03.07.2012

İmperiyanın Birinci Dövlət Dumasındakı Şamaxı izi

 Rövşən Novruzoğlu


(1918-ci il Şamaxı qırğınlarında ermənilər tərəfdən qətlə yetirilən ilk azərbaycanlı deputat Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əliyev haqqında məlum olmayan həqiqətlər)


Mən bu yerlərdəki qədim daş parçalardan hansı birindəsə, neçə illər öncə laxtalanıb qalmış bir damcı qan izi üçün gəlmişdim. Tarixə çevrilmiş bu daşların sinəsində gizlənmiş həmin qan ləkəsini “oxumaq” istəyirdim. Çünki bəlkə də bu mənim üçün hələ çoxlarının eşidə bilmədiyi “faciə simfoniyası” idi, başlanğıcı idi. Mənim imkanım olsaydı, tarixi hadisəni bu qan damcısı ilə başlardım.
1918-ci il mart qırğınlarında Şamaxının altını üstünə çevirən, erməni Stepan Lalayanın “Döyüş mirzələri”ndən olan Baxçaçiyan həmin vaxt yazırdı: “…Lalayanın əsgərləri onu döyə-döyə meydanın ortasına sürüdülər. Sonra onu ağaca bağlayıb, başına saxsı bir vedrə keçirtdilər… Qəhrəmanım Stepan günlüklü şapkasını başına qoyub, yaxın gəldi. Diqqətlə ağaca bağlanmış adama baxdı. Hə, cənab deputat —dedi, —erməni millətini söymək olmaz. Sən isə söyürdün. Gah Kremldə, gah Fransada, gah Almaniyada dişinin dibindən çıxanı ünvanımıza dedin… İndi buyur, danış. Bizim nəyimiz pisdir?.. Camaat, əsgərlərim səni gözləyir. De ki, mən də erməniyəm, sizlərdənəm. Allahıma, Quranına and olsun, mən deyənləri de, səni buraxım… Deputat isə bizim millətə lənət yağdırırdı… Güllə açıldı. Ətrafa qan damcıları çiləndi… O isə can vermirdi. Yaralı canını dişinə tutub, yaşamaq istəyirdi…” Bax, mən bu yerlərə hardasa bir parça torpağa baş qoyan, daşların, ağacların sinəsində gizlənib qalan… yol gözləyən bir damcı quruyub qalmış, yüz ilin şaxtasına, qarına dözüb qalan bir damcı qan üçün gəlmişdim. Amma hələ də tapa bilmirdim.
Mən onun sorağında Şirvan elini başdan-başa gəzib dolandım. Qədimqəbristanlıqlarda bir böyrü üstə düşüb qalan, böyür-başını yosun tutan sinə daşlarınadək, nəzərdən düşən, ətrafını kol-kos bürüyən qəbirlərə, uçulub dağılmış, gediş-gəlişi olmadığı üçün ot-ələf basmış cığırlardan keçdim…
…Əliyev (zadə) Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu 1858-ci ilin yanvar ayının 10-da Şamaxıda, kənd müəllimi ailəsində anadan olub. İctimai-siyasi xadim, iqtisadçı alim, publisist kimi fəaliyyət göstərib. Birinci Dövlət Dumasına (1906) Azərbaycandan seçilən ilk deputat kimi tanınıb. 1918-ci ilin martın 20-də Şamaxıda erməni quldur dəstələrinin başçısı Stepan Lalayan tərəfindən qəddarcasına öldürülüb, ailəsinə divan tutulub.
Araşdırma materiallarına görə ilk təhsilini Şamaxı məhəllə məktəbində alıb, Sonra atası onu Tiflisə aparıb. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altı illik məktəbdə təhsilini davam etdirib (1868-1874). Tiflisdən qayıtdıqdan sonra, təhsilini Bakı realnı məktəbində davam etdirir (1874-1878). O vaxt realnı məktəbdə dərs deyən, ixtisasca iqtisadi məsələləri araşdıran Boris Eynşteynin təşəbbüsü ilə, Moskvaya oxumağa göndərilir… O, Petrovsk-Razumovsk kənd təsərrüfatı və meşəçilik akademiyasının iqtisadiyyat fakültəsini bitirdi. Akademiyanın o vaxtkı rəhbərlərindən olan professor Dmitri İvanoviç Aleksandrov onun haqqında Çar Rusiyasının “siyasi şöbəsinin” sorğusuna 1879-cu ildə verdiyi məlumatda yazırdı:
“…Sizin maraqlandığınız tələbəmiz, milliyətcə türk olan Azərbaycandan gəlmiş Məmməd Əliyev Əbdülsəməd oğlu çox istedadlı, vicdanlı və ədalətli insandır. O, çalışqan bir tələbə olmaqla yanaşı, Akademiyanın işlərində bizə yaxından köməklik göstərir. Onun ciddi iqtisadi layihələri var və bu layihələr, şübhə etmirəm ki, Rusiya üçün çox əhəmiyyətlidir…”
Məlumata görə, həmin iqtisadi layihələrin birində Məhəmmədtağı Əlizadə qeyd edirdi: “…Mən sadəcə təhlillərimin nəticələrini anlatmaq fikrindəyəm. Yer üzündə nə qədər insan yaşayışı varsa, orada həmişə iqtisadi böhran ola bilər və heç bir dövlət bu böhrandan kənarda qala bilməz… Təkliflərimdən biri belədir ki, çaylar və dənizlər, göllər arasında iqtisadi körpülər qurulsun. Məsələn Xəzər dənizini Qaradənizlə, Aralıq dənizilə birləşdirmək mümkündür. Ümumiyyətlə, üç dənizi birləşdirmək mümkündür. Belə olarsa üç dəniz arxasında yaşayan Avropa, Asiya camaatı gələcək iqtisadi fəlakətlərdən azad olmuş olarlar…”
İrəli sürülən təkliflər həm dövr üçün, həm içtimai-siyasi mühiti getdikcə mürəkkəbləşən Rusiya üçün çox vacib bir məsələ idi. Nəticədə 1880-ci ilin aprelin 14-də Çar Rusiyasının İqtisadi məsələlər üzrə məxfi idarəyə (İqtisadi Kəşfiyyat İdarəsi) dəvət alır. Bu vaxt ona idarənin rəisi general O.D.Ponteleyevin təklifini çatdırırlar. Akademiyanı yenicə bitirən Məmməd Əliyev Çar Rusiyasının Avropa ölkələri üzrə iqtisadi əlaqələrinin kəşfiyyat və məxfilik prinsipləri nöqteyi-nəzərindən yenidən qurulması layihəsini təklif edir. Çünki həmin vaxt dünyanın iqtisadi siyasətində Rusiya qədər çətin vəziyyətdə qalan ikinci dövlət yox idi.
İqrisadi böhran Rusiyanı sarsıdırdı. Məlumata görə, hər il ölkədən təqribən 50-100 ton dəyərində qızıl və digər qiymətli metal məmulatları, aşkarlanmamış brilyant daşları qeyri-qanuni aparılır, orduda və elmdə kəşf olunmuş və istehsalı nəzərdə tutulan qiymətli preparatların və silahların layihələri, sxemləri oğurlanırdı. Bütün bunlara qarşı Məmməd Əliyev tərəfindən verilən təkliflər həmişə öz bəhrəsini verirdi. 1881-ci ilin fevralında M.Əliyev ideyalarını, fikir və düşüncələrini, iqtisadi bilik və bacarığını təkmilləşdirmək üçün Avropaya göndərilir. Fransa və Almaniyada çalışır. Həmin ölkələrin İqtisadi Akademiyalarında dərs deyir, araşdırmalarını aparır, Rusiya-Fransa, Rusiya-Almaniya iqtisadi münasibətlərin inkişafında xidmət göstərir.
Fikrimcə o, bu vaxt çox qəribə bir taleyi yaşayırdı. Bir vaxt onun doğulub, boya-başa çatdığı Şamaxının ziyarətinə Fransadan məşhur yazıçı, filosof (ata) Aleksandr Düma gəlmişdi. Məşhur A.Düma Şamaxıya 1858-ci ilin noyabrın 11-də gəlmişdi. Bununla bağlı A.Düma yazırdı: “…Biz Şamaxı bazarında gəzərkən çoxlu fransız dilində danışan adam gördük. Bu bizə çox xoş təsir bağışladı. Bildik ki, bu şəhər təkcə Şirvanda deyil, bütün Qafqazda məşhurdur…” Və yaxud 1636-cı ildə məşhur Almaniyalı səyyah, alim-tədqiqatçı Adam Olsari Şamaxı haqqında yazırdı: “…Şamaxıda hər addımda müdrik və ağıllı adam görürdük. Adamlar… onlara çörək verənin əlindən iki əlli yapışır… Şamaxının belə olması, məni heyrətləndirdi”.
