03.06.2011

YAXIN ŞƏRQ VƏ TERROR

YAXIN ŞƏRQ VƏ TERROR
Artıq yüz ilə yaxındır ki, terror və Yaxın Şərq sinonim sözlər kimi işlənməkdədir. Hər gün Yaxın Şərqdə terror onlarla, bəzən də elə günlər olur ki, yüzlərlə günahsız insanın həyatına son qoyur. Terrorizmə qarşı mübarizə adı altında bütöv ölkələr işğal olunur, beynəlxalq miqyasda terrorizmə qarşı savaş elan olunur, lakin bütün bunlara baxmayaraq terror hər gün daha da öz miqyasını genişləndirir və daha çox can almağa davam edir.

ABŞ başda olmaqla bir çox aparıcı Qərb dövlətləri terroru yeni dünya düzəminə qarşı əsas təhlükə mənbəyi olaraq görsələrdə, bu günə qədər Yaxın Şərqdəki terroru durdurmaq üçün ortaq bir strategiya və proqram hazırlayıb ortaya qoya bilməyiblər. İran, Suriya, Sudan kimi ölkələri terrora yardım göstərməkdə günahlandıran Qərb dövlətləri öz aralarında belə terror təşkilatlarına qarşı eyni münasibəti nümayiş etdirə bilmirlər.
Qərb dövlətləri ittiham etdikləri İran və Suriyadan fərqli davranmayaraq Yaxın Şərqdəki terrordan daha çox öz siyasi məqsədləri üçün yararlanmağa çalışırlar və ona görə də terror təşkilatlarına qarşı ikili standartlar irəli sürürlər. Hətta Avropa ölkələri bir sıra terror təşkilatlarına qucaq açmaqdan çəkinmir. Misal üçün PKK sərbəst şəkildə bütün Avropa məkanında fəaliyyət göstərir. Bölücü terror təşkilatlarının «Roj» televiziya kanalı da Avropadan bütün dünyaya yayılır. Bir zamanlar Avropa «ASALA»ya da elə bu şəkildə qucaq açmış və erməni terrorunun arxasında durmuşdu.

Yaxın Şərqdə terrorun tarixi və səbəbləri

Terror Yaxın Şərqə yəhudilərin 1920-ci illərdən başlayaraq Fələstin torpaqlarına köç etməsi ilə birlikdə gəldi. Bu anlamda İsrail Yaxın Şərqdə həm terrorun yaranmasının səbəbi, həm də terrorun qurbanıdır.
Yəhudilərin Fələstinə qayıdışına etiraz edən ərəb kəndliləri gecələr yəhudi yurdlarına hücum edir və yəhudilərin geri qayıtması üçün şiddətə baş vururdular. Yəhudilər də ərəblərə eyni üsulla cavab verməyə və ərəblərə qarşı radikal hücumlar həyata keçirməyə başladılar. Çox keçmədi ki, Yaxın Şərqdə terror gündəlik həyat şəraitinə dönuşdü.
«İxvan Camaatı» təşkilatında birləşən ərəblər dəfələrlə yəhudilərin Fələstində yerləşməsinə qarşı üsyan qaldırsalar da, bu üsyanlar bölgəni işğal altında tutan ingilislər tərəfindən qanlı şəkildə yatırdılırdı. 1948-ci ildə İsrail dövlətinin yaranmasına qədər artıq ərəblərlə yəhudilər arasında dini və milli dözümsüzlük ən yüksək səviyyədə idi və bu iki xalqın bir yerdə yaşaması doğrudan imkansız hala gəlmişdi.
Fələstin xalqının dirəniş mübarizəsini 1950-1975-ci illərdə Fələstin İslamçı Hərəkatı aparsa da, bu zamanlar arasında bu təşkilatın ciddi terror fəaliyyətləri nəzərə çarpmayıb. Bu dövrdə İsrail qarşısında böyük hərbi məğlubiyyətə uğrayan ərəb dünyası ciddi ümidsizliyə düçar olmuşdu.70-ci illərdən başlayaraq ərəb dünyası dünyanın İsrail işğalına və bu dövlətin sadə ərəblərə tətbiq etdiyi dövlət teroruna qarşı çıxış yolunu eyni mübarizə üsulunda, yəni terrorda gördülər.
1965-ci ildə Sovet İttifaqının yardımı ilə qurulan solçu Fələstin Azadlıq Təşkilatı İsrailə qarşı mübarizə qərarı aldıqdan bu günə qədər bölgədə terror durmadan öz miqyasını genişləndirib. Bundan sonra Yaxın Şərqdə bir çox solçu və islamçı təşkilatları yaradılsa da, bu təşkilatların hamısı İsrailə qarşı əsas mübarizə metodu olaraq terrorçu seçmişlər. 1980-ci illərdə «HƏMAS»ın meydana çıxmasından sonra İsrailə qarşı terror savaşı daha da genişləndi və kamikadze terroru Yaxın Şərqin siyasi reallığının bir hissəsinə çevrildi.
«HƏMAS», «Hizbillah», «Əl-Qaidə» kimi islamçı terror qruplaşmaları islam terroru termininin yaranmasına səbəb olublar.

