Vüqar Haqverdiyev, hekayə
Nicat evin tək uşağı olduğu üçün ata-anasının himayəsi altında sonsuz nəvazişlə böyümüşdü. Nə istəmişdi almışdılar, nə demişdi eləmişdilər. O, tənqiddən, danlaqdan həmişə uzaq olmuş, “olmaz” sözünün nə olduğunu bilməmişdi. Onun bütün problemlərini atası həll edirdi. O cümlədən Nicatın əsgərlik və institut məsələsi də həll edilmişdi. Artıq “ağ bilet” gəncin cibində idi. Ali təhsilini isə tezliklə başa vuracaqdı.
İnstitutu bitirdikdən sonra, Nicat yaxşı iş tapa bilmədiyindən uzun müddət bekar gəzdi. Tanış-bilişləri ona məsləhət görürdülər ki, hələlik münasib iş tapana kimi müvəqqəti bir əməklə məşğul olsun, heç olmasa alverdən-zaddan etsin ki, avara qalmasın. Ancaq gənc belə işləri özünə yaraşdırmırdı, yekəxana-yekəxana deyirdi ki, yox, indi mən durub kiminsə yanında satıcı işləyəcəyəm, kiminsə sözün götürəcəyəm?!...
Bir müddətdən sonra Nicat iş axtarmağı tərgitdi. Fikirləşdi ki, evdəkilərin canı sağ olsun, niyə özümü yoruram, kim nə vaxt yaxşı iş təklif etsə, onda gedib işləyərəm. Lakin deyir, sən saydığını say, gör fələk nə sayır. Bir gün atası elə evdə ikən qəfil infarktdan dünyasını dəyişdi. Bu ağır hadisə Nicatın ruhi aləminə dağıdıcı zərbə vurdu, onu bərk sarsıtdı...
Atasını itirdikdən sonra oğul öz həyatını qura bilmirdi. Artıq evi dolandırmaq onun öhdəsinə düşürdü, anasının məvacibi elə də çox deyildi. Lakin Nicat lovğalığın daşını atıb bir işin qulpundan yapışmırdı, avaralanmağında davam edirdi, hələ üstəlik axır vaxtlar içkiyə qurşanmışdı. Hər gün evə gecə yarısı sərxoş vəziyyətdə gəlir, evdən çıxanda da anasından pul tələb edirdi.
Çox keçmədi ki, övlad evdə olub-qalan pulların hamısının başına daş saldı. Hələ bu azmış kimi axırıncı dəfə içkili olanda yaxşı tanımadığı adamlarla qumar oynayıb bir nəfərə iki min manat uduzdu. Üç günə pulu çatdırmalı idi. Vaxt bitsə də qumar borcunu verməyə Nicatın imkanı yox idi. O, özünü xəstəliyə vuraraq bir neçə gün evdən çölə çıxmadı, çəkilib öz otağına nə edəcəyini, haradan pul tapacağını düşündü. Gənc başa düşürdü ki, pulu çox gecikdirsə evlərinə kimi gələcəklər, anası da bu işdən xəbər tutsa, dəli olacaq...
Axırı Nicat evdə oturmaqdan bezib yaxınlıqdakı dənizkənarı Bulvara gedib fikrini dağıtmaq istədi. Axşamtərəfi idi, oğul əynini geyinib, siqaret qutusunu və alışqanı götürüb evdən çıxdı, pilləkəndən düşəndə birinci mərtəbədə, heç arzulamadığı qonşuları – Nazilə və Güllü arvada rast gəldi, dilucu salam verib blokdan çıxdı, blokun ağzında dayanıb dərindən nəfəs aldı, ciyərlərini təmiz hava ilə doldurub boşaltdı, sonra siqaret qutusundan bir siqaret çıxardı, siqareti damağına qoyub əlindəki alışqanla elə onu od vurmaq istəyəndə, birdən eşitdi ki, blokda Nazilə arvad Güllü arvada deyir:
– Boynun yerə soxum belə oğlun, adını da kişi qoyub...qorxusundan əsgərliyə getmədi, ata-anası bir ətək pul verib “neqodnıy” kağızı aldılar, oxutdurdular...indi də institutu qurtarıb işləmək istəmir ki, istəmir. Heç bir işi bəyənmir, özünü qoyub eşşəkliyə... atası rəhmətə gedəndən yazıq anasına göz verib, işıq vermir, evin bütün pullarını restoranda, barda dağıdıb...bütün günü əyyaşlıq edir.
Güllü arvad da Nazilənin sözünü təsdiqləyir:
– Düz deyirsən ay Nazilə, dərisi bir qəpiyə dəyməz, hələ ona-buna irad da tutur, camaatda səhv axtarır...o gün mənim üstümə elə gəlmişdi ki...vay beləsinə qız verənin gününə, ömür boyu evdəkilərin şotuna yaşayıb, evlənəndən sonra da arvadının şotuna kef edəcək.
Söz, sanki Nicatın yeddi qatından keçdi, az qaldı beyninə qan sızsın, onsuzda depressiyada olan gənc daha da sarsıldı, bütün sinirləri yerindən oynadı, bir istədi bloka girib qonşu arvadların cavabın versin, lakin, lənət şeytana deyib, özünü güclə saxladı, bəlkə də sözdə həqiqət olduğunu anladı, hirsindənmi, qəzəbindənmi və ya xəcalətindənmi gəncin sir-sifəti bir andaca pörtüb qıpqırmızı oldu, ağzındakı siqareti yerə tulladı, bir az da burada qalsa əlindən bir xəta çıxacağından ehtiyatlanıb üz tutdu Bulvar tərəfə.
Yol boyu Nicat qəzəbindən dil-dodağın gəmirirdi. O, acıqlı-acıqlı öz-özünə dedi:
– Bu Nazilə arvada bax, qancığın deyəsən öz narkoman oğlundan xəbəri yoxdur. Güllünün oğlu da sutunyorluq edir, oğraşın biridir, bacılarını da, maşallah bütün Bakı tanıyır. Hələ neçə dəfə onlara xəbərdarlıq etmişəm ki, özlərini yığışdırmasalar, məndən inciməsinlər...indi bu ağzıgöyçəklər birləşib məni məhəllədə biabır etmək istəyirlər, gərək o dəqiqə bloka qayıdıb onların dərsin verəydim...eybi yox qalsın gələn dəfəyə...onsuzda mənimki son vaxtlar heç gətirmir...elə bil kimsə məni qarğıyıb.
Sonra oğul gedə-gedə fikirləşdi: – Yaxşı, bəs indi mən nə edim? Hələ qumar borcumu da qaytarmalıyam. Suala cavab tapa bilmədi. Mən nə edim? – sualı başladı addımbaşı Nicatın beyninin içini deşməyə. Birdən gənc dayandı, – Bəlkə özümə qəsd edim, birdəfəlik canım qurtarsın?! – elə o dəqiqə də dediyindən xoflandı, – Bu nə axmaq fikirdir gəldi ağlıma. Bəs anam? O yazıq mənsiz nə edər?...Yox, gərək özümdə güc tapıb hər şeyi yoluna qoyam, sabahdan başqa həyata başlayacam, gedib daş daşımaq olsa da bir iş tapıb işləyəcəyəm.
Oğul özünə söz verə-verə gəlib çıxdı Bulvara. Sahil boyu bir-iki dəfə o tərəf, bu tərəfə getdi, yorulub oturmaq istədi, sağda boş skamya görüb ona sarı getdi. Yaxınlaşıb elə əyləşmək istəyirdi ki, birdən qarşısında qumarda uduzduğu şəxsi gördü. “Lənət şeytana bu haradan çıxdı belə?”, ürəyində dedi.
Həmin şəxs elə bil Nicatı göydə axtarırmış yerdə tapdı, tez hal-əhval tutmadan pulunu istədi. Borclu oğul imkanı olmadığını bildirib möhlət istədi. Ancaq borc sahibi pulunun elə indi verilməsini tələb etdi, sonra da əli ilə Nicata biədəb bir işarə göstərib rişxəndlə dedi:
– Bilirsən də qumar borcunu vaxtında çatdırmayana “bundan” deyirlər?!
Bu işarə elə bil Nicatın içində nə vaxtdan yığılıb qalmış bütün əsəbin, acığın, gərginliyin qəfildən partlayıb üzə çıxmasında qığılcım oldu. O, qeyri-ixtiyari sağ əlinin barmaqlarını düyünləyib var qüvvəsini toplayaraq, içində coşmuş bütün nifrətin, kin-küdurətin dəhşətli gücü ilə onu təhqir edən şəxsin istehza yağan sifətinə necə bir yumruq ilişdirdisə, elə bil parkda bomba partladı. Vurulan şəxs zərbənin gücündən durduğu yerdən top kimi üzülüb başı ilə iki-üç metr arxada dayanmış işıq dirəyinə çırpıldı və yerə sərildi.
– Alçaq, dedim axı, pulum yoxdur, olanda verəcəm, başa düşmədin?! – deyə Nicat vurduğu adamın üstünə yenidən hücum çəkmək istədi. Ancaq gördü ki, o adam yerindən tərpənmir, başından da qan fışqırıb axır, duruxub qaldı, qəfildən nə etdiyini anladı, rəngi qaçdı, bədənini soyuq tər basdı, – Aman Allah, deyəsən öldü, – öz-özünə dedi.
İstədi əyilib yaxından baxsın, lakin parkdakı adamların onlara tərəf yüyürdüyünü görüb üz tutdu dənizə tərəf qaçmağa. Qaça-qaça sahil boyu çəkilmiş dəmir məhəccərin üstündən atılıb sahilin lap ucunda, ən təhlükəli yerdə dayanıb arxaya çöndü. Bir andaca parka vahiməli sükut çökdü. Nicata tərəf qaçan adamlar dayanıb həyəcanla ona baxmağa başladılar. Gənc oğul bu insanların onu törətdiyi cinayətə görə tutmaq, yoxsa ölümün pəncəsindən xilas etmək istədiklərini beynində ayırd etməyə çalışdı, ancaq buna nə vaxt var idi, nədəki ehtiyac, hər iki halda Nicat öz qərarını vermişdi. O, başını qaldırıb səmaya baxdı, ulduzlar ayın ətrafında qəmli-qəmli sayrışırdı, ay da çox kədərli görünürdü, sanki zavallı balanın halına acıyırdı. Nicatın ürəyi riqqətə gəldi, gözləri yaşardı, üzünü təşvişlə ona baxan adamlara tutub hıçqıra-hıçqıra qışqırdı:
– Ay insanlar, məni xilas etməyin, mən onsuzda məhv olmuşam!
Birdən, haradansa Nicatın qulağına anasının səsi gəldi: – Oğul dayan, mənə yazığın gəlsin!
Oğul dəli kimi o tərəf bu tərəfə boylandı, ancaq anasını görmədi, talesiz övladı artıq qara basırdı. O, üzünü naməlum bir istiqamətə tutub var qüvvəsi ilə ucadan qışqırdı:
– Ana, ana...səsimi eşidirsən?...qurban olum məni bağışla...mən nankor övlad oldum, sənin ümidlərini doğrultmadım, mən yaşamağa layiq deyiləm, dalımca ağlama, – bunları deyib Nicat özünü dənizə atdı...
Комментариев нет:
Отправить комментарий