02.06.2011

Qürur tariximiz

Bayram Muradlı                                                     Millətim

Qədim dövlətçiliyə malik Azərbaycanda bu gün mövcud olan dövlətçilik ənənəsinin əsası 1918-ci ildə Şərqin ilk Cümhuriyyəti olaraq, Azərbaycan demokratik Cümhuriyyətinin yaradılması ilə qoyulmuşdu. Sovet hökumətinin 70 illik tarixində 1918-20-ci illərində mövcud olmuş Cümhuriyyətimizin gözdən salınmasına yönəlik apardığı ideoloji təxribatlar əməli məqsədə nail ola bilmədi.
 Çünki ulu öndərimiz Məmmədəmin Rəsulzadənin dili ilə desək, “yoxdan yaradılmış bir dövlət” olan Cümhuriyyətimiz mövcud olduğu 23 ay ərzində bütün sahələrdə öz fəaliyyəti ilə milli maraqların ifadəçisi olduğundan, elə tarixə də millətimizin qürur mənbəyi kimi həkk olunmuşdu. Bunun məntiqi nəticəsi idi ki, Azərbaycan yenidən müstəqilliyinə qovuşduqda məhz Cümhuriyyətə məxsus dövlət atributları sadəcə olaraq bərpa olundu.
Dövlətçiliyin əsas atributları olaraq Cümhuriyyətə məxsus himnin, gerbin, bayrağın yaşamına yenidən həyat vəsiqəsi verildi. Buna görə də Cümhuriyyətimizin tarixi rolu və xidmətləri əbədi olaraq xalqımız tərəfindən qürur hiss ilə qeyd ediləcək.

Cümhuriyyətimizin yaranması tarixi zərurət idi

Xalqımız üçün tarixin son dərəcə ağır dönəmində, məhz xalqın öz milli ehtiyacından doğan milli azadlıq hərəkatının sonucu kimi yaranan Azərbaycan demokratik cümhuriyyəti sözün əsil mənasında xalqın xilası missiyasını yerinə yetirdi. Azərbaycan Demokratik Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq xalq hakimiyyətinin respublika formasını, siyasi hakimiyyətin artıq Qərbdə böyük uğurları müşahidə olunan liberal demokratiya xəttini, ümumbəşəri dəyərlərin həm Qərb, həm də Şərq meyillərini özündə birləşdirməklə yeni keyfiyyət nümunəsi ortaya qoya bildi.
Çarizmin devrilməsindən sonra Azərbaycanda gedən milli siyasi hərəkatın gedişində, özünün milli maraqları ardıcıl müdafiəsinə görə ümumazərbaycan partiyasına çevrilə bilən Müsavat partiyası, seçkilərin nəticəsinə görə Transqafqaz Federasiyasında çoxluq təşkil edən səslə Azərbaycanı təmsil edirdi. Transqafqaz Federasiyası öz növbəsində bolşevik inqilabını birmənalı qarşılamadığından, onun nəticələrinə maraq göstərmirdi. 1918-ci ilin may ayının 26-da Transqafqaz seyminin son iclasında Gürcüstan gederasiyadan çıxdığından seym özünün buraxılması haqqında qərar qəbul etdi. Yaranmış böhranlı siyasi vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin mayın 27-də keçirilən fövqaladə iclası Azərbaycanın gələcək taleyi ilə bağlı mühüm qərar qəbul etdi. İclas Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək özünü Azərbaycanın müvəqqəti Milli Şurası elan etdi. Milli Şuranın sədri seçilən Məmmədəmin Rəsulzadənin namizədliyini ittihaddan başqa bütün partiyaların nümayəndələri müdafiə etdilər. 9 nəfərdən ibarət yaradılmış icraiyyə orqanına Fətəli Xan Xoyski sədr seçildi.
Azərbaycanın gələcəyi ilə bağlı çox mühüm qərar qəbul edən iclasın iki mühüm xidməti tarix qarşısında hörmətlə yad edilməlidir: Birincisi, belə bir qarışıq məqamda Azərbaycanın bir ölkə kimi idarəçiliyini ələ almaqla, onu siyasi dağıntıdan xilas etdi. İkincisi isə ölkənin idarəsini milli məfkurə sahiblərinə tapşırdı.
Mayın 28-də Milli Şuranın Tiflisdə keçirilən ilk iclasında Azərbaycanın istiqlalının elan edilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərarla həm də altı bənddən ibarət “Misaqi-Milli” (İstiqlal Bəyənnaməsi-B.Muradlı) müəyyən edildi. Beləliklə Azərbaycan Milli Şurası Azərbaycan Türkləri qarşısında son dərəcə əhəmiyyətli bir tarixi missiyaya imza atdı.
O vaxt dini təməl üzərində qurulan digər Şərq dövlətlərindən fərqli olaraq, ilk dəfə məhz Azərbaycanda dünyəvi təməl üzərində dövlət quruldu. Millətin tarixində çox mühüm hadisə olan Azərbaycan Cümhuriyyətinin yaradılması ilə bağlı Məmmədəmin Rəsulzadə yazırdı: “28 Mayıs 1918 bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-Millisi sözün əsil mənasında bir Azərbaycan varlığını təsbit etmişdi. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir forma olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur.

