Hafiz Mirzə
Dünyada dördüncü qitənin mövcud olduğunu bir kimsə bilmirdi. Avropa coğrafiyaşünaslarının və səyyahlarının düşüncəsinə yalnız Hindistana dəniz yolunun tapılması hakim kəsilmişdi. Bu sahədə İtaliya, İspaniya və Portuqaliya dənizçiləri uğur qazanmağa daha çox çalışırdılar. 1451-ci ildə İtaliyanın Genuya şəhərində anadan olmuş Xristofor Kolumb hələ 21 yaşında ikən dəniz səyahətlərinə çıxmışdı. Amma buna daha yaxşı şərait Portuqaliyada var idi. Ona görə də 25 yaşında o, Portuqaliyaya köçdü. Onun gəmisi İngiltərəyə, Atlantik okeanındakı Madeyra adası və Qvineya korfəzinə üzdü, bir müddət o Madeyra adasında yaşadı,..
Sonra o Portuqaliyaya qayıdıb, burada evləndi. Ancaq bunlar onun dəniz və yeni yaşayış yerləri kəşf etmək ehtirasını söndürmürdü. Kolumb öz elmi biliklərini artırmaq üzərində də işləyir, yerli tacirlərə uzaq və yaxın Şərq ölkələrindən müxtəlif elmi kitablar alıb gətirmələrini sifariş verirdi. Şərq alimləri elə yeni və elə maraqlı elmi sahələr kəşf etmişdilər ki, bu barədə Avropada çoxlarının xəbəri yox idi. Buna görə hətta ərəb dilini də öyrənmişdi. Az qala gəmiçilik sənətini atıb, elmlə məşğul olacaqdı. Bir gün Lissabona, onun yanına çoxdan görüşmədiyi, genuyalı tacir dostu Covanni gəldi. Özünün bir kiçik qardaşı ilə adaş idi. Bir qədər çaxır içdikdən sonra Covani onun stol üstünə yığılmış qalaq-qalaq kitablarına nəzər saldı və gözlənilməz bir söhbətə başladı.
– İlk dəfə idi ki, Azərbaycan adlanan bir ölkəyə, onun Marağa şəhərinə getmişdim. Ticarətimiz yaxşı oldu. Kral kitabxanaları üçün yerli şairlərin, alimlərin kitablarını alıb gətirmişdim. Kitabları İtaliyada, İspaniyada çox baha qiymətə satdım. Alimlər seçib götürdülər. Amma bir neçə kitab da vardı ki, heç kəs baş açmadı, almaq istəmədi. Coğrafiyaya aid olmadığına görə sənin üçün də gətirmədim.
– Nə barəsində idi?
– Bunun dəqiq hansı elm olduğunu bir kimsə ayırd edə bilmir. Orada riyaziyyat da, həndəsə də, astronomiyada, coğrafiya da eyni qədər yüksək səviyyədə ifadə olunub. Eyni zamanda bu elmləri yüksək səviyyədə bilən bir tərcüməçi və bir alim görmədim. Çox qəliz olduğuna görə bəziləri bu kitabı cəfəngiyyat adlandırdı.
– O cəfəngiyyatın müəllifi kimdir?
– Nəsirəddin Tusi!
–Adı tanış gəlmir. Amma mən onun cəfəngiyyatına nəzər salmaq istərdim.
– Bundan ötrü sən Nizaminin bir kitabını almalısan. Amma farscadır.
–Fars şairidir?
–Xeyr! Dedim axı, həmin yerlər Azərbaycan adlanırdı. Türkdür məncə.
– Azərbaycan şairi olan bir türk şair farsca nə üçün yazıb ki?
–Şərqdə şeiri farsca yazmaq qaydadır. Elmi ərəbcə yazırlar, hərb işi isə türkcədir.
–Mən farsca bilmirəm, həm də mən axı şair deyiləm.
Covanni güldü
–Əzizim Xristofor, sən bu sadəlövhlüklə yeni dünyalar kəşf edə bilməzsən. Bir az ayıq olmağın lazımdır. O kitabları alanların əksəriyyəti nə fars, nə də ərəbcə bilmir. Mən yaxşı bilirəm ki, onlar o kitabları pul verib tərcümə etdirir, sonra bir qədər əlavələr edib dəyişdirir və öz adlarına çap etdirirlər. Kimdir bundan xəbər tutan? Mən indi alim və ya şair kimi tanınan bir çox qraflara, hersoqlara həmin kitablardan satmışam. Adətən mənə İncilə əl basdırıb, elə kitabları bir nüsxədə gətirdiyimə and içdirirlər. Sən də əmin ola bilərsən ki, o kitabdan cəmi bir nüsxə almışdım.
– Covanni, mənim şair və ya alim olmaq fikrim yoxdur. Xoşum gəlsə, məndə maraqlı əhval yaradarsa, həqiqi müəlliflərin adı ilə italyan, ispan, ya da portuqal dilində çap etdirə bilərəm. Məncə bu hərəkətim çox maraqlı olar, elə deyilmi?
