26.01.2012

Türkiyəyə gedən fahişələr artır


Türkiyədə “at oynadan” azərbaycanlı qadınlar

“Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya edildilər”, “Türkiyədə qanunsuz yaşayan uşaq dayəsi ölkədən çıxarıldı”, “vətəndaş nigahında yaşayan azərbaycanlı qadın Türkiyədən qovuldu” və daha nələr... Bu kimi başlıqlı xəbərləri hər gün oxuyuruq və Azərbaycanın kənardan görünüşünün o qədər də xoş olmadığını hiss edirik.
Düzünə qalsa, Türkiyənin özündə də bu problem olduqca qabarıb, bunun səbəbi bir tərəfdən gəlmələr olsa da, bir tərəfdən yerlilərdir. Elə onların özündə bir məsəl var, “heç kim süddən çıxmış ağ qaşıq deyil”, bizim məsələ görə “heç kim aydan arı sudan duru deyil”. Amma insafən, rus, erməni, ukraynalı qadınlar bu ölkəni bərbad bir duruma gətirib çıxarıb.

Elə bizim qadınların da bu işdə əməyi az deyil. Yerindən duran Türkiyəyə qaçır. Bu indi də belədir, 90-cı illərin əvvəllərində də belə idi. Elə o illərdə, hələ mən məktəbli olanda bir gün sinif yoldaşımı bir küncdə ağlayan gördüm. Səbəbini soruşdum, demədi. Məcbur olub müəlliməni çağırdım. Məlum oldu ki, yoldaşımın atası ilə anası boşanır. Səbəb də anasının kiçik bacısının Türkiyəyə getmək istəməsidir. Kişi bunu özünə “yedirə” bilməyib, əlacı qadınını boşamaqda görmüşdü.
O vaxtlar uşaq idim, bunun əhəmiyyətini, önəmini anlaya bilmirdim, hətta təəccüblənirdim ki, Türkiyəyə getmək niyə pis hesab edilir. İllər keçdikcə, bu haqda daha çox bildikcə səbəbini anlamışdım. Sonradan bildim ki, həmin qız bacısının ailəsinin dağılmasına belə əhəmiyyət verməyib, istədiyini edib, gedib Türkiyəyə. Orada da fahişəliklə məşğul imiş, xəstəliyə tutulandan sonra valideynlərinin yanına qayıtmaq istəyib, amma onlar icazə verməyib. İndi hardadır, neynir, bilmirəm.
Qayıdaq məsələyə. Azərbaycandan Türkiyəyə qadınlarımız bir çox məqsəd üçün gedir. Kimisi iş qadınıdır, işi ilə bağlı gedir, kimisi ailəsi ilə dincəlməyə gedir, kimisi də alver etməyə. Maddi təminatı yaxşı olmayan qadınlarımız Türkiyəyə əsasən 3 iş üçün gedirlər.
1. Dayəlik
2. Xadiməlik
3. Fahişəlik
Qeyd etdiyim kimi, istisna hallar da var, amma bunlar olduqca az faiz təşkil edir. İş üçün, dincəlmək üçün gedən qadınlar bu yazımızı üzərlərinə almasın. Türkiyəyə ailə qurmaq üçün gedənlər də var, amma bu da o qədər cox faiz təşkil etmir. Daha dəqiqi, buradan Türkiyədə ailə qurmaq sevdası ilə gedənlər orda başqa yolun yolçusu olurlar.
Türkiyəyə gedən qadınlarımızın önündə birinci vacib “məsələ”var ki, bu da bu ölkənin vətəndaşlığını almaq məsələsidir. Müəyyən pul qarşılığında azərbaycanlı qadınlarla evlənən Türkiyə vətəndaşları da var. Azərbaycandan Türkiyəyə təzəcə getmiş, vətəndaşlıq almasa ölkədən çıxarılma qorxusu ilə yaşayan azərbaycanlı qadınlar müəyyən məbləğ ödəyərək özünə “ər” tapır. Təyin edilmiş müddət “evli” qaldıqdan sonra boşanırlar və “müvəqqəti ər” öz haqqını alır. Təbii ki, bu saxta evlilikdən Türkiyə polisi, ələxsus da “Yabancılar Şubesi” xəbər tutmasa.
Çoxunuza məlumdur, “Yaxşı Cazibə” serialı. Etiraf edək ki, serialdakı azərbaycanlı qız obrazı Türkiyədə çox sevildi. Serialın ssenaristi, rejissoru bəlkə də pis məqsədlə çəkməyiblər serialı, amma başlanğıc inkar edə bilməyəcəyimiz bir reallıqdır. Türkiyəyə iş üçün gedən azərbaycanlı qadının vətəndaşlıq almaq üçün saxta evlilik etməsi, rejissorun bununla əslində gerçəyi göstərməsi, azərbaycanlı qadının Türkiyədə qalmaq üçün etdiyi fırıldaqlar və s.
Qeyd edim ki, 90-cı illərin əvvəllərində erməni qadınların Türkiyəyə axını zamanı çoxusu özünü azərbaycanlı kimi qələmə verirdi. Azərbaycan türkçəsində kifayət qədər sərbəst danışan erməni gözəlləri sinələrini gərə-gərə “azərbaycanlıyam” deyirdi. Azərbaycanla Türkiyənin münasibətləri o qədər də inkişaf etmədiyindən coxları bu yalana inanırdı. Bu da haqqımızda pis təəssüratlara səbəb olurdu.