Cümhuriyyətin yaşam mücadiləsi

Müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması ən çox İranı və Rusiyanı narahat edirdi. Azərbaycan Cümhuriyyəti əvvəlcədən dəqiqləşdirilməmiş sərhədlər daxilində yaradıldığından İran qorxurdu ki, Türkiyənin hərbi yardımı ilə Azərbaycan Cümhuriyyəti Güney Azərbaycana da sahib ola bilər. 1918-ci il iyun ayının 4-də Türkiyə ilə Azərbaycan arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsi İranın bu şübhələrini artırdığından o, Azərbaycanın müstəqilliyini tanımaqdan imtina etdi.
Rusiya isə öz növbəsində “Azərbaycan” adlı yağlı bir tikənin itirilməsinə heç cür razılaşa bilmədiyindən hər vasitə ilə Cümhuriyyətimizə problemlər yaratmağa çalışırdı. Bu məqsədlə Bakı Soveti adlı oyuncaq qurumun hərbi təchizatını gücləndirməklə öz istəyinə nail olmaq istəyirdi. Bütün bunlar isə öz növbəsində yenicə yaranan Cümhuriyyətin yaşam mücadiləsinə yeni-yeni çətinliklər yaradırdı.
Mövcud olduğu 23 ay ərzində Azərbaycan Cümhuriyyəti 18 günlük Tiflisdəki fəaliyyətindən başlamış son günə qədər Azərbaycanın milli və dövlət maraqları naminə son dərəcə ardıcıl və prinsipial fəaliyyəti ilə üzərinə düşən missiyanı maksimum fədakarlıqla həyata keçirdi. Buraya ordu quruculuğundan başlamış, bütün səviyyələrdə ,təhsilin formalaşdırılmasına qədər, habelə həyatın bütün sahələrini əhatə edən proqramların həyata keçirilməsi daxil idi. Bütün bu həyata keçirilən zəruri əhəmiyyətli proqramların içərisində beynəlxalq maraqların toqquşduğu Bakını qardaş Türkiyənin yardımı ilə azad etməklə, Cümhuriyyət rejimini bütün Azərbaycanda bərqərar etmək və həmçinin beynəlxalq aləmdə Cümhuriyyətin imicini qaldırmaq kimi uğurlu addımlar daha çox diqqət çəkir. Müəyyən mənada hər iki addım Cümhuriyyətin yarandığı dövrdə dünyanın bir çox dövlətlərinin maraq dairəsində idi. Bu yolda ən çox canfəşanlıq edən isə bolşevik Rusiyanı təmsil edən Bakı Soveti adlı daşnak qurumu idi.
Azərbaycan Cümhuriyyətinin elan edilməsi mart soyqırımına görə Şaumyanı kifayər qədər vahiməyə saldığından, Cümhuriyyəti hələ güclənməmiş, Gəncədə ikən məhv etmək üçün Leninin tapşırığı ilə hərbi yürüşə başladı. Lakin iyunun sonu iyulun əvvəllərində Göyçay ətrafında baş vermiş döyüşdə Qafqaz islam ordusunun müzəffər qələbəsi onun arzusunu gözündə qoydu.
Bakı Soveti ordusunun məğlub edilməsi Bakının hələ Cümhuriyyətin əlinə keçməsi demək deyildi. Bolşevik hökuməti Bakını əldə saxlamaq üçün bütün imkanlardan yararlanmağa çalışırdı. Biçeraxovun kazak dəstəsindən və İngilislərin köməyindən istəyi üçün yararlana bilməyən Rusiya avqustun 27-də Almaniya ilə Azərbaycan əleyhinə ittifaq bağlamağa da getdi. Azərbaycan neftinin dörddə birini Almaniyaya vəd edən Lenin türk ordusunun Bakıya doğru yürüşünün qarşısını almağı bir müttəfiq kimi onun öhdəliynə buraxdı.
Lakin Cümhuriyyətimizin yaşam mücadiləsi düşmən tələlərini qıra bildi. 1918-ci ilin sentyabrın 6-da yeni Osmanlı Sultanı V Mehmetle görüşən Məmmədəmin Rəsulzadə Bakının azad olunmasının əhəmiyyətini onun diqqətinə çatdıra bildi. Bu isə Bakının taleyi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gətirdi.

