyyətlə üzləşdirənlər axtarsınlar. Heç kimə məsləhət və ya resept vermək fikrində deyiləm. Ancaq bir vətəndaş və bir ziyalı olaraq fikrimi sizinlə bölüşürəm ki, gələcəkdə ən azı öz övladlarımız bizə deməsinlər ki, axı siz həmin dövrdə yaşayırdınız, hələ 1918-ci ildə dünyanın ən demokratik cümhuriyyət nümunəsini vermiş bir ölkənin bu vəziyyətə düşməsinə niyə biganə qaldınız. Bu il bərpasının 20 illiyi tamam olan müstəqillik xalqımızın böyük nemətidir. Amma eyni zamanda, həmin müstəqilliyi qazanmış xalq tədricən onun bəhrəsini görməkdən uzaqlaşdırıldı. 7 noyabr seçkisi isə həmin prosesin siyasi yekunu oldu. Ən qəribəsi odur ki, ölkəmizin neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Geniş əhali kütlələri öz həyatında müstəqilliyin bəhrələrini hiss etmir. Müstəqillik, korrupsiyaya qurşanmış bir sıra harın məmurlar üçün Azərbaycanı müstəqil şəkildə sökmək məqamına çevrilmişdir. Korrupsiya olan yerdə demokratik təsisatlardan söhbət gedə bilməz. Sözün tam mənasında Azərbaycan bu gün korrupsiya burulğanında öz siyasi, iqtisadi, mənəvi və əxlaqi simasını itirməkdədir. Məhz idarəçilik sisteminə çevrilmiş korrupsiya şəbəkəsi ötən ilin 7 noyabrında xalqı qanunverici hakimiyyəti formalaşdırmaq imkanından məhrum etdi. Parlamentdə bu vəziyyətə etiraz edən 5-6 nəfər söz deyən vardı, onlar da kənarda saxlanıldı. Mən indi Misir və Tunis haqqında gedən ictimai müzakirələri izləyirəm. Bəzən deyirlər ki, bu ölkələrin başçıları demokratik islahatlar keçirsəydilər hakimiyyətdən bu cür biabırçı şəkildə getməzdilər. Məsələ burasındadır ki, real demokratik islahatlar olan yerdə Hüsnü Mübarək 30 il hakimiyyətdə otura bilməzdi. Məhz həmin islahatların qarşısını almaq yolu ilə o, belə uzun müddət hakimiyyətdə otura bildi. Ölkədən qaçmış və qaçmağa hazırlaşan ərəb liderlərinin təcrübəsi onu da göstərdi ki, kiçik istisnalarla müsəlman ölkələrinin əksəriyyətində hakimiyyəti ələ keçirmiş dairələr onu seçki yolu ilə, abırlı şəkildə öz rəqiblərinə ötürüb yenidən seçki yolu ilə hakimiyyətə gəlmək kimi mənəvi kamillik meyarına malik deyilər. Çünki bu liderlərin çoxu hakimiyyətdə olarkən o qədər qeyri-qanuni hallara, korrupsiya əməllərinə, rüşvətxorluğa, öz rəqibləri ilə despotik mübarizə üsullarına yol verirlər ki, hakimiyyətdən gedəndən sonra onları nələrin gözlədiyini göz önünə gətirdikdə, hakimiyyətdən möhkəm yapışmaq instinkti baş qaldırır.

