19.06.2011

Eşqə həsr edilmiş ömür


Millət vəkili Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” kitabı çapdan çıxıb. Həmin kitabdan bəzi hissələri oxucularımıza təqdim edirik.


O, nəcabətli ailənin övladı olaraq dünyaya gəldi, dövrünün zənginlərindən biri oldu. O, günah və haram dənizinin ortasında islanmadan sahilə çatmağa çalışan bir qadın idi. İsmətini özünə qalxan eləmiş, nəfsini yenmişdi. Cahiliyyət dövründə qadınların hüquqlarının olmadığı bir zamanda o, özünün qabiliyyəti və zəhmətsevərliyi ilə ticarətdə uğur qazanmışdı.
İsməti və ləyaqəti səbəbiylə, ətrafındakı şəxslər ona “Tahirə” (təmiz qadın) deyirdilər.
O, İslam Peyğəmbərinin ilk və özü sağ olduğu müddətdə yeganə zövcəsi olmaq şərəfini daşıdı.
O, İslama könül verən ilk qadın olmaqla müsəlmanların anası kimi şərəfli bir adı əsrlərdir daşıyır!
Allah, ona Hz. Məhəmməd ilə birlikdə ilk namazı qılmağı nəsib etmişdi.
O öz ismətli, şərəfli, səbrli və imanlı həyatıyla, dünyadakı bütün qadınlara qiymətli miras qoyaraq bu dünyanı tərk etdi.
O, dünyadan köçəndən sonra belə dünyanın sonuncu peyğəmbəri onu heç unutmayacaqdı və deyəcəkdi: «Hər kəs məni inkar edərkən, o, mənə inandı; ətrafımdakılar, “yalan danışırsan”, deyəndə, o, “düz danışırsan”, dedi. Hamı var-dövlətini gizlədəndə, o bütün sərvətini mənim qabağıma qoydu. Dünyada tək başıma qaldığım günlərdə, ‘Dərd çəkmə, bir vaxt olacaq ki, çətinliklərin yerinə rahatlıq gələcək’ dedi. Mən buna görə Xədicəni yaddan çıxarmıram.”
Bəli, bu qadın hələ sağlığında cənnətlə müjdələnən, Allahın salam göndərdiyi müqəddəs bir qadın Həzrəti Xədicədir. Əziz zövcəsi ölüm yatağında olanda, Hz. Məhəmməd onun yanına gələrək belə bir müjdə vermişdi: “Ey Xədicə, sevin, çünki Allah səni İmran qızı Məryəm və Fironun zövcəsi Asiyə ilə bərabər tutur.”
“Allah, Xədicədən daha xeyirlisini vermədi; xalq küfr içində olanda və məni inkar edəndə, o təsdiqlədi, iman etdi.”
Hz. Məhəmməd (ə.s.)

Ana sultan! 

Nurdan Damlanın Hz. Xədicə haqqında yazdığı çox maraqlı əsərinin adı belə adlanır. «Aşqa Adanmış bir Ömür!» Doğurdan da Hz. Xədicənin həyatı Allaha və Rəsuluna həsr edilmiş bir eşq, bir sevgidir! Bir çoxlarının Hz. Xədicə ilə bağlı bilikləri onun həmişə həyat yoldaşı, Peyğəmbərimiz Hz. Məhəmmədə böyük dəstək olması və islamı qəbul edən ilk qadın olması ilə bağlıdır. Amma onun həyatını, düşüncələrini daha ətraflı oxuyanda görürsən ki, bu böyük qadın dünən olduğu kimi bu gün də, sabah da qızlar və qadınlarımız üçün çox önəmli bir örnək və məktəbdir. Allahın öz mələyi vasitəsilə salam göndərdiyi və ölümündən sonra belə İslam Peğəmbərinin unuda bilmədiyi bu böyük qadının həyatını oxuyan zaman güclü, qərarlı, cəsarətli, mübariz olması ilə bu gün də qadınlarımız üçün gözəl bir örnəkdir. Onun yaşadığı dövrdə və mühitdə onun qədər cəsarətli, qorxmaz addımlar atan ikinci bir qadını görə bilməzsiniz.Ən çətin, sıxıntılı, çarəsiz dövrdə o vardı! Qurani Kərimdə «Öncüllərin Ən Öncüsü» olaraq tərif edilən zirvə nöqtədə onu görmək mümkündür. Ömrünü Allaha, Peyğəmbərə həsr etmiş müqəddəs bir simadır Hz. Xədicə! O, dövrünün çətin şərtlərini, tabularını imanı və şəxsiyyətilə sındırmış Savadlı, Ağıllı, Mədəni və Qoçaq bir qadın idi. Dövrünün qadınlarından çox fərqli idi. O, dövrdə belə çox müasir idi. Kişilərin hakim olduğu bir toplumda dövrünün ən böyük uğuruna imza atmış, qoxmadan, çəkinmədən irəliləmişdi. O dövrdə onun kimi neçə uğurlu qadın nümunəsini göstərə bilərsiniz? Qadının insan olub-olmadığının müzakirə olunduğu bir dövrdə o dövrünün ən məhşur ticarətçi kişilərini belə öz uğurları ilə arxada və heyran qoyurdu. Oxumağı, yazmağı bacaran, daha peyğəmbər gəlmədən peyğəmbərimizin gələcəyini bir qadın duyğusuyla sezmiş və kəşf etmiş bir qadındır Hz. Xədicə!
Nurdan Damla Hz. Xədicə haqqında kitab yazması ideyasına necə gəldiyi ilə bağlı fikirlərində çox maraqlı bir məsələyə toxunur. O deyir: Danimarkanın Roskilde Universitetinin bir xanım əməkdaşı Dr. Lote Beqqlid Mortensen Türkiyəyə qatıldığı bir simpoziumda belə dedi: «Siz Müsəlmanlar, niyə hər zaman Hz. Ayişəni anladırsınız, sizin peyğəmbərinizin uğurlu iş qadını olan bir xanımı vardı. O, elə-belə bir qadın deyildi. Şərqin qatı tutumuna və mədəniyyətinə baş qaldırmış bir qadındı. O, bu mübarizəsi və müqaviməti ilə önəmli işləri bacarmışdır. Dövrünün önəmli bir iş qadını idi. Özündən on beş yaş kiçik biri ilə evləndi və bu məsələdə başqalarının fikirlərinə əhəmiyyət vermədi. Üstəlik o zaman və o dövrdə həyata keçən bu dirəniş heyrətvericidir. Nədən onu anlatmır və yazmırsınız?»
Doğurdan da bu böyük qadının haqqında əsərlərin, kitabların sayı çox təəssüf ki, azdır. Amma əslində o haqqında onlarla kitabların yazılmasına təkan verən önəmli bir ömür yaşamışdır.
O, Allahın salam göndərdiyi və Peyğəmbərin unuda bilmədiyi qadındır.
O, İnsanlığın örnək aldığı qadındır.
O, adı Cənəttin dörd böyük qadını arasında yer alan bir qadındır.
O, sözün əsil mənasında böyük bir Şəxsiyyətdir.
Həcc ziyarəti zamanı bu müqəddəs qadının-Hz. Xədicənin qəbrini ziyarət etmək mənə də qismət olmuşdu. Məkkədə çox sadə bir qəbirdə uyuyan, amma adı əsirlərdir müsəlmanların dilindən düşməyən, İslam Peyğəmbərinin ilk zövcəsi və ilk müsəlman qadın olan Hz. Xədicə, 556-cı ildə Məkkədə anadan olmuşdu. Nəcabətli və varlı bir ailənin övladı olan Hz. Xədicənin atası Xuveylid, Qüreyşin ünlü şəxslərindən biri və varlı tacir, anası Fatimə isə Məkkənin tanınmış qadınlarından biri idi. Tam adı “Ümmül-Qasım Xədicə bint Hüveylid ibni-Əsəd ibni-Əbdilüzza ibni-Qusay əl-Qüreyşi” olan Hz. Xədicənin bəzi qaynaqlara görə ata və ana tərəfindən soyu, Hz. Məhəmmədin soyu ilə birləşirdi. Cahiliyyət zamanı olmasına baxmayaraq belə dəyərli ailədə böyüyən Həzrəti Xədicə (ə) şərəf, heysiyyət , iffət və paklıq dolu bir həyat yaşadığı üçün cəmiyyət içərisində Tahirə adı ilə məşhurlaşmışdı. Halbuki nəfsani həvəslərini və şeytani arzularını həyata keçirmək üçün hər cür maddi imkana sahib idi. O, Cahiliyyət dövründə gedən müharibələrdən birində itirdiyi atasından qalan var-dövlətlə ticarətə başlamış, doğruluğu və çalışqanlığı sayəsində Məkkənin ən varlı adamlarından biri olmuşdu. Rəvayətə görə, onun 400 xidmətçisi var idi, mal-dövlətini 80 min dəvə daşıya bilərdi. Hz. Xədicənin, dövrünün yalnız qadınlar içində deyil, ümumən ən varlı adamlarından biri olduğu qaynaqlara əsasən şübhə götürmür.
2
Bütün sərvətini gələcəkdə İslam dini uğrunda sərf edərək bu böyük qadın Allah tərəfindən bütün müsəlmanların qəlbində əbədiyyən yaşamaqla ödülləndiriləcəkdi.

