19.06.2011

Viranə şəhər




Fəridə Paşa

Şəhər səslərinə nifrətim var. Hər eşitdiyimdə başımı bu dünyadan götürüb qaçmaq istəyirəm, çünki... Çünki hər şeyi yenidən xatırlayıram. Xatırlamaq istəmədiklərimi belə xatırlayıram. Içimdən için-için qovruluram. Hər şeyi geri qaytarmaq, yenidən yaşamaq, etdiyim səhvləri təkrar etməmək istəyirəm. Amma özüm də anlayıram ki, mümkün olmayacaq şeylərin arzusundayam. Ona görə hər gün bir zamanlar qulaqlarımı oxşayan şəhərin səsi ilə ağlayıram...
Insanlar mənə nifrət edirlər. Yəqin hiss edirlər keçmiş varlığımın nə qədər zərərli və lüzumsuz olduğunu. Əslində peşman deyiləm. Bir az...
Bunu düşünmək belə istəmirəm!
Içimdə sızlayan bir yara var. Onu hər dinləmək istədikdə daha da, daha da sızlayır... Gecələr yatmağa, gözlərimi gecənin qaranlığını qapamağa imkan vermir, bəlkə də bu peşmanlığın acı sızıntılarıdır, bəlkə də içimdə hələ də qalmış dərin bir təəssüf hissidir, bəlkə.... Kim bilir...
Mən kim idim, nə oldum...
Bunu da düşünmək istəmirəm. Amma bilirəm ki, başqa yolum yoxdu! Istəsəm də, istəməsəm də, məni gecələr hönkürtülərimin şahidi olan ulduzlar, xaraba qalmış divarlarına sarılıb ağladığım şəhər tanıyır. Mən indi bir heç olsam da, bir zamanlar...
Gəlin hər şeyi tam başından anladım...
Indi sizlərin – böyük evlərdə yaşayıb, dünyanı düşünmək belə istəməyən insanların xəbərdar olmadığı bir zamanda bir şəhər var idi...
Gözəlliyi göz oxşayırdı. Ona baxan baxışlarını üzərindən çəkmək istəməzdi. Cənnət misali bir məkan idi. Sanki Allah yer üzündə ikinci bir cənnət yaratmışdı, amma... O şəhər şərin məkanı idi. Orda ölənlərin fəryadından həzz alan qəhqəhələri yeri-göyü titrədən bir hökmdar, qəddarlıqda ondan geri qalmayan şəhər gözətçiləri var idi. Sakinləri gecə-gündüz bilməzdilər. O cənnət misallı şəhərdə hər gün nalələr ucalardı. Elə bir gün olmazdı ki, şəhər heç olmasa bir insanın edamının şahidi olmasın. Sanki divarlara da qan hopmuşdu, sanki havadan da qan qoxusu gəlirdi. Hər şey zalım hökmdarın iradəsinə tabe olmuşdu, hətta yerlər, göylər belə.
Şəhər gecəli-gündüzlü qan ağlayırdı. Amma heç kəs səsini çıxarmaz, etiraz bildirməz, yox deməzdi. Hər kəsin canında bir qorxu hopub qalmışdı. Körpələr dünyaya qorxudan titrəyərək, talelərini lənətləyərək gələrdilər. Hər kəs öz qul aqibətinə tabe, miskin bir həyat sürərdi. Bu da hökmdara həzz verərdi. Bəzən o da mərhəmət edərdi. Şəhər günlərlə hüzurlu bir sükut içində yaşardı. Şəhərdən gecə vaxtı qəribə bitr uğultu gələrdi, sanki şəhər nəfəs alırdı. Heç kəs bilməzdi ki, belə sakit gecələrdə hökmdar dəbdəbəli sarayının pəncərəsində şəhərin uğultusuna dinşəyir. Eşitdiyi səslər ona təsvirəgəlməz bir hüzur verir.
