04.07.2012

Türk tarixi -15

XV hissə: Başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suçlu sayılırdı

 1500-cü ildə Murad ilə Əlvənd imperatorluğu aralarında bölüşdürdülər. Azərbaycan, Diyarbəkr, Əlvənd Mirzəyə, İran (Əcəm), İraq, Fars ilə Kirman da Murad bəyə verildi. Bu çəkişmələrin nəticəsində xalq pərişan, ölkə isə xaraba olmuşdu. Böyük bəylərin əlində oyuncaq halında olan bu iki gənc padşah xəzinədə pul qalmadığından və əmirlərin mərkəzi tanımamasından müşkül vəziyyətə düşdülər. Belə müşkül vəziyyətdə sultan Heydərin kiçik oğlu İsmayıl Gilandan neçə yüz atlı ilə yola çıxıb Ərzincana getdi (1499).
Ərzincandan Anadolunun hər tərəfinə xəbərçi göndərib, Səfəvi xanədanının müridlərini çağırdı. Bu müridlər böyük bir şövqlə Ərzincana gəldilər. İsmayıl bunlardan beş minə qədər ordu hazırlayıb Şirvana tərəf hərəkət etdi. Müridlərin mühüm qismi köçəri oymaqlara (Ustaclu, Şamlu, Zülqədər, Varsaq, Turqutlu, Əfşar və Qacar), bir qismi də kəndlilərə (Rumlu və Təkəlu) mənsub idilər.
 Şirvanşahla savaşda Fərrux Yassar məğlub oldu və öldürüldü. Bu vəziyyəti görən Əlvənd Mirzə qüvvəsini yığıb Naxçıvan yaxınlığında Səfəvi qoşununun qarşısına çıxdı, çoxlu itki verəndən sonra məğlub olaraq Diyarbəkirə qaçdı. Bundan sonra İsmayıl Təbrizə gəlib taxta oturdu, şahlığını elan etdi, on iki imam adına xütbə oxudub pul basdırdı və Səfəvi dövləti rəsmən quruldu (1501). Bu vaxt Şah İsmayıl 15 yaşında idi.
 Əlvənd Mirzə Diyarbəkrdə hakimiyyətini təkrar ələ gətirmək üçün çalışsa da, müvəffəq ola bilməmiş və 1504-cü ildə orada vəfat etmişdir.
 Şah İsmayıl 1503-cü ildə sultan Muradı məğlub edib, Fars əyalətini, sonra İraqı və Diyarbəkri aldı, Ağqoyunlu imperatorluğunun bütün torpaqlarını zəbt etdi. Sultan Murad Osmanlı padşahına sığınıb, sultan Səlim ilə birlikdə İrana gəldi və sonra hökuməti ələ almaq üçün Diyarbəkrə göndərildi. Lakin orada Səfəvi əmirləri ilə savaşda öldürüldü (1514).
 Şah İsmayıl atası, qardaşı və ailə üzvlərindən bəzilərini öldürdükləri üçün Ağqoyunlu xanədanına şiddətli kin bəsləyib, bu xanədana mənsub olan, ya tərəfdarlardan əlinə keçəni öldürdü. Onun əlndən qurtulanlar Osmanlı dövlətinə sığınıb, bir çoxları İran hüduduna yaxın vilayətlərdə yerləşdilər. Bunlar Osmanlı qoşununa daxil olub əsrlərcə İranın baş bəlası oldular. 
 Ağqounlu dövlətinin əsası köçəri bəylərə arxalanırdı. Uzun Həsən Təbrizi alıb, imperatorluq qurandan sonra, yerli və şəhərliləri də iş başına gətirməyə çalışıb ulusunu mədəniləşdirmək istədi, bu yolda ilk addımlarını da atdı. Lakin əski üsul və ənənəni aradan apara bilmədiyi üçün, özündən sonra az müddətdə imperatorluğu zəifləməyə başladı, nəhayət, Şah İsmayılın əli ilə məhv oldu.
 Ağqoyunlular zamanında bütün ölkə əski türk ənənəsinə görə xanədanın mülk sayılırdı. Sultanın oğulları ölkənin müxtəlif əyalətlərində vali, digər şahzadələr də əmir təyin edilirdilər. Ağqoyunlu dövlətində ölkə Azərbaycan, Aran, Diyarbəkr, İraq, Fars, İsfahan, Kirman və Qəzvin əyalətlərinə bölünmüşdü. Bu əyalətlərə sultanın oğulları, qardaşları, əmi oğulları və ya boy rəisləri vali təyin edilirdilər.