Yaxın Şərqdə terrorun təsnifatı

Bu gün Yaxın Şərq bölgəsində müstəqillik, ya da hegemonluq istəyən bütün güclər çatışmaqdadır. Hər kəs nəyisə başqasına verməmək, ya da nəyisə başqasından almaq üçün savaşır. Savaşın metodu isə terrordur.
Yaxın Şərqdəki terrorun mahiyyətinin iki əsas siyasi özəlliyi mövcuddur. Birinci halda terror «alınan vəkalət» üzərinə həyata keçirilir. Yəni bölgəni öz nəzarətləri altında saxlamaq istəyən güclər bəzi terror təşkilatlarına terror həyata keçirmək üçün tapşırıqlar verir və bu terror təşkilatlarına hər cür imkanlar yaradır, maddi və siyasi dəstək verirlər. İkinci halda isə ölümünə savaş metodu olaraq görünür. Yəni terror haqsızlığa, ədalətsizliyə, istismara və zülmə qarşı gücsüzün yeganə svaş metodu olaraq çıxış edir. Tutaq ki, birinci halda İran bölgədə «Hizbullahı» dəstəkləməklə özünün siyasi məqsədlərini həyata keçirmək istəyir. Ya da PPK-nı müdafiə də edən Avropa dövlətləri bu yolla Türkiyəni zəiflətməyə çalışırlar. İkinci halda isə Fələstin xalqı «terror savaşı» siyasəti yürütməkdən başqa çıxış yolu görə bilmir. Çünki dişinə qədər silahlanmış düşmənin qarşısında əli yalın və gücsüz durumdadır.
Ancaq hansı siyasi məqsədə qulluq etməsindən asılı olmayaraq təşkilatlanmış terrorun arxasında mütləq bir, yaxud da bir neçə dövlət durur. Əks halda terror təşkilatlarının uzun müddət fəaliyyət göstərmək imkanları yoxdur.
Əslində terror dövlətlərin bir-birinə qarşı apardıqları gizli partizan savaş metodudur. Dövlətlər bir-birini zəiflətmək məqsədi ilə həmin dövlətə qarşı vuruşan terror təşkilatı yaradır və onları təchiz edirlər. Dövlətlərarası münasibətlərdə bu savaş daha çox «aşağı səviyyədə gizli savaş» adlandırılır.

Terror savaşı mədəniyyətlərarası savaşdır

Soyuq savaş bitdikdən sonra böyük ölçüdə şiddətlənən terror bu gün bütün mahiyyəti ilə Qərb və Şərq arasında gedən savaşdır. Burda Qərb deyərkən Yəhudi-Xristian və Yunan-Roma mədəniyyətləri üzərində Qərbi Avropa və Şimali Amerika nəzərdə tutulur. Şərq isə yalnız İslam dünyasını anladır.
Bu savaşın tarixi dünya qədər qədim olsa da, ötən əsrin 80-ci illərindən başlayaraq dünyaya islam terroru olaraq tanıdılan terror məhz Şərqin Qərbə qarşı qoyuduğu yeni müqavimət hərəkatıdır.
Yaxın 10-20 il müddətində Qərb imperializminə qarşı mübarizə aparan islam terrorunun daha da genişlənəcəyi və kütləviləşəcəyi gözlənilir. Çünki indiki anlamda Qərb-Şərq savaşı güclü ilə gücsüzün savaşıdır. Və islam terroru Qərb qarşısında gücsüz olan Şərqin ölməmək üçün ölmək anlamında özünü qoruma metodu olaraq meydana çıxır.
Terror Qərbin hərbi və siyasi gücü qarşısında İslam Şərqinin ortaya qoya bildiyi xalq müqavimət hərəkatıdır. Və bu müqavimət hərəkatı ona görə terroru mübarizə üsulu olaraq seçir ki, Yaxın Şərq dövlətlərinin rəhbəri ya marionet krallar, şahzadələr və şeyxlərdir, ya da anormal diktatorlardır. Hansı ki, bu rəhbərlərin heç biri öz xalqının və dövlətlərinin milli maraqlarını müdafiə edə bilmirlər.