- Sizcə, ərəb dünyasındakı hadisələrdə Wikileaks-in rolu nə dərəcədədir?
- İlk baxışda sanki bu rol görsənmir. Lakin mən deyərdim ki, Ərəb dünyasında baş vermiş və hələ genişlənəcək hadisələrdə Wikileaks-in rolu müstəsna dərəcədə böyükdür. Əslində Tunis və Misirdə baş verənlər Wikileaks inqilabının başlanğıc mərhələsidir. Devrilən və devriləcək ərəb rejimləri Amerikaya bağlı rejimlər idi. Götürün elə Misiri, axı Hüsnü Mübarək Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi idi. Wikileaks-in məlumatları göstərdi ki, Amerika bu rejimlərin arxasında deyil. Amerika diplomatları bu diktatorları ələ salır, onları lağa qoyur, onların orta əsr qaydalarına bənzər despotik əməllərinə gülür. Bütün bunlar xalqa çatınca, bir tərəfdən xalq ona başçılıq edənlərin hansı əməllərlə məşğul olduğundan “diplomatik səviyyədə” xəbər tutub hiddətləndi, digər tərəfdən rejimin gücsüzlüyünü anlayıb son mübarizəyə qərar verdi.Heç bir ictimai rəylə, reallıqla hesablaşmaq istəməyən Azərbaycan hakimiyyəti isə Hüsnü Mübarəki daimi hesab edib ona Bakıda heykəl qoymuşdu. Təsəvvür edin ki, Azərbaycan milli ideyasının və milli dövlətçiliyinin banisi, canını, malını, bütün varlığını bu millətin azadlığına sərf etmiş Məmməd Əmin Rəsulzadəyə heykəl qoymaq üçün Bakıda yer və vəsait tapılmır, Hüsnü Mübarək kimi bir diktatorun heykəli Azərbaycanın paytaxtında ucaldılır. Buna nə ehtiyac var idi və bu rüsvayçılığa nə ad vermək olar? Əgər hansısa bir misirlinin Bakıda heykəlini qoymaq lazım idisə, Misir dünya mədəniyyətinin beşiyidir və dünyaya böyük dühalar bəxş edib.

- Yanvarın 27-də Ramiz Mehdiyevin sədrliyi ilə çoxdan bəri toplanmayan korrupsiyaya qarşı mübarizə komissiyasının iclası keçirilib. Sizcə, bu dünyada baş verənlərlə bağlıdır, yoxsa növbəti bir tədbir idi?
- Azərbaycanda korrupsiyanın səviyyəsi elə sadə deyildir ki, iki ildə bir dəfə toplanan fəaliyyətsiz bir komissiya onunla bağlı nə isə edə bilsin. Bu tipli tədbirlərin korrupsiyanın qarşısının alınması baxımından heç bir əhəmiyyəti yoxdur. Əgər beynəlxalq təşkilatların qiymətləndirmələrinə diqqət yetirsəniz, aydın şəkildə görərsiniz, bu komissiya yarandıqdan sonra Azərbaycanda korrupsiyanın səviyyəsi nə qədər yüksəlib.

İlk növbədə, bu komissiyanın üzvləri kimlərdir? Hanı ictimaiyyətin, mən hələ müxalifət demirəm, müstəqil mətbuatın nümayəndələri həmin komissiyada. Kiçik istisnalarla korrupsioner şəbəkə elə cənab Ramiz Mehdiyevin müşavirəsində oturanlar idi. Azərbaycanda korrupsiya və korrupsioner axtarışına çıxmağa lüzum yoxdur, hər şey göz qabağındadır. Mən hələ, 2009-cu ildə, 2010-cu ildə məclisdəki çıxışlarımda haray saldım ki, Vergilər Nazirliyi ilin sonunda iş adamlarının qanuni vergilərindən başqa onların illik dövriyyəsinin 10 faizini rüşvət kimi tələb edir. Seçildiyim dairədən 30-a yaxın iş adamı bununla bağlı mənə müraciət etmişdi. Sonra öyrəndim ki, paytaxtdakı, istisnasız olaraq, bütün iş adamları metronun “Nərimanov” stansiyasının yanındakı Bakı şəhər Vergi Departamentinə çağırılır və vergi məmurları bu tələbi iş adamlarının qarşısına qoyur. Kimsə bazarlıq edib bunu ümumi dövriyyənin 6 faizinə sala bildi, bəziləri isə müəssisəsini bağlamaq məcburiyyəti qarşısında qaldı. Həmin məmuru ora göndərən də bəllidir, məmurun adı da, oturduğu otağın nömrəsi də, söhbətə dəvət etdiyi iş adamlarının dairəsi də.

