17.06.2011

«Washington Post»un müxbirinin Bakıda qolunu qırdılar


İyunun 15-da axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar. «Turan» İnformasiya Agentliyi məlumatlı mənbələrə istinadla yazır ki, həmin axşam Milli Dram Teatrının yaxınlığında idmançı bədən quruluşuna malik bir neçə gənc qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb: «Hadisədən əvvəl qızlar bu oğlanların onları izlədiyini bildirmişdilər. Nəticədə qızlar ciddi zədələr alıblar». Hücum edənlərin dörd nəfər olduğu bildirilir.

Əldə etdiyimiz əlavə məlumatlara görə, hücum edənlər xaricilərə heç nə demədən onları vurmağa başlayıblar, Amanda Erikson nisbətən az döyülüb, Silya Devis isə ağır bədən xəsarətləri alıb. Bildirilir ki, hücuma məruz qalanlar həmin axşam dənizkənarı parkda Milli Qurtuluş Günü münasibətilə təşkil olunan bayram atəşfəşanlığına tamaşa etmək üçün gediblər. Hücum edənlərin isə onları əvvəlcədən izlədiyi bildirilir. Hücum edənlər xaricilərin üzərlərindəki pulu, telefonları və digər qiymətli əşyaların heç birini götürməyiblər. Bu da hücumun qarət məqsədilə edilmədiyini göstərir.
Hadisə barədə Amanda Erikson telefonla ABŞ səfirliyini məlumatlandırıb. İnsident barədə səfir Metyu Brayzaya təcili məlumat verilib və o, səfirliyin “miqalkalı” avtomobilini döyülənlərə yardım üçün göndərib. Elə hadisə yerində də hücuma məruz qalanlara ilk yardımı Amerika səfirliyinin əməkdaşları göstərib. Qeyd edək ki, hüquq müdafiəçisi Silya Devis Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) üçün treninqlər keçirir və könüllü kimi fəaliyyət göstərir. Amanda Erikson da onunla birlikdə bir neçə gündür Bakıdadır, bir gün əvvəl onun azərbaycanlı gənclərin mobil telefonlarda wap-saytlar yaratması və belə saytlara maraq barədə “The Christian Schience Monitor” qəzetində məqaləsi dərc olunub. Bildirilir ki, Amanda Erikson və Silya Devis yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirdilər. Erickson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.
ABŞ səfirliyinin dünən yaydığı məlumata görə, səfirlik cinayətdən xəbərdardır və səfirlik işçiləri hücuma məruz qalanlara yardım edirlər: «Zərərçəkənlər polisə məlumat veriblər, təhqiqat barədə bütün suallar Azərbaycan polisinə verilməlidir». Amanda Eriksonun özü isə AzadlıqRadiosuna deyib: «Mən hər hansı bəyanat vermək istəmirəm. Məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb». Hər iki xanım iyunun 16-da hadisə ilə bağlı polisdə olublar və ifadə veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, araşdırma aparmadan nəsə demək düz deyil: «Bizim üçün fərqi yoxdur, xarici ölkə vətəndaşıdır, ya Azərbaycan vətəndaşıdır. İstənilən şəxs cinayət xarakterli əməllə üzləşibsə, polisə müraciət etsin. Müraciət ediblərsə, bununla bağlı zəruri tədbirlər görüləcək ki, üstü açılsın. Araşdırma zamanı məlum olacaq ki, motiv nədir. Bəri başdan nəsə demək tələsik olardı».
RATİ-dən məlum olub ki, döyülənlər Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. “Azadlıq” radiosu həmin xanımlarla əməkdaşlıq edən RATİ rəhbəri Emin Hüseynovla əlaqə saxlayıb. O, qızların döyüldüyünü, Silya Devisin qolunun qırıldığını deyir. Hüquq müdafiəçisi yaxın günlərdə əməliyyat üçün Böyük Britaniyaya yola salınmalıdır. Emin Hüseynov da, həmin xanımları tanıyan jurnalist Eynulla Fətullayev də onların qorxduğunu, sarsıntı keçirdikləri üçün danışmaq istəmədiklərini deyirlər: «Qorxurlar. Mən deyirəm dəqiq döyüblər. Hətta onlardan birinin - Silyanın qolunu sındırıblar. Altı-yeddi nəfər şəxs olub, hücum edən, idmançı görkəmində olublar. Qızlar da çox qorxublar. Onlar şokdadırlar. Azərbaycan hüquq-mühafizə orqanları maksimum 3 günə bunun üstünü açmalıdır. Özü də şəhərin hər yerində kameralar quraşdırılıb. Bu qədər vəsait ayrılıb».