Türkiyədəki yadelli fahişələri rəqəmlərin gözü ilə görmək istəsəniz, bunu da araşdırdıq. Türkiyədə fahişəliyə məcbur edilən qadınların əksəriyyətinin Azərbaycan, Gürcüstan, Moldova və Rusiyadan olduğunu söyləmək mümkündür.
Məsələn, statistik nəticələrə görə 1996-cı ildə 112,1 min, 1997-ci ildə 93,5 min, 1998-ci ildə 125 min, 1999-cu ildə 122,6 min, 2000-ci ildə 182,1 min, 2001-ci ildə 189,3 min azərbaycanlı Türkiyəyə gəlib və ya gətirilib. Onların da mühüm faizini qadınlar təşkil edir ki, əksəriyyəti fahişəlik edib.
Statistikadan göründüyü kimi, hər il Azərbaycandan Türkiyəyə gedən insanların, yaxud aparılan qadınların sayında artım müşahidə edilir. Türkiyə Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə isə ötən 5 il ərzində 6352 nəfər azərbaycanlı Türkiyədən çıxarılıb. Təbii ki, bu onların cüzi bir hissəsidir. Çünki, çoxu gizlincə orada yaşamaqda davam edir.
Məsələnin təhlükə miqyasını təsəvvür etmək üçün Beynəlxalq Miqrasiya Təşkilatının (İnternational Organization of Migration) internet səhifəsində Türkiyədə qadın alveri ilə məşğul olan rus mafiyasının bir yazışması yayımlanmışdı:
“Rus mafiyası Azərbaycan qızlarından istifadə edir. Moskvada məlum bir agentliklə əlaqəyə girib qız istədiyimizi bildiririk. Ödədiyimiz məbləğ, qızın yaşına, gözəlliyinə və Türkiyədə qalacağı vaxta görə müəyyən edilir. Bir həftəyə 3 min dollardan 10 min dollar arasında pul ödəyirik. Türkiyəyə gətirilən qızlar isə hər bir müştəri ilə olan görüşdən 300-400 dollar gəlir gətirir. Çox vaxt qızları qarşılamaq üçün aeroporta maşın göndəririk. Müştərilərə göstərdikləri xidmətə görə qızlara ayrıca pul verilmir. Amma həftə ərzində münasibətlərimiz yaxşı olarsa, onlara hədiyyə ala və ya əlavə pul verə bilərik”.
Qadınlarımız isə Azərbaycandan qaçmağa həvəslidirlər, səbəbi sərbəstlik axtarışıdır. Yeganə istəkləri bizim mentalitet dediyimiz, bəzilərinin “geridəqalmışlıq” adlandırdığı yaşamdan uzaqlaşmaqdır. Amma çoxu bilmir ki, sərbəstliyinin axırı ya ömürlük fahişəlik, ya da AİDS kimi xəstəlikdən çürüməkdir. Üstəlik, hər biri ayrılıqda Azərbaycanın adını “batırmaq” üçün əlindən gələni edir. Bunun bir sonu olacaqmı, bax bu bəlli deyil.
Bilirəm, növbəti cümləm bir qədər sərt olacaq, bəlkə də feministlərin qəzəbinə tuş gələcəm, amma mütləq qeyd etməliyəm. Qısası, bizim əksər qadınlar türkiyəli oğlanlar üçün əldən-ayaqdan gedirlər. Böyüklərimizin bir misalı var, “yel əsib, qoz tölüküb”. Bu eynilə sözügedən duruma aiddir. Sanki Türkiyədə də belə bir yel əsib, özünü bilən ora qaçır. Onlara hər addımda rast gəlmək olur.
Bir çoxları əsas gətirir ki, bunda türk seriallarının rolu böyükdür. Düzdür, bunun təsiri danılmazdır, amma serialdakı fantaziyalara, şişirdilmiş əhvalatlara və “toz pembe” həyata aldananların normal dərrakəyə və şüura sahib olmadıqlarını hesab edirəm. Çünki belə seriallara baxanlar çoxdur və heç də hamı bu yalanlara aldanmır.
Türkiyədə vəhşicəsinə öldürülən azərbaycanlı qadınlarımızdan danışmıram hələ. Bir görüntü, xarizma uğuruna canından olan qızlarımız... Ya internetdə, ya turist kimi Bakıya gələndə, ya da başqa hər hansı vasitə iləsə tanış olduğu türkiyəli kişi ilə evlənən və ilk mübahisədə, ailəiçi kiçik davalarda qanına qəltan edilən qızlarımız...
İstanbulun Aksaray, Findiqzade, Fatih kimi səmtlərində azərbaycanlı qızların saxlandığı evlər var. O evlərdə olanlardan bir çoxumuz xəbərsizik. Oradakı qadınlarımızın türkiyəli kürdlərdən usaqlar dünyaya gətirdiyini bilirdinizmi?...

Lalə Mehralı     “Sağlam Toplum” İB-nin sədri

Комментариев нет:

Отправить комментарий