14.06.2011

DÜNYANIN ƏN GÖZƏL UÇUŞU

Nərmin HÜSEYNZADƏ



MÜBARİZ ŞƏHİD DÜŞMƏZDƏN ƏVVƏL


Vətənə xitabən
Danışmalıyıq, Azərbaycan! Sənə sevgim böyükdür. Ona görə də nə anam, nə bacım, nə də canım sözlərini qoşmayacam adının yanına. Kişilər bir-birini söyəndə anadan, bacıdan başlayırlar. Söydürməyəcəm səni. Canımda sənin yükünü daşıya biləcək qədər güc yoxdu. İcazə ver, səni eləcə adınla çağırım. Belə daha möhtəşəm olursan!
Yanlışlıqlarla dolusan, Vətənim. Şəxsiyyətini təsdiqləyən vəsiqənin üstündəki Azərbaycan vətəndaşı sözü ilə fəxr edənlərini tanıyıram. Vətəndaş sözündəki “daş”ın onların insanlığından xəbər verdiyini düşünür yazıqlar. Qanmırlar ki, daş ölüdü, cansızdı, ağırdı, mənasızdı. Cansız isimdən canlı isim düzəldən şəkilçinin “çı” olduğunu təkcə mənmi bilirəm bu məmləkətdə?! Sənin vətəndaşın olmaq istəmirəm, vətənçin olmaq istəyirəm.
Bədbəxtsən, Vətənim! Azərbaycan deyəndə ağzından od-alov tökülən yekəqarın,boynuyoğun kişilər səni qarış-qarış satır, qanını zəhərləyir, ilan kimi sancırlar.
Bilirəm səni niyə incidirlər. Çünki sən gözəl qadına bənzəyirsən. Kişilər sənin uğrunda savaşırlar. Ərlərinin ağlını başından aldığından qadınlar da düşmən kəsiliblər sənə. Çirkin, eybəcər olasan deyə yedikləri qarpızın qabığını da torpağına atırlar. Xəzər gözlərinə atırlar əllərindəki zibili. Sinəni bağla, qurban olum, gözlərini çəksinlər üstündən.
Bezmişəm, Vətənim! Dünyanın sənə, verdiyi əzabları canımda hiss edirəm. Burax gedim. 
MÜBARİZ ŞƏHİD 
DÜŞDÜKDƏN SONRA
Vicdanlı insana vətənpərvər olması üçün bircə nəfər əsl vətənpərvər görməsi lazımdır
Henrix Toro
lll
Gecəyarıdı. Necə çətinmiş sənə yazmaq. Şəhid düşdüyünü eşitdiyim gün, uşaqlığımı xatırladım. 
Yediyim bal yaxmasını yarımçıq qoyub yemişə cummaq istəyəndə nənəm qışqırmışdı üstümə. Balnan yemiş yemək olmaz! 
– Niyə?
Heç bir uzun-uzadı izah vermədən kəsə getmişdi:
– Ölərsən!
Balacaydım, qorxurdum ölməkdən. Yemişin dilimini yerə atıb, əlimi yumağa qaçmışdım. Həmin gün dəfələrlə əlimi yusam da, ürəyim narahat qalmışdı.
Həm də bir az rahatlamışdım. Uşaq olanda hər şeyin çıxış yolunu ölməkdə görürdüm. Məsələn, anam ölsə, mən də özümü öldürərərəm, deyirdim. Ancaq həmişə mənə çətin gəlirdi ölmək. İnsan necə öldürə bilər axı özünü? İnsan bilə-bilə necə ölər? Necə ölümə gedər gözünü qırpmadan.
lll
Anamın ürəyi tutmuşdu. Bir müddət hərəkətsiz qaldı. Nə edəcəyimizi bilmirdik, hamı evin içində ora-bura qaçır, nəsə etməyə çalışırdı. Təlaşdan stolun üstündəki ürək dərmanını heç kim görmürdü. Yerində donmuş anamın gözündən yaş gəlir, bacım çığıra-çığıra ağlayır, atam təcili yardım çağırırdı. 
Mən ağlaya-ağlaya mətbəxə qaçdım. Balı tapıb soyuducudan çıxardım. Ancaq yemişimiz yox idi. Elə bilirdim anam ölüb. Qorxu içində gah bıçağa, gah da pəncərədən aşağı baxdım. 
Evdə səs azalanda yavaş-yavaş içəri gəldim. Anam özünə gəlirdi. – Ağlama balaca, keçdi – dedi mənə. Bacımı qucaqladı.
O vaxtdan bura hər dəfə ya yemişimiz, ya da balımız olmur ölmək istəyəndə. Artıq 18 yaşım var, ancaq hələ də beynimin bir küncündə ən asan ölüm yolu kimi bildiyim yemişlə bal durur. 
Bilmirəm, niyə sən ölən gün bu hadisəni anana danışmaq arzusu vardı içimdə. Sənin ölümün onun üçün çəkilməz dərddi yəqin. İndi ölmək istəyir deyə düşünürdüm.
Çoxusuna kişiliyi, vətənpərvərliyi, mərdliyi, mənə isə ölməyi öyrətdin. Ötənlərdə bir dostum məndən necə ölmək istəyərdin? Deyə soruşmuşdu. 
– Güllədən demişdim. Bu da təsadüfi deyilmiş.
lll
Məzarını ziyarətə getmişdim bu gün. Qəbrinin üstündə böyük yazıçımız Sabir Əhmədlinin (onun da oğlu sənin kimi qanını vətən torpağına qarışdırıb, bu torpağı daha da müqəddəsləşdirmişdi) “Axirət sevdası” romanı düşdü yadıma. Romanda Oğlunu müharibədə itirən Yazıçı yanına gələn türkiyəli jurnalistlərə: “Sovet hökuməti bizi pis öyrətmişdi. Ona görə yaxın adamımızı itirmək bizə çox pis təsir edir. Çünki ölümdən sonrakı həyata inanmırıq” – deyir.
Müstəqillik dövrünün mübarizləri isə bu fani dünyanın boşluğunu yaxşı duyurlar. Onları ölümdən sonrakı həyat düşündürür. Bax, erməni əsgəri ilə bizim fərqimiz də budur – Onlar həyatı sevirlər, biz isə ölməyi. 
“Kitabi-Dədə-Qorqud” dastanında ölümə aparılan Uruz qopuzu bağrına basıb ağaca üz tutur:
Ağac, ağac,
İgidliyim tutar səni.
Mübarizin də Fəridin də igidliyi onlara atılan güllələri də, onlara güllə atanları da tutacaq. Çünki igidlik Allahdandır.
Mübariz də Fərid də bu yalan dünyadan uçdular. Allah ölkəmizi o göyərçin qanadlarına bağışlasın.

Комментариев нет:

Отправить комментарий