Covanni badəsinə çaxır süzdü və bu dəfə sərt tərzdə:
–Xeyr, elə deyil!–dedi və qabı başına çəkdi.–Buna sənin ixtiyarın yoxdur! Sən müsəlman türklərin Avropa mədəniyyətinə soxulmasınımı istəyirsən? Kral akademiyaları, xristian şair və yazıçılar ayağa qalxar və sənin barəndə kilsəyə müraciət edərlər. Roma Papası bunu bilsə sənin barəndə inkivizissiya məhkəməsi üçün material uydurulmasından ötrü özünün qarapapaq kardinallarına, ağpapaq yepiskoplarına xüsusi tapşırıq verdirər. Çoxdandır kilsə tonqallarında insan ətinin kababı bişirilmir.
Xristofor Kolumb bu sözləri xoşlamadı və əli ilə də onun susmasına işarə verdi.
–İisa Məsih xatirinə sus! Mənim indi hansısa şairlə, kral akademiyası, ya da kilsə münaqişəyə düşmək həvəsim yoxdur! Mən dünya səyahətinə çıxmaq, yeni torpaqlar kəşf etmək istəyirəm! Yaş keçir, mən isə...
Bu söhbətdən bir neçə gün sonra Covanni yenidən çaxır içməyə gəldi və özü ilə Nizaminin “Xəmsə” adlı kitabını gətirdi. Xristofor vərəqlədi və bir qədər oxudu. Tam anlamasa da Avropada hələ belə möhtəşəm əsərlər yazıldığını xatırlamadı. Covanninin dediyi qiymətin yarısını verib kitabı aldı. Yəqin ki, Hindistan belə şeir və elmi kitablarla daha zəngin olacaqdı. Nəsirəddin Tusi adlı müəllifin həmin qəliz kitabını isə Covanni ona bağışladı.
Kolumb Tusinin kitabını birinci dəfə anlaya bilmədi. Heç ikinci, üçüncü, dördüncü dəfə də dəqiq anlamadı. Paolo Toskanellinin tərtib etdiyi xəritələr daha asan və daha maraqlı idi. Onun xəritəsinə əsasən Yerin kürə şəklində olması tam aydın olurdu. Lakin hansısa bir ucqar şərqlinin yazdığı kitabı anlaya bilməməsi sonra onun heysiyatına toxundu. Coğrafi biliklərini yaxşı, astronomiyanı ortabab qiymətləndirmək olardı. Həndəsə və riyaziyyatı isə əsil elmi səviyyədə bilmirdi. Buna görə bir müddət Portuqaliya kralı II Juanın saray kitabxansına getdi. Nə vaxtsa bu sarayda kralın qəbuluna gələcəyini və özünün Hindistana dəniz yolunun kəşfi ilə bağlı layihələrini təqdim edəcəyini düşünüb, dərindən köks ötürdü. Elə bir gün olacaqdımı? İndilikdə kitabxanada işləyən dostlarından riyaziyyat və həndəsə barədə əlavə bilgilər aldı. Yalnız üstündən bir il ötdükdən sonra Nəsirəddin Tusinin kitabını anlamağa başladı. Yenə də heç asan deyildi. Amma birdən birə onun üçün sirli bir pərdə götürülməyə başladı və Kolumb bu şərqli alimin elmi kəşflərinə “Min bir gecə” nağıllarına olduğu qədər aludə oldu. Müəllifin nəzəri bilgilərinə əsasən Yerdəki zəlzələlər, dənizdəki qabarmalar, fırtınalar, qasırğalar Ay dövriyyəsindəki fəsadlarla bağlı idi. Eləcə də səmadakı ulduz yığınlarına, kəhkəşanlara və bürclərə nəzərən Yerin muəyyən yerində su və ya quru ərazilərin mövcudluğunu müəyyən etmək olurdı. Kitabın bir səhifəsində xüsusi coğrafi hesablamalar cədvəli, daha birində isə maraqlı bir xəritə vardı. Xəritəni əslində nə ilk dəfə bu kitaba baxarkən, nə də sonralar görməmişdi. Bu işdə sanki sirli qüvvə vardı. Bu xəritə ilə tanışlıqdan sonra uzun müddət özünə gələ bilmədi. Çünki dünyanın tamam bir başqa tərəfində, okeanın o biri sahilində Avropadan daha böyük ərazilər var idi. Bu barədə sirri biləcəkləri halda və əgər oraların əhalisi yox idisə və ya az idisə bütün Avropa dövlətləri oraya öz qoşunlarını yeritməyə çalışacaqdılar. Deməli, bütün hökmdar, sərkərdə, admiral, əskər, dənizçi və tacirlərin dilində adı əzbər olacaqdı. Elə böyük ərazilərin böyük miqdarda əhalisi və qüdrətli dövlətləri olardısa, onlar Avropanın yerini öyrənə və gəlib bu yerlərə çıxa bilməzdilərmi? Bu halda onun kəşfi hansı tərəfin xeyrinə olacaqdı? Hər halda onların daha qüdrətli olduğuna inana bilməzdi. Daha qüdrətli olsaydılar indiyə kimi çoxdan gəlib Avropanı kəşf edərdilər. Mahiyyət barədə düşünməyə borclu deyildi. Susmaq isə heç mümkün deyildi. Gec-tez, kimsə bu böyük kəşfi həyata keçirəcəkdi. O şəxs nə üçün özü olmamalı idi? Amma bunu qabaqcadan bir kimsəyə elan etmək düzgün olmazdı. Bu insanlar üçün yalnız Hindistana dəniz yolunun kəşfi daha vacib idi. Yeni, qeyri-məlum və ərazisinin faydalılığı qeyri-müəyyən ərazilərin kəşf olunmasına bir kimsə böyük məbləğdə vəsait ayırmazdı. Lakin səyyah üçün bunun əhəmiyyəti yox idi.Belə olduğu halda həmin yerləri Hindistan adı ilə kəşf etməkdən ayrı yol qalmırdı.
