21.06.2011

İBLİSİN DOĞULDUĞU GÜN DÜNYAYA GÖZ AÇAN MAZOXİST


Kənan Hacı                     
kenan731@rambler.ru

  “Kinematoqrafik süjet-bütün darıxdırıcı elementləri çıxarılmış həyatdır” deyən Alfred Hiçkok sənətkardan daha çox ustad idi. Hiçkok üçün kino məqsəd idi. O, öz tamaşaçıları üçün tələ qurur, onların gümanlarını yanıldır, ALLAH ya da İBLİS kimi onları manipulyasiya edirdi.  Ancaq filmlərindəki saysız-hesabsız erotik simvollar  və elə personajların özləri (əls  “amerikan kişiləri” və ən gözəl  “soyuq sarışınlar”) komplekslərindən yaradıcılığın köməyilə qurtulmağa çalışan şəxsdən xəbər verir. Yalnız rejissorun ölümündən sonra şübhəli fakt məlum oldu. Qreys Kellinin dediyinə görə, çəkilişlərin birində rejissor ona əl atmağa cəhd edirmiş. Ancaq bu fakt bir istisna idi- Alfred Hiçkok təmiz, ləkəsiz bir əxlaq sahibi idi. Hiçkok həyat yoldaşının avtoritetinə o dərəcədə tabe olmuşdu ki, bəzən hətta özünün qüsursuz rejissor reputasiyasını riskə ataraq onun bütün məsləhətlərinə sorğu-sualsız əməl edirdi. Onun adı kino tarixinə ən xırda detalına qədər düşünülmüş filmlərin rejissoru kimi yazılıb.
  Və birdən başgicəllənməsi filmində hamını təəccübləndirən qəribə bir epizod-  Cudi geniş sahədə qaçmağa başlayır və bir anda sahənin sonunda peyda olur. Sən demə, aktrisa Kim Novakın ayaqları Alma Revilin xoşuna gəlmədiyinə görə epizodun əsas hissəsi montajda kəsilib. Bəlkə də   “Hiçkokun  sarışın qadınları” tipi zərif, aristokrat simalı gözəlləri- elə Alma Revilin təsirilə yaranıb. Hiçkokun komplekslərinin birinci səbəbi bədən quruluşu idi. Bədəncə tosqun və yöndəmsiz olduğu üçün o, balaca vaxtından yaşıdlarından kənar gəzirdi. Sinif yoldaşının dediyinə görə, balaca Alfred saatlarla divara söykənərək əllərini qarnına çarpazlamış vəziyyətdə məktəb həyətində durardı. Hamı ilə birlikdə oynamaqdan çəkinərdi. Əvəzində isə kinoda doyunca oynadı.
 “Azğınlıq” filmində qatil ölüm aləti kimi qalstukdan istifadə edir- qalstuk rejissorda ömürlük dəhşət hissi yaratmış qapalı məktəbin simvoludur. Komplekslərin ikinci səbəbi tərbiyə idi. Ciddi katolik ailədə doğulması bəs deyilmiş kimi onu müqəddəs İqnatiya Loyola kollecinə göndərmişdilər. Oradakı iezuit keşişlər isə ən xırda səhvləri belə rezin çubuqların köməyilə düzəldirdilər. Rejissor ömrü boyu hər hansı əxlaq qaydasını pozmağın qorxusu ilə yaşayıb. Onun filmlərinin əsas mövzusu da insanın idarə edə bilmədiyi, şüursuz istəklərin yaratdığı günah hissi, hər kəsin daxilindəki gözəgörünməz mübarizə- buradan meydana gəlib.
  Uşaqlıq təəssüratları yetkin Hiçkokun filmlərində dəfələrlə əksini tapdı. “Başgicəllənməsi”ndəki  Cudi Madlen öz infantilliyi ilə fərqlənir. O, ağasının əlindən tutmuş balaca qız rolunu oynayanda öz qadınlığını hiss edir. Və buna görə də  “atasını əvəz edən”  kişiyə- yəni ali hökmə, ədalətin obrazına təslim  olur. Hiçkokun filmlərində günaha görə cəza tez-tez  ali dini anlam daşıyır. Təsadüfi deyil ki, fırıldaqçı Cudi Madlen kilsə qülləsindən yıxılır. (“Paris Notrdam kilsəsi”ndə Keşiş Frollonun kilsənin damından yıxılması yada düşür-müəll).
  Hiçkok sanki hər dəfə təkrar edirdi: “Mən- mənim filmlərimdir, mənim filmlərim-mən özüməm”.  Təmkinli centlemenin  yapışıqlı, xoş görkəmi altında qızğın temperament gizlənirdi. Bəli, münasibətlərində ehtirasa yer olmamasına rəğmən, o bütün həyatı boyu arvadına xəyanət etməyib.
  Fransua Truffo yazır ki, Hiçkok məhəbbət səhnələrini qətl kimi, ölümü isə məhəbbət epizodu kimi çəkirdi. Rəng çalarları, erotik işarələr- gur alovla yanan buxarı, siqar, qalstuk, çığırtılar, özgə boğazdan yapışmış əllər- sübut edir ki, Hiçkok üçün sevmək və ölmək eyni anlamı verir. O, öz aktyorlarında yaşayırdı.  Onun filmlərində ən yaxşı aktyorlar –Lourens Olivye, Keri Ceyms Stüart, Qreqori Pek, Pol Nyuman rola alırdılar. Hamısı da xüsusi seçilmiş kimi hündürboylu, cəld plastik yaraşıqlı kişilər idilər. Hiçkok üçün ideal kişi rəmzi olan Kerri Qrant ekranda həyatda Hiçkokun edə bilmədiyini edirdi, Qreys Kellinin, İnqrid Berqmanın, Coan Fonteynin, Yeva Meri Sentin məşuqunu oynaıyrdı. Əvəzində həmin həyatda  Hiçkok Kerri Qrantı idarə edirdi.
  Ancaq aktrisalarla intim münasibətlərdə ən dramatik anlar Hiçkokun öz payına düşürdü. O, həmişə aktrisaların getməsilə barışmaq məcburiyyətindəydi. Ən birinci onu avtomovil qəzasında həlak olmuş Kerol Lombard tərk etdi. Hiçkok məxsusi onun üçün  “Mister vəMissis Smit” filmini çəkmişdi. Sonra İnqirid Berqman Roberto Rosseliniyə ərə getdi və İtaliyaya köçdü. Qreys Kelli Monako knyazlığının şahzadəsinə, şahzadə Renyenin arvadına çevrildi. Buna baxmayaraq Hiçkok onu  “Marni” filminə dəvət etmək istəyirdi. Lakin böyük siyasət buna mane oldu. General De Qoll Monako üçün güzəştləri ləğv etməyə hazırlaşırdı və Qreysin əri kiçik dövlətinin oyuncaq olmadığını sübur etməli idi.
  “Başgicəllənməsi” filmi də Qreys Kelli üçün nəzərdə tutulmuşdu, ancaq rol Hiçkokun nifrət etdiyi Kim Novaka qismət oldu.
  Hiçkok qadınlarının məqsədi kişini cəlb etməkdir, lakin istəyinə çatan kimi qiyam qaldıracaq, sonra isə günah hissi ilə sevgilisinə, ya da hökümət nümayəndələrinə təslim olacaqlar. Bu yolla ser Alfred Hiçkokun şifrələnmiş tövbəsi olan filmlərində xristian və erotik motivlər qarışaraq anlaşılmaz mazoxist həzz yaradır.

Комментариев нет:

Отправить комментарий