Sual doğdu, deyilmi?
Bəs niyə əzab verirdi hər kəsə???
Cavab çox sadə idi. Qorxu! Hökmdar öz dəbdəbəli sarayında qorxurdu. Bilirdi ki, bir gün şəhər oyanacaq, onu öz əzabları üçün qurban edəcək. Buna görə yaşamının hər dəqiqəsi, saniyəsi, anı üçün qorxurdu. Ona görə də şəhərdən hər gün qamçı səsləri gəlirdi, insanlar fəryad edirdi.
Insan xislətini bilirdi o! Sonu çatacaqdı günlərin birində. O son çatana qədər şəhərinə doymaq istəyirdi. Hökmdarın ölməz bədəni hamını qorxudardı. Şəhərdə ən qoca sakinlər belə onun hakimiyyətinin müddətini deyə bilməzdi. Onun qorxduğunu da heç kəs təxmin edə bilməzdi.
Bəzən yuxusunda o, şəhərin oyanışını görərdi. Səhərin açılmasına imkan vermədən edamlar başlardı. Kəllələrdən qalalar qurulardı, insanlar diri-diri basdırılardı və... Və şəhərin qorxu və qəzəbi damla-damla artardı...
Bir gün (o günü xatırladıqda ürəyimdən dəhşətli bir ağrı qopur) hər şey dəyişdi. Zatən dəyişməliydi!
Dünyaya hər gün körpələr gəlirdi. Nə qədər miskin bir həyat yaşayacaq olsalar da, onlar heç vaxt hökmdarın qəzəbinə tuş gəlməmək xoşbəxtliyinə malik idilər, yəni böyüyənə qədər. Bu sanki şəhərin yazılmamış qanunları siyahısında idi. Bir gün hökmdar növbəti dəhşətli yuxusundan sonra təzə doğulan körpələrin hamısını öldürmək əmri verdi. Çünki sonunu bu körpələrin gətirəcəyi deyilmişdi yuxuda.
Anlamamışdı...
Deyilənləri anlamamışdı. Möhtəşəm sarayının şəhərə baxan eyvanlarından birində dayanmışdı. Kədərlə şəhərə baxırdı. Bir gün bu gözəlliyi görməyəcəyini düşünürdü. Taleyinin ona hazırladığı hədiyyədən xəbərsiz idi.
Birdən şəhər göz önündə dəyişdi. Əllərinə keçən hər şeylə silahlanmış sakinlər saraya hücum çəkdilər. Bu elə bir surətlə baş verdi ki, hökmdar heç yerindən tərpənə bilmədi. Olanları sakitcə izlədi bir neçə saniyə. Gözətçilər nəhəngliklərinə baxmayaraq, illərlə toplanmış qəzəbin qarşısında dayana bilmirdilər. Addımbaaddım geri çəkilirdilər. Hökmdar sanki yuxudan ayıldı. Körpələr onun hakimiyyətinə son qoyurlar. O, buna imkan verə bilməz. Getməli, silahdaşlarının yanında olmalı öz şöhrətli qılıncı ilə onlara yardım etməlidir.
Hər şeyin sonu var. Hətta o ağır anda hökmdarın cəsarət və döyüşkənliyi də coşmuş şəhər sakinlərinin, övladını qorumaq üçün dişi ilə, dırnağı ilə savaşmağa hazır anaların, bir addım belə geri çəkilmək, öz varislərini qaniçən hömdarın əlinə vermək istəməyən ataların qəzəbinə qarşı qoya bilməzdi.
O, uzun saray pilləkənləri ilə təngənəfəs aşağı düşdü və döyüşün ən qızğın yeri olan saray qapılarına tərəf tələsdi. Burdakı qarmaqarışıqlığı sözlə təsvir etmək mümkün deyildi. O, əlindəki neçə-neçə dikbaş hökmdarın canını almış qılıncını qaldırdı. Mübarizə etmək, şəhər sakinlərini ən azı bir gün üstələmək lazımdır. Sonra dağlarda saxladığı qoşununa xəbər edər, onlar gələr və bu savaşın nə qədər lüzumsuz olduğunu dikbaş camaata sübut edərlər.