Kolumb qəti qərara gəldi və “Hindistana dəniz yolunun kəşfi ilə bağlı” layihə hazırladı. Bu layihənin onu yeni torpaqlara aparacağına tam əmin idi. Oranın nə vaxtsa əsil Hindistan olmadığını kimsənin biləcəyinin əhəmiyyəti olmayacaqdı. Əsas olan bu kəşf idi. Lap kralı aldatdığını tezliklə bilib onu öldürsəydlər də, bu kəşfə dəyərdi.
Xristofor əvvəlcə o öz layihəsini Portuqaliya kralı II Juanaya təqdim etdi. Nə vaxtsa ürəyindən keçmiş bir arzusu beləcə gerçəkləşdi, amma kral bu layihəni rədd elədi. Belə olduqda Kolumb Portuqaliyanın rəqibi İspaniyaya köçdü. İspaniyada bir müddət yaşadıqdan, bu yerlərin qanun-qaydalarına bələd olduqdan sonra öz layihəsini kraliça İzabellaya təqdim etdi. İsabella layihəni çox bəyəndi, amma ona maliyyə vəsaiti ayırmaq istəmədi. Onu yaxşı tanımır, ona inanmırdılar görünür. Halbuki, sonra onun kəşfləri hesabına çox böyük qazanc əldə edəcəkdilər. Kolumb öz səyahətinin səmərəsiz ötüşməyəcəyinə tam əmin idi. Çünki mövcud xəritələrin əksəriyyətini yeni hesablamalarla yoxlamış, Afrika, Asiya və Avropanın əksər ölkələrinin xəritədəki vəziyyəti tam dəqiq təsbit olunmuşdu. Deməli, yeni torpaqlar da mövcud idi. Bəs görəsən şərqlilər həmin əraziləri kəşf etmişdilərmi? Bu mümkün deyildi. Əgər dənizçilik sahəsində daha çox tərəqqi tapmış və daha çox imkanlı olan Avropa ölkələri bu layihəyə tələb olunan qədər vəsait ayıra bilmirdilərsə, şərq ölkələrində buna böyük vəsait ayıra bilən bir kimsə tapılmazdı. Onlar nəinki dünya səyahətinə, heç dünya ticarətinə də bir elə maraq göstərmirdilər. Bu işi onlar üçün avropalılar gerçəkləşdirirdi. Elə yeni torpaqları da onlar üçün avropalılar kəşf etməli olacaqdı.
Kolumb bu barədə çox düşündü, çox yollar axtardı. O yeni əsaslar, daha tutarlı fikirlər, daha çox maraq oyadacaq, şirnikləndirəcək şərtlər müəyyənləşdirdi. Onun yazdığı yeni müraciətdə uzaq Hindistanda xalqların bütpərəstlikdən imtina, xristianlığı isə qəbul eləmək istədikləri xüsusi vurğulanırdı. Bu müqəddəs vəzifəni isə yalnız adı qeyd olunan kral və ya kraliça həyata keçirdə və tarixdə böyük iz saxlaya bilərdi. Nə qədər ki, bunu Roma Papası da həyata keçirdə bilmirdi, Hindistan xalqı hətta şeytana və bütlərə sitayiş etməkdə davam edəcəkdi. Kolumb hökmdarları Hindistanı İslamın zəbt edəcəyi və oranın bütün sərvətlərinə malik olub, qüdrətlənib yenidən onların üstünə qoşun çəkəcəkləri ilə qorxudurdu. İspaniyanın tən ortasına qədər gələ bilmiş mavrlardan (müsəlmanlardan) krallıq yenicə qurtulmuşdu. Əgər Hindistanın Avropa ölkələri tərəfindən, çoxlu ölkələr adlayaraq, çox ölkələrlə müharibə apararaq fəth olunması çətin idisə, bu iş dəniz yolu ilə birbaşa mümkün olacaqdı. Bunu Avropa etməzdisə, müsəlmanlar quru yolu ilə həyata keçirdəcəkdilər. O bundan ötrü Portuqaliya kralına daha bir dəfə müraciət etdi. Amma yenə də rədd cavabı aldı. Sonra bu barədə Fransaya üz tutdu. Kral akademiyasında onu diqqətlə dinlədilər, çoxlu sual verdilər, lakin inam bəsləmədilər. Çox qəribə idi: bir kimsə daha ciddi əks arqumentlər irəli sürə bilmirdi, layihəsini inkar etməyi bacarmırdılar, amma heç cür razılaşmaq da istəmirdilər. Nə hikmət vardı bunda – anlamırdı. Heç cür alınmırdı ki, alınmırdı! Beləcə