Əgər yadınızdadırsa, il yarım əvvəl vergi orqanları “Turan” informasiya agentliyindən informasiya yox, jmıx satmaq üstündə akt tərtib etmişdi. Həmin vaxt Bakıda fəaliyyət göstərən bir xarici müəssisənin mühasibi mənə izah etdi ki, bizdən 100 min manat istəyirlər. Biz bunu verə bilərik, lakin bizə izah etsinlər ki, öz sənədləşməmizdə bunu necə göstərək, hara yazaq? İndi durub korrupsioner axtarırlar. Azərbaycana daxil olan orta səviyyəli hər mebel dəstinin üzərində 500-600 manat korrupsiya pulu var. Şəhərin mərkəz hissəsi istisna olmaqla, Bakı şəhərində tikilən binaların hər kvadrat metrində 250-300 manat korrupsiya pulu var. 4-5 ildir tikilib başa çatmış yaşayış binaları müxtəlif bəhanələrlə dövlət qeydiyyatına alınmır və bu səbəbdən də 10 minlərlə Bakı sakini qışın soyuğunu qazsız keçirməli olur. Hətta, bəzi qurumlar yaranışından əvvəlki dövrün rüşvətini də şirkətlərdən, şirkətlər isə vətəndaşlardan tələb edirlər. Qanunun geriyə tətbiqi olmadığı halda, rüşvət keçmişə belə şamil olunur. Budur Azərbaycan reallığının acı mənzərəsi. Ölkə korrupsioner şəbəkənin əlində cəmlənmiş idxal üzərində oturub, geydiyimizin hamısı, yediyimiz və içdiyimizin böyük əksəriyyəti xaricdən gəlir. Azərbaycana daxil olan malların gömrükdə sənədləşdirilən qiyməti ilə bazara çıxarılan qiyməti arasında 10 dəfədən artıq fərq var. Məhz bu fərqə görə daxili istehsala imkan vermirlər. Məhz bu fərqin hesabına vətəndaşın yalnız cibindəki qəpik-quruşu deyil, qursağındakı yağı da çəkirlər. Bütün bunları görmək üçün korrupsiyaya qarşı mübarizə komissiyasının sədri olmağa heç bir ehtiyac yoxdur. Belə hallar Azərbaycan vətəndaşının yaşadığı gündəlik həyat hadisəsidir.

- Bütün bunlar qanunun işləməməsi ilə bağlıdır, yoxsa daha müəmmalı səbəbləri vardır?
- Qanun və hüquq anlayışlarına münasibət Azərbaycanda çox fərqlidir. Məmur göstərişinin qanundan üstün olduğu yerdə heç bir hüquqi dövlətdən söhbət gedə bilməz. Ona görə də Azərbaycanda tez-tez təkrar edilən “biz hüquqi dövlət qururuq” ifadəsinin nə hüquqa, nə də dövlətə heç bir aidiyyəti yoxdur. Hüquqi dövlət olan yerdə rəsmi şəkildə polis axtarışında olan bir qadını üzünə durğuzmaqla “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi həbsə atmaq olmazdı. Son bir neçə ildə bizim “hüquqi dövlətimizdə” Eynulla Fətullayevin başına nələr gətirildiyi də gözümüzün qabağındadır. Bilirsiniz, Stalinin ölümündən sonra Sovet Ittifaqı kimi antihumanist bir dövlət 1937-1938-ci illərdə etdiklərindən xəcalət çəkib, sonrakı tarixində kiminsə evinə silah, kiminsə cibinə narkotik maddə atmaq metodlarını ləyaqətinə sığışdırmadı. Cənubi Azərbaycandan olan məşhur antisovet şair Məhəmməd Biriyanı tutmaq lazım gələndə, onun yazdığı antisovet şeirlərini çoxaldıb “Torqovı”nın adam sıx olan yerində cibinə qoydular və sonra da şahidlərin iştirakı ilə həmin şeirləri onun cibindən çıxarıb sənədləşdirdilər.

Götürək, elə son günlərdə islamçılarla bağlı baş verənləri. Mən Azərbaycanda dünyəvi dəyərlərin tərəfdarlarındanam. Lakin mömin insanların dini etiqadlarına, imanlarına, şəxsi həyatlarına hörmətlə yanaşmağı da zəruri hesab edirəm. Əgər islamçıların bir vətəndaş olaraq Azərbaycan qanunları qarşısında günahı varsa, olan günahına görə onları cəzalandırmaq lazımdır. Lakin evlərinə silah-sursat atmaqla onlara “günah” düzəltmək, “suç” düzüb-qoşmaq cəmiyyətdə ziddiyyətləri daha da dərinləşdirir. Azərbaycan cəmiyyətində bu işlər o qədər adi hal alıb ki, hakimiyyət orqanları Allahın səbrindən və xalqın qəzəbindən çəkinmədən XXI əsrin ikinci onilliyinin ilk günlərində dini etiqadını özü üçün təhlükə hesab etdiyindən bir qrup mömin vətəndaşın evinə “silah” atmaq yolu ilə onları həbsə ala bilir. Burada hansı hüquqi dövlətdən söhbət gedə bilər?