 Sultan öləndən sonra, əksər hallarda onun seçdiyi vəliəhd sultan olurdu. Lakin çox vaxt yeni sultanın əleyhinə digər şahzadələr üsyan edib, daxili savaş aparırdılar. Nəticədə səltənət müvəffəq olanın əlində qalırdı. Ağqoyunlu dövlətinin az müddətdə aradan getməsinin səbəblərindən biri də bu məsələ idi.
*****
 Uzun Həsən zamanında idari təşkilatın mərkəzi böyük divan idi. Divanın rəisi divanbəyi və ya sahibi-divan adlanırdı. Divanbəyinin yanında «sahib» deyilən vəzirlər, hər biri vəzarətə (vəzirlik, nazirlik) bərabər olan işraf divanları (təftiş, tuğra və ya nişan, istifa, yəni maliyyə), cəza və nizami işlərə baxan ədl və ərz (şikayət) divanları, qazi əsgər (hərbi məhkəmə) və pərvanəçi (sənədləşmə üzrə məmur) var idi. Bunlardan başqa bəzi böyuk bəylər də divanın təbii üzvləri idilər.
 Böyuk bəylərin hər biri vilayətlərdə bir şahzadənin atabəyi idi. Əyalətlərdə də divanın kiçik bir nümunəsi qurulardı.
 Uzun Həsən fütuhatından sonra dərbar təşkilatını da genişləndirmiş, Təbrizdə İstanbul dərbarının əzəmətində bir dərbar qurmuşdu.
 Uzun Həsən ordu təşkilatını da Osmanlı ordusu kimi qurmuşdu. Ordunun əaas qismini xüsusi əsgərlər təşkil edirdi. Onlar daim xidmət edib, dövlətdən maaş alırdılar. Qəsəbə və kəndlilərdən alınan piyada əzəblərlə (subay, evli olmayan) köçəridən alınan çeriklər ancaq savaş zamanında maaş alırdılar. Bir də vilayətdlərdəki bəylərin əmrində və torpağa bağlı olan timarlı sipahilər (himayədə olan hərbçilər) var idi. Ağqoyunluların bayraqları ağ rəngində olub üstündə qoyun başı var idi. Uzun Həsəndən sonra gələn hakimlər adlarının başına sultan, sonuna padşah, xan və ya bahadır ünvanlarını əlavə edib, pul, fərman, damğa və yazılarında da bu ünvanları işlədirdilər.
 Uzun Həsən bəyin «Qaunnamə»si əkinçi, sənətkar və tacirlərdən alınan vergilərin adilanə bir şəkildə toplanması, tənzim edilməsi üçün yazılmışdır. Onun «Qanunnamə»si Səfəvilər tərəfindən uzun müddət, Osmanlılar tərəfindən də bir müddət tətbiq edilmişdir.
*****
 SƏFƏVİLƏR. Səfəvilər ərdəbilli Şeyx Səfiəddinin övladlarıdır. Bunlar yeni İranı bərpa edib, şiə məzhəbini İranın rəsmi məzhəbi etmişlər.
 Şeyx Səfiəddin 1251-ci ildə monqol İlxanilərin bərkgedən zamanında Ərdəbildə anadan olmuş və 1334-cü ildə 82 yaşında vəfat etmişdir.
 Şeyx Səfiəddin 25 il Zahid Gilaninin şagirdi olduğu zaman onun qızı ilə evlənmiş, şeyx Zahid öləndən sonra təriqətin şeyxi olmuşdu.
 Şeyx Səfiəddin ilə müasir olan məşhur Qəzvinli Həmdullah Mustoufi və İbn Bəzzazın yazdığı «Səffətus-səfa»da («Əsl nüsxə») verdikləri məlumata görə, şeyx Səfiəddin, oğlu Sədrəddin, nəvəsi Xacə Əli və nəticəsi şeyx İbrahim təriqət şeyxi olub, xalq arasında çox sevilib və hökumət yanında nüfuz sahibi olmuşlar.