Hökmdarı kədərləndirən yalnız illərlə ona döyüşlərdə müşayiət etmiş qəhrəmanların hamısının yanında olmaması idi. O – əlinin bir hərəkəti ilə istənilən heyvanı baş əyməyə məcbur edən, qılıncını bir dəfə yelləməklə neçə-neçə can alan qadir hökmdar bu böyük döyüşdə bir neçə nəfərin müdafiəsinə arxayın olmalıydı. O, səbrlə gözləyə bilmirdi. Saray darvazalarını titrədən hər yeni zərbədən titrəyərək qəzəb axınının nə vaxt sarayına gəlib çatacağını gözləmək istəmirdi. Gözlədiyi hər an onun üçün əzab idi. Ilk qəzəb anı keçdikdən sonra o, dağlarda saxladığı qoşuna xəbər etmək üçün adam göndərdi.
Bu da onun əzablarına daha bir damla oldu. Sarayın müdafiəçilərindən gələn xəbərlər isə getdikcə pisləşirdi. Artıq döyüş sarayın daxili dəhlizlərinə sirayət etmişdi. Saray müdafiəçiləri şəhərdən gələn böyük axının qarşısında dayana bilməmişdilər.
Nəhayət elə bir an gəlib-çatdı ki, hökmdar belə sağ qalmış bir neçə silahdaşının əhatəsində döyüşə qoşulmalı oldu. O, qılıncını qaldırarkən məğlub olacağını hiss edirdi. Amma həmişə qələbə çalmağa adətkar qüruru bunu etiraf etmək istəmirdi. Onun qılıncı hər dəfə nə qədər böyük bir qəzəblə qalxıb-ensə də, hər dəfə nə qədər çox cana qıysa da, qarşıdakı illərin qəzəbi bitmirdi, tükənmirdi...
Nəhayət elə bir an gəlib-çatdı ki, onun əhatəsində olan son silahdaşının da bədənindəki sonsuz yaralardan dizi yerə dəydi. Artıq onu əhatə edən sonsuz dairəyə baxaraq hökmdar öz sonunu düşünməyə başlayırdı. Yəqin ki, bu qəzəb elə dağlardakıları da silib-süpürmüşdü. Yoxsa sadiq silahdaşlar çoxdan köməyə gələrdilər. Elə bu fikir beynində fırlanarkən kütlədən bir səs onun son ümidlərini də qırdı.
– Yəqin dağlardakılara arxayınsan, ulu hökmdar. Amma silahdaşların üsyan xəbərini eşidən kimi sənin qatı düşməninin tərəfinə qaçdılar. Tək qalmısan, tək!
Bütün kütlə sanki xorla təkrar etdi:
– Tək qalmısan, tək!!!
Onun dizləri boşaldı. Öz düşmənləri qarşısında diz çökdü. O, illərin əzablarının qarşılığı olaraq əzab, işgəncə dolu ölüm gözləyirdi, amma nəsibi daha ağır idi.
O, məğlubiyyətini etiraf edib, taleyinə baş əydikdən bir neçə dəqiqə sonra meydanda heç kəs qalmadı. Hamı çıxıb getmişdi. Hökmdar başını qaldırdı, ətrafa baxındı.
Axı bu mümkün deyildi, illərin düşmənləri ondan qisas almasınlar...
Mümkünmüş...
Ayağa qalxdı və yerə düşmüş qılıncına gözucu baxdı. Yox! Qılınc artıq ona gərək deyildi. Yavaş addımlarla məğlubiyyət meydanını tərk etdi. Hər tərəfdə qəribə bir sükut vardı. O, sarayın divarları arasından çıxdı. Bir az əvvəl döyüş meydanı olmuş bu yerlərdə dəhşətli bir hüzn vardı.