düz on iki il maliyyə qaynağı aradı. Bircə Roma Papasına müraciət etməsi qalırdı. Onu inandırmaq isə daha çətin idi. Bu vaxt ərzində öz layihəsini daha da cilaladı. Hətta dənizdə qət edəcəyi hər mildən sonra hansı nəticələrin ola biləcəyinə kimi dəqiqləşdirmişdi. Amma bunu necə etdiyini və nədən istifadə elədiyini dilə gətirə bilmir, layihənin elmi izahını aça bilmirdi. Bir türk-müsəlman alimin adını çəkərdisə onu heç dinləmək belə istəməzdilər və o tamamilə nüfuzunu itirərdi. Amma bir gün Kolumb bunu heç ədalətli hesab etmədi və ilk imkan düşən kimi bu böyük alimi dünyaya tanıdacağı barədə düşündü. 1492-ci ilin elə həmin ayındı tale Kolumbun üzünə güldü. İspaniya kraliçası İzabella ilk dəfədən xoşladığı bu layihəyə maliyyə vəsaiti ayırmağa söz verdi. Kraliça Xristofor Kolumba fəxri “don” titulunu, dəniz və okeanların baş admiralı rütbəsini, kəşf edəcəyi bütün qitə və adaların İspaniya adından ömürlük hökmdarı və vitse-kral adını verdi. Bunlar çox böyük adlar idi. Kolumb təcili olaraq Palos şəhərinə yollandı. Buradakı limanda səyahət üçün gəmilər almaq, hazırlamaq lazım idi. Kraliça ilə aralarındakı razılaşmaya əsasən bütün xərclərin səkkizdə-bir hissəsini Kolumb özü qoymalı idi. Onun isə artıq bir quruşu da yox idi. Kömək etsinlər deyə Martin Alonso Pinson və qardaşlarını da işə qoşdu. Onların “Pinta” adlı şəxsi gəmisi vardı və Kolumba bir gəmi almaq üçün pul verdilər. Üçüncü gəmini isə xaç suyuna salınmış yerli yəhudilər təqdim etdilər. Gəmilər uzaq səfər üçün hər cür avadanlıq və ləvazimatlarla təchiz edilməklə yanaşı gəmi heyətləri də toplanırdı. Cəmi 90 nəfərlik heyətə daxil olmaqdan ötrü heç də gözlədiyi qədər böyük rəqabət görmədi. Bu səfərin uğuruna gəmiçilərdən çox az adam inanırdı. Bu zaman onun böyük səyahətə çıxacağı xəbərini eşidib, tacir dostu Covanni də Palosa gəldi. Covanni hətta müəyyən qədər yardım edəcəyini bildirsə də Kolumb onu heyətə daxil etmədi.
–Sən məni aldadıb Nizami adlı artıq buralarda çox yaxşı tanınan, məşhur bir şairin əsərini, həm də çox baha qiymətə satmısan. Əsərləri buralarda da yaxşı tanındığı halda o daha mənim nəyimə lazımdır ki? Üstəlik də mənə yeni elmi kitab adı ilə uzun müddət vaxtımı aparan çox cəfəng bir kitab bağışlamısan– Nəsirəddin Tusinin kitabını! Sən etibarsız dostsan, mən səni belə mühüm səfər üçün heyətə daxil edə bilmərəm!
Kolumb “Santa-Mariya”, “Ninya” və “Pinta” adlı üç gəmi təchiz etdi. Digər gəmilərin kapitan vəzifəsinə də Pinson qardaşlarını təyin elədi. Kilsə münəcciminin rəyi ilə ən münasib bir günü seçdi və gəmilər 1492-ci ilin 03 avqust tarixində, günəşin çıxmasına yarımsaat qalmış Palos limanından hərəkətə gəldi. Xristofor Kolumb “Santa Mariya” gəmisiningöyərtəsində, gəmi burnunun lap ucunda durmuşdu, fərəhlə irəli baxır, qanad açıb irəliyə uçmaq istəyirdi. İrəlidə onu çox böyük uğurların gözlədiyinə tam əmin idi. O, yeni torpaqlar kəşf edəcəkdi! Bu işdə ona ən sadiq yardımçı olan Nəsirəddin Tusinin, onun yeni elm sahəsinin, tərtib etdiyi xəritəsinin böyük rolu olacaqdı. Amma onun adını hallandırmasına dəyərdimi?
Bu halda öz uğurlarını onun adı ilə bölüşdürəsi olacağını düşünüb bir müddət əvvəlki fikrindən imtina etdi.
