14.06.2011

Sərgərdan ruh


Fəridə Paşa 1991-ci ildə Şəki şəhərində dünyaya gəlmişdir. 2009-cu ildə 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Turizm İnstitutuna "Tərcüməçi-bələdçi" ixtisası üzrə qəbul olmuşdur. Hal-hazırda Azərbaycan Turizm İnstitutunun ikinci kurs tələbəsidir. Fəridə Paşa yazdıqlarında özünü ifadə etməyə, daxili mənini tapmağa çalışır. Deyir ki, mənimçün yazdıqlarım sadəcə oxunacaq bir hekayə, bir əsər yox, mənim bir parçam, hisslərimi daşıyan bir məktubdur. Fəridə Paşanın daha bir gözəl hekayəsi ilə tanış olun. 

Mən kiməm???
Bu həyatı nə üçün yaşayıram???
Doğulandan bu sualları özümə verə-verə yaşlaşmışam. Mən kim olduğumu bilmirəm. Bəlkə də mən yerin istidən çatlamış bağrını islatmaq üçün göydən tökülən minlərlə yağış damlasından biriyəm. Bəlkə də mən dənizin hər an, hər saniyə qayalara mənasızca çırpılan, çırpınan mavi-yaşılımtıl dalğalarından biriyəm. Bəlkə də mən günəşin yayda qızmar, qışda buz kimi, üşüdən şüalarından biriyəm. Bəlkə də...
Mən kim olduğumu bilmirəm.
Tək bildiyim mən “NİYƏ???” sualını doğulduğum gündən özünə dəfələrcə vermiş sərgərdan bir ruham.
Özümü tapmaq, kim olduğumu bilmək üçün nələr etmişəm sormayın.
Bəlkə də 100 il, bəlkə də 1000 il səyahət etmişəm. Zaman mənimçün yoxdu. Bəlkə də o, hər kəs kimi mənim də yaddaşıma, zahirimə öz silinməz damğasını – yaşlılığı vurmaq istərdi, amma əsrlər, bəlkə də minilliklər keçib, mən dəyişməmişəm. Məkanlar mənimçün maneə deyil. Fəzanın istənilən nöqtəsində, istədiyim an ola bilərəm.
Bəlkə də mən insanların fövqəlbəşər olması arzusuna qarşı yaradılmış bir möcüzə – bəşərin fövqündə dayanan bir lənətəm.
Mən  hər şeyə qadirəm, eyni zamanda elə acizəm ki!!!
Doğulduğum – daha doğrusu gözlərimi açıb həyata nəzər saldığım an ilk sualım “Mən haradayam?” oldu.
 Axı hər kəs doğulur, böyüyür, yaşlanır, ölür. Mən doğulmadım, böyümürəm, yaşlanmıram və belə anlayıram ki, öləcək də deyiləm. Bütöv bir əbədiyyət öz acizliyimin əlində çırpınacağam, həyatımı tapmağa çalışacağam.
Insanların əhatəsində olarkən, onlara qulaq asırkən özümü onlar kimi hiss etmək istəyirəm. Ölümlülüyün nə olduğunu anlamaq istəyirəm. Deməyə ehtiyac varmı, insanlar məni görmürlər?
Insanlar üçün mən onları əhatə edən havanın bir parçası, yəni bir heçəm.
Onlar məni görə bilməzlərkən, mən onlar haqqında hər şeyi bilirəm. Onların həyatında hər şeyi dəyişə bilərəm.
Bəzən insanların söhbətlərinə qulaq asaraq onların avamlığına elə təəccüblənirəm ki! Doğrudanmı onlar kainatın taleyini həll edəcək irqin bir nümayəndələridir? Kainatın müxtəlif nöqtələrində olan 12 şüurlu məxluq növündən biri olan insanlar ən aşağı inkişaf səviyyəsində olduqlarını görəsən bilirlərmi?
Qalan 11 sivilizasiya arasında əlaqələr yaranmış olduğu halda, Yerlilər öz qalaktikalarını, əllərində olan kitabları belə təqdiq edə bilməyiblər.
Mən harda istəsəm ola bilirəm, amma Yer – onun qaralmaqda olan qabığı, üzərində yağ təbəqəsi toplanmış dənizləri, çirkli havası – məni həmişə başqa planetlərdən daha çox cəlb edib.
Bəlkə də Yerlilərə yazığım gəlir.
Axı inkişaf etdiklərini sanaraq, gün-gündən öz acizliklərinin bataqlığına daha çox batırlar. Axı atdıqları hər addımda, nəfəs aldıqları hər anda öz nəsillərinə bir balta vururlar. Zaman onları böyütmür, daha aciz, daha cılız edir. Yeni doğulanların üzündə məsum ifadə yox, nə kimi taleyə məhkum olduqlarını bilirmişlər kimi ciddilik olur. Yer köklərinə hər gün zərbə vurulan ağaclar kimi içindən çürüyür. Bəlkə də sabah artıq bu planetdən əsər qalmayacaq, bəlkə də bir zaman yaşıl olan planet qapqara torpaqlarının qisasını almaq üçün sirkələnəcək və Yerlilər hamısı bir nəfər kimi yox olacaqlar.
Sanki dayandırılmaz bir mübarizə gedir. İnsanlar durmadan hücum edirlər, yerin bağrına gün-gündən daha çox yaralar vururlar, Yersə övladlarına hələ də dözür.
Bu mübarizə məni hər şeydən çox narahat edir.
Bilirəm! Mən Sərgərdanam! Mənim vətənim yoxdur, amma Yerin çırpıntılarını və iniltilərini eşidir kimiyəm. Bu planetə dərkəlolunmaz bir hisslə bağlanmışam.
...
Bir dəfə yerin zədələnmiş və parça-parça olmuş fəzasında dolanırkən məni çağıran bir səs eşitdim. Qəribədir, mənə heç kəs ad verməmiş, heç kəs o ana kimə çağırmamışdı. Amma o çağırışı eşitdiyim an mənə səsləndiyini anladım.
– Dünyaya gəlmək vaxtıdır!!!
O an mənə hər şey, illərin sərgərdanlığının səbəbi və bəlkə də əsrlərlə cavabını aradığım suallar aydın oldu. Əminəm, doğulduğum an indiyə qədər bildiyim hər şey yaddan çıxacaq, lakin mən tez ya gec özümü yenidən tapacağam. Ömrüm boyu özümü aramaqçün sərgərdan olsam belə, indiki kimi hər şeyə qadir olacağam!!!

1 комментарий: