03.06.2011

Çoxarvadlılıq "xortdan"ı


Çoxarvadlılıq "xortdan"ı
Avropalı və amerikalılar üçün az qala "insan haqları üçün xortdan" obrazına dönən, səslənəndə hüquq müdafiəçiləri və siyasətçilərdə qıcıq, adi qərblilərdə isə antipatiya yaradan "çoxarvadlılıq" kəlməsinə Şərqdə yaxşı bələddilər. Amma ərəb və ya fars xanımlar bu kəlməni eşidəndə gülümsəyirlər.

Söz yox, nəzəri baxımdan və Şəriətə görə müsəlman kişi arvadlarının sayını 4-ə çatdıra bilər, kimsə də ona bir söz deyə bilməz. Amma indiki dövrdə müsəlman ölkələrdə dörd bir tərəfə dursun - iki arvadı olan kişilərin sayı çox azdır, hətta mikroskopikdir. Fars Körfəzi ölkələrindən tutmuş, Malayziya və İndoneziyaya; İrandan tutmuş, Nigeriyaya qədər istisnasız olaraq bütün müsəlman ölkələrində kişilərin 99,9 faizinin vur-bir arvadı var. Çünki bir arvaddan artıq zövcə saxlamaq üçün ya ərəb şeyxi olmalısan, yada ucqar kənddə yaşayan bir çoban.
 

Səbəblər də çox sadə, hətta primitivdir. Məsələn, İran, İraq və ya Əfqanıstanda evlənmək istəyən kişinin, daha doğrusu, gəncin xərcləri toydan çox əvvəl başlanır. Müsəlmanın toyu asan məsələ olmadığından, gələcək ər bu mərasimə ciddi hazırlaşmalıdır. İraq, Əfqanıstan, İran, Yəmən, Səudiyyə Ərəbistanı, Liviya, Mərakeş, İordaniya və ya Əlcazairdə ailə quracaq qızın cehiz qismində xalça toxuması yetər. Yerdə qalan hər şey bəyin, yəni gələcək ərin boynundadır. O, ev almalı, ailənin xərclərini çəkməyə özünü hazır bilməli, evlənəndən sonra da arvadını saxlamalıdır.
 

Vəziyyəti bir qədər də konkret təsvir edək. İranda qadınlara ali təhsil almağa icazə veriləndən bəri onlar nikah müqavilələrinin tərtib olunmasında qərbli, yəni avropalı və amerikalı xanımları çox geridə qoyublar. İranlı qadınlar nə etdikləri bilirlər: çünki boşanma baş verəndə, nikah dağılanda ərlə birgə yaşayış dövründə alınan hər şey yarı bölünməklə yanaşı, əksər hallarda ərə çatan yalnız pencəyi, bir də barmağındakı üzük olur, vəssəlam.
 

Yəmən, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, İran, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mərakeş və Əlcəzairdə boşanma kişi üçün "bir həsir, bir də Məmmədnəsir qalmaq" anlamına gəlir. Ona görə də İslam ölkələrinin tam əksəriyyətində boşanma perspektivi arvadlarla müqayisədə, ərləri daha çox hürküdür.
 

Məsələn, Küveytiin tarixində hələ elə bir məhkəmə prosesi olmayıb ki, boşanan ailənin uşaqları ataya verilsin. İranda boşanma proseslərinin 87 faizi övladlarla yanaşı, mal-mülkün də anada qalması ilə başa çatır.
 

Birləşmiş Ərəb Əmirliklərində zəngin kişi üçün boşanma müflis olmaq həddinə çatmaq, Türkiyədə - varidatın əksər hissəsinin arvada qalması, Əfqanıstanda isə varidatla yanaşı, övladların və sabiq arvadın bütün xərcləri keçmiş ərin boynunda olur.
 

Pul məsələsi boşanma proseslərinin məhək daşıdır. İran və İraqda ailə həyatı quran gənclərin imzaladıqları nikah müqaviiləsində qadın onun tələbi ilə ərin vermək məcburiyyətində olduğu məbləği də göstərə bilər, pulun konkret məbləğini yazmaq əvəzinə "qeyri-şərti vahid" ifadəsini də vurğulaya bilər. Məsələn, "ər arvada hər il 4 boyunbağı almalıdır" kimi.
 

İranın mövcud qanunvericiliyinə görə, uşaqlar ataya yalnız ananın xəyanəti danılmaz faktlarla sübut olunduğu təqdirdə verilir. Amma yenə də qanun ananı unutmur: övlad 15 yaşına çatandan sonra istərsə, anasının yanına gedə bilər.
 

Müsəlman ölkələrin tam əksəriyyətində boşanmadan sonra uşaqlar ana ilə qalmaqla yanaşı, sabiq ər keçmiş arvadına uşaqların yaşamlarının təminatı ilə yanaşı, hətta kirayə xərclərini də ödəməlidir. Ona görə də kişilər boşanmanı ən son vasitə hesab edirlər.
 

Yəməndəki Hadramaut vilayətində isə kişilər ümumiyyətlə, evlənməkdən qorxmağa başlayıblar. Səbəb isə "mahra" adlanan süd pulundadır. İndi Yəməndə "mahra"nın məbləği qanunla 100 dinardan çox ola bilməz, amma əksər hallarda orta məbləğ 100 min dinara çatır. Bundan başqa, yəmənli gənc gəlinə 210 qram qızıl verməli, onun qadın qohumlarına 20, kişi qohumlarına isə 30 dəst paltar almalıdır. Bir çox ailələr paltarın qiyməti həcmində pul aldıqlarından, mahra çox böyük məbləğə çatır.
 

Gəlin isə bir müddət təzə bəylə yaşayandan sonra atası evinə qayıda bilər.
Məhkəmədə də onun "onu istəmirəm" deməsi yetərlidir. Belədə, artıq keçmiş ərə "mahra" qaytarılır, amma cəmi 100 dinar - qanunda yazılmış məbləğ.
 

Yerdə qalan məbləğ və üstəlik, bütün hədiyyələr, qızıllar, ev və əmlak qadına qalır.

P.S. Xəbərin hazırlanmasında Tural Sarının məqaləsindən istifadə edilib.

Комментариев нет:

Отправить комментарий