Güclü sahil küləyinin altında əvvəlcə cənuba,sonra cənubi-şərqə– Kanar adalarına sarı istiqamət götürdülər və saat 8-ə kimi artıq 60 mil və ya 15 liq məsafə qət etdilər. Sonra hər gün ən azı 40 mil qətt edirdilər. Amma iki gün sonra “Pinta” gəmisinin sükanı sıradan çıxdı. Bu gəmiyə Martin Alonso Pinson kimi çox mahir dənizçi kapitan təyin olunmuşdu. Bu uğursuzluq heç gözlənilən deyildi. Sükan qaydasına qoyulduqdan bir neçə gün sonra yenidən sıradan çıxarıldı. Sonrakı günlərdə də onu tam qaydasına qoymaq mümkün olmadı və nəhayət Kanar adalarının birində – Homerdə durub, gəmini təmir etdirdilər. Bu zaman homer sakinləri ilə, xüsusilə də köhnə dənizçilərlə barlarda toplaşdıqları söhbətlərdə onlardan bəzilərinin okeanın uzaq sularında ikən günəşin batdığı qərb istiqamətində torpaqlar olduğunu görmələri barədə müxtəlif söhbətlər eşitdi. Çoxları bu söhbətləri ilğım, xəyal, qarabasma adını verdilər və qəti etiraz etdilər. Amma bu söhbətlərə təkcə admiral Kolumb heç bir münasibət bildirmədi və enli papağının altında özünü mürgüləyirmiş kimi göstərsə də, əslində məmnunluqla gülümsədi.
Beləcə yubanmaları heç ürəyicə deyildi. Onlar səfər üçün ərzaq və digər ehtiyaclarını tam bərpa edib, tələsik yola düşdülər. Bu zaman onlara xəbər gəldi ki, Portuqaliya krallığı onun bu səfərinin İspaniya tərəfindən gerçəkləşməsinə qısqanaraq onların qarşısını kəsməkdən və admiralı tutmaqdan ötrü arxalarıyca üç gəmi yollayıb. Elə bircə bu çatışmırdı. Bu onların sürəti daha da artırmalarına rəvac verdi. Günlər bir-birini əvəz edir, onların gəmiləri sürətlərini azaltmadan hər gün 40-50 mil yol gedirdi. Sonra bu sürət azaldı. Matroslar yorulur, həvəsdən düşür, eyni işləri icra etməkdən və hər tərəfdə yalnız suları görməkdən bezir, psixoloji gərginlik artırdı. Bu zaman onlar kursun necə dəyişdirilməsinin də fərqində olmurdular. Çox vaxt, xüsusən də gecələr aparıcı gəminin sükanı arxasında Kolumbun özü dururdu. Gecələr o, ulduzları da müşahidə edir, onların düzülüşünə uyğun vəziyyəti öz coğrafi cədvəlində yoxlayırdı. Onun nə vaxt yatdığını bir kimsə görə, duya bilmirdi. O bəzən o biri gəmilərə də keçir, oradakılara da ruh verir, tezliklə mənzil başına çatacaqlarına inandırırdı. Bəzən hətta özü dor ağacının üstünə çıxır, durbini gözündən ayırmadan torpaq görmək ümidilə uzaqlara baxarırdı. Günlərlə qərbə doğru üzmələrinə, hər gün ən azı 15-20 mil məsafə qət etmələrinə baxmayaraq hər tərəf okean sularından ibarət idi. Admiral tez-tez öz kayutuna girir, orada özünün sirli xəritəsinə baxır, sonra da israrla və tezliklə quru ilə üzləşəcəklərini bildirirdi. Bütün dünya büsbütün sudan ibarət ola bilməzdi. Qərbə doğru getdikləri qədər məsafəni indiyədək bir kimsə qətt etməmişdi. Beləcə bir aydan çox üzdülər. Sentyabrın 15-i tarixində kimsə qağayı gördüyünü dedi. Heç bir quş torpaqdan 5-6 mil uzaqlara uçmurdu. Bu artıq yaxın məsafədə torpaq olduğuna işarə idi. Lakin torpaq görünmürdü. Əvəzində suyun üzərində çəmən parçaları görməyə başladılar. Bu böyük dəniz tamam sakit idi və bəzən suyun altındakı balıqları da görmək olurdu. Matroslar hər gün yaxınlıqda torpaq olduğunu zənn edir və Hindistana belə tez çatacaqlarına sevinirdilər. Amma bu ərazidə böyük torpaq deyil, adalar olmalı idi. Böyük torpaq bir qədər gec və uzaqda olacaqdı. Bu otlar, çəmənlər, mamırlar dalğaların qayalardan qopartmış olduğu şeylər idi. Sonra daha çox çəmən gördülər. Admiral Kolumb bunun çay otları olduğunu sezdi və gülümsədi. Hətta bir canlı xərçəng də görüb tutdu və onu xatirə saxladı. Tədricən suyun duzluluq dərəcəsi də aşağı düşürdü.Beləcə Saraqosova dənizi kəşf olundu. Daha 15-20 mildən sonra torpaq görünməli idi. Sentyabrın 19-da gəmiyə yelbəsər adlı dəniz quşu qondu. Axşam daha birini gördülər. Bu quş suda yatmır və qurudan çox uzaqlara uçmurdu. Hava küləksiz olsa da yağış yağırdı və Kolumb lap yaxınlıqdan