01.06.2011

Yaltaqlar bayramı


Azərbaycanda hər cür bayram keçirilir, kitab bayramı, gül bayramı, əlifba bayramı və s. Amma deyirəm kaş ki, bir yaltaqlıq bayramı da keçiriləydi, onda dünya görərdi ki, analar necə oğullar, bağışlayın necə yaltaqlar doğub. Əvvəla onu deyim ki yaltaqlara elə hər yerdə yaltaq kimi baxırlar. Elə bilməyin ki, idarə rəisi nazirə yaltaqlanırsa, başını ayaqlarına sürtürsə ona yaxşı oğlan deyirlər, xeyr. Ona elə yaltaq deyirlər. Ola bilər o bunu eşitmir, amma çox güman ki, nazir ürəyində məhz belə deyir: “rədd ol da (bunu başqa cür də ifadə edə bilər) ay yaltaq, onsuz da bilirəm vəzifəmə görə yaltaqlanırsan”.  Fərq etmir, qarşı tərəfin münasibətindən asılı olmayaraq yaltaqlıq böyük istedaddır. Yaltaqlıq haqqında xalqımız hətta çoxlu lətifələr də qoşub. Çünki yaltaqlıq Azərbaycanda qədim peşədir və hətta fahişəliklə eyni tarixə malikdir. Niyəsini bilirsiniz? Bilmirsinizsə deyim. Çünki ilk yaltaqlar məhz elə fahişlər olublar. Onlar müştəri qazanmaq və daha çox pul qopartmaq üçün məhz yaltaqlanmağa məcbur olublar. Müasir yaltaqlar isə daha çox vəzifə almaq, yaxud vəzifəni itirməmək üçün yaltaqlanmağa məcburdurlar. Onları buna heç kim məcbur etmir, onlar özləri belə istəyirlər. İnsanın qarnı ac olanda mədəsi qidanı necə tələb edirsə yaltaqlar da bircə gün yaltaqlanmayanda özlərini narahat və pərişan hiss edirlər. Bu isə onların psixikasına mənfi təsir göstərir və nəticədə tərs-məzhəb şüarlar səsləndirir, hətta rəhbər vəzifəli şəxsə “baş məşqçi” də deyə bilirlər. Bəs nə? Hələ yaltaqlıqdan özünü itirib “Allah sənə eşq olsun” deyənlərə də rast gəlmək olar. “Allah ömrümdən kəsib sənə versin”, “sənə qurban olum” və s. kimi yaltaqlıq dolu çıxışları isə daha demirəm, çünki bunlar artıq geniş yayılıb və gündəlik eşitdiklərimizdir.
Yaltaqlıq həm istedadın ən yüksək təzahür formasıdır, həm də onun isterik vəziyyətdə olması. Deməli guya nəslinin, elinin, tayfasının ağsaqqalı olan hansısa yekəqarın yaltaqdan vaxtında lazımı təyinat üzrə, heç olmasa qoruyucu vasitə kimi istifadə olunsa isterikaya düşməz və fikirləri qarışmaz. Yarışmanı təşkil etmək buna görə çox vacibdir. Qoy xalq kimin kim olduğunu görsün, qiymətləndirsin. İnanın ki, yarışmanın təşkili zamanı xeyli gənc yaltaqlar peyda olacaqlar. Onlar gözəl şerlər deyəcək, mədhiyyələr söyləyəcək, mahnılar oxuyacaq, təkliflər, hətta şüarlar səsləndirəcəklər.  Hətta bəziləri lap qabağa gedib yarışmanın qalibi olmaq üçün təşkilat komitəsinə də yaltaqlanacaqlar. Onda daha istedadlılar daha aydın üzə çıxacaq. Biz də ən yaxşı yaltaqları televizora baxmadan da tanıyarıq.
Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, BDU-ya Heydər Əliyevin adı verilə bilər. Bəzi insanlar bu təklifə qısqanclıqla yanaşırlar. Ona görə yox ki, təklifdən xoşları gəlməyib, ona görə ki, onlar bu təklifin niyə birinci onların aölına gəlmədiyinə görə həm özlərini qınayırlar, həm də Abel müəllimə ısqanclıqla yanaşırlar. Amma nahaq yerə. Başı işlətmək lazımdır. Abel müəllimə fəaliyyətində uğurlar arzulayırıq.


yenilik.az

Комментариев нет:

Отправить комментарий