06.07.2012

Hüquq müdafiəçisi Hilal Məmmədova “İran şpionu” ittihamı absurddur

Ataxan Abilov Ataxan Əbilov
Hüquq müdafiəçisi, beynəlxalq hüquq üzrə ekspert


21 iyun 2012-ci ildə qondarma narkotika ittihamı ilə həbs edilən hüquq müdafiəçisi, “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı absurd ittihamların arası kəsilmir. Növbəti dəfə ona “İran şpionu” ittihamı irəli sürülüb.
Azərbaycandakı Əliyev rejimi özünün antidemokratik xarakterini ört-basdır etmək üçün son 10 ildə İran dövlətinin qonşuluqda olmasından yaralanmaqdadır. Belə “üstünlük”lərdən biri də rejim üçün arzu olunmaz şəxslərin “İran şpionu” kimi qondarma ittihamla həbs etmək və sonradan onların hətta fiziki məhfinə nail olmaqdan ibarətdir.
Məhz bu yolla Əliyev rejimi sözü gedən şəxslərin beynəlxalq demokratik dəstəkdən məhrum edilməsinə təssüf ki, indiyə qədər məharətlə nail ola bilmişdir. Belə ki, Hilal Məmmədovdan əvvəl “Tolışi Sədo” qəzetinin baş redaktoru professor Novruzəli Məmmədova qarşı da bu ittiham irəli sürülmüşdü və rejim müvəffəqiyyətlə nəinki onun, hətta bütün ailəsinin fiziki məhfinə nail olmuşdur. Halbuki Novruzəli Məmmədov ingilis dili mütəxəssisi idi, omrü boyu bu dili tədris etməklə ailəsini dolandırmışdı. Bundan əlavə mərhum İranda mövcüd olan dini rejimin daşıyıcıları ilə hətta bir dini məzhəbi bölüşmürdü. Novruzəli Məmmədov İslamın sünni təriqətinin daşıyıcısı idi və belə şəxslər bir qayda olaraq İran rejimi tərəfindən arzuolunmaz şəxslər hesab edilir.
Hilal Məmmədovun “İran şpionu” olması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda göstərilir ki,  Hilal Məmmədov güya keçən əsrin 90-cı illərin əvvəllərindən İran islam Respublikasının (İİR) vətəndaşı Əli Əbduli tərəfindən əməkdaşlığa cəlb edilib. Bizim apardığımız araşdırmalardan məlum oldu ki, Əli Əbduli həmin dövrdə Hilal Məmmədovla Azərbaycan Respublikasının Elmlər Akademiyasında çalışmış və orada tarix elmi üzrə alimlik dərəcəsi almışdır. Onun Hilal Məmmədovla qohumluq əlaqələri vardır. Əli Əbduli tarixçi alim kimi yerli xalqların mədəni məişət tarixini öyrənməklə məşğuldur və bu sahədə bir sıra kitabların müəllifidir. İran rejimi Əli Əbdulinin yaradıcılıq imkanlarına həmişə mane olmağa çalışmış və hətta bir müddət onun kitablarının çap olunmasına qadağa qoymuşdur. Əli Əbduli baxışlarına görə daima İran rejiminə müxalif olmuş, hazırda İranda nəzarət altında, demək olar ki, ev dustaqlığı şəraitində yaşayır. Belə olan təqdirdə Əli Əbdulinin Hilal Məmmədovu İranın xeyrinə casusluğa cəlb etməsi yalnız kimlərinsə naşılığına və  ifrat fantaziyasına  işarə edir.
Hilal Məmmədov da Novruzəli Məmmədov kimi İslamın sünni təriqətinin daşıyıcısıdır və belə şəxslər yuxarıda qeyd etdiyim kimi İrandakı şiə rejimi tərəfindən arzuolunmaz şəxslər hesab edilir. Onu qeyd etmək kifayət edər ki, Hilal Məmmədov son ildə İranda müqəddəs dini-matəm bayramı olan “”Məhərrəmlik” ayında “fasebook” sosial şəbəkədə (http://www.facebook.com/hilal.mamedov.3) mahnı çarxlarının yerləşdirməsi ilə yadda qalmış və buna görə İran rejiminin tərəfdarlarının tənqidlərinə tuş gəlmişdi. Digər tərəfdən İran rejiminin də Hilal Məmmədova münasibəti adekvat olmuşdur. Məlumdur ki, İranda çap olunan “Talış” jurnalı Hilal Məmmədovla intervyu verdiyinə görə baş redaktor Şaxram Əzmoda İran dövləti tərəfində həbs edilmiş və həmin jurnalın çapı dayandırılmışdır.
Hilal Məmmədov hüquq müdafiəçisi olaraq Avropa strukturları ilə sıx əməkdaşlıq edir, onlarla tez-tez görüşürdü. Belə görüşlərdən biri də 03 aprel 2012-ci ildə Bakıya səfər edən Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə olmuşdur. Hilal Məmmədov özünün fəaliyyəti ilə Azərbaycanın Avroatlantika məkanına inteqrasiyanın ardıcıl tərəfdarıdır və bu da nəinki Azərbaycandakı rejimin və hətta İran rejiminin maragında olmayan məsələdir.
Bütün bunlar göstərir ki, Hilal Məmmədova qarşı “İran şpionu” kimi ittiham irəli sürülməsi absurd və uydurmadır. Bu hər şeydən əvvəl Əliyev rejiminin növbəti hüquq müdafiəçini səssiz-küysüz sıradan çıxartmağına hesablanıb. Bununla rejim bir tərəfdən Hilal Məmmədovu beynəlxalq dəstəkdən məhrum etmək istəyir, digər tərəfdən isə “Azərbaycana demokratiya vermək olmaz” kimi tezisinə beynalxalq səviyyədə dəstək əldə edir.
Eyni zamanda onu da qeyd etmək yerinə düşür ki, Azərbaycandakı rejim mənsublarının İranla ciddi biznes əlaqələrinə malik olması və İranın cirkli pullarının Azərbaycan üstündən yuyulması ilə bağlı WikiLeaks tərəfindən xeyli faktlar açıqlanmışdır.

Комментариев нет:

Отправить комментарий