25.06.2011

“Ədəbi Azadlıq-2011”: Yazarlarımız nədən narazıdır?


Azadlıq Radiosunun təşkil etdiyi və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr edilən “Ədəbi Azadlıq-2011” hekayə müsabiqəsi başa çatıb.
İyunun 15-də Bakıdakı Azad Fikir Universitetində müsabiqənin qalibləri açıqlandı.
Gənc yazar Musa Əfəndi “Onları yol apardı” hekayəsi ilə müsabiqənin qalibi oldu.
Ona mükafatı Amerikadakı Beynəlxalq Yayım Şurasının üzvü, Bakıda səfərdə olan səfir Viktor Aşi təqdim edib. 2-ci mükafatlara “Gilənar albalı olurmu?” hekayəsi ilə Azad Qaradərəli və “Zabitəli kişinin arvadı” hekayəsi ilə Rəhim Əliyev layiq görülüblər. 3-cü mükafatlar isə Jalə İsmayıla (“Ülviyyə Heydərova”), Babək Göyüşə (“Yaşıl qurbağanın çəhrayı daşı”), Mətləb Muxtarova (”Araba Sahipinden Satılıktır”) çatıb.
Müsabiqənin nəticələri ilə bağlı müsabiqədə iştirak edən və müsabiqədə iştirak etməyən yazarlarımızın fikirlərini öyrəndik.
Müsabiqənin iştirakçısı yazar Elnaz Eyvazlı: “Ən azından ədəbiyyat adına, ədəbiyyat naminə iş görülüb. İnsanlar zəhmət çəkib və bu zəhməti qiymətləndirmək lazımdır. Nəyə görəsə, qalib kim olur olsun, yenə narazı qalırıq. Zövqlər müxtəlifdir, hər kəsin öz çevrəsi var, məlum məsələdir. Düzdür, müsabiqəyə göndərilən hekayələrin arasında daha güclüləri vardı, amma məncə, qələbə olan yerdə uduzan tərəf olmalıdır mütləq, lakin burada uduzan kimdir? Heç kim! Əsas iştirak etmək və oxunmaqdır. Yaza bilmək özü elə qələbədir. Mənim hekayəm əlliliyə düşüb, dünəndən bəri neçə nəfər zəng edib, fikir bildirib hekayə ilə bağlı. Bu, artıq mənim üçün qələbədir. Qoy hamı razı qalmasın, eybi yox, amma belə müsabiqələr nə qədər çox keçirilsə, o qədər durulacaq ədəbiyyat. Getdikcə hamı yaxşıların yaxşısını seçməyə can atacaq. Bütün iştirakçıları, o cümlədən mükafata layiq görülən həmkarlarımı təbrik edirəm!
“Çölçülər Ədəbiyyat Mərkəzi”nin sədri Şahlar Ruhi: “Bir müsabiqənin nəticəsini mühakimə etmək üçün əvvəlcə o müsabiqədə iştirak edənləri, onların əsərlərini oxumaq lazımdı. “Ədəbi azadlıq-2011” yarışmasının qısa siyahısına bələd olduğuma görə deyə bilərəm ki, qalibləri bu siyahının digər üzvlərinə rəğmən zövqümə daha uyğun əsərlərdir. Qaliblərimizi təbrik edirəm!”
Yazar Əsəd Qaraqaplan: “Mən orda da çıxıb sözümü dedim. Bu qədər zövqsüz ekspert heyəti görməmişdim. Əsas hekayələr kənarda qaldı, harda mənasız mətnlər var idi, onları onluğa salıb qalib elədilər. Yaxşı yazıçı olmaq olar, amma yaxşı seçim eləmək imkanı olmur bəzən. Burada da mən eyni şeyi gördüm. Bunlar insanların inamıyla oynadılar. Çünki Milli Kitab Mükafatını boykot edənlər inanıb ora mətn vermişdilər, bunlarsa heç nəyə baxmadan öz bildiklərini elədilər. Ümumiyyətlə, Azərbaycanda müsabiqə keçirmək çox absurddur. Bu, əksinə ədəbiyyatımızı zədələyir – Aqşinin sözü olmasın. Hərə öz işiylə məşğul olsa, yazıb yaratsa əla olar. Buraxmaq lazımdır bu mənasız, boş-boş işlərin başını. Mən artıq buna qəti əminəm.