torpağın ətrini duyurdu. Artıq sirli xəritə də bu qədər məsafə qət etdikdən sonra yeni torpaqlara çatacağını bildirirdi. Yelbəsər quşları sonrakı günlərdə daha tez-tez görünməyə başlamışdılar. Onlar gəmidən qalxdıqda şimali-qərb istiqamətinə uçurdular. Gəmilər də elə onların uçduğu istiqamətə kurs göturdülər. Hamı yaxın saatlarda Hindistana çatacaqlarının sevinci ilə yaşayırdı. Gerçəkdə gördükləri və bildikləri ilə, eləcə də məsafənin dəqiq rəqəmi ilə müqayisədə admiralın gəmi gündəliyinə yazdıqlarının arasında çox böyük fərq vardı. Başqa cür mümkün deyildi. Sonra kral akademiyasında onun admiral gündəliyinin hər günü diqqətlə tədqiq olunacaqdı. O hər gün üzdükləri məsafənin dəqiq xəritəsini, coğrafi hesablamalarla da qeyd edirdi. Bu yeni xəritə özündən sonrakılar üçün dəqiq, aydın səfər demək olacaqdı. Bütün fikirlər Hindistanın kəşf edildiyinə yönəlməli idi. Başqa hər nə olacaqdısa da, bunun qabaqcadan düşünülmüş şəkildə edildiyi sezilə bilməzdi. Bəlkə də bu gündəliklə gələcəyin yeni tarixi yazılırdı. Amma onun indicə real olaraq kəşf edəcəyi yeni torpaqları ondan çox-çox əvvəllər, XIII əsrdə bir şərqli, müsəlman, türk alimi nəzəri cəhətdən artıq kəşf etmişdi. Kolumb bu düşüncələrin sonunda əmin olurdu ki, bu məsələ ilə bağlı qanqaralıdıcı bir hal olmayacaqdı. Əgər olardısa, bu vaxta qədər Şərqin alimlərinə məxsus minlərlə elmi kəşfi mənimsəyənlər üçün olardı. Amma arzuedilməz ola biləcək bir ayrı təhlükə vardı: ondan əvvəl kimsənin o yerlərə gəlib çıxması. Əgər buna əmin olardısa, onları məhv etməkdən başqa yolu qalmırdı.
Sentyabrın 21-də suda balinalar, delfinlər göründü. Bunlar da qurudan çox uzaqlarda yaşamırdılar. Dənizçiləri ən çox narahat edən o idi ki, bu ərazilərdə heç külək əsmirdi və bu nəhəng dəniz çox sakit idi. Küləksizliyə görə onlar yelkənli gəmilərlə geriyə qayıtmalarının çox çətin ola biləcəyindən də narahat idilər. Amma çox keçmədi ki, güclü fırtınalar başlandı və bəlkə də dənizçilik tarixində olmayacaq bir şey baş verdi – hamı bu tufana görə sevinirdi. Küləklərin əsməsi, daha çox quşların, hətta göyərçinin görünməsi yaxınlıqda çoxlu adaların olmasına dəlalət edirdi. Külək gəmini ğah şimal-qərb, gah da cənub qərb istiqamətinə çəkirdi. Lakin sonra yenə sulara tam sakitlik hakim kəsildi. Kolumb və onun tapşırığı ilə Pinson qardaşları gəmi heyətlərinə əslində hər gün qət etdiklərindən iki dəfə kiçik məsafə qət olunduğunu bildirirdilər. Çox böyük məsafə qət etdiklərini bilərdilərsə, bu onları hövülləndirər, dənizçilər psixoloji sarsıntı keçirdə bilərdilər. Nəhayət sentyabrın 25-də və 26-da 5-6 mil uzaqda hamının gözünə torpaq göründü. Kolumbu yüngülcə titrəmə tutdu. Bunu biruzə verməmək üçün dişlərini sıxdı. Bir qədər gec olsa da, nəhayət ki, yeni torpaqlar kəşf olunurdu. Amma sonra bunun üfüqdəki bulud olması aydınlaşdı. Sonrakı günlər dolanıb həftələrə çevrildi. Lakin torpaq görünmürdü. Bu lap möcüzə idi. Sanki torpağın yanından ötüb keçmişdilər. Gəmilərin istiqaməti tez-tez dəyişdirilirdi, yenə də torpaq yox idi. Dənizçilər əsəbi, gərgin günlər keçirtməyə başladılar. Kolumbun özü də hərdən əsəbləşir, bədbin fikirlərə düşürdü. Bu zaman onun düşüncəsindən çox qaranlıq, ağır fikirlər keçirdi. Admiral torpağı ilk görən dənizçi üçün mükafat təsis etmişdi. Torpaq görünən kimi həmin gəmidən top atılacaq və hamıya xəbər veriləcəkdi. Hətta bu hadisə hər an baş verə bilər deyə kiçik və köhnə toplara mərmi də qoyulmuşdu. Artıq oktyabr ayının ortalarına yaxınlaşırdılar. Sanki torpağın bir neçə metrliyində idilər, amma onu görmürdülər. Ən naşı dənizçinin də yaxın liqlərdə qurunun olduğuna tam əmin ola biləcəyi bir vəziyyətdə vaxt keçir, onun gəmiləri iki yüz mil məsafədən çox suları qətt edir, amma quru görünmürdü ki, görünmürdü. Bu qədər vaxta və məsafəyə onlar yeni torpaqlara çatmalı və İspaniyaya qayıdıb, mənzil başına yetişməli idilər.