M.Əliyev indi həmin dahilərin yurduna ezam olunmuşdu. Fransız, alman və rus dillərini mükəmməl bilən Şamaxılı Məhəmmədtağı Əliyev bu dəfə dahilərin—A.Dümanın və A.Olsarinin vətənlərini gəzirdi. İndi söz və təəssürat onunki idi. Həmin vaxt Parisdə nəşr olunan “İqtisadiyyat və Maliyyə Agentliyi” (“Agence Economigue et financiere”) bülleteni belə bir xəbər verirdi: “…Fransanın şəhər və yaşayış məntəqələrini iqtisadi böhran bürüməkdədir. Parisdə dünyanın tanınmış iqtisadçılarından ibarət “Beynəlxalq İqtisad qrupu” yaranıb… Dünən Rusiyadan gəlmiş akademik iqtisadçı M.Əliyevin fikirləri bəyənilib…”!
Araşdırma materiallarına görə, M.Əliyev üç ay Strasburqda (Fransa) vaxtilə Bakıdan köçüb gedən erməni zərgəri, Stanislav Ter-Akopyanın evində yaşayır. “Strasburqa yardım komissiyası”na başçılıq edən qrupda Rusiya nümayəndəsi kimi çalışır. Lakin həmin ilin iyulun 13-də Rusiya “Məxfi İqtisadi məsələlər idarəsi” erməni S.Ter-Akopyandan məktub alır. General Ponteleyevə ünvanlanan həmin məktubda erməni yazırdı: “Cənab General! Sizin əmrinizdən çıxa bilmədim. Göndərdiyiniz Əliyev burda Rusiyanın mənafelərindən çox, doğulduğu Şamaxının mənafelərinə xidmət edir. Rusiya İmperatorluğu onun xoşuna gəlmir. Rus millətinə qarşı fikirləri dumanlıdır…”
Lakin araşdırmalar göstərir ki, həmin ildə azərbaycanlı akademik M.Əliyev Strasburqun “Seçilmiş adamları siyahısı”na daxil edilmişdi. Bütün bunlara baxmayaraq, Rusiya M.Əliyevi iqtisad qrupundan çıxarıb, onu Almaniyaya göndərir. Həmin vaxt M.Əliyevin fransız dilində “Fransanın əraziləri arasında iqtisadi əlaqələrə dair fikirlər” kitabı çap olunur. Paris İqtisadi Akademiyasında müzakirəsi nəzərdə tutulan həmin əsərlə bağlı yığıncaq təxirə salınır. Nəticədə M.Əliyev Fransa ilə vidalaşmalı olur… Sonra Almaniyanın İqtisad Akademiyasında məruzələr oxuyur. Yüksək intellekt səviyyəsi olan, bilik və bacarığına görə sayılıb-seçilən M.Əliyev yenidən Rusiyaya çağırılır və bu vaxt ona ölkənin maliyyə nazirinin müavini vəzifəsi tapşırılır. O vaxt Rusiya İmperiyasının Maliyyə Naziri S.Rixten şamaxılı M.Əliyev haqqında həmişə yüksək fikirlər söyləsə də, onun yenilik yaradan iqtisadi-analitik təhlilərini ya qəbul etmirdi, ya da bütün bunlara şübhə ilə yanaşırdı. 1888-ci ildə M.Əliyev istefa verərək Azərbaycana qayıdır…
Bir müddət müsəlman dünyasının ziyarətinə çıxır. Avropanın ən güclü ölkələrini keçib gələn M.Əliyev İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Küveyt, Suriya, Əfqanıstan, Pakistan, Hindistan… kimi qədim yerləri gəzir. Həmin ərazilərdə bir sıra dəyərli və diqqəti cəlb edən elmi-iqtisadi kitablar və məqalələr yazıb, çap etdirir. Bu vaxt dünya miqyaslı elmi araşdırmalar aparan akademik M.Əliyev iqtisadi məsələlərlə bağlı səkkiz kitabın müəllifi idi. Amma tale onu yenidən Rusiyaya çağırırdı. Dünyanın göz dikdiyi ən böyük kürsülərdə söz demək üçün bəxti onu yenidən Rusiyaya gətirdi…
M.Əliyev 1906-cı ildə Şamaxıdan, Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilir. O, Şamaxıdan Rusiya Dövlət Dumasına seçilən ilk azərbaycanlı deputat idi. Bu onun həyatında yeni bir ictimai-siyasi səhifə açmışdı. O özünün yeni həyat salnaməsini yazırdı. Amma bu taleyinin son səhifələrindən xəbərsiz idi. Rus İmperiyasının başında dayanan çar II Nikolay üçün Qafqaz, xüsusən Azərbaycan çox incə və həssas bir məsələ idi.
