21.02.2011

Borcunu ödədimmi, Ustad!?

(Qasid Nağıoğluna ithaf)

Qasid Nağıoğlu… Azərbaycan jurnalistikasının Nəcəf Nəcəfovu, Məmməd Nazimoğlusu.
Qasid Nağıoğlu… Cəlilabad ədəbi mühitinin Zərdabisi.
Qasid Nağıoğlu… Qələm tutan barmaqlarım, böyük Söz deyən dilim, düşünən beynim, görən gözüm.
Qasid Nağıoğlu… Jurnalistikada ilk və həmişəlik müəllimim.
Qasid Nağıoğlu… Cəmi bir neçə aydan sonra yubiley yaşına hazırladığımız süprizi qəbul etməyə hövsələsi çatmayan, 65-ində bizim alacaqlarımızla yox, 64-də Tanrının geyindirdiyi ağ xalatla – kəfənlə yubileyə yox, məzara tələsən Ustad.
Hə, əziz Ustad, “kəfənin mübarək” desəm, yəqin inciməzsən məndən. Çünki mən zəmanəyə lənət oxuyanda sən “yay-qış əynimdəki əynimdə olduğundan nəvəm Şəhriyar qırxılan saçıma “başın mübarək, baba” deyir” demirdinmi!? Deyirdin. Və hətta onu da deyirdin ki, Faiq Balabəylini, Əvəz Zeynallını bilmirəm, səni mən əyin-başına yox, başına görə “məktəbimə” qəbul etmişəm.

Sənə “Sən” deyəcəyəm bundan sonra. Çünki Sən rəsmiyyəti sevən deyildin. Bəzən sənə “Siz” deyəndə oturduğunuz stolun sağına-soluna baxıb bu gündə yadımdan çıxmayan jestlə “burada məndən və səndən başqa kimsə yox… Və mən cəm deyiləm, təkəm” deyərdin.

Mənim anlamımda doğrudan da sən təkdin. Ki, tək canınla bizləri – Salam Sarvanı, Əlizadə Nurini, Meyxoş Abdullahı, Əlirza Həsrəti…, Hüsaməddin Əhmədovu rəhbəri olduğun “Cəlilabad Töhfələri”nin ətrafında cəmləşdirib Bakı boyda ədəbi mühit yaratdın.

Bəzi “məhsulların” əli “çörəyə” çatandan sonra səni bəyənməyib “mən anadan şair kimi doğulmuşam” desələr də, mən Sənin haqqını unuda bilmərəm. Və demişəm, deyirəm, deyəcəyəm: “Məni jurnalist kimi “əkən”də, “doğan”da Sənsən, 1977-ci ildən ölümünə qədər öyrəndiyim, bilmədiyimi utanıb-çəkinmədən soruşduğum Ustadım Qasid Nağıoğlu!”
Hamımızın, elə mənim də uğurlarıma sevinərdin Sən. İlk dəfə respublika mətbuatında çıxış edərkən əllərimi sıxmış, sənin əməyin sayəsində bu gün Cənub Bürosunun rəhbəri olduğum “Xural”ın “Bizim Əyalət” layihələrini gerçəkləşdirəndə alnımdan öpüb zarafatla “südüm sənə halal olsun” demişdin.

Həmişə borcundan çıxmağa çalışar, qəzetlərdə, məclislərdə “jurnalistikada ilk müəllimim” yazar, deyərdim sənə. Sənsə mənimlə razılaşmaz, “mənə heç biriniz, elə sən də borclu deyilsən” deyərdin…

Amma bir ay bundan öncə sənə zəng edib hal-əhval tutanda, “Tanrının borcunu verdiyim gün, Sən də mənə olan borcunu ödə – Elçin Səlcuqa və Şahin Ağabəyliyə yazdığın yazıdan mənə də yaz” dedin!

Yazdım!

Borcunu ödədimmi, Ustad!?
                                                                                                Sakit Orduxanlı
                                                                                              “Xural”ın Cənub Bürosunun rəhbəri


Qasid Nağıoğlunu unutmayacağıq!

Biz onu xoş xatirələrlə xatırlayırıq. «Bizim Əyalət» layihəsində iddialı və cəsarətli çıxışı hələ də ölkə ədəbiyyatının və Yazıçılar Birliyinin qulağında səslənir: «Yazıçılar Birliyinə bomba qoyub partlatmaq lazımdır!» Dəfələrlə Cəlilabada – bu istedadlı insanlar yurduna gedəndə onu hər zamankı kimi öz sözünün ağası, dikduruşlu gördik. Biz onu tanıdığımız bu illər ərzində sözübütöv, özübütöv insan bildik. Dünyasını dəyişməsi xəbərini eşidəndə kədərləndik. Elə bil əziz dostumuzu itirmişdik. Qasid Nağıoğlu həm də bizim əziz dostumuz idi təbii ki…

Qasid Nağıoğlunun vəfatından kədərlənirik. Ailəsinə, Cəlilabad ədəbi mühitinə və Azərbaycan xalqına dəyərli bir övladını vaxtsız itirdiyi üçün başsağlığı veririk.

Allah rəhmət eləsin!
Tanrı o dünyasını versin!

                                                                                             Əvəz Zeynallı və «Xural»ın kollektivi

Комментариев нет:

Отправить комментарий