Təmiz qadın

Hz. Xədicə, “cahiliyyət dövrü” adlandırılan və əxlaq normalarının son dərəcə qarışıq olduğu bir dövrdə yaşayırdı. İslamiyyətdən öncə də o, ətrafında hökm sürən adət-ənənələrə qiymət verməmiş, bütə tapınmağı rədd eləmiş və vahid Allaha inanmağı təbliğ edən Hənif dininə mənsub olmuşdu. Hz. Xədicə, ərəblərin böyük önəm verdikləri əsil-nəcabət, var-dövlət, gözəllik kimi özəlliklərin hamısına sahib idi. İsməti və ləyaqəti səbəbiylə, ətrafındakı şəxslər ona “Tahirə” (təmiz qadın) və Mübarəkə də deyirdilər. Xədicə (ə) müsəlmanlığı qəbul etməzdən əvvəl də insanın dəyər və üstünlüyünü dünya malı, dünya məqamı, soy-kökü ilə deyil, sahib olduğu gözəl sifətlərlə, insani və əxlaqi dəyərlərlə ölçürdü. O, Əbu Süfyan, Əbu Cəhl, Aqabə ibn-Əbi Muayt kimi Məkkənin ən zəngin, adlı-sanlı şəxsiyyətlərinin evlənmə təklifini rədd etmiş, fəzilət, insanlıq, doğruluq, sədaqət və başqa əlamətlərə malik olan bir kəs axtarmış və Allah Rəsulunu tanıyanadək başqa bir kəslə evlənməyə razı olmamışdı. Sanki o, “məxsusi” olaraq kimisə gözləyirdi.

Hz. Xədicə Məkkənin ən varlı tacirlərindən biri idi. O, Şama ticarət karvanları göndərir, karvanların rəhbərliyini inandığı adamlara tapşırırdı. Qadınlara xor baxılan cahiliyyət dövründə bir qadının ticarətlə məşğul olmasına müsbət yanaşılmırdı. Buna baxmayaraq o, uğurlu bir iş qadını idi. Bu isə ona sadəcə maddi imkanlar qazandırmamış, həm də onun, cəmiyyətdə sözü keçən bir adama çevrilməsinə səbəb olmuşdu. Tarixçilər onu ağıllı və uzaqgörən bir qadın olduğunu yazıblar. Həzrət Xədicə (s) Məkkə şəhərinin ən varlılarından hesab edilirdi. Amma buna baxmayaraq heç vaxt fəqirlərə əl tutmaq ona çətin gəlmirdi. Onun evi imkansız insanların ümid yerinə çevrilmişdi. O səxavət, iffəti, uzaqgörənliyi ilə camaat arasında şöhrət tapmışdı. Hətta ona “Qüreyş xanımlarının xanımı” ləqəbi də verilmişdi və bu ounun nə qədərdə böyük şəxsiyyətli olduğunu göstərir.
İslam dinini qəbul etməmişdən qabaq xeyli güc və sərvət qazanan Hz. Xədicə, bu imkanlarını dəbdəbəli həyat sürmək üçün yox, İslam dininin ictimai, iqtisadi və siyasi inkişafı üçün sərf edəcəkdi. Ancaq daha da vacibi, o, İslam Peyğəmbərinin ilk və özü sağ olduğu müddətdə yeganə zövcəsi olmaq şərəfini qürurla daşıyacaqdı.

Ticarət əminliyindən həyat əminliyinə...