Cümhuriyyətin gerçəkliyini dünya qəbul edir

1918-ci ilin oktyabrın 30-da imzalanmış Mudros sazişi Cümhuriyyətimizi yeni təhlükələrlə üz-üzə qoydu. Azərbaycan Cümhuriyyəti diplomatik manevrlərlə öz varlığını qoruya bildi. Belə ki, Mudros sazişinə əsasən Bakını tərk etməli olan türk ordusunun yerinə qalib müttəfiqlərin qoşunları daxil olmalı idi.
Tomsonun başçılığı ilə Bakıya daxil olan İngilis ordusu Rusiyanın təhriki ilə Azərbaycan dövlətini tanımaqdan imtina edərək, ona Türkiyənin iraqdəsi ilə yaradılmış bir oyuncaq rejim kimi yanaşırdı. Lakin general Tomsonun Azərbaycanın hökumət rəhbərləri ilə görüşlərdən sonra təssüratı dəyişdi. Belə ki, hökumətin seçki qanunu qəbul edərək parlament formalaşdırılması (Avropada parlament üsulu təqdir olunurdu) Tomson tərəfindən Azərbaycan hömkumətinin işlərinə qarışmayacağı bəyanatının səslənməsinə səbəb oldu.
Müttəfiq qoşunlarının Bakıya daxil olması ilə yaranmış böhran Cümhuriyyət liderlərinin səyi nəticəsində nəinki aradan qaldırıldı, həmçinin böyük diplomatik təşəbbüslər nəticəsində hər tərəfdən sıxılan Azərbaycan dövləti müttəfiqlər komandanlığı tərəfindən de-fakto tanındı. Müttəfiqliyə qədəm qoymuş xalqlar Paris sülh konfransına böyük ümidlər bəsləyirdi. Konfransın işində iştirak etmək üçün İstanbula yola düşən Azərbaycan nümayəndəliyi Parisdə fars və ermənilərin yaratdığı təxribatın sayəsində bu şəhərə getmək üçün 3 ay viza ala bilmədi. Yalnız 1919-cu ilin mayın əvvəllərində Parisə gələ bilən Azərbaycan nümayəndəliyi qısa vaxtda aparıcı dövlətlərin liderləri ilə aparılan görüşlərdə başlıca olaraq bir istəyə nail olmağa çalışırdılar:Bakıda yaradılmış İngilis general-qubernatorluğu ləğv edilsin.
Mayın 28-də ABŞ prezidenti Vilsonla görüşən Azərbaycan nümayəndəliyi onda Azərbaycana münasibətdə maraq oyatmaq münasibəti ilə əvvəlcədən hazırlamış olduqları 17 maddədən ibarət momerandum təqdim etdilər. Bu görüş Azərbaycan üçün beynəlxalq uğurlar seriyasının başlanğıcı oldu. Belə ki, Azərbaycan Cümhuriyyətinin apardığı ardıcıl diplomatik səylər 1920-ci il yanvarın 12-də Paris sülh konfransının ali şurası tərəfindən Azərbaycanın istiqlalının tanınması ilə başa çatdı.
Azərbaycanın hər keçən dönəmdə qazandığı beynəlxalq uğurların mərkəzində bir əsas dayanırdı: Bu ölkədə yaradılmış Cümhuriyyətin dünyanın ən sivil yolu ilə üst-üstə düşməsi. Yəni Azərbaycanın dövlət qurumu onun hər hansı bir səviyyədə beynəlxalq qınağa məruz qalması üçün heç bir əsas vermirdi.
Mənim düşüncəmə görə Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi araşdırılarkən M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərində yazdığı aşağıdakı sözlər əsas çıxış nöqtəsi kimi dəyərlənirilməlidir: “Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində qurulmuşdur. Burada hər bir insan möhtərəm şəxs-Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırdı. Kişi-qadın, müsəlman-xristian, cins və millət fərqi qoymadan, varlı-kasıb, sahibkar-işçi, torpaq sahibi-muzdlu, sinif, məslək, bilgi imtiyazı aparılmadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünə bilərdi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir xalq Cümhuriyyəti qurulmuşdu”.

Комментариев нет:

Отправить комментарий