03.06.2011

HƏYAT YOLDAŞINIZI HƏTTA SÖZLƏ DƏ İNCİTMƏYİN!

Gözəl sözün sehrli bir gücü var. Əks etdirdiyi təsir o qədər güclüdür ki, kökləri yerin dərinliklərində, budaqları isə göylərə uzanan bir ağac kimidir



Gözəl davranışlar da sözlərin təsirini gücləndirir. Gözəl söz söyləmək qabiliyyəti daxildən gəlir. Göstərilən hər səy, saçılan toxumlar kimi gələcək nəsillərə də təsirini göstərir. Gözəl sözlər nə qədər güclü və yaxşı təsirə sahibdirsə, nəticələri düşünülmədən deyilən xoş olmayan sözlər də bir o qədər pis təsirə malikdir. Ailə məsuliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, alicənablıq, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdadır. Necə ki, “bir millətin və ya cəmiyyətin başçısı onun xidmətçisidir” demişlər.
Psixoloqlar  deyirlər ki, yaxşı kişi odur ki, evə daxil olmazdan əvvəl ayaqqabısına palçıq yapışmış olarsa onu təmizləyib sonra evə daxil olsun. Qəm-qüssə və narahatlıq da ayaqqabının altına yapışmış palçıq misalına bənzəyir ki, evə daxil olmazdan gərək təmizlənsin. Eləcə də ləyaqətli qadın evi süpürüb zibili otaqdan çıxartdığı kimi, ailə mühitindəki qəm-qüssə və narahatlığı da bir zibil kimi təmizləməlidir.

Zorakılıq ailədə ən dərin izlər buraxaraq insana necə pis təsir edirsə pis söz də yaddaşlarda ən dərin izlərlə qalır.  Çünki, ailə ən doğma yuva olduğundan insan ailədə özünü etibarlı yerdə hiss edir, buna görə də ən sevdiyin insana daha çox qəlbin qırılır. Ən sevdiyinin sözündən ən çox təsirlənirsən. Güvən duyğusu çox zədələnir. Həyat yoldaşların bir-birinə söylədiyi incidici sözlər də bəzən keçmişdə iz buraxmış ağrıları, zədələri xatırladır. Ağrılar təzələnir.

Həyat yoldaşların bir-birinə gözəl söz söyləməyə diqqət göstərdiyi kimi incidici və səhv başa düşülən sözlər də deməməlidir. Bilindiyi kimi ailə daxili ünsiyyət, mənfi sözlərlə get-gedə pozulur. Qarşılıqlı höcətləşmə davam edir. Həm ruh həm də fiziki sağlamlığı pozur.  Ailə quruluşu və uşaqlar da mühitdən təsirlənərək ciddi sarsıntılar keçirir.

Ailələrdə şəxsiyyəti zədələyən incidici sözlər qəzəblə deyilməklə, insanın həm şəxsiyyətini həm də daha əvvəl keçirdiyi sarsıntılara görə zədə təsiri buraxan vəziyyətlər kiçik görünən şeylərin təsirini böyüdür və qəzəbə səbəb olmur. Qəzəb, ailədə söz və davranışlarındakı idarəçiliyin itməsinə ya da azalmasına gətirib çıxarır. Əslində, qəzəb müxtəlif mənfi təsirlərə malik təbii bir duyğudur. Qəzəbin ifadə edilməsinin lazımlı olduğu vəziyyətlər də vardır. Lakin, qəzəbin ifadə şəkli, baş verən vəziyyətə uyğun olmalıdır.

Kişi və qadın ən çox bir-birinin şəxsiyyət xüsusiyyətlərini hədəf aldıqda bir-birini incidirlər. Davranışlar da tənqid olduqda daha yaralayıcı olur. Xəsislik, eqoizm, laqeydlik kimi hisslər də eyni təsir bağışlayır. Zədələrin açdığı dərin yaraları da sanki yenidən qanadır. Qəzəbin doğru ifadə edilməsi üçün duyğu, düşüncə və davranış təhsili lazımdır. Bu da həyat yoldaşın yerinə özünü qoya bilmək, sevgi, şəfqət və mərhəmətlə birlikdə səbir, xoş davranış, bağışlayıcılıq və fədakarlıqla mümkündür.
Kişi və qadının ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir. Bu gözəl xislət özünü ilahi peyğəmbərlərin və məsum İmamların (əleyhimussalam) rəftarında tam və bariz şəkildə göstərmişdir. O alicənab və nümunəvi insanlar çox güzəşt edib xəta və səhvləri gizlədirdilər.
Bir gün şamlı bir nəfər Mədinə şəhərinə gələrək İmam Həsən (əleyhissalam)-la rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən kim olduğunu soruşduqda onu tanıyır. Əhli-beyt düşmənlərinin apardıqları xoşagəlməz və yanlış təbliğatın təsiri ona da nüfuz etdiyindən “qürbətən iləllah” (Allaha xoş getsin deyə) o həzrətə nalayiq sözlər deyərək ürəyindəki kin-küdurəti aşkara çıxartdı, öz ədəbini göstərdi. Bu nalayiq hərəkit müqabilində İmam Həsən (əleyhissalam) əsəbiləşmədən, narahtlığını büruzə vermədən mülayim və məhəbət dolu nəzərini o kişiyə salır və gözəl xasiyyətə sahib olmaq haqqında onun üçün bir neçə Quran ayəsi tilavət edir və sonra buyurur: “Mən sənə hər cür kömək və xidmət göstərməyə hazıram.” Sonra həzrət ondan soruşur: “Şam əhlindənsən?” O kişi cavab verir: “Bəli”. Həzrət belə buyurur: “Sən bizim şəhərdə qəribsən, əgər bir şeyə ehtiyacın varsa sənə kömək etməyə hazıram, gəl səni öz evimə qonaq aparım. Paltarın yoxdursa, səni geyindirim, pulun yoxdursa sənə pul verim.” Şamlı kişi öz yaramaz əxlaqı müqabilində kəskin reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi təsəvvür etmirdi. Amma İmamın bu cür mülayim rəftarından sonra elə dəyişdi ki, “o vaxt arzu etdim kaş yer aralanaydı və mən yerə girəydim ki, bu cür ədəbsizlik və ölçüsüz kobudluğa yol verməyəydim. O vaxta kimi mənim üçün yer üzündə Həsən ibni Əli və atasından, (Allahın salamı onlara olsun) başqa bir düşmən yox idi, amma bu hadisədən sonra mənim ondan və atasından yaxın və məhbub bir kəsim yoxdur” deyə xatırlayırdı.

Mövzunun mühüm olmasıyla əlaqədar məsum İmamlarımızdan (əleyhissalam) bir neçə nümunəvi hədisi qeyd etmək yerinə düşərdi. Məsumlar (əleyhissalam) buyururlar: “Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını əsəbiləşdirsə və ya onu qəzəbli halda görsə, ona “mənim əlim sənin əlindədir və təkcə sənə təsliməm” söyləsin.
Eləcə də buyurublar: “Əgər bir qadın, əri ondan razı olmadığı halda yuxuya getsə, Allah məlaikələri sübhə qədər ona lənət edərlər.”
Kişinin belə hədisləri təbəssüm, aramlıq və mülayim halda, əsəbiləşmədən həyat yoldaşı üçün oxuya bilməsi çox yaxşı və müsbət təsirə malik bir hərəkətdir.

Rübab Allahverdiyeva

Комментариев нет:

Отправить комментарий