06.07.2012

GƏLMİR

Xatirə Xatun


Neçə vaxtdı gözüm yolda,
Gözləyirəm, gülüm gəlmir.
Hey gəzirəm sağda-solda,
Şirin-şəkər dillim gəlmir.


Kim çəkər bu əziyyəti?
Bu həsrəti, bu möhnəti?
Gəlsin, edim vəsiyyəti,
Sonra rahat ölüm , gəlmir.


Məni mənsiz anarmı ki,
Anıb yada salarmı ki,
,,Getmə" desəm qalarmi ki?
,,Qal" deməyə dilim gəlmir.


Bu nə tale, bu nə baxtdı?
Sevinc yatıb, qəm oyaqdı.
İntizaram gör nə vaxtdı
Olmaz belə zülüm, gəlmir.

Onsuz saçıma ağ düşüb,
Deməyin ki nahaq düşüb.
Bu da məndən qaçaq düşüb,
Naz eyləyir ölüm, gəlmir.


Ahım ona əsər etsin,
Bir halıma nəzər etsin.
Heç olmasa xəbər etsin
Səbəbini bilim, gəlmir.


Ürək dinir, ,,döz" deyirəm,
,,Bu çəkdiyin az"--deyirəm.
Qələmimə ,,yaz " deyirəm ,
Yazmağasa əlim gəlmir.

Комментариев нет:

Отправить комментарий