 Şeyx İbrahimin oğlu Cüneyd atasının yerinə oturandan sonra, müridlərini silahlandırmış, özünə sultan ləqəbi verərək Azərbaycan və Anadoluda şiə məzhəbini yaymağa çalışmışdır. Cahanşah Qaraqoyunlu sultan Cüneydin qüdrətindən qorxuya düşüb ondan Ərdəbili tərk etməsini istəyir. Sultan Cüneyd diyarbəkrə gedir, orada Ağqoyunlu əmiri Uzun Həsən tərəfindən qarşılanır və Uzun Həsənin bacısı ilə evlənir.
 Uzun Həsən Cahanşahı məğlub edib Təbrizi alandan sonra, sultan Cüneydi yenidən Ərdəbil xanəgahına rəhbər təyin edir.
 Sultan Cüneyd 1459-cu ildə Gürcüstan çərkəzlərinə hücum edir, sonra Şirvanşah (sultan Xəlil) ilə savaşır və bu savaşda ölür.
 Sultan Cüneyddən sonra oğlu Heydər onun yerinə oturur. Heydər Uzun Həsənin qızı ilə evlənir və atasının yolunu davam edir. Sultan Heydər əvvəlcə məsihi çərkəzlərini məğlud edir, onlardan 6 minə qədər əsir gətirir. Sonra Şrvanşah Fərrux Yassarla savaşmağa məcbur olur. Fərrux Yassar Ağqoyunlu padşahı sultan Yaqubdan kömək istəyir, sultan Yaqub da öz səltənətinə nicat vermək üçün (bu dövrdə Şirvanşahlar Ağqoyunluların vassalı idilər) sultan Heydərə hücum edir. Sultan Heydər iki cəbhədə savaşmağa məcbur olaraq Elbrus dağlarının ətəyində şəhid olur.
 Sultan Heydər Uzun Həsənin qızı Şahbəyimlə evlənmişdi və ondan üç oğlu vardı: İbrahim, İsmayıl və Əli.
 Sultan Yaqub onldarı Şiraza göndərib İstəxr qalasında həbs etdirir. Lakin sultan Yaqub öləndən sonra hər üçü zindandan çıxırlar. Sultan Əli xanəgah mürşidi olur və nəhayət, ağqoyunlularla savaşda öldürülür.
 İsmayılı müridləri Gilana aparırlar və 15 yaşına qədər orada saxlayırlar. Gənc İsmayıl Ağqoyunlu dövlətinin daxili ixtilaflarından, aralarındakı çəkişmə və mübarizədən xəbərdar olandan sonra bir neçə yüz nəfərlə Ərzincana tərəf gedir (1500). Şah İsmayıl sultan Bəyazidin zəifliyindən faydalanaraq, ailəsinin tərəfdarlarını ətrafına toplayır. 5000 silahlı müridləri ilə Şimali Azərbaycana Şirvanşahın sorağına gedib, onu məğlub edir, sonra Naxçıvanda Ağqoyunlu hökmranı Əlvənd bəylə qarşılaşıb məğlubiyyətə uğradır. Daha sonra Təbrizə gəlir, göstəriş verib on iki imam və öz adına xütbə oxutdurur. On ilin ərzində Fəratdan Ceyhun nəhrinə qədər yerləri özünə tabe edir.
 Şah İsmayılın Xətai Azərbaycan tarixində özünəməxsus yer tutmuş, şərqdən qərbə, Amu-Dəryadan İraqa qədər, Dərbənddən tutmuş Bəsrə körfəzinə qədər böyük bir imperiyanın əsasını qoymuşdur.
 Şah İsmayıl Xətai 1501-ci ildə taxta çıxmış, şah elan olunmuş, şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. O, bu ali məqsədə çatmaq üçün uzun və şərəfli yol keçmiş, Azərbaycan türklərindən ibarət Şeyx Səfi ocağını qoruyub saxlamaq onun əsas amalı olmuşdur. İranda böyük canfəşanlıqla təbliğ olunan şiəliyin əsasını da bu nəsil qoymuşdur.
 Şeyx Səfi təkyəsi şərqin ən məşhur təkyəsi idi. Hətta fateh Teymur şərqə hücum edərkən təkyəyə nəzirlər vermişdir. 
