18.06.2011

Nərmin Hüseynzadə. “Tofiq”i sevmək


Qonşularımız elə qəribədilər ki… Tələsik salam versən, deyəcəklər: “Allah bilir hara gedir ki, belə qaça-qaça salam verir”. Arxayın görüşsən: “Nədi-nədi, bir gədəm var, ta qız bilmir neyləsin…”. Gözlərinin içinə baxsan, lap pis: “Arsızdı”. Baxmasan, ondan da betər: “Görəsən nə olmuşdu, gözlərini yayındırdı üzümdən”. Bax, bu cür deyinəcəklər, donquldanacaqlar… Adam qalır məəttəl….
Di gəl, anamgil gəlsin rayondan, harda görsələr, lap körpə səmimiyyətilə: “Bacı, qızlarınızdan özümüz muğayətik burda. Sağ əlimiz üstlərindədi. Özlərinə də demişik ki, (bu yerdə qaşlar azca qalxır yuxarı, səsə bir az da qətiyyət əlavə olunur) bir çətinliyiniz olsa, rayona-zada zəng edib sizi narahat eləməsinlər, yox, yoox, bəs biz burda nəçiyik, nə günün qonşusuyuq?!” – deyə moizələr yağdıracaqlar…
Düz 63 gündü, balaca bir Dovşan da var evimizdə. Əməlli-başlı, tamhüquqlu, sakini olub evimizin. Demək olar, bütün günümü onunla keçirirəm. O bizimlə yaşayandan bəri, harda olsam, evə tələsirəm. Qapını açanda adamın üstünə bir qaçmağı var, adamı bir qarşılamağı var ki bu sevimlimin…
İlk gündən zarafatla “Tofiq, Tofiq” dedik, vəfalım alışdı bu ada. İndi hərdən “dooşan-dooşan” deyəndə dodaq büzür. Ta ki “Tofiq” deyənəcən, incik davranır bizimlə.
Evdə bacımla ikimiz oluruq, o da o qədər sakitdir, min sözün birinə dinə ya dinməyə. Qalıram təkcə. Öz-özümə nə qədər danışa bilərəm ki? Uzağı, gündə bir saat! Qalan vaxtı qapımızın ağzında saatlarla dayanan olsa, bilməz ki, burda adam yaşayır ya yox.
Amma bu Balaca gələli, zarafat-zarafat, əməllicə səsli-küylü olub evimiz. Məsələn, bacım soruşur:
– Acmısanmı, Tofiq?
Guya cavab eşidəcəkmiş kimi, hələ bir xeyli də dayanıb gözləyir. Mən o biri otaqdan qışqırıram:
– Əsməər, Tofiqə yemək verdiiin?
Tofiq bu arada cəld sivişir eyvana. Mən olan otağın pəncərəsindən qəşəngcə görünür.
Sonra yenə bacım soruşur:
– Tofiq necolduu?
– Eyvandaa!
Hələ əzizləmələri, oxşamaları, gəraylı, qoşma, bayatıları demirəm. Misal üçün, belə:
 
“Tofiq, Tofiq, can Tofiq,
Dişləri mərcan Tofiq,
Qulağı fincan Tofiq”…
…Nəsə, son bir-iki gündə yan qonşumuzun sir-sifəti çox dəyişmişdi mənə qarşı. Demək olar, salamımı da almırdı. Bir gün yenə yolumuzun üstündəki mağazanın yanında qarşılaşdıq. Salam verdim. Başını bir o tərəfə, bir bu tərəfə çevirdi. Özünü elə apardı ki, guya görmədi. Qısası, qonşuluğumuz “bir salama dəymədi”. Mənə tərəf gəlmək istəyən qızını da elə dümsüklədi, yazıq qızcığaz qorxub geri çəkildi. Onlardan bir-iki addım qabaqda, nə baş verdiyindən xəbərsiz, evə sarı gedirdim. Havaya söz ola bilməzdi. Birdən ağlıma gəldi ki, Tofiqi aparım parka, bir az gəzsin. Əsmərə zəng vurub xəbər elədim: “Məni axtarsan, Tofiqlə parkda olacam”. Elə bunu deyib telefonu qapatmışdım, arxadan gələn səslər qulağımı “oxşadı”: “Nırç, nurç, nerç, nürç…” Yenə də heç nə anlamadım.
Bir neçə gün keçdi. Qonşuyla münasibətlər gündən-günə pisləşsə də, hər keçən gün Tofiqi bir az da çox istəyirdim. Necə də istəməyim axı? İlahi, bu qədər də gözəl, sakit canlı olar? Nə səsi var, nə səmiri. Eləcə o tərəf-bu tərəfə qaçıb oynamağı, bir də, ayaq üstə durub əllərini qoşalaşdırması var arabir. O qədər müsbət enerji verir ki mənə! Vallah, təkcə dişlərinə baxıb, saatlarla gülə bilərəm. Necə balaca, necə sevimlidi, İlahi… Elə bil balaca uşaqdı. Ürəyi gedir sığal üçün. Günlərlə sığallasan, yerindən tərpənməz. Mənim ən gözəl istirahətimdi onunla bərabər Nazım Hikmətin öz səsində şeirlərini dinləmək. Bir də, acanda dələduzluğu var bizim Tofiqin. Qapını açıram çölə çıxam, ildırım sürətiylə gəlir, məndən qabaq çıxır. Özü də elə özündən razı halda gedir, sanki qapını elə buna görə açmışam…
O gün səhər açılandan iş yoldaşlarıma Tofiqdən danışırdım. O qədər danışdım ki, əməlli-başlı darıxdım sevimlimdən ötrü. İş vaxtım bitməmiş, durub tərpəndim evə. Məhləyə girən kimi bizim qonşunu gördüm – həmin xalanı. Əlini belinə dayaq verib, saatlardı məni gözləyirmiş kimi, yaxınıma gəldi. Elə salam vermək istəyirdim ki, xala, Allah bilir, neçənci oktavadan qışqırmağa başladı:
– Ay bala, bəsdi daa, nə qədər olaree?! Əvvəl dinmədim, dedim, uşaqdılar daa, özləri başa düşərlər. Görürəm yox ee, sizə xeyri yoxdu. Neyniyim, gərək zəng eləyim valideynlərinizə deyim?! Ya köçüm gedim bu xarabadan?! Mənim də evimdə iki qız uşağı var! Başa düşürsən? Mən neyniyim indi?! Dərdimi kimə deyim? Yenə biriniz olsaz, dərd yarıdı eee, ikiniz birdən, o gədəylə… Belə biabırçılıq olmaz axı!…
Mat qaldım. Beynim dumanlandı elə bil, işin nə yerdə olduğunu anlamadan, güclə pilləkənləri çıxdım. Qonşu xala aşağıda deyinir, özünü yeyib-tökürdü: “Nə abır qalıb, nə həya qalıb!… Mənim də evimdə iki qız var axı!…”
Əlimi qapının zənginə aparırdım ki, içəridən bacımın səsi gəldi:
– Tofiq, hara? Hara gedirsən? Gəl bura, ayağımı geyinim, çıxaq gəzək. Nəmiş gəlincə qayıdarıq. Gəlirsənmi, Tofiq?…”
…Qonşu xala hələ də deyinməyindədi…

Комментариев нет:

Отправить комментарий