Kolumb bütün hesablamaları bir-bir yoxlayır, az qala sübhəcən yatmayıb, durbinlə uzaqlara göz gəzdirirdi. Torpağın heç bir nişanəsinin olmaması daha yaxşı idi. Amma indi həm havada, həm suda bütün nişanələr olduğu halda yeni torpaqların görünməməsi sanki gizlənpaç oyununa oxşayırdı. Bu “oyunun” bu qədər uzanması tədricən onu qıcıqlandırır, əsəbləşirdi. Daha bir müddət keçdikdən sonra onun səbri qalmadı. O göyərtəyə çıxır, bağırmaq, qılıncını siyirib, qarşısına çıxan hər kəsi doğramaq istəyirdi. Bu ən sadə riyazi hesablamadan da sadə və aşkar bir həqiqət idi. Ancaq real vəziyyət bunu təsdiq etmirdi. Özünü güclə ələ alırdı. Daha nə digər, nə də özünün olduğu gəminin heyətində inam yarada bilmirdi. Əsəblərinə toxuna biləcək bircə əlavə təsir hər şeyi korlayar, o hirsindən “Hindistana” dəniz yolunu kəşf etməyin onlara qismət olmayacağını etiraf edərdi. Heç inanılası deyildi; axı hər şey gün kimi aydın idi! Bəs yeni torpaqlar nə üçün görünmürdü?!
Kolumb bu düşüncələrlə özünü tez öz kayutuna saldı və içəri girən kimi də hirsindən göz yaşları axıdıb ağladı. Burada Müqəddəs Məryəm ananın (“Santa-Mariya”) kiçik mehrab önündə vurulmuş barelyefi gözünə sataşdı və bu onu diz çökməyə və daha ucadan hönkürtü vurub ağlamağa məcbur etdi. Ağladıqca içi boşalır, təskinlik tapırdı. Və birdən düşüncəsindən axan bir fikir onu tamam kiriməyə məcbur etdi: hər şey müsəlman şərqli alimin haqqının tapdanması səbəbindən idi. Bu şərqlilərin möcüzəkar əməlləri barədə çox eşitmişdi. Nəsrəddin Tusi 1274-ci ildə ölmüşdü. Amma indi onun haqqının uzaq bir ölkədə mənimsənilməsi ilə barışmırdı. Ruhlar üçün ölkə, zaman, məsafə, millət, dil anlayışı vardımı? Yeni torpağın beləcə sirli şəkildə gözə görünməməsi yalnız bu şərqli alimin haqqını tapdalamasının cəzası ola bilər və heç zaman da o torpaqları görmək ona qismət olmazdı. Görünür onun ruhu halallıq tələb edirdi. Müsəlmanların halallıq adlı əsas prinsipi onları geri salırdısa da, görünür böyük həqiqət idi. Yeni torpağın belə sirli şəkildə görünməməsinə başqa heç bir səbəb yox idi və ola bilməzdi. Bu anlarda Kolumb Müqəddəs-Məryəmin kiçicik barelyefinə baxaraq İslam dini və Nəsirəddin Tusi barədə düşündü. Bəli, o çox böyük səhv və günah etmişdi. Bu anlarda Müqəddəs Mariyanın qarşısında diz çökmüşkən bütün müqəddəslərə söz verdi ki, Nəsirəddin Tusinin haqqını tapdalamayacaq, İspaniyaya qaliblər kimi dönüb , kral akademiyasındakı hesabatında əvvəlcə onun haqqını qeyd edəcək, ona şərəf diləyəcəkdi. Başqa halda bu torpaqları kəşf edə bilməyəcəklərinə tam arxayın oldu.
Kolumb bu barədə beləcə çox düşündü, çox dualar etdi; İisa Məsihdən, Müqəddəs Məryəmdən öz işinin uğurla başa çatması üçün kömək istədi. O, şərqli alimin ruhuna da dualar oxudu və onun haqqını dilə gətirəcəyinə söz verərək ondan hallallıq dilədi. Və birdən öz içində böyük inam, ecazkar qüvvə və tükənməz enerji hiss elədi.
Xristofor mehrabın qarşısından tam inamla qalxdı.
