25.10.2012

Dan yerində sevdalanan şeirlər

Vaqif YUSİFLİ

Ötər rüzgar acı-acı, 
Özündən ötürməz məni.
Karvan-karvan yüküm bəlli,
Körpülər götürməz məni. 

Bu yazını qələmə alanda Əsgəroğlu Ədalətin son illərdə qələmə aldığı gəraylılarından birini seçdim. Müasir poetik təfəkkür işığında “qoca” gəraylının yeni bir çaları ilə üzləşdim. “Qoca” gəraylı XVI əsrdən bəri öz poetik formasını qətiyyən dəyişməyib, amma hər bir əsrdə bu şeir formasına müraciət edən şair təbii ki, həm öz bədii təfəkkürünün, həm də zamanının poetik ovqatını əks etdirir.
Bu baxımdan Qurbaninin, Tufarqanlının  gəraylıları ilə Aşıq Ələsgərin, həmçinin XX əsr şairlərinin gəraylıları arasında fərqi görmək heç də çətin deyil.
Fərq  köhnə “formada yeni məzmun ifadə etməkdə”dir. Ədalət Əsgəroğlunun da “Aynasında buta” yeni şeirlər kitabındakı gəraylılar məhz bu xüsusiyyətinə görə diqqəti cəlb edir.

Şahə qalxar and-amanlar,

Silkələnər xanimanlar.
Sinəmi didər aslanlar,
Tülkülər bitirməz məni.

Köçündən yayınan quşun,

Köksündə dayanar qurşun.
Çinar kimi şah duruşum,
Diz üstə gətirməz məni. 

Əsgəroğlum, ölüm yalan,

Bu söz ki, çürüməz, balam!
Dan yerində sevdalanan,
Sabahlar itirməz məni. 

İndi sual edə bilərsiniz ki, bəs bu gəraylının yeniliyi (məzmunca!) nədədir?
Bu gəraylı (eləcə də kitabdakı digər gəraylılar) müasir irfani şeirin nümunəsidir. Şeirin məzmununda haqq aşiqinini öz Allahına qovuşmaq yolundakı dəyanəti öz əksini tapıb. Niyə “müasir irfani şeir” ifadəsini işlətdim? Çünkü bizim poeziyada (xüsusilə, sovet dövründə) şeirdə irfanilik qeybə çəkilmişdi. Kommunist təbliğatında Allahsızlıq  ideyası öz amansız təzyiqini göstərməkdə idi. Ancaq son 20 ildə irfani şeirə qayıdış başladı. Təsəvvüf fəlsəfəsi bu  gün – keşməkeşli zamanın təzadlı, son dərəcə mürəkkəb olayları içində çırpınan, mütərəddid hallar keçirən insana poeziyanın dililə əsl həqiqətin ünvanını göstərir.

Ağam, məni sınağa çək, 
Suallar sirr olan yerdə.
Alın yazım möhürlənir,
Mövlanə pir olan yerdə. 

Sevənlər eşqdən bayılır, 

Qumrusu erkən ayılır.
Tikanlar güldən ayrılır,
Aşiqlər bir olan yerdə.

Əsgəroğlum, haqqın qulu,

Sevdalıdır ömür yolu.
Qansızlar qan tökmür, durur,
Könüllər hürr olan yerdə.

“Qansızlar qan tökmür, durur, Könüllər hürr olan yerdə - məncə, müasir irfani şeirin təlqinedici gücünü də bunda axtarmaq lazımdır. Insan mənən saflaşmalı, haqqa gedən yolda Allah eşqinə tapınmalı, bu yolda tikanları güldən seçməyi bacarmalıdır. İrfani yolu seçənlərin hamısı divanədir. Haqq divanəsi... Bu yolda ölüm varsa, o da haqdan gəlir.

Olum, ölüm haqq işidir,
O da gözəl, bu da gözəl.
Yarın yara can borcu var
Yar bağrımı, buda gözəl.