 Xandəmirin və Miyəhya Qəzvininin yazdığına görə: «Şah İsmayıl Azərbaycan ölkəsini tərəkəmə zülmünün paxırından qurtarmış, «Azərbaycan ölkəsi» baş ruhanilərinin adına xütbə oxunması haqqında fərman vermişdi» («Azərbaycan tarixi üzrə qaynaqlar», səh. 241). 
 Səfəvi dövlətinin qurulması Anadolu şiələrində elə bir şadlıq və həyəcan yaratmışdı ki, bir-birinə şah kəlməsi ilə salam verirdilər və şahlarını görmək üçün İrana gəlirdilər.
 Səfəvi hökumətini quran ellərin əksəriyyəti Anadoludan gələn qızılbaş ordusunu təşkil etmişdilər. Qızılbaşlara aşağıdakı qəbilələr mənsub idi:
 Ustaclu, Rumlu, Təkəlu, Zülqədər, Şamlu (Begdili, Xudabəndəlu və İnanlu), Əfşar və Qacar, ayrıca Gəncə, Bərdə qaramanları və talışlardan da bu hökumətin quruluşunda iştirak etmişdilər.
 Şah İsmayıl 1525-ci ildə vərəm xəstəliyindən vəfat etdi. O, Osmanlı imperatoru sultan Səlimlə Çaldıranda fövqəladə bir cəsarətlə savaşdığı halda məğlub oldu (1514), ondan sonra bir daha üzü gülmədi.
 Şiə məzhəbinin rəsmi məzhəb olaraq elan edilməsi sonralar İranda mill vəhdətin və İran istiqlalının qorunmasına yardım etdi.
 Şah İsmayıldan sonra oğlu Təhmasib 25 il səltənət edib paytaxtı Qəzvinə keçirtdi. Erməni tarixçisi Zəkəriyyə Kanakersi onu xeyirxah, tədbirli şah kimi xarakterizə edir. O, ölkəni oğrulardan, yol kəsənlərdən təmizləmiş ağır vergiləri ləğv etmişdi. Sonra şah Abbas zamanında İsfahan paytaxt seçildi, işlər el bəylərindən alınıb, şəhərli farslara verildi və o zamandan farslaşdırma siyasəti başladı.
 Holland səyyahı Yan Streys xəbər verirdi ki: «Ayın 20-də 1671-ci ildə ev sahibi ilə Şah Səfinin dəbdəbəli və gözəl məqbərəsinə getdim. Burada hər şey xoşagələndir… Sonra mətbəxdə olduq. Qazanlar təndir oyuqlara qoyulmuşdur. Su oraya qurğuşun kəmərlərlə gətirilir və gümüş kranlardan axıdılır. Bu mətbəxdə hər gün min nəfər üçün: ruhani, rahib, dərviş və kasıblar üçün xörək bişirilir, gündə üç dəfə təkrar olunur. Birinci yemək şah Səfinin adına, sonuncu yeməkhakimiyyətdə olan kral tərəfindən ödənilir. Burada Soltan Heydərin, şah Təhmasibin məqbərələri olan gözəl bir bağ yerləşir. Bu gözəl məzarıstanda 12 şahın nəşi saxlanılır».
 Səfəvilərdən sonra Əfşarlar, Kərimxan və Qacarlar İranda hökumət elədilər. Kərimxandan başqa hamısı türk olublar.
 M. S. İvanov yazırdı: «Beləliklə də, 1-ci Səfəvi Şah İsmayıl vaxtında böyük dövlət yarandı. Bəzt tarixçilər bu dövləti İran dövləti adlandırırlar. Məsələ belə deyil. Səfəvi dövləti fars, türk, ərəb və sair tayfaları, xalqları bir dövlətdə birləşdirmişdi. Dövlətir paytaxğı Azərbaycanın Təbriz şəhəri idi. Azərbaycan tayfaları bu dövlətdə əsas rol oynayırdılar
 İlk əvvəl bu dövlət sırf Azərbaycan dövləti idi». (M. İ. İvanov, «İran v Srednem veke», 1952, səh. 61).
 Vaxtilə Səfəvilər sarayında olmuş Yan Batist Taverye yazırdı ki: «Saray adamlarının dili türk idi».
 Səyyah Enqelbert Kemfer demişdir ki: «Şahın hörmətini qazanmaq istəyən hər kəs türk dilində danışır, indi isə o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suçlu sayılırdı».

(Ardı var) 

Комментариев нет:

Отправить комментарий