İslam terrorunun anlamı nədir?

Klassik terror təsnifatı, terroru 4 sinifə ayırırdı. Bunlar milliyətçilik üzərinə oturan terror, şəhər partizan terroru, Latın Amerika modeli terror və silahlı təbliğat əsasında dayanan terror olaraq sıralanırdı. 1980-ci illərdən başlayaraq 5-ci terror sinfi meydana çıxmağa başladı. Bunu islam terrorizmi adlandırırdılar.
İlk olaraq onu qeyd etmək gərəkir ki, İslam terrorizmi müasir ideologiyaların hamısını inkar edir və bütün ideologiyaların bütün formalarını küfr olaraq dəyərləndirir. İslam terroru başqa ideologiyaların terror təşkilatları ilə əlaqə qurmaz və heç bir zaman taktiki hədəflərini paylaşmaz.
Son məqsəd olaraq, bütün dünyanı əhatə edəcək bir İslam Xilafət dövləti qurmağı hədəfləyirlər. Bunun üçün terrordan bir vasitə kimi istifadə edirlər.
İslam terrorizmi digər terrorlardan ayıran özəlliklərdən biri də terrorun müqəddəs cihad elan olunmasıdır və İslam terrorizminin liderləri terror ?«cihadını?» son və qəti qələbə qazanana qədər davam etdirəcəklərini bildirirlər. Yəni ?«əl Qaidə?» tipli İslam terroru heç də hansısa nailiyyətlər əldə etmək şərtləri altında sülhə nail olmağı qətiyyən düşünmür. Bu tipli İslam terrorunun məqsədi bütün düşmənləri və kafirləri bütövlükdə məhv eləməkdən və bütün dünyanı islamlaşdırmaqdan ibarətdir.
İslam terrorizminin başqa bir özəlliyi isə özünün teoriyasını fərdlər üçün də, dövlətlər üçün də keçərli bilməsidir. Yəni Allahın düşmənlərini öldürmək, kafirləri islam dini ilə ölüm arasında seçim etməyə zorlamaq hər bir möminin vəzifəsi olduğu kimi dövlətin də vəzifəsidir. Əgər bir müsəlman ölkəsi üzərinə düşən bu vəzifəni icra etmirsə, o zaman həmin dövlət kafir dövlətdir.
Beynəlxalq İslam terror təşkilatının öndə gələn liderlərindən biri Ayətullah Fəzlullah Məhalati İslam terrorunun beynəlmiçiliyini belə ifadə edir: «Bir İslam dövləti möminlərin toplamından ibarətdir. İslam dövləti bütün dünya Haqq Dinin işığını görüncəyə qədər savaşan dövlətdir».

