11.06.2011

Rasim Qaracanın ən yaxşı şeirləri bizdə!


                                  MİLYONLAR

Milyonlar
həyatın dibiylə
uçurumların kənarıyla
susuz dodaqların çatlarıyla
şəhərlərin zibilxanalarıyla
darısqal küçələrlə
dilənçilər cərgəsiylə
civilərin yalvarışıyla
yataqxana divarlarına sürtünərək
ac bəbəklərin parıltısıyla
çayxanaların yarımqaranlığıyla
ümüdsizlərin yaxın dostu külqabılarla
acı bir təbəssümlə irişən
cırıq ayaqqabılarla
həyatın hər üzünü görmüş
əzik manatlıqlarla
körpələrin burun pərləriylə
boyalı məhəbbət yağışlarıyla
avtomobillərin gözvurmalarıyla
mehmanxanaların 1001-ci mərtəbəsiylə
itəmcək qadınların
ağız suyuna bulaşaraq
yertərpəmi
ürəklərin partlağıyla
alnıma dirənmiş tapançayla
«həyat, sənə doydum» bağırtısıyla
sərrast bir tüpürcəklə
ildırım çaxışı bir hönkürtüylə
göz yaşı, göz yaşıyla
batan günəşin qanıyla
milyonlar


                                     ARANJMAN
                          (Həmid Herisçinin şeirinə)

Dəmir yollar arasında bitən otlar,
əzə bilməz sizi yellər
nə də ötən qatarlar.
özümü qatar altına atmağa
gəlsəm də
sizi əzməyəcəm mən də
söz verirəm.

Ancaq məni əzdilər
yanaqları qoz ləpəsinə bənzər
o qarının yazdığı bədnəzər
duası belə
kömək eləmədi mənə

Ancaq, ulduzlarla tozlanmış
bu eynəyi köynəyimin ətəyinə
silər kimi gəlir mənə
ömrün sona yetməyi

Paslı ümid qayçısıyla
dırnaqlarını tutduğum insan
sən demə şeytan iniş
mən bunu anlayanda iş
işdən keçmişdi

Dəmir yollar arasında bitən otlar,
ölümcüldür yaram
qoy sizdə qalsın son
xatirəm.

Anlamasız şeirlər

                    TƏNHALIQLARIN ƏRƏBİ

Küçə mahnılarıyla dolu çarəsiz üzüm dənələri
Səsini qapı aralığından sərmiş sormadan ay
Sanki titrək balinalarında sevgili bıçaq
Adını dilə gətirəcək yağış damlaları ilə birgə

Sabah erkən ərəb şeyxinin kölgəsində göyərçinlər
Pillələrlə üzü aşağı üzüm dənəcikləri ya rəb
Məxmər parçadan quşların civiltisi yola düşəcək
Bu axşamüstü sarmaşıqlara dönən misralar
Qapı aralığından titrək sevgili yağış damlası
Adını pillələrlə yuvalardan məxmər civiltilər
Bu axşamüstü küçə mahnılarıyla dolu göyərçinlə
Tənhaqlıqları sarmaşıqlara döndərən ərəb.

                   DODAQ BOYASI İLƏ ANLAMSIZ KÜÇƏ

Hər şeyi yağışı hətta işsiz qaldığın günləri
bir zaman adalarda guya aşkara bulvar səkisi
ancaq plaskart vaqonlar madam ki qürbətdəsən
keçən bazar günü qaysı bulaqlarına cisələr kor

bir an dayanmadan söylə qarla örtülü zaman
ayaq izlərinə də gecə dolub düyməsiz mərmər
heç kəs kədərli olmasın deyə balıqçı torları
sən ovcunu ulduzlarla açdığın adda bəlkə su

dodaq boyası ilə hər şey hətta bu adamsız küçə
bahar damlayır deyirlər ki çörək duz salat
hər addımda dabanlarım axşam günəşi sözbə söz
qorxudan yalan söylər yaşlı qapaqlı saat

Комментариев нет:

Отправить комментарий