1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seçkilər haqqında yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiyini bəyan edən bu qanun fəhlələrə qismən, kəndlilərə cüzi seçki hüquqları verilməsini nəzərdə tuturdu.
Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ qazandı. 1906-cı il aprelin 27-də açılmış I Dövlət Duması fəaliyyətə başladı.
Dumada təmsil olunmuş ən müxalifətçi siyasi qurum kadetlər partiyası idi. Onlar fəal seçkiqabağı təşviqat aparmaq və əhalinin əksər təbəqələrinin mənafeyini mövcud şəraitdə dolğun əks etdirən öz platformalarını geniş təbliğ etmək hesabına seçkilərdə qalib gəlmişdilər. Onlar “Rusiyanın birliyinə və bölünməzliyi”nə yalnız tərəfdar olduqlarını söyləmir, həm də ona nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa çalışırdılar. Hökuməti buna güclə nail olmaqda təqsirləndirən kadetlər bildirirdilər ki, “süngülər və güllələrlə Rusiyanın birliyinə nail olmaq olmaz” və “hər bir tabe xalqın adət-ənənələri, dili və dininə” hörmət bəyan edilməlidir. Daha sonra bu partiya seçiciləri inandırırdı ki, o, özünəməxsus milli həyat keçirən bütün yerlərdə geniş özünüidarənin, muxtar quruluşun, “ümumi, pulsuz, məcburi təhsilin” və s. tərəfdarıdır. Bütün bunlar müsəlman ucqarlarında, o cümlədən də Azərbaycanda bütün yuxarı sosial təbəqə nümayəndələri üçün kifayət qədər cəlbedici idi.
Amma bütün bunlarla yanaşı, Şamaxı səksəkə içində idi. Hər gün bir ailədən ən azı iki-üç adam erməni gülləsinə tuş gəlirdi.
Rusiya Dövlət Dumasına seçilən Məhəmmədtağı Əliyev deputat səlahiyyətindən istifadə edərək, Duma kürsüsündən ilk müraciətini edir. O, Duma kürsüsündən ermənilərə silahı yerə qoymağı, insanlığa və vicdana yaraşmayan ləyaqətsiz işlərdən əl çəkməyi, Azərbaycan torpaqlarında onlara yaradılmış əvəzsiz şəraitdən istifadə edərək sülh və əmin-amanlıq içində yaşamağa çağırırdı.
Ermənilər isə öz anti-Azərbaycan tədbirlərini genişləndirməkdə davam edirdilər. Erməni deputatı S.M.Davidyan 1906-cı ilin martın 4-də Azərbaycanlı deputat M.Əliyevə xəbərdarlıq məktubu göndərir, onu çıxışlarından əl çəkməyə çağırır. Dumanın sədrindən tələb edir ki, Yelizavetpol (Gəncə) quberniyasının “siyasi idarəsi”nin əməkdaşı Madlen Qriqoriyeviçi dinləsinlər.
Madlen Qriqoriyeviç çar Rusiyasında, sərhəd qoşunları komandanlığında çalışan general O.D.Ambartsumovun qardaşı qızı ilə ailə qurmuşdu. Maraqlı idi ki, Dumanın sədri Paşkov Madlen Qriqoriyeviçə arayışı oxumağa imkan yaradır. Dumada oxunan arayışdan sonra, mayın 5-dən, 6-na keçən gecə Şamaxıda iki ruhani ailəsinə sui-qəsd edilir. Həmin ailələrdən biri Kərbəlayi Əhmədağa Əli oğlu məhz, deputat Məhəmmədtağı Əliyevin əmisi idi.
Araşdırma materiallarına görə, M.Əliyev, Qafqazda baş verən əsl həqiqətləri II Nikolaya, dostu, İqtisadi Kəşfiyyat İdarəsinin başçısı olmuş, sonradan İmperatorun dəftərxanasında səlahiyyət sahibi olan Oleq Ponteleyevin yardımı ilə çatdırmağa müvəffəq olur. Ondan cəmi iki gün sonra Dumanın sədri Paşkov öz səlahiyyətlərindən uzaqlaşdırılır və “…hərəkətləri nəzarətə götürülür…” Bütün məsələlərin içərisində ən dəyərli məlumat bu idi ki, general O.Ponteleyev keçmiş dostuna —M.Əliyevə “…nəyin bahasına olursa-olsun onu —Dövlət Dumasının azərbaycanlı nümayəndəsini İmperator II Nikolayla görüşdürməyi söz vermişdi…” Bu dövrü və zamanı üçün, milli maraqlar baxımından çox vacib və gərəkli bir məsələ idi. Lakin bu təşəbbüs baş tutmadı. 1906-cı ilin mayın 14-də general O.Ponteleyev öz iş otağında… şərabdan zəhərlənib öldürüldü.
