18.06.2011

Azərbaycanlı alim Harvard Universitetində məruzə oxudu

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rahid S. Ulusel (Xəlilov) ABŞ-ın məşhur Harvard Universitetində keçirilən İkinci Beynəlxalq Konfransda ölkəmizi təmsil edib.
Sosial və humanitar elmlər, mədəniyyət, təhsil, biznes və iqtisadiyyat, elm və texnologiya problemlərinə həsr olunmuş bu konfransda həmin sahələr üzrə ən yeni araşdırmalar təqdim edilib, müasir dünya elminin inkişaf istiqamətləri, buradakı diferensiasiya və inteqrasiyanın özünəməxsus xüsusiyyətləri, dünya intellektual potensialının böyük mədəniyyət sərvəti kimi səviyyəsinin yüksəldilməsi və perspektivləri müzakirəyə çıxarılıb.
Professor Rahid S. Uluselin “Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi” mövzusundakı çıxışı müasir beynəlxalq həyatın siyasi-mədəni özünütəşkilinin ortaq-universal dəyəryaratma prosesi ilə dərinləşməsi, bəşəriyyətin vahid sivilizasiya məkanını formalaşdırması və dünya tarixinin bu yeni fazasında insan şüurunun planetləşməsi probleminə həsr olunub.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas konsepsiyasından çıxış edən natiq ölkəmizdə sivilizasiyalararası dialoqun beynəlxalq səviyyədə təşviq edildiyini diqqətə çatdırıb. Bir sıra yeni elmi fikirlərin ilk dəfə irəli sürüldüyü və Azərbaycanın, eləcə də türk və islam sivilizasiyasının çoxsivilizasiyalı dünya inkişafı prosesində oynadığı mühüm rolun dəyərləndirilərək önə çıxarıldığı bu məruzənin Harvard konfransında dinlənilməsi, beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda,  Azərbaycan aliminin bu mövzu kontekstində dövlətimizin humanitar siyasətinə uyğun olaraq, qlobal mədəni əməkdaşlıq, mədəniyyətlər və dinlərarası münasibətlərin dərinləşdirilməsi problemlərinə toxunmaqla onları aktuallaşdırması  həmin sahədə görülən işlərin layiqli davamıdır. 
Qeyd edək ki, Rahid S. Uluselin 17 kitabı,  200-ə qədər məqaləsi Azərbaycanda və xaricdə çap olunub. Alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun Dissertasiya Şurasının üzvü, Beynəlxalq Biokosmologiya Assosiasiyasının  Asiya üzrə vitse-prezidenti,  “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvüdür. O, Harvard konfransından öncə, XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul, 2008), III Qlobal Sivilizasiya Konqresi (İsrail, Yerusəlim, 2009), VIII Dünya Konqresində (İsveç, Stokholm, 2010) və bir sıra digər nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib.
kultaz.com

Комментариев нет:

Отправить комментарий