22.07.2011

Misir + Məleykə = Misir məleykəsi

Hüsamə bin Sərxan      
Qarazəncir Antimason Lojası
               
              1. Misirəbadi təhsilimizə məleykəbadi nəzər

  Hər gün ətrafda saysız-hesabsız cinayətlər baş verir və insan öz dəhşətli sükutu ilə bu cinayətlərin iştirakçısına çevrilir - Azərbaycan adlı canım məmləkətimdə. Görəsən bir millət olaraq biz hansı zamanda və halda yaşamalıyıq ki, görünənlə mahiyyət, təsəvvür olunanla həqiqət arasınındakı ölçüyə gəlməz fərqi anlayaq. Uzağa getmədən bir anlıq gözlərimizi yumaq və bu günkü təhsilimizin misirəbadi (əndirəbadi) vəziyyətinə məleykəbadi nəzər salaq. Saldınızmı? Yaxşı... İyi... Xoroşo... Nə görürsünüz? Bataqlıq, çirkab, üfunət... Bütün bunlar öz yerində, bilirsiniz daha dəhşətlisi nədir?! Bilmirsiniz?! Onda deyim bilin: bəla odur ki, bizi o üfunətxanaya da buraxmaq istəmirlər. Xüsusən, milli itlərimizdən (xarici itlər keyfdədir) betər həyat yaşamağa  məhkum edilmiş əyalət insanlarını. Kimdir müqəssir? Dövləti idarə edən Prezidentmi? “Hə” deyib imanımı yandıra bilmərəm. Çünki hər il Özü və Xanımı tərəfindən xeyir-duası verilən onlarla bir-birindən gözəl təhsil müəssisəsinin inşası fonunda başqa sayaq düşünməyim əsassız və məntiqsiz. Bəlkə də Prezidenti Azərbaycan təhsilini məhv etmiş Misir-Məleykə tandeminin eybəcər və murdar oyunlarına son qoymamaq amacına görə qınamaq olar. Amma bir şərtlə: biz özümüz sükuta son qoymalı, təhsilimizi uçuruma yuvarlatmış qərb və mason ideoloqlarının qul-beçələrinə yox deməliyik. Əks halda təhsilimizin “başbilən”ləri öz diletant çıxışları və əməlləri ilə Prezidenti aldatmaqda davam edəcək, gələcəyimizi öz gülbalalarının gələcəyinə xatir erməni gordalarında dəfn edəcəklər. Allahı aldadan, Peyğəmbəri-imamı barmağına dolayan məmurun Prezident aldatmağı, iranlıların sözü olmasın, nəmənə şeydiki, baba.
  Kənardan baxanda müşahidəçidə elə bir təəssürat yarana bilər ki, təhsilimizi şaxsey-vaxseylik edən başlıca və yeganə günah sahibi təkcə Misir Mərdanovdur, vəssalam. Amma yox. Dərindən nəzər salsaq təhsilimizi idarəedən qüvvənin çoxbaşlı hidra olduğunu görərik. Lakin həmin başlar bir-birini gəmirməyə başladığından, orıs Krılovun xərçəng, balıq və durna haqqında təmsilinin personajları peyda olublar. Cəhənnəm bala, hidra heç olmasa hansısa istiqamətdə hərəkət etməyə qadirdir.Fəqət Krılov təmsilinin personajlarının yeganə missiyası bir-birinə əngəl yaratmaqla, arabanın (təhsilin) hərəkətini tormozlamaqdır. Professional Oxucu Liqasının rəhbəri İbrahim Selin peşəkar marağını nəzərə alıb bildirirəm ki, çoxbaşlı Hidra - milli deputatxanamız, Xərçəng - təhsil nazirimiz, Durna - TQDK sədrimizdir. Qaldı Balıq. Qoy Balıqı özü tapsın.      

                         2. Mənim oğlum kilkədi

Mənim oğlum kilkədi. Xərçəng və Durnanın ən çox sevdiyi təamlardan biri, bəlkə də birincisi. İyul ayının 22-si onun yeyilmək növbəsidi. Təvəkkül Durnamızın əzəmət və böyüklüyünə. Əslində oğlumun qəbul olunmaq ehtimalı var. Bir şərtlə ki, Durna rəhmə gəlib, 1-ci qrupda olduğu kimi xarici dildən “0”-u aradan götürə. Bəri başdan deyirəm: əgər götürməsə Allah evini, Prezident Komitəsini yıxsın. Çox çalışdım, çox əlləşdim, hətta boğazımdan kəsib hansısa oğraşa aylıq da verdim ki, oğluma ingilis dilini öyrətsin. Məlasəf, nə oğraş öyrədə bilmədi, nə də oğlum öyrənmək istədi. Sonda oğlum özümə də ləzzət eləyən tonda dedi: “Ay ata, mən ingilisin dilini öyrənməyəcəm!” Oğlumun haqlı düşüncəsinə əhsən deyib, üzdə olmasa da içimdə onu dəstəklədim. Çünki heç bir halda hansısa çujoy dili bilməmək, insanın təhsil almaq hüququnu əngəlləməməlidir. Özü də o məmləkətdə ki, o məmləkətdə ali təhsilin insanın karyerası üçün heç bir əhəmiyyəti yoxdur. Yetər ki böyük bir müəssisənin patronu “başdanbuba” İlqar olmaq üçün DƏK sədri Kərəm Həsənovun adamı olasan.    

            Yazının “Daban”:
...Bu məmləkətdə ancaq o adam elmin parlaq zirvələrinə ucala bilər ki, Məleykənin girdirmə testlərindən qorxmayıb, Misirin daşlı-kəsəkli cığırları ilə dırmansın. ( K. Marks)
...Yalnız Məleykə xanımın hazırlamış olduğu bütün testləri bilməklə öz zehnini zənginləşdirdiyin zaman əsl alim olmaq olar. ( V. İ. Lenin)
...Döyüşdə silah lazım olduğu kimi, həyatda da test lazımdır. (J. J. Russo)
... Bir test sualı da məndən. Kim doğru cavabı tapsa özünün yaxud hansısa yaxınının atestatı mənim boynuma. Beləliklə, Misir Mərdanovla Məleykə Abbaszadənin arasında hansı riyazi işarə qoyulmalıdır:
a) + (üstəgəlmə); b) – (çıxma); c) x (vurma); d) : (bölmə); e) heç biri.

Комментариев нет:

Отправить комментарий