Birinci Dövlət Duması az yaşadı. Lakin Azərbaycan tərəfi məhdud vaxtdan istifadə edərək, dünyanın aparıcı dövlətlərinin Moskvadakı diplomatik korpuslarına, beynəlxalq cəmiyyət və təşkilatlara xatırlatdılar ki, Azərbaycan Qafqazda ən güclü və nüfuzlu ərazidir. Onun müharibə ilə, qırğınlarla, terror və basqınlarla heç bir işi yoxdur… Birinci Dövlət Duması buraxıldıqdan sonra Məhəmmədtağı Əliyevin dostları məsləhət bilirlər ki, Moskvada qalsın, akademik kimi iqtisadi-elmi araşdırmalarını davam etdirsin. O isə qalmadı. Yenidən Şamaxıya qayıtdı.
Akademik M.Əliyev bilirdi ki, ermənilər günü-gündən öz qanlı fəaliyyətlərini genişləndirməkdə davam edəcəklər. Əlavə olaraq Şamaxıya 36 erməni ailəsi köçürülmüşdü. İlkin məlumata görə, bu ailələr İrandan gəlmiş ermənilərdi… Onu da bilirdi ki, bu köçürmələrin önündə və arxasında Rus İmperiyasında bu işlərə məsul olan İnsaf Sarıcanyan adlı birisnin qrupu idi. Gələn erməni ailələrinə ən yaxşı torpaq sahələri verilir, işlə, yemək və geyimlə təmin olunurdular…
Rusiyada 1917-ci ilin fevralında baş verən ictimai-siyasi hadisələr Azərbaycana həm iqtisadi, həm mənəvi-psixoloji, həm də ictimai-siyasi cəhətdən təsir etdi, Azərbaycanın, demək olar ki, bütün yaşayış məntəqələrində həyat öz axarından çıxdı. Fevral inqilabından sonra dostları akademik M.Əliyevə xəbər göndərmişdilər ki, Moskvada Azərbaycan üçün böyük bir bəlanın planı hazırlanır. Məsləhət görürdülər ki, Moskvaya qayıtsın. Amma akademik öz doğulduğu, boya-başa çatdığı Şamaxıdan çıxmadı, o, baş verə biləcək böyük qanlı qırğınların ilk işartısını görürdü. Bu qırğınların körüyünü basan əllər isə görünmürdü. Dirijor artıq öz çubuğunu qaldırmışdı. Və bu gözə görünməz dirijor çubuğu altında ermənilər açıq-aşkar hücuma keçirdilər. Onlar Şamaxının ayrı-ayrı məhəllələrində yığıncaqlar düzəldir, şəhərdəki ziyalı ailələrinə gözlənilməz hücumlar edirdilər. Martın 19-dan 20-nə keçən gecə isə Şamaxıda erməni Rum İsakoviç qonşusu dəmirçi Əlibala Quluzadənin iki qızını ov tüfəngilə vurub öldürdü… Artıq hər şey göz qabağında idi.
1917-ci il fevralın 13-də fransız iqtisadçı alimi Jak De Paskual adlı birisi Şamaxıya gəlir, M.Əliyevi Fransaya aparmaq üçün rəsmi qaydada dəvətli olduğunu bildirir. Xatırladaq ki, alim Jak De Paskual Məhəmmədtağı Əliyevin Parisdə nəşr olunmuş “Dünya iqtisadiyyatındakı böhran və onun səbəblərinin araşdırılması” kitabının redaktoru olub.