Hz. Xədicə Hz. Məhəmmədlə ticarət karvanları səbəbiylə tanış olmuşdu. Hz. Məhəmməd, Məkkədə “əl-Əmin” (etibarlı) adıyla ün qazanmış bir gənc idi. Bu adı ona kavran sahibləri vermişdilər. Çünki Hz. Məhəmməd heç vaxt əmanətə xəyanət etməməmiş, gözü, könlü tox,haqqı nahaqqa verməyən bir kimliyə sahib idi. O dövrdə (o mühitdə!) bu dərəcədə etibarlı bir insanın varlığı demək olar ki, fövqəladə bir hadisə idi. Hz. Xədicə də Şama göndərdiyi karvanlarına rəhbərlik etmək işini bu etibarlı adama tapşırdı və Hz. Məhəmməd qısa müddət ərzində Hz. Xədicənin də təqdirini, könül dolu rəğbətini qazandı. Hz. Xədicə bu etibarlı şəxsi özünə həyat yoldaşı kimi görmək istəyirdi. Bu arzusunu rəfiqəsi Nəfisə Bint Münyəyə deyəndə, etirazla qarşılaşdı: “Evlənmək barəsində təklifi qadın özü necə edə bilər?” Xüsusilə cahiliyyət dövründə belə bir şey mümkünsüz görünürdü.

Ancaq mümkün oldu!

Hz. Xədicə, mühitin təzyiqlərinə baxmayaraq, izdivac yolunda ilk addımı atmaq cəsarətini göstərdi. Tədqiqatçıların çoxu tərəfindən qəbul edilən qənaətə görə, Hz. Xədicə, öz niyyətini bu sözlərlə dilə gətirmişdir: “Öz qövmün arasındakı izzət və əzəmətin, düzgünlüyün, əmanəti qorumaq barəsindəki tələbkarlığın və xoş xasiyyətin səbəbiylə səninlə evlənmək istəyirəm.” (Bəzi İslam tarixçilərinə görə isə Hz. Xədicə, izdivac niyyətini Hz. Məhəmmədə şəxsən özü deməmiş, Nəfisə vasitəsilə çatdırmışdır.)

Hz. Xədicənin bu addımı o dövrün tabularını yıxmaq kimi bir şey idi.

***

Hz. Məhəmmədin bu təklifə qarşı ilk reaksiyası bir az tərəddüdlü olmuşdu. Hz. Məhəmmədin, “Kifayət dərəcədə maddi imkanım yoxdu, mən belə bir izdivaca necə girə bilərəm?” sözlərinə qarşı Hz. Xədicə belə cavab vermişdi: “Səni etibarlı, doğru sözlü və xoş xasiyyətli bir adam olduğun üçün və orta yolda yer aldığın üçün sevirəm.” Bu sözlər, zaman keçdikcə islami izdivac anlayışı üçün misal olacaq mahiyətdə bir cavab idi.