Eynulla Fətullayev qızların döyülməsini xuliqanlıq kimi dəyərləndirmir: «Mən düşünmürəm ki, bu xuliqanlıqdır. Bu açıq zorakı aksiyadır. Məni bu hadisə dəhşətə gətirib. Şokdayam. Təsəvvür edin, bu səhər biz görüşməliydik. Bu hadisə mənə pis təsir edib. Bir azdan gedib görüşəcəyik. Bu hadisə mütləq araşdırılmalıdır. Rəsmi təhqiqatla yanaşı ictimai təhqiqat da aparılmalıdır». Bəs hadisənin motivləri nə ola bilər? Emin Hüseynov konkret fikir deməyə çətinlik çəkir. Amma o, hadisənin detallarına diqqət çəkir: «Bu xanımları bir neçə dəqiqə möhkəm döyüblər. Üstlərindən də heç nə götürülməyib: nə pul, nə kart, nə telefon. Bu xanımların üst geyimləri də qıcıqlandırıcı deyildi. Həmin gün Qurtuluş günüylə bağlı atəşfəşanlığa gediblər. Yolda gedəndə izləndiklərini biliblər. Evlərinin düz qarşısında döyülüblər. Hətta onlara qarşı güləş fəndindən istifadə ediblər. Onları bir neçə dəfə qaldırıb yerə vurublar. Üstəlik də bizim əməkdaşı - Silyanı yerə yıxıb təpikləyiblər. Sual edirəm, bu kimə lazımdır? Dörd oğlan iki xanımı niyə qəddarlıqla döysün?» Bakıda keçirdiyi brifinqdə dövlət katibinin müavini T.Melia deyib ki, insident barədə yeni eşidib və hücumdan narahatdır. O, hadisənin üstünün polis tərəfindən açılacağını gözlədiklərini deyib. ABŞ səfirliyinin əməkdaşı Terri Devidson da jurnalistlərin suallarına cavab olaraq səfirliyin hadisə barədə polisə müraciət etdiyini, araşdırmanın nəticələrini gözlədiklərini və hələlik əlavə şərh vermək istəmədiklərini bildirib.
İlk dəfədir ki, Bakıda xarici jurnalist bu cür planlaşdırılmış hücuma məruz qalır. Özü də hücuma məruz qalanlardan biri Amerikanın və dünyanın ən nüfuzlu iki qəzeti ilə əməkdaşlıq edir. «Washington Post» və «New York Times» vaxtaşırı olaraq Azərbaycan iqtidarını kəskin tənqid edən məqalələr dərc edir. Elə qalmaqallı Dubay villaları barədə məqalə də «Washington Post»da dərc olunmuşdu. Lakin bu insidentin ABŞ dövlət katibinin insan haqları, demokratiya və əmək məsələləri üzrə müavini Tomas Melianın Bakıya səfəri ilə eyni gündə baş verməsi hadisənin arxasında kifayət qədər ciddi və uzaqgedən məqsədlərin dayandığına işarə edir. Belə ki, Tomas Melia Azərbaycanla ABŞ arasında iki ildir dayanan demokratiyaya dair dialoqun aparılması üçün Bakıya səfər edib. Bu dialoqun yenidən bərpası Azərbaycan iqtidarının, ayrıca olaraq ölkə prezidentinin ABŞ-la münasibətlərdəki yaranmış gərginliyi yumşaltmaq, demokratiya və insan haqları məsələlərində Vaşinqtonla əməkdaşlığa getmək xətti götürdüyünü göstərir. Xəbər verildiyi kimi, diplomatın gündəmində jurnalistlərə qarşı hücumlar, siyasi fəalların həbsi, söz azadlığı sahəsindəki vəziyyət kimi ciddi problemlər dayanırdı. Məhz belə bir vaxtda biri amerikalı jurnalist, digəri britaniyalı hüquq müdafiəçisi olmaqla iki xarici vətəndaş Bakıda idmançı görkəmli naməlum şəxslərin hücumuna məruz qalır. Şübhəsiz ki, bu insident kifayət qədər ciddi rezonans doğuracaq və onun üstü açılmasa, Azərbaycan hakimiyyəti üçün başağrısına çevriləcək. Bəs bu hücumda kimlər maraqlı ola bilərdi? Söhbətləşdiyimiz, Bakıdakı Qərb diplomatik çevrələri ilə təmasda olan məlumatlı ekspertlərdən biri bildirir ki, görünür, izi Azərbaycanın, prezident Əliyevin ABŞ-la münasibətlərinin düzəlməsini istəməyən qüvvələrdə axtarmaq lazımdır. Bu qüvvələr Azərbaycanın üzünü birmənalı olaraq şimala-Rusiyaya çevirmək istəyənlərdir və şübhəsiz ki, Moskvadan dəstəklənirlər.


musavat.com

Комментариев нет:

Отправить комментарий