Şəhərin küçələri ilə irəliləyərkən o, bu şəhəri nə qədər sevdiyini, ona nə qədər aşiq olduğunu bir daha anladı. Amma şəhərdə nə isə çatmırdı. Bu onun sevdiyi şəhər deyildi. Nə isə dəyişmişdi.
Əlbəttə!!!
İnsanlar yox idi. Küçələrdə ins-cins görünmürdü. görünür şəhər sakinləri onu bu cür cəzalandırmaq istəmişdilər. O – hələ dünən hökmdar olan insan əlləri ilə üzünü örtdü və dizləri üstünə düşərək ağladı.
– Yooox!!! – yəqin ki, şəhər hələ uzun müddət bu fəryadı xatırlayacaqdı.
Zaman keçdi...
Hökmdar öz miskin varlığı ilə bir zamanlar çox sevdiyi, xaraba şəhərə yas saxladı. Günlərlə toz basmış divarlara, son döyüşün izlərini saxlamış küçələrə baxıb ağladı. O, bu şəhəri nə üçün sevdiyini yalnız o acı iztirab anlarında anlayırdı. Onun sevdiyi şəhəri yaradan insanlar idi, yasını tutduğu isə yalnız miskin, acı bir xatirat idi, o qədər!
Illər şəhəri xarabazara çevirdi. Yağışlar dəbdəbəli sarayların naxışlarını yudu apardı, küləklər divarları dağıtdı. Şəhər gözəgörünməz bir sürətlə yerin altına batmağa başladı. Hökmdar isə səssiz bir ələmlə bunu seyr edir, öz sevimlisinin necə torpağa qarışmasını görürdü.
Tez-tez bir zamanlar sarayın yanında olan, indi isə boşluq üzərində ucalan qocaman palıd ağacının yanına gəlir, onunla dərdləşirdi. Ona öz sevimlisindən, bir zamanlar həyat dolu olan şəhərdən danşırdı. Ağacın yarpaqlarının xışıltısına qulaq asıb onu dərd çəkir sanırdı. Bir gün yenə ağacın yanına dərdləşməyə gələndə onu da yerində tapmadı. Bu dəfə ağlamadı, damla-damla itkilərə öyrəşmişdi çünki.
Bir gün orda-burda xaraba divarların qalıqları görünən şəhərdə insanlar peyda oldu. Hökmdar onları görüb sevindi. Sevinci yerə-göyə sığmadı. Onların yanına getmək, divarları qzıyıb yerin altından çıxaran insanlarla danışmaq, onlara şəhərin möhtəşəm keçmişindən danışmaq istədi. Insanlarsa onu görmədilər.
Bəlkə də hökmdarın bu səmərəsiz cəhdləri çox davam edərdi, amma bir gün yeni köçmüş insanların təmir etdikləri böyük şəhər hovuzunun hələ də parlamaqda olan mərmərində təsadüfən özünə baxdı və...
Və qarşımda iri gözlərində dünyanın kədəri gizlənən, nəhəng qanadları olan bir quş gördüm. Bəli, bu mən idim. Bir zamanlar hökmdar olan, öz şəhərimə aşiq olan mən!
Hələ də özümdəki dəyişikliyin necə fərqində olmamama heyrət edirəm. İllərin acısı məni Bayquş etmişdi və mən bunu bilməmişdim?!
Inanmırsınız???
Onda uzun gecələrin birində pəncərənizə gəlib qonmuş bayquşa qulaq verin. Onun səsindəki şəhərin uğultusuna bənzər səsə qulaq verin, gözlərindəki sonsuz ələmə görün. Və bilin ki, o, sizə bədbəxtlik gətirməyə yox, dərdini anlatmağa gəlib...

Комментариев нет:

Отправить комментарий