İsrailin dövlət terroru

Yaxın Şərqdə terrorun durmadan şiddətlənməsi və bitməyən məcraya yönəlməsinin əsas səbəbi İsrailin yaratdığı gündən bəri Fələstin xalqına və bütövlükdə ərəb dünyasına qarşı uyğunladığı dövlət terrorudur. İsrail terrorçuları həbs edərək mühakimə etməyə çalışmır. Əksinə tam bir terrorçu məntiqi ilə daranaraq dünyanın hər yerində terrorçuları izləyərək onları ya bombalayaraq, ya da güllələyərək öldürür. Bir dövlətin cinayətkarlara və terrora qarşı bir şəkildə davranması hüquqa zidd olduğu kimi, dövlətin mahiyyətinə də ziddir.
İsrailin Fələstinin yaşayış məskənlərinə atdığı raketlərdən hər gün onlara günahsız insan, o cümlədən uşaqlar ölür. Fələstinin terror təşkilatları da bu dövlət terrorunun qurbanlarının intiqamını almaq məqsədi ilə kamikadze terrorundan yararlanırlar. Qarşılıqlı terror intiqamlarının qurbanları isə, günahsız ərəb və yəhudilər olur.
Təkcə ona qeyd etmək yetərlidir ki, İsrailin Livana və Qəzzəyə qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar zamanı mindən artıq dinc Livan və Qəzzə sakini, uşaqlar, qocalar, qadınlar, bütöv ailələr öldürüldü. Livanın bütün instrukturu dağıldığı və böyük şəhərlərdəki çoxmərtəbəli yaşayış binaları yerlə-yeksan oldu. Qəzzənin blokadada saxlanılması isə on minlərlə insanın məhrumiyyətlərə düçar olmasına yol açır.
İsrail özünün dövlət terrorunun dəhşətli və anlamsız sifətini Qəzzəyə humanitar yardım aparan «Mərmərə» gəmisinə hüsum edərkən ortaya qoydu. Əslində humanitar yardım aparan bir gəmiyə hüsum etmək üçün heç bir lüzum yox idi, amma İsrail dövləti bir daha dünyaya meydan oxumaqdan çəkinmədi. Günahsız insanların ölümü ilə nəticələnən bu hüsumla İsrail dünyaya və Türkiyəyə mesaj verdi ki, heç kim onun Fələstində törətdiyi qırğınlara qaışa bilməz.
Lakin bütün bunların müqabilində İsrail istədiyinə nail ola bilmədi. Yəni Livanda «Hizbullah»a ciddi zərər yetirə bilmədi. Əksinə «Hizbullah»ın siyasi və ideoloji mövqeyini daha da gücləndirdi. «Hizbullah» İsrailə qarşı apardığı mübarizədə haqlı olduğunu bütün dünya qarşısında sübut etdi. «Həmas» isə Qəzzədə kifayət qədər gücləndi və beynəlxalq dəstəyini artırdı. Eyni zamanda beynəlxalq ictimai rəydə İsrailin törətdiyi dövlət terrorunun qarşı qoyduğu İslam terrorundan heç bir şeylə fərqlənmədiyi isbatlandı.
Bütün hallarda İsrailin yürütdüyü terrora qarşı terror siyasəti Yaxın Şərqdəki bütün sülh proseslərinə öldürücü təsir göstərir. Və İsrailin bu siyasəti davam etdikcə Yaxın Şərqdə sülhə nail olmağın yolları görünmür.

Terror haqlı ola bilərmi?

Terror fəaliyyətlərinə baş vuranlar təbii olaraq özlərini haqqlı göstərməyə çalışırlar. Onlar üçün bu yalnız düşmənə qarşı aparılan ölümünə savaşan metodudur. Fələstinlilər günahsız insanların ölümünə ona görə haqq qazandırırlar ki, onların torpaqları İsrailin işğalı altındadır və dünya birliyi işğalçının mövqeyini müdafiə də edir. Fələstinli terrorçular hesab edirlər ki, ölən insanlara görə onlar yox, məhz onların haqqlarını tapdalayan İsrail dövləti məsuliyyət daşıyırlar.
Bunun əksinə olaraq İsrailin rəsmilər uyğunladıqları dövlət terrorunun terroru yox etmək məqsədi daşıdığını iddia edərək, ölən günahsız insanlarla eyni damın altında terrorçuların olduğunu bildirirlər. İsrailə görə terroru yox etməyin başqa yolu yoxdur və əgər onlar bu şəkildə davranmasalar, İsrail dövlətinin və yəhudilərin Fələstindəki varlığından danışmağa dəyməz.
Hər iki tərəf özünün haqqlı olduğuna inanır və buna görə də savaşırlar. Yəni öz haqqları uğrunda savaşırlar. Məsələni çıxmaza soxan isə hər iki tərəfin özünü yüz faiz haqqlı, qarşı tərəfi isə yüz faiz haqqsız görməsidir. Bu inancla terroru bitirmək üçün yolun sonuna varılması isə imkansızdır.
Eyni zamanda terroru törədən səbəbləri yox etmədən, terroru yox etmək yer üzündə ədalətli yox etmək anlamını ifadə edir. Heç bir qüvvə terroru yox edəcəyinə ümid bəsləməməlidir. Buna İsrailin, ya da ABŞ-ın gücünün yetəcəyinə inanmaq da fantastikaya inanmaq kimi bir şeydir. Çünki terroru yaradan səbəb, bu iki dövlətin öz haqqlarını başqa haqqlar üzərində tutmaq üçün istifadə etdikləri zorakılıqdır.
Bütün hallarda isə terroru haqlı elan etmək yer üzünü bitirmək deməkdir. Çünki terrorun haqlı olduğu yerdə hüquq və ədalət ölür, xaos və zülm bərqərar olur.



davamqezeti.com

Комментариев нет:

Отправить комментарий