Həmin gün əvvəlcə suyun üzərində müxtəlif ot və qamış qalıqlarını, qırılmış giləmeyvə budağını, hər cür quru quşlarını və birdən uzaqlarda bir işığın yanıb-söndüyünü gördülər. Və bunu təkcə o görmədi. Bu işıq sonra görünməsə də artıq ertəsi gün quruya çatacaqlarına şübhə qalmırdı. Bu müjdəni çatdıracaq matrosu böyük məbləğdə mükafat gözlədiyi üçün çoxlarının gözünə yuxu getmir, onlar dor ağacının üstünə, kəndir nərdivanlara dırmanıb irəliyə baxırdılar. “Pinta” gəmisi daha sürətli olduğuna görə və səbr göstərə bilmədikləri səbəbindən admiralın gəmisindən irəliyə çıxmışdılar. Axşamçağı hər an torpağın görünəcəyi ümidilə üzürdülər. Oktyabrın 12-də, gecə saat 2-də, birdən “Pinta” gəmisindən yaylım atəşi açıldı. Admiral tez göyərtəyə çıxdı. Uzaqlarda sabit işıq yanırdı. O, qeyri-ixtiyari olaraq əllərini göyə qaldırdı və matroslardan kimsənin başa düşə bilmədiyi bir sözü “Tu-si-i-i!” deyə bağırdı.
Hamı sevinir, qucaqlaşır, öpüşür, papaqlarını göyə atır, “Hindistan!” deyə qışqırırdılar. Matros Rodriqo de Triana daha çox xoşbəxt idi. O həm kralın, həm də Kolumbun xüsusi mükafatını alacaqdı; “Hindistan” torpaqlarını birinci o görmüşdü.
Buranın əslində Hindistan olmadığını təkcə Xristofor Kolumb bilirdi.
Səhər hamı sahilə sarı həsədlə baxırdı. Ən çox sevinən isə Kolumbun özü idi. O, mauzerini çıxardıb havaya bir atəş açmaqdan da qalmadı. Heç kəs başa düşmürdü ki, bu sevinc bütün dünyaya məlum olan Hindistan ölkəsinə ilk dəniz yolunun açılması ilə bağlı deyil. O tam yeni torpaqlar kəşf etmişdi! Ancaq bu bir sirr idi.
...Sahildə durub dənizdəki gəmilərə və onlara sarı gələn qayıqlardakı adamlara baxan yerli aravaki xalqına məxsus sakinlərin qarşısında bir şaman durmuşdu. Şaman yarımçılpaq geyimdə idi, onun boynundan müxtəlif ölçülü heyvan dişləri asılmış, saçına quş lələklərindən tac hörülmüş, sifəti müxtəlif işarələrlə rənglənmişdi. Bura toplaşan digər adamların da əyni bir elə qalın geyimlərlə örtülü deyildi və hamının sifəti rənglərlə bəzədilmişdi. Onların qurşağında iti uclu qamış tikələri, bəzilərinin əlində isə iti uclu uzun qamış vardı. Bu anlarda hamını eyniləşdirən heç də onların kortəbii geyimi və əlbəsələri yox, sifətlərinin ifadəsi idi. Onların gözləri bərələ, ağzı açıla vəziyyətdə qalmış, hamının sifətinə heyrət ifadəsi hakim kəsilmişdi. Öndə duran şaman bir əlini gözlərinin üstünə aparıb daha diqqətlə baxırdı. Birdən o nə anladısa, heyrət və qəzəblə “Bunlar natəmiz qüvvədir!” deyə bağırdı.
“Santa-Mariya” gəmisinin göyərtəsində durub durbini sahildəki adamlara sarı tuşlamış Xristofor Kolumb isə sonra xoşbəxt təbəssümlə gülümsəyirdi. Çünki bu sakinlərin nə əynində, nə də silahında Avropa və ya Asiya mədəniyyətinin heç bir əlaməti yox idi. Onun nəsə dediyini zənn edən kapitan:
_ Necə dediniz? – deyə soruşdu.
– Mən– admiral Xristofor Dominiko Kolumb, bu torpaqları San-Salvador adlandırıram!
Gəminin üstündə, ətrafında uçuşan, dor ağaclarına və suyun üstünə qonan qağayılar da sanki heyrətlə, təəccüblə qışqırışır, bir-birləri ilə suallaşırdılar.
...İspaniya kral akademiyasının dəyirmi zalı alimlər və saray adamları ilə dolmuşdu. Başlarına buruq tüklü pariklər keçirtmiş yaşlı alimlər və çevik hərəkətli, həssas baxışlı əyanlar öz aralarında nəsə danışır və heyranlıqla ön kürsüyə sarı baxırdılar. Xitabət kürsüsünə dirsəklənmiş admiral Xristofor Kolumbun başında da zadəganlıq pariki, əynində zər-qumaşlı pencək vardı. Onun pencəyinin sinəsi müxtəlif ordenlərlə bəzədilmişdi. 225 günlük səyahətin yorğunluğu hələ onun baxışlarından çəkilməmişdi. Amma Kolumbu indi bir qədər tərəddüd içərisində durub baxmağa məcbur edən bir ayrı səbəb də vardı. Bu səbəb yalnız onun özünə məlum idi. Sonra o çox çətinliklə danışdı və:
– Sizin sorğuya cavab olaraq bildirirəm ki, səfər zamanı yalnız Paolo Toskanellinin tərtib etdiyi xəritə əsasında özümün müəyyənləşdirdiyim yeni xəritədən istifadə etmişəm,– dedi.
Onu diqqətlə dinləyən qocaman alimlərdən birisi dikəldi və danışmaq üçün əlini qaldırdı.
– Admiral