Hakimiyyətdə müəyyən adamlar sadəcə olaraq etdikləri hərəkətlərin doğura biləcəyi mənəvi və sosial nəticələrini görmək istəmirlər. Mən hakimiyyət orqanlarını vəziyyəti düzgün qiymətləndirməyə, vətəndaşların haqlarına hörmətlə yanaşmağa və 37-ci ilin saxta üsulları ilə vətəndaşları həbsə almaqdan çəkinməyə çağırıram. Azərbaycanda hamı bilir ki, bu silah-sursat mömin adamların evindən necə çıxarılır. Islamçılarla bağlı baş verənlər bir daha göstərdi ki, Azərbaycan vətəndaşları qanunun aliliyindən, onun himayəsindən daha çox, məmur insafının amanındadır. Hakimiyyət dairələri bütün resurslarını daxili “düşmənlərə” qarşı mübarizəyə səfərbər etdiyindən 20 ildir ki, Azərbaycan torpaqları düşmən tapdağı altındadır.

- Sizcə, bütün bunlar ictimai rəyin olmaması və ya hakimiyyətin ictimai rəyə məhəl qoymamasının nəticəsidir?
- Azərbaycanda ictimai rəyin olmadığını demək düzgün deyil. Hər gün qəzetlərdə kriminal mənşəli bu qədər materiallar gedir, Azərbaycan vətəndaşlarının acınacaqlı həyatını göstərən süjetlər verilir. Bu yaxınlarda polis idarəsində Elvin adlı bir gənci döyüb öldürüblər. Polis yetkilisi sübut etməyə çalışır ki, Elvin guya “vosmoyski” ləqəbli avtoritet olub. Lap deyək, belə olub, bunun üçün qanun var və qanuni cəza üsulları var. Bəyəm, kimsə özünü “avoritet” elan edirsə, polis orqanları onu döyüb öldürməlidir? Iki həftədir qəzetlər bu bədbəxt gəncin öldürülməsi ilə bağlı ilginc faktlar ortaya qoyur, bir nəfər hakimiyyət rəsmisi ortaya çıxıb demir ki, niyə bu hadisə baş verib. Deməli, Azərbaycanda ictimai rəy məsələnin bir tərəfidirsə, onunla hesablaşmamaq məsələnin digər tərəfidir.

Avropa Insan Haqları Məhkəməsi növbəti seçkiyə az qalmış üçüncü çağırış deputatlardan birinin mandatını ləğv edir, onun seçkisində baş vermiş qanunsuzluqlara görə dövləti cərimələyir, hakimiyyət orqanları həmin adamı yenə gətirib məhz həmin dairədən deputat seçdirirlər. Bax, bu, nəinki daxili, eyni zamanda beynəlxalq ictimai rəyə meydan oxumaqdır. Əlbəttə, kiçik istisnalarla Milli Məclisə az sayda ləyaqətli adamların seçildiyini inkar etmək olmaz. Lakin Latın əlifbası ilə bioqrafiyasını belə yaza bilməyən, savadsızlığı ucbatından seçki sənədlərini başqasına yazdıran bir dəstə adama dostluq, qohumluq, yerliçilik, şəxsi sədaqət və digər prinsiplərə görə deputat mandatı vermək, onları müxtəlif vəzifələrə göndərmək Azərbaycan dövlətinə, millətinə və xalqına qarşı xəyanətə bərabər bir addımdır. Parlamentin bu vəziyyətə düşməsi, Azərbaycanın beynəlxalq qınaq obyektinə çevrilməsi, xalqın seçki hüququnun mənimsənilməsinin məsuliyyəti bilavasitə bu prosesə rəhbərlik edən cənab Ramiz Mehdiyevin üzərindədir.

