01.07.2012

Haziran sevincləri

Cavidan


Sevdiyim aylar var, iyun ayı da onlardan biridir.
Bu ilin iyun ayına isə xüsusi təşəkkürlərim olacaq.
Ay möhtəşəm başladı - Azadlıq radiosunun "Oxu zalı" portalının "Oxu zalının seçimi" seriyasından seçmə şeir və hekayələrimdən ibarət olan "Cırcırama öpüşü" adlı kitabım çıxdı, iyunun 1-də təqdim olundu.
Ayın 14-ündə Türkiyədən aldığım faksı 16-da imzalayıb geri ötürdüm.
Bu, mənim nəhayət ki, ən böyük arzularımdan birinin astanasındaykən üzümə açılan qapı demək idi.
Yaradıcılıq dolu, sevinc dolu, sevgi dolu ay oldu.

Nəzrinimin doqquz yaşı da bu ayın 10-da təmamlandı.
Hicran Qurbanlının mənə Sankt-Peterburqdan yolladığı özəl və gözəl hədiyyələri də bu ay aldım.)
Bədənimə hakim oldum nəhayət ki, arıqlama prosesinə start verdim!
Depressiyaya yox, komplekslərə yox, tənhalıq duyğularına yox!
Bu ayın ən son günündə daha bir uğurumu yazmaq istəyirəm bloquma.
Əslində məhz budur mənim ən böyük qazancım - ruhumun ən son halı yəni...
Mən bacardım!
Mən həyatımda olub mənə indiyə kimi zərrə qədər də olsa pisliyi keçmiş hər kəsi - ölüdən diyirə, uşaqdan böyüyə, qadından kişiyə bağışladım!
Bağışladım azdı, mən onların hər birisinə təşəkkür etdim ürəyimin içindəcə, həyatımda olduqlarına görə, mənim taleyimi yeknəsəklikdən, boşluqdan, mənasız romanlardakı kimi darıxdırıcı olmaqdan xilas etdiklərinə görə onlara təşəkkür etdim!
Təşəkkür etdim azdı, mən onların hər birisindən dönə-dönə üzr istədim, hər birisindən xahiş etdim məni bağışlasınlar, onları qıcıqlandıran, onları pis düşüncələrə, pis davranmalara, pis əməllərə vadar edən varlığımı əfv etsinlər, halal etsinlər nifrətlərini mənə...
Ürəyim körpə ruhu kimi safdı bu an!
Bu yazını oxuyanların da hər birisinə elə bu halımda bu dünyanın ən gözəl sevinclərini, ən gözəl sevgilərini diləyirəm!
Yazmağı, ədəbiyyatda olmağı bu həyatda ən böyük missiyam hesab edirəm - zatən mənə də insanlığa xidmətin bu yolu düşdü düşünürəm.
Yazmaq, yazmaq, fasiləsiz, dayanmadan, nəfəs belə almadan yazmaq...
Şəxsi həyatım, özəl varlığım üçün olan sevinclərim üçün də təşəkkür edirəm iyun ayına.
Təşəkkürlər, Haziran!
Təşəkkürlər, Allahım!

Комментариев нет:

Отправить комментарий