Üstəlik bu adamların danışmağa sözü də yoxdur, hər şey bu qədər bərbadkən, nə danışsınlar axı? Harda saxta, yalançı şeylər var həyatımıza dürtmək istəyirlər. Harda yaltaq, homoseksual mətnlər var sırıyırlar bizə. Təkcə bu deyil, elə hamısı belədi. Gərək bu ölkədə Əkrəm Əylisli kimi öncə özünü kənarda təsdiq edəsən, sonra bunlara inandırasan sən ciddi yazarsan. Əslində şəxsən mənim belə bir problemim yoxdur. Onsuz da onlar həmişə belə mənasız olublar. “
Müsabiqə iştirakçısı, yazıçı Rövşən Yerfi: “Ədəbi Azadlıq-2011″ hekayə müsabiqəsi mənim nəzərimdə hazırkı ədəbi müsabiqələrin obyektivliyinə görə ən öndə gedənidir. İstər ötənilki, istər builki müsabiqə şəxsən mənim yaradıcılığıma canlanma, stimul verib. Əminəm ki, mənim kimi onlarla yazar bu xoş hissləri keçirib. Digər ədəbi müsabiqələrin də “Oxu zalı”nın təqdirəlayiq iş təcrübəsindən nümunə götürmələrinə yalnız sevinmək olardı. Müsabiqədən narazılığım yoxdur, təkcə onu arzulayıram ki, ekspertlərin sayı daha bir nəfər də artsın və onlar eyni ədəbi zövqlü olmasınlar. Uğurlar arzulayıram, həmişə sevilən olsun. ”
Şair-tərcüməçi Sevil Gültən: “Hər şeyin bir azərbaycansayağı forması var. Müsabiqələrin də. Məsələ kimlərin münsif seçilməsində, kimlərin qiymət verməsindədir. Yadıma Habil Əliyevin bir sözü düşür. Habil müəllim danışır ki, bir dəfə müsabiqə yaradıblar ki, boş-boş oxuyanlara qiymət versinlər. Gedib gördüm ki, kimləri ki tənqid edəcəyik onlar münsiflər heyətindədir. Milli Kitab Müsabiqəsində ən yaxşı tərcüməyə görə mükafatrı Kamran Nəzirliyə verdilər. Çünki Sevilə versələr, cibinə qoyacaqdı, amma Kamran Nəzirliyə verdilər ki, qaytarıb özlərinə versin. “
Yazar Oktay Hacımusalı: “Azadlıq Radiosunun onluğa düşən əsərləri barəsində deyə bilərəm ki, onluqdan, sözün əsl mənasında, “AzTV” iyi gəlirdi. Onluqda olan hekayələri oxuduqca öz-özümə düşünürdüm ki, İlahi, bunları görəsən kim seçib? Və açığı, təqdimetmə mərasiminə qaça-qaça gəlib çatanda da ürəyimdə öz-özümü yamanlayırdım ki, a kişi, sənin nə işin var burda? Oturaydın evində də! Birinci yerə düzü Azər Qaradərəli, ya da nə bilim Nihalə adlı imzalar layiq görülsəydi, nəsə pis olmayacaqdım. Çünki mənim ədəbi müsabiqələrdə hüsrana uğrama instinktim artıq bitmişdi. Qəribədir, elə deyilmi? Amma yenə də Allah razı olsun ki, Musa Əfəndiyə birinci yeri verdilər. Bir şey soruşacağam qəzetiniz vasitəsi ilə: görəsən, Rəhim Əliyev kimi alim nədən gedib öz işi ilə məşğul olmur? Bu bir, ikincisi hekayəsində müxtəlif vulqar ifadələr işlədən Rəhim Əliyev bu hekayəni ailəsində oxutdura bilirmi?”
Celil CavanşirMüsabiqə iştirakçısı, yazar Dilqəm Əhməd: “Onu deyə bilərəm ki, keçirilən müsabiqəyə ötən il də, indi də hekayə göndərmişdim. Müsabiqənin obyektiv keçirildiyinə inanıram, Musa Əfəndinin hekayəsini oxumuşam, birincliyə layiq hekayələrdəndir. Amma təbii ki, bu şərtidir. Çünki daha yaxşı hekayələr də vardı. Bu təşəbbüsü dəstəkləyirəm, gələcəkdə Azadlıq radiosunun qısa hekayə yox, daha geniş həcmli əsərlərin müsabiqəsini və ya MKM kimi bir müsabiqə keçirməsini arzu edərdim. Bir də təbii ki, daha obyektiv olsun deyə, münsiflərin heyətini tamamlilə dəyişdirilməsi və gəncləşdirilməsi lazımdır”.

                                                                   Müəllif: Cəlil CAVANŞİR

Комментариев нет:

Отправить комментарий