Sığmır, səbətə hər çiçək

Tər çiçəyin özü gerçək.
Söz də zamanında göyçək
Aynasında buta gözəl

Əsgəroğlum, eşqimdi şah,

Şaxələnib budaq-budaq.
Qüdrətdən çəkilib bu dağ
Könlümcədir bu dağ, gözəl

Arzum budur ki, Ədalət Əsgəroğlu irfani şeir yolundan çəkilməsin. Hiss olunur ki, o, klassik irfan poeziyasından yaxşı bəhrələnib. Həmin poeziyanın rəmzlər və simvollar semantikasına bələdliyi var.
Ədalətin “Xocam Xocalı”! ikinci yeni kitabini da oxudum. Burada onun Xocalıya həsr etdiyi iki poeması və “Qar üstə qırmızı yazı var” silsiləsindən şeirləri toplanıb. “Xocam Xocalı” poemasını oxumamışdan öncə mən onun eyni mövzuda “Dərdimizin qan rəngi” poeması ilə tanış olmuşdum.  Xocalı faciəsi haqqında onlarla şeirlər, poemalar, publisistik yazılar qələmə alınıb və təbii ki, hələ alınacaqdır. Həmin yazıların əksəriyyətində Xocalı faciəsi bütün dəhşətli detalları ilə canlandırılıb. Bu da lazımdır! O yazılarda insanların qan rəngli üzünü görürsən, sınmış qollar, ayaqlar səni sarsıdır. Ədalətin poemalarında isə faciənin fəlsəfi dərkinə meyl açıq-aşkar nəzərə çarpır. Xocalı bir obraz kimi metafikləşir. Dəhşət, faciə öz yerində, əsl faciə bu faciəni içindən keçirən insanın özündə başlayır. 1992-ci ildən 2012-ci ilə uzanan, getdikcə unudulmaz olan dərd bitib tükənmir. Dərd üz-üzə dayanır, o dərd bu dərdin qaysağını qoparır.

Nə qədər yaxınsan,
Xocam, Xocalı!
beləcə üz-üzə
dururuq hər gün.
Mən başı aşağı,
Sən qaşqabaqlı,
Kəndirim dartınır
əlində qərbin. 

Ədalət Əsgəroğlu bu poemalarda bir sətir, bir misra belə Xocalıdan ayrılmayaraq bu dərdin millətdə, xalqda, hər bir fərddə oyatdığı intibahlardan söz açır. Görünür, Xocalı havası bir dərd kimi çoxlarının içindən keçməyib.

Sanma daş ürəkdən
daş qoparırsan,
Sözü qanan  kəsə
deyərlər şair!
Zalımlar görsə ki,
baş aparırsan,
Səni diri-diri 
yeyərlər şair!
Məhşər ayağına
çəkərlər səni,
Gəzərsən könlü boş,
başı havalı,
Havanı çaldırar
halvası dəymişin
zurna-qavalı...

Məncə “Xocam-Xocalı!” həm də ədalətsizliyə, haqqın tapdanmasına daxili bir üsyanın ifadəsidir. 20 il keçib. Dünya indi-indi Xocalı faciəsini dərk etməyə başlayır. Susan vicdanlar ayılır. Poemanın elegik notları çox olsa da, Ədalətin nikbin notlarını da eşidirsən. O, Xocalıya bir daha qayıdacağımıza inamı artırır:

Dərdin görünməyən
İbrət dərsidi,
Alın yazısının
Sağdan tərsidi.
Səsin divanilər 
Müqəddəsidi,
Sənsən haqq aşiqi
Hayana baxsam...
Baxsam, yeymi, Xocam!

Xoca... Azərbaycan mentalitetində Xoca şəxsi insan adlarının ən yüksəyidir. Xocalı da Ədalətin poetik təfsirində məhz belə bir məna kəsb edir. Dərdin metafizik mənası, dərdin müqəddəsləşdirilməsi... bax, budur məsələ.
Ədalət Əsgəroğlunun bu iki yeni kitabı onu sübut edir ki, o, poeziyada axtarışlar aparır, dəbdə olan mövzularda belə təzə, tamam fərqli poetik obrazlar yaratmağa can atır. Onun əvvəlki şeir kitablarında bu cəhətlər nəzərə çarpırdı, son iki nəşrdə isə bir az da irəliləyiş hiss olunur.
Bə mən bu qeydlərimi Ədalətin məşhur şeirlərindən aşağıdakı misralarla başa çatdırıram.

Min illik kədəri qara qat kəsib,
Bir ümid yoxdumu üz ağartmağa?
O hansı şairdi qara daş gəzir
Ovcunda sıxaraq can çıxartmağa.

Mənə babalardan dərd miras qalıb,

Üzümdə qəm tutub qocalıb günah,
Mənim dincliyimi bir zalım alıb,
Səndən Allahlığı kim alıb, Allah!
Mən şeir yazıram, min bir günahnan,
Günah taleyimdi, yazmasam olmur.

Комментариев нет:

Отправить комментарий