Hz. Məhəmməd, öz əmisi Əbu Taliblə məsləhətləşdi və onun razılığını aldı. Qüreyşin tanınmış simalarının iştirakı ilə bir məclis təşkil edildi. Əbu Talib, qardaşı oğlunu tərifli sözlərlə hamıya təqdim etdi. Ondan sonra söz alan Varaka ibni-Nofəl də Hz. Məhəmmədin və onun soyunun üstünlüyündən danışaraq, izdivaca razı olduqlarını bildirdi. Kəbin kəsildi və dörd yüz dinar (bəzi rəvayətlərə görə iyirmi dəvə) “mehr” təyin edildi. Beləliklə, izdivac baş tutdu. Hz. Xədicənin yaxın adamlarından olan müdrik insan Varaka ibni-Nofəl, əslində bu müqəddəs nikahı xeyli qabaqcadan müjdələmişdi. Belə ki, Hz. Xədicə bir gecə yuxuda, Günəşin Məkkənin üstündə fırlandığını və yavaş-yavaş aşağı enərək onun evinə girdiyini görmüşdü. Varaka ibni-Nofəl, bu yuxunu belə yozmuşdu: “Elə böyük bir adamın zövcəsi olacaqsan ki, onun şöhrəti aləmi tutacaq.”
Bəzi qərb yazıçıları İslama və Rəsulallaha qarşı olan düşmən münasibətləri səbəbi ilə Allah Rəsulunun (s) həzrəti Xədicə ilə onun var-dövlətini ələ keçirmək üçün evləndiyi fikrini ortaya atıblar. Halbuki Peyğəmbərin (s) həyatından az da olsa xəbərdar olanlar bilirlər ki, Məhəmməd (s) dünya malına əsla dəyər verməzdi. Digər tərəfdən evlənmə təklifini şəxsən Həzrəti Xədicə etmişdi. Rəsuli Əkrəm evləndikdən sonra da Həzrəti Xədicəyə göstərdiyi hörmət və məhəbbət Allah Rəsulunun o xanımla var-dövləti üçün deyil, fəzilət və insani dəyərlər səbəbi ilə evləndiyinin sübutudur. Bunun daha bariz sübutu isə bu rəftarın, hörmət və məhəbbətin Həzrəti Xədicənin ölümündən sonra da davam etdiyi faktıdır. Qeyd etdiyimiz kimi, bu iki böyük şəxsiyyəti bir-birinə yaxınlaşdıran və həyatlarını birləşdirmələrinə vəsilə olan səbəb əsla maddi deyildi, bütünlüklə mənəvi və ilahi amillərdən qaynaqlanırdı. İddiamızı sübut etmək üçün bir neçə tarixi dəlil gətiirməklə kifayətlənəcəyik.
1. Həzrəti Xədicənin köləsi olan və Həzrəti Məhəmməd (s) ilə ticarət səfərinə çıxan Məysərə yol əsnasında Qureyş Əmini – Məhəmməd (s) gördüyü kəramətləri və onun haqqında Şam rahiblərindən eşitdiyi sozləri Xədicəyə söyləyərkən Xədicə belə qarşılıq vermişdi: « Artıq bəsdir Məysərə! Məhəmmədə qarşı olan marağımı iki qat artırdın. Həyat yoldaşını da apar və get . Səni azad edirəm. Bundan əlavə sənə 100 dirhəm, iki at və bir qiymətli libas bağışlayıram». Sonra Xədicə Məysərədən eşitdiklərini ərəb bilicisi Vərəqə bin Növfələ danışır. Vərəqə bunları eşitdikdə «Bu kəramətlərin sahibi ərəblərin içindən çıxacaq olan peyğəmbərdir» demişdi.
2. Bir gün Xədicə (ə) evində oturmuş, cariyə və kölələri ətrafına yığılmışdı. O məclisdə bir yəhudi alimi də iştirak edirdi. Yəhudi aliminin gözü həmin vaxt Xədicənin evinin yaxınlığından keçən gəncə – Məhəmmədə sataşır. Yəhudi Məhəmmədi məclisə dəvət edir və o da dəvəti qəbul edir. Həzrəti Xədicə yəhudiyə deyir: «Əgər onun əmiləri sənin bu təftişindən xəbərdar olsalar, şübhələnər və mənfi munasibət bəsləyərlər. Çünki onlar qardaşları oğlu (Məhəmməd) barəsində yəhudilərdən qorxullar». Yəhudi alim bu sözləri eşitdikdə dedi: «Sən nə danışırsan ? Məhəmmədə kim zərər verə bilər? Allah onu nübuvvətin xətmi və xalqın hidayəti üçün seçib». Xədicə soruşdu: « Onun belə bir məqama çatacağının dəlili nədir?» Yəhudi cavab verdi: «Mən axır-zaman peyğəmbərinin əlamətlərini Tövratda oxumuşam. Onun əlamətlərindən bəziləri belədir: Onun atası və anası vəfat edər, babası və əmisi onu himayəsi altına alar. O Qureyşdən bir qadınla evlənər». Sonra üzünü Xədicəyə tutaraq dedi: «Nə xoşbəxtdir onun həyat yoldaşı olmaq iftixarını əldə edən qadın».
3.Ərəb bilicilərindən olan Vərəqənin (Xədicənin əmisi) Tövrat və İncil haqqında elmi çox idi. O, dəfələrlə demişdi: Qüreyşdən bir insan Allah tərəfindən insanları hidayət etmək üçün vəzifələndiriləcək və Qüreyşin zəngin qadınlarından biri ilə evlənəcək. Xədicə Qureyşin zəngin qadınlarından olduğu üçün vərəqə vaxtaşırı ona belə deyirdi: «Gün gələr ki, yer üzünü ən üstün, ən şərəfli insanı ilə evlənərsən.
4. Bir gecə Xədicə belə bir yuxu gördü: Günəş Məkkə üzərində dövrə vuraraq yavaş-yavaş aşağı enərək onu evinə girdi. Yuxusunu Vərəqəyə danışdı. Vərəqə də onun yuxusunu belə yozdu: «Şöhrəti aləmi tutan böyuk bir kəs ilə evlənəcəksən.»
Bütün bunlar və Allah Rəsulunun fövqəladə şəxsiyyəti, mənəvi fəzilətləri, Həzrəti Xədicənin uzun illər boyu arzuladığı və o yaşa qədər gözlədiyi yeganə insanı ona tanıtdırmışdı. Həzrəti Xədicə Həzrəti Məhəmməd (s) ilə evlənmək qərarına gələrək bir vasitə ilə bu arzusunu ona bildirdi. Rəsuli-Əkrəm də, onda olan dəyərləri, onun fəzilət, iffətini bildiyi üçün bu işə müsbət cavab verdi.
Bu izdivac əsnasında Hz. Xədicənin 40, Hz. Məhəmmədin isə 25 yaşı var idi. Onlar, Hz. Məhəmmədə peyğəmbərlik verilməmişdən öncə 15 il, sonra isə 10 il birgə yaşadılar. Bir sözlə, Hz. Xədicə, Hz. Məhəmmədlə nikah bağladıqdan sonra, 25 il Onunla birlikdə yaşadı.
İslam Peyğəmbərinin ilk zövcəsi olmuş Hz. Xədicə Peyğəmbərin vəzifəsini tərəddüdsüz təsdiqləmiş ilk insan idi. O sonralar da adına layiq hərəkət eləmiş, malı və canıyla İslamın xidmətində olmuş, əziz ərinin mübarizəsində Onun yanından bir an belə ayrılmamışdır. O, İslama könül verən ilk qadın, müsəlmanların anası Hz. Xədicə idi.
Hz. Xədicə sağ olduğu dövrdə, Hz. Məhəmməd başqa bir qadınla evlənmədi.
İslam Peyğəmbəriylə ilk zövcəsinin həyatı, “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə zövcələr xəlq etdik” ayəsinin canlı timsalı kimi olmuşdur. Hz. Xədicə, Hz. Məhəmmədə ilk inanan adam, onun ən böyük dəstəkçisi, həyat yoldaşı və dərdlərini paylaşdığı insan olmuşdur. İslamiyyətin ilk illərində − ilk vəhyin gəlməsi ilə başlayan və müşriklərin müsəlmanlara qarşı iqtisadi təcrid siyasəti tətbiq etdikləri illərdə daim Peyğəmbərin yanında olmuş və Peyğəmbər zövcəsi olmağın məsuliyyətini ləyaqətlə daşımışdır.

