Əməkdar rəssam Görüş Babayev: "Görkəmli bəstəkar Qara Qarayevə Bakıda abidə ucaldılmasını istərdim"
Görüş Babayev 1943-cü ildə Bakıda anadan olub. Azərbaycanda istedadlı jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan, böyük alim, istedadlı yazıçı Nurəddin Babayevin övladıdı. Böyüdüyü mühit onu erkən yaşlarından incəsənət aləminə gətirib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. Ali təhsilini isə Sankt-Peterburqda alıb. Yüksək ixtisaslı kadr kimi Bakıya qayıdaraq xalq rəssamı Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltəraşlığın sirlərini öyrənməkdə davam edib. Bu gün istedadlı heykəltəraş kimi tanınan əməkdar rəssam Görüş Babayevin sənətsevərlər tərəfindən yüksək dəyərləndirilən əsərləri çoxdu. Həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda təşkil edilən müxtəlif sərgilərdə iştirak edib, beynəlxalq müsabiqələrin qalibi olub. Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehə Gəncədə ucaldılan abidə Görüş Babayevin imza atdığı uğurlu əsərlərdən biridi.
İstedadlı heykəltəraşın yaradıcılığından söhbət açarkən bir əsəri xüsusi qeyd etməmək mümkün deyil. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin heykəli müəllifinə böyük populyarlıq qazandırıb. Elə bu əsər müsahibimizlə söhbətə körpü saldı.
- Azərbaycan dünya mədəniyyətinə, incəsənətinə, elminə böyük simalar bəxş edib. Təəssüf ki, onların hamısını dünya miqyasında yetərincə təbliğ edə bilməmişik. Dahi şair və mütəfəkkir Nizami Gəncəvi bu məsələdə istisnalardan sayılır. Nizami Gəncəvinin qələmindən çıxan əsərlər müxtəlif dillərə tərcümə olunub, adı bəşər tarixində iz qoymuş dahilərlə yanaşı çəkilir. Qüdrətli söz ustadının şərəfinə təkcə vətənində deyil, xaricdə də abidələr ucaldılıb. Bu gün Rusiyanın paytaxtı Moskvada və açıq səma altında muzey adlanan Sankt-Peterburq şəhərində Nizamiyə heykəl qoyulub. Görüş müəllim, Nizami Gəncəviyə Sankt-Peterburqda abidə ucaldılması ideyası necə yarandı?
- 1991-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilərkən Nizami Gəncəvinin abidəsinin açılışı da baş tutub. Həmin dövrdə Sankt-Peterburq şəhərinin meri Anatoli Sobçak da açılış mərasimdə iştirak edib. Sobçak Nizami Gəncəvinin yaradıcılığına yüksək qiymət verib, böyük Azərbaycan şairinin Sankt-Peterburqun tarixində özünəməxsus yeri olduğunu bildirib. Mer hələ 1941-ci ildə İkinci Dünya Savaşının ən ağır vaxtında bu şəhərdə şairin 800 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu xatırladıb və təklif edib ki, tezliklə Sankt-Peterburqda da Nizaminin heykəli ucaldılsın. Onun bu təşəbbüsünü Azərbaycan tərəfi müsbət qarşıladığından hazırlıq işlərinə start verilib.
- Bəs necə oldu ki, bu iş məhz sizə həvalə edildi?
- Həmin dövrdə mədəniyyət nazirinin müavini işləyən Zülfüqar Fərzəliyevin təklifi ilə heykəli mən hazırlamalı oldum. Hazırlıq prosesi bir neçə il çəkdi. Çünki Nizami Gəncəvi kimi dahi bir şairin heykəlini yaratmaq o qədər də asan iş deyildi. İşə məsuliyyətlə yanaşırdım. Tanınmış memar Feliks Romanovski ilə tez-tez fikir mübadiləsi aparır, abidənin qoyulacağı ərazini dərindən öyrənirdik. Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, Azərbaycanda və Rusiyadakı bəzi həmkarlarım bu layihənin gerçəkləşəcəyinə o qədər də inanmırdılar.
- Niyə?
- Sankt-Peterburq meriyasının abidə üçün ayırdığı bağ şəhərin mərkəzi hissəsində yerləşirdi. Nevski və Kamennostrovski prospektlərinin kəsişdiyi yer həqiqətən də Sankt-Peterburqun ən mərkəzi hissələrindən biridi. Sənət dostlarım bu ərazidə Nizami Gəncəviyə heykəl qoyulmasına inanmırdılar. Lakin həm Azərbaycan hökuməti, həm də Sankt-Peterburq şəhərinin o zamankı rəhbərliyi sona qədər iradə göstərdilər və abidənin məhz bu ərazidə ucaldılmasına nail oldular.
Bu məsələ ümummilli lider Heydər Əliyevin də diqqət mərkəzində idi. Yadımdadı, Heydər Əliyev İncəsənət Muzeyinə gələrək heykəlin maketi ilə tanış oldu. Ölkə prezidenti maketi bəyəndikdən sonra mən heykəli tuncdan hazırlamağa başladım. Nəhayət 2000-ci il iyunun 9-da abidənin açılış mərasimi oldu. Azərbaycan prezidenti Heydər Əliyev cənabları, həmin dövrdə Rusiyanın prezidenti olan Vladimir Putin təntənəli keçən mərasimdə çıxış etdilər və Nizami Gəncəvi poeziyasına yüksək qiymət verdilər. Rəsmi mərasimdən sonra Rusiya prezidenti Putin abidənin müəllifi kimi mənimlə tanış oldu. Sankt-Peterburqda ali təhsil aldığımı biləndə çox sevindi. Belə məsələlərə həmişə həssas yanaşan Heydər Əliyev Sankt-Peterburqun hər üçümüzün həyatında mühüm rol oynadığını nəzərə alıb "Biz üçümüz də piterliyik"-dedi.
Sənətkar kimi bu gün də özümü xoşbəxt hiss edirəm ki, Nizami Gəncəvinin heykəlini hazırlamaq mənə nəsib oldu. Sankt-Peterburq Rusiyanın mədəniyyət paytaxtı sayılır. Belə bir şəhərdə Azərbaycan şairinə abidə qoyulması mədəniyyətimizin, tariximizin təbliği baxımından çox önəmlidi.
- Bakıda bir çox tarixi şəxsiyyətlərimizin heykəlləri var. Daha kimə abidə qoyulmasını istərdiz?
- Həqiqətən də Azərbaycan paytaxtı abidələr şəhəri kimi də tanınır. Bakıda şair və yazıçıların, alimlərin, sərkərdələrin, dövlət xadimlərinin heykəlləri var. Bu baxımdan Bakı dünya şəhərləri arasında öz unikallığı ilə seçilir. Çox istərdim ki, Bakıda Qara Qarayevin də heykəli olsun. Çünki Qara Qarayev xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi dahi insanlardan biridi. Abidəni hazırlamaq mənə həvalə olunsa bir heykəltəraş kimi özümü xoşbəxt sayaram.
E. Cəbrayıloğlu "Ədalət" qəzeti
Комментариев нет:
Отправить комментарий