20.02.2011

Bilal Alarlı, şeirlər

                                 HAVALI



Gərək görüşməyəydik,

Həsrətdən kam alaydıq.

Belə ki, ayrılmışdıq-

Ömürlük ayrılaydıq.



Yandı gözlərimizdə

Sönməyən günlərimiz.

Yuxumuza qayıdır

Dönməyən günlərimiz.



Sən bir az astagəlsən,

Mən də bir az havalı.

Bu payız ömrümüzə

Gəlmişik yaz havalı.



Saçımız dən gətirib-

Hansı budaqda dəydik?

Gərək ayrılmayaydıq…

Gərək görüşməyəydik…

                           

                         ŞEİRİMİZİN MƏRSİYYƏSİ



Söz üstünə çökən bulud

Hər buluddan ağır gələr.

İşıqlı söz tapammazsan

Çəkilməzsə bu kölgələr.



Daşa oxunur nəğmələr,

Çiçəklərin günahı nə?

Qayaların göz yaşıdır

Bulaqlar qaynayıb axır.



«İçirib eşqin camını»,

Yenə aldadır hamını.

Dünya itirib tamını,

İnsan dadını axtarır.

Комментариев нет:

Отправить комментарий