- Sizcə, bu acınacaqlı mənzərə nə ilə bağlıdır?
- Bunun birinci səbəbi yuxarıda izahını verdiyimiz korrupsiya ilə bağlıdır, ikinci səbəb isə bilavasitə korrupsiyanın nəticəsi kimi, kadrların seçilməsində təbii inkişaf prosesinin pozulmasından irəli gəlir. Azərbaycanda yaltaq olmayan, məddah olmayan adamlar indi cəmiyyətdə “ala qarğa” vəziyyətinə düşüb. Yaltaqlaşmış cəmiyyət belə adamlara xor baxır və onu yaltaq olmadığına görə məzəmmət edir. Mən sovet dövrünə həsəd aparan adam deyiləm. Lakin bu gün, Bakı şəhəri də daxil olmaqla, rayonlara başçılıq edən adamların çoxunu, həmin dövrdə indi oturduqları binalara heç gözətçi də qoymazdılar. Heç bir intellektual səviyyəsi olmayan, rüşvət yığmaqdan başqa əlindən bir şey gəlməyən adamların müxtəlif mülahizələrə görə yüksək vəzifələrə irəli çəkilməsi respublikada acınacaqlı vəziyyət yaratmışdır. İstedadı yalnız təzə rüşvət yerləri müəyyənləşdirməyə yönəlmiş hər təzə gələn icra başçısının birinci işi rayon ərazisində əhalinin zor bəla ilə, cüzi yaşayış mənbəyi kimi əldə etdiyi kiçik dolanışıq yerlərini sahiblərinin əlindən alıb, təzədən onların özlərinə satmaq olur. Hər 10-15 icra başçısını hakimiyyətdə yüksək görəv sahibi olan öz patronu idarə edir. Getdikcə bizim dövlətimiz icarə şərtləri əsasında idarə olunan şirkət xarakteri daşımağa başlayır. Nə vaxta qədər bu biabırçılıqlar davam edəcək? Bir sıra rayonlarda hakimiyyət orqanları rayon və onun əhalisi ilə işğal olunmuş ərazi və əhali kimi rəftar edirlər. Ümumiyyətlə, Azərbaycanda həmişə hakimiyyətdə tək-tük zəif adamlar olub, amma heç vaxt bu qədər zəif, intellektsiz və dövlətçilik düşüncəsindən uzaq olan böyük bir yığın, hamısı eyni vaxtda hakimiyyətdə təmsil olunmayıb. Və elə bunun nəticəsidir ki, Azərbaycanda geniş ziyalı dairələri müxtəlif formalarda gözdən salınır. Götürək elə son illərdə Rüstəm Ibrahimbəyovla bağlı baş verənləri. Azərbaycanda Kino evi yoxdur. Kiçik istisnalarla kinoteatrların hamısını vəzifəli şəxslər mənimsəyib. Bu böyük ziyalı öz şəxsi vəsaiti hesabına Bakının kənarında Kino evi, Kino Məktəbi tikmək istəyir. Rəsmi icazəsi əlində, işin də bir hissəsi görülüb. Hakimiyyətin ünvanına bir-iki tənqidi fikir səsləndirən kimi, Neft Şirkəti gəldi ki, xeyr, biz bu dağın başında quyu qazıb neft çıxaracağıq. Azərbaycanda neft sənayesi fəaliyyətə başlayandan bəri ən yaraşıqlı buruq Rüstəm İbrahimbəyovun kino evi tikmək istədiyi sahədə qurulan buruqdur. Lap kinoya çəkiləsi buruqdur. Iki il əvvəl Rüstəmə qarşı kampaniya başlayanda doğrudan da Azərbaycan ziyalıları onu müdafiə etməklə iradə nümayiş etdirdilər. Üzərindən iki il keçsə də, indi kimisə prezident təqaüdünə, ordenə, medala təqdim edəndə cənab Ramiz Mehdiyev ilk növbədə maraqlanır ki, bu ziyalı Rüstəmi müdafiə edənlərin içərisində olub, ya yox.

Ümumiyyətlə, Azərbaycanın dünənində və bu günündə olan işıqlı ziyalıların vurulmasının ideya təşəbbüsçüsü və əsas icraçısı bilavasitə cənab Ramiz Mehdiyevdir.

Комментариев нет:

Отправить комментарий