Və Peyğəmbərə ilk vəhy gəldi…

Dağlarda inzivaya çəkilən Hz. Məhəmməd Məkkəyə qayıdandan sonra, onun dediklərini tam mənasıyla qavramaq hər kəsə nəsib olmadı. Qəbiləsi onu yalançı adlandırdı, falçılıqda ittiham etdi. Hz. Xədicə, durumu bəsirətlə qiymətləndirdi, həyat yoldaşının dediklərinə yaxşıca qulaq asdı və bir an belə tərəddüt etmədən, “ Allah səni heç vaxt çətin vəziyyətdə qoymaz. Allah mütləq sənə yardım edəcək. Çünki sən qohumlarına yardım edir, ailənə qayğı göstərirsən, həyatını halallıqla yaşayır, başqa insanları da doğru yola gətirməyə səy göstərirsən, yetimləri sığınacaq bir yerlə təmin edirsən, sözündə dürüstsən, əmanətə xəyanət etməzsən, dayağı olmayanlara arxa olan, ehtiyacı olanlara kömək etmək üçün çalışan və hər kəslə yaxşı rəftar edən, nəzakətli davranan bir insansan .Allah səni yalnız buraxmaz .” Bununla da Hz. Xədicə əziz həyat yoldaşına tapşırılan müqəddəs vəzifəni təsdiqləyən ilk insan olmaq şərəfinə çatdı.
Hz. Peyğəmbərə vəhy gələndə fərqli hisslərə qapıldığını, rahatsız olduğunu gördükdə Hz. Xədicə ona dövrünün elmli insanlarından sayılan (İbranicə bilən, “İncil” və “Tövrat” haqqında məlumatı olan) əmisi oğlu Varaka ibni-Nofəlin yanına getmələrini məsləhət gördü. Varaka, Hira dağında Hz. Məhəmmədə görünən məxluqun, peyğəmbərlərə vəhy gətirən mələk olduğunu dedi. “İncil” və “Tövrat” yazşı bilən Varaka ibni-Nofəlin bundan xeyli əvvəl də tez-tez “ Qureyş qəbiləsindən bir nəfər Allah tərəfindən insanları doğru yola yönəltmək üçün görəvləndiriləcək və Qureyşin zəngin qadınlarından biri ilə evlənəcəkdir” dediyi rəvayət edilir.
Hz. Xədicə də hər kəsdən öncə Hz. Məhəmmədə inanan insan olduğunu sübut etmiş, bu və bundan sonrakı bütün çətin dönəmlərdə Hz. Peyğəmbərin yanında olmuşdur. Peyğəmbər xanımı olmaq xanımlığın və analığın ən yüksək dərəcəsi idi. Allahın “Həbibim” dediyi “Ən sevgili”nin ömür-gün yoldaşı olmaq nə qədər şərəfli idisə, bir o qədər də məsuliyyətli idi. Peyğəmbər xanımı olan qadın bəlli məsuliyyəti də daşımağa qadir olmalı idi...
Hz. Məhəmməd, ilk vəhydən sonra uzun müddət vəhy gəlmədiyi üçün kədərlənəndə, Hz. Xədicə, hər şeyin Allahın əlində olduğunu deyərək, həyat yoldaşına təsəlli verməyə çalışırdı. Hz. Məhəmməd, ilk namazı da Hz. Xədicə ilə birlikdə, Cəbrayılın (ə.s.) öyrətdiyi şəkildə qılmışdı.

