Elçibəy hakimiyyəti dövründə - Prezident Aparatında işlədiyi dövrdə bu adam orada bir otelə sahib olmuşdu, həmin otelə qədim bölgənin sahibləri nədənsə “cırıq oteli” adı vermişdilər
“Yeni Müsavat” qəzetində Fazil Mustafa isterik bir məqalə ilə çıxış edib, dalınca da özündən razılıqla bizi darmadağın etdiyini elan edib. Hətta onu da yazıb ki, Naxçıvanda Şahvələd Çobanoğlu, Zamin Hacı və Elnur Astanbəyli kimi adamlara “cırıq üçlük” deyirlər. Elə bilib ki, biz çox sarsılacağıq. Guya biz bu hakimiyyətin arsenalında jurnalistləri söyən, şərləyən adamların nə qədər çox olduğunu bilmirik.
Mən bu il 2 dəfə Naxçıvanda olmuşam. Polislər təcili mənim oranı tərk etməyimi tələb edirdilər. Əksinə, sadə insanlardan böyük ilgi görürdüm. Məndən başqa yazarlara da salam yollayırdılar. Orada vəziyyət çox ağırdır. Abadlıqların arxasında əsl Naxçıvan faciəsi yaşanır. Kəndlər boşalır. Elə yerlər var ki, yaşlı adamlar öləndə dəfn etməyə əltutan kimsə olmur, mərhumu əsgərlərin köməyi ilə dəfn edirlər. Fazil isə bu siyasətin dəstəkçisidir, bu siyasətin həyata keçirənlərin cib müxalifətidir. Naxçıvanlılara zülm edən siyasətə pulla qulluq edir, amma onların folklorundan pulsuz istifadə edir.
Bəs Naxçıvandakı bu deyim niyə yada düşüb? Bu “cırıq” kəlməsi ilə bağlı bu adamda “travma” var. O da Naxçıvandakı bir deyimlə bağlıdır. Çünki Elçibəy hakimiyyəti dövründə - Prezident Aparatında işlədiyi dövrdə bu adam orada bir otelə sahib olmuşdu. Necəsini bilmirəm, amma həmin otelə qədim bölgənin sahibləri nədənsə “cırıq oteli” adı vermişdilər. Bəzən kəlmə adamın öz içini yandıranda, onu başqalarına püskürürsən. Amma buna ehtiyac vardımı?
Nə var ki, dalaşan adamlar, hətta siyasi polemika edən adamlar bir-birinə hər cür ağır sözlər deyə bilər. Amma ən çətin şey insanın əqidəsini satmasıdır. Bu ləkəni üstündən təmizləmək ağırdır. Adını dəyişiklik qoy, kimlərsə sussun, deməsin, xeyri yoxdur. Hamıya bəllidir hər şey.
Gerçəkdə biz tərbiyəsiz heç nə yazmırıq. Şəxsi şeylər yazmırıq. Biz sərt yaza bilərik, amma ictimai mövzulardan yazırıq. Çünki arqumentlərimiz var. Baxın, sonuncu qovğamıza səbəb olan yazım Elçibəyin xarici siyasətinə macəraçı deməyi ilə bağlı olub. Heç bir qeyri-siyasi kəlmə yox idi. Məqam düşdü, yazdım ki, Moskvada azərbaycanlı oliqarxların birlik yaratmasını Rusiyanın təzyiqi sayıb, Elçibəyin xarici siyasətini niyə pisləyirsən? Bəs Elçibəy rus qoşunlarını bu ölkədən çıxarmasaydı, burda oturan rus generalların qorxusundan neyləyərdiniz?! Özün də Elçibəyin müşaviri, müavini olmusan. Ağıllı idin, o vaxt deyəydin, səhv olmazdı. Heç olmasa bunu Elçibəy devriləndə sonra deyəydin. Niyə sənin Elçibəyə qarşı fikirlərin 10 ildən sonra, o öləndən sonra və məhz deputat olandan sonra aşıb-daşdı?
Üstəlik, bu, təkcə Elçibəy davası da deyil, axı Elçibəyin xarici siyasəti səhv olmayıb. O bilirdi ki, Rusiya hər zaman bu ölkənin müstəqilliyi üçün təhlükədir. Odur ki, öz hakimiyyətini rus qoşunlarının çıxarılmasına görə riskə atdı və qurban verdi. Müstəqillik naminə. Bu, böyük bir fədakarlıq idi. Həm də böyük uğurdur. Məhz bu addım presedent yaratdı ki, Rusiya Gürcüstandan da rus qoşunlarını çıxarsın və bugünkü azad Gürcüstan qurula bilsin. Bu prosesin küləyi indi oradan bizi vurur. Regionu dəyişir. Hətta Rusiyanı dəyişəcək bir gün. Gürcüstandakı dəyişikliyə rus cəmiyyətindəki həsəd bunu deyir. Yəni Mixail Saakaşvilinin əldə etdiyi uğurların bazasını Elçibəy qurub. Ruslar onu da yıxmaq istəyirdilər. Sadəcə, Mixail Saakaşvilinin devrilməsinin qarşının alınmasını Elçibəyin özü demişkən, zaman yoluna qoya bildi.
Bunu hakimiyyətdən paketdə haqq alan adam başa düşə bilməz. Üstəlik, başa düşsə də yalandan ləkələməli, macəraçı saymalıdır. Baxın, sonuncu məqaləsində yazıb: Elçibəy Kələkidən gələndə gördü ki, hakimiyyət uğrunda mübarizə aparmaq mənasızdır. Bu qədər ağ yalan olar? Elçibəy deyildimi ki, TV-lərdə “mən hakimiyyətə gələcəyəm, mən prezident olacağam” deyən. Mənim haqqımda da bir neçə ağ yalan yazmışdı, gördü ki, buna aidiyyəti olanlar təkzib edir, polemikanı söyüşə keçirdi.
Nə etməli, bizim və millətimizin liderini azmı söyürdülər?! Hələ də davam edirlər. Amma biz yalanlara həmişə layiq olan cavabı verəcəyik.
...Yazırsan ki, xoş sonluq üçün bizi Qurban bayramı münasibəti ilə təbrik də edirsən. Mən də səni təbrik edirəm. Imkanın olsa, gücün çatsa, belə inamın varsa, o bayrama, onun naminə getdiyin o YAP yolundan dön.
musavat.com
Комментариев нет:
Отправить комментарий