Vətənindən ayrıla bilməyən M.Əliyev Fransaya getmək üçün aldığı dəvətdən imtina edir. Şamaxıda qalmağı, yaşamağı və ölməyi hər şeydən üstün tutur. 1918-ci ilin yanvarın 10-da onun ad gününü təbrik etməyə gələn, el-obada Şeyx Şamaxı kimi tanınan din xadimi Şeyx Məcid Axundoğlundan xahiş edir ki, Şamaxıda “…qanı coşan azərbaycanlı balalardan ibarət” bir döyüş dəstələri yaratsın. Başqa xilas yolu görünmədiyindən Şeyx bu təklifi qəbul edir…
Ad günündən heç bir ay ötməmiş, toplu-tüfəngli ermənilər Şamaxıya soxuldular. Bu, qəfil hücum idi… Hər yer od tutub, yanırdı. Kimisi qaçır, kimisi əldə-ayaqda qalan uşağını axtarır, kimisi evinə düşən alovu söndürməyə cəhd edir, kimisi də aldığı güllə yarasından can verirdi…
Şamaxı yanırdı. O, can üstündə idi. Erməni quldur dəstəsinə başçılıq edən Stepan Lalayanın əmrilə müsəlman ailələrinə divan tutulurdu. Yol-yolaq, dönüm-döngələr qana bələndi… Stepan Lalayanın “qəhrəmanlıqlarını” gələcək erməni nəsilləri üçün qələmə alan (?) bədnam erməni mirzəsi Baxçaçiyan yazır: “…əvvəlcə Stepan əmr etdi ki, Duma deputatı Məmməd Əliyev diz çöksün… O isə diz çökmədi. Stepanın işarəsilə birinci gülləni onun övladlarına vurdular. İki qızı öldürüldü. Böyük oğlu da güllələndi. Kiçik oğlu isə həmin vaxt tapılmadı… Lalayanın əsgərləri M.Əliyevi döyə-döyə meydanın ortasına sürüdülər. Sonra onu ağaca bağlayıb, başına saxsı bir vedrə keçirtdilər… Güllə açıldı. Ətrafa qan damcıları çiləndi…”
Araşdırma materiallarına görə, Şamaxını qan içində boğmağa çalışan, günahsız və silahsız insanlara qarşı qırğınlar törədən, dövlət xadimlərini terror edən “DRO” terror təşkilatının Bakı bürosunun üzvü Stepan Lalayan ingilis generalı Tomsonun əmrilə 1918-ci ilin noyabrın 21-də həbs olunur… tələm-tələsik mühakimə olaraq, Gəncə həbsxanasına göndərilir. Arxiv materiallarına görə S.Lalayan noyabrın 23-də Gəncə həbsxanasında ürək çatışmazlığından ölür.
Başqa bir arxiv materialında isə qeyd olunur ki, S.Lalayan noyabrın 27-də Gəncə həbsxanasından ingilis generalı Tomsonun məxfi planı əsasında qaçırılır, xaricə aparılır. Məlumatlara görə, S.Lalayan ingilis generalı Tomsona Şamaxıdan əldə etdiyi qızıl və başqa zinət əşyalarını, qədim Şamaxı xalçalarını “hədiyyə”edir.
Bəzi mənbələrə görə, general Tomsonun Şamaxıdan əldə etdiyi xəzinənin bir hissəsi Böyük Britaniyanın kral ailəsinə bağışlanıb.
Maraqlı məlumatlardan biri də budur ki, o vaxt Xorasanda vərəqə şəklində buraxılan “Ostan” qəzeti yazırdı: “Şamaxıda 1918-ci ildə ermənilər bizim tacirləri soyub taladılar, mallarını əllərindən alıb özlərini də öldürdülər. Həmçinin Misirin, Rusiyanın, Əfqanıstanın, Hindistanın və diğər ərəb ölkələrindən gələn karvanlara da hücumlar edilirdi”.
Qəzetdə Lalayanın ələ keçirdiyi qənimətlərdən də söhbət edilir. Qəzet yazır ki, ermənilər tərəfindən həmin vaxt Şamaxıya gələn ingilislərə, italyanlara, fransızlara 124 kiloqramdan artıq zərgərlik məmulatını, tonlarla qızıl külçələri, 2500 qədim xalça satıldı.
Lalayan Şamaxıda vaxtilə onların qonşuluğunda yaşayan Mahmudovlar, Talıbovlar, Həsənovlar ailəsini nəsillikcə qırıb məhv etdi. On bir yəhudi ailəsini isə öz evlərində, azərbaycanlı uşaqlarla bir yerdə diri-diri yandırdılar.
Bax, mən bu yerlərə ətrafa çilənmiş bir damcı qan üçün gəldim. Yüz ilin qanı üçün… Bu məğlubedilməz fikirlə də bu yerlərdən ayrılıram.


"Respublika" qəzeti

Комментариев нет:

Отправить комментарий