Əhli-beytin anası

Hz. Xədicənin altı uşağı oldu və Hz. Məhəmmədin nəsli, Hz. Xədicədən olan qızı Hz. Fatimədən başlayaraq davam etdi. Onların Fatimə, Ümmü Gülsüm, Zeynəb və Rüqayyə adında dörd qızı, Qasim və Abdullah adında iki oglu dünyaya gəldi. Başqa bir ifadəylə, Hz. Xədicə, Əhli-Beytin (Hz. Məhəmmədin ailəsinin) ən başındakı qadın olaraq, “Allahın aslanı” ləqəbiylə İslam düşmənlərinə divan tutan Hz. Əlini və onun əziz zövcəsi Hz. Fatiməni yetişdirmiş, Kərbala şəhidləri Hz.Həsənin, Hz. Hüseynin nənəsi olmuşdur.
(Hz. Məhəmmədin Hz. Xədicədən başqa digər xanımlarından heç birinin uşağı olmamışdı. (Hz. Mariyə istisnadır, fəqət onun oğlu İbrahim də kiçik yaşda vəfat etmişdi.))

Ömür-gün yoldaşı

Hz. Xədicənin Hz. Peyğəmbərə qarşı göstərdiyi sədaqət, vəfa və diqqətçilliyin çox sayda örnəyi var. Hz. Məhəmməd Nur dağındakı Hira mağarasında inzivaya çəkiləndə, Hz. Xədicə Ona yemək aparırdı. Allah, Həcc ziyarəti zamanı mənə də Nur dağına çıxmağı və Hira mağarasında namaz qılmağı nəsib etmişdi. Bu dağa çıxmaq o qədər çətindir ki…. Həcc ziyarətinə gedənlərin bir çoxuna bu dağa çıxmaq, Hira mağarasını görmək və orada namaz qılmaq qismət olmur. Mənə nə vaxtsa bu qədər hündür bir dağa, o çətin, təhlükəli yollarla qalxa bilərsən desələr heç vaxt inanmazdım. Əslində oraya necə çıxdığıma özüm belə inana bilmirdim. Sanki hansısa bir güc əlimdən tutaraq məni oraya qaldırırdı və ürəyimdəki qorxu hisslərinin hamısını kimsə silib atmışdı. Əksinə bu dağa mütləq çıxmalıyam, Hirada olmalı və orada namaz qılmalıyam kimi içərimdə bəlkə heç bir zaman olmayan qüvvətli bir arzu, istək, inam, cəsarət və güc vardı. Nur dağından enən zaman bir anlıq aşağı baxdım və öz-özümə “mənə burada olmağı nəsib edən Allah təşəkkür edirəm” dedim!...

Və o dağa çıxdığım zaman Hz. Xədicəni, o müqəddəs qadını xatırladım. O, Hz. Məhəmmədə yemək aparmaq üçün bu çətin və təhlükəli yolu tez-tez çıxardı… Qarşısında baş əyməmək mümkünsüzdür.
O, güclü intuisiyası ilə, Hz. Məhəmmədin kədərli olduğu anları dərhal hiss edir və Onun kədərini dağıtmağa çalışırdı. Məkkə mühasirədə olanda, Hz. Xədicə öz var-dövlətiylə kasıb müsəlmanlara kömək etmişdi. Bu iqtisadi embarqo və mühasirəyə üç il dözmüş, vəziyyətin məsuliyyətini dərk edərək soyuqqanlı hərəkət etmiş, halından şikayətlənməmiş və demək olar ki, bir səbr timsalı olmuşdu. Qadınlar üçün dünən də, bu gün də, gələcəkdə də örnək olacaq bu müqəddəs və böyük qadının qarşısında doğurdan da baş əyməmək mümkünsüzdür…
Hz. Xədicə hicrətdən üç il əvvəl, 619-cu ildə 63 yaşında vəfat etdi. O öz ismətli, şərəfli, səbrli və imanlı həyatıyla, dünyadakı bütün qadınlara qiymətli bir miras qoyaraq, bu dünyanı tərk etdi. Onun vəfatından sonra, Hz. Məhəmmədin əmisi Əbu Talib də dünyadan köçdü. Hz. Məhəmmədin, ən çox sevdiyi iki adamı bir-birinin ardınca itirdiyi o il, İslam tarixinə “hüzn ili” kimi düşdü. Həcc ziyarəti zamanı İslam peyğəmbəri ilə yanaşı Hz. Məhəmmədin ən çətin anlarında ona daim dəstək göstərmiş bu iki böyük şəxsiyyətin də sadə qəbirlərini ziyarət etmək, ruhlarına dualar oxumaq və onlara baxaraq həyat, onun mənası haqqında daha geniş düşünə bilmək imkanını mənə bəxş etdiyi üçün Böyük Yararadana sonsuz şükürlər etmişdim.
Hz. Xədicə vəfatından sonra, “müsəlmanların anası” kimi heç vaxt unudulmadı. Hz. Məhəmməd, onu tez-tez yad edirdi. Hz. Əlinin rəvayət etdiyinə görə, Hz. Məhəmməd bir gün xanımlarının yanında Hz. Xədicəni yad edərkən göz yaşı axıtmışdı. Hz. Ayişənin reaksiyası müqabilində Tanrının sonuncu elçisi belə demişdi:
“Ey Ayişə! Hər kəs məni inkar edərkən, Xədicə mənə inandı; ətrafımdakılar, “yalan danışırsan”, deyəndə, o, “düz danışırsan”, dedi. Hamı var-dövlətini gizlədəndə, o bütün sərvətini mənim qabağıma qoydu. Dünyada tək başıma qaldığım günlərdə, ‘Dərd çəkmə, bir vaxt olacaq ki, çətinliklərin yerinə rahatlıq gələcək’ dedi. Mən buna görə Xədicəni yaddan çıxarmıram.”
Yenə Hz. Peyğəmbərin ifadəsiylə, “Onun qəlbində, heç kimə xas olmayan bir xüsusiyyət var idi: insanın könlündəki kədəri çəkib çıxarırdı”.
O, xoşbəxt bir insan idi. Böyük Yaradan mələklər vasitəsilə onu salamlamışdı. Mənbələrə görə bir gün Cəbrayıl Rəsulullaha gələrək belə dedi: «Xədicəyə Allahın salamlarını söylə». Həzrəti Peyğəmbər «Ey Xədicə bu Cəbrayıldır, sənə Allahın salamını gətirdi» deyincə Hz. Xədicə Allahın salamını böyük məmuniyyətlə qəbul edərək çox xoşbəxt olmuşdu. Hz. Xədicənin salama qarşı verdiyi cavab insanın iliklərinədək işləyir.
“ Salam Odur . Şeytandan başqa salamı eşidən hərkəsə salam olsun. Və salam Cəbrayılın üzərinə olsun» deyir.
“Xədicə” adının anlamı “vaxtından əvvəl doğulan” deməkdir. Bu ad, Hz. Xədicənin həyatını da xarakterizə edirdi. O, “vaxtından əvvəl” doğulmuşdu, müsəlmanların rahatlığa qovuşduqları dövrü görmək ona qismət olmadı. O, imanda, səbrdə, iffətdə, gözəl əxlaqda, ümumiyyətlə, bütün müsbət cəhətlərdə başqalarına örnək olan bir qadın və ana idi. Allah, Hz. Xədicənin fədakarlığını və imanını, Cəbrayıl vasitəsilə göndərdiyi salamla mükafatlandırdı. Hz. Xədicə, sağ olduğu halda cənnətlə müjdələnən, Allahın salam göndərdiyi müqəddəs bir qadın idi. Əziz zövcəsi ölüm yatağında olanda, Hz. Məhəmməd onun yanına gələrək belə bir müjdə vermişdi: “Ey Xədicə, sevin, çünki Allah səni İmran qızı Məryəm və Fironun zövcəsi Asiyə ilə bərabər tutur.”
Bəli, Hz. Xədicənin timsalında ideal (sədaqətli) xanım örnəyi görürük: sevgi dolu, şəfqət dolu qəlb sahibi və fədakar, cəfakeş qadın (ana!)... 


modern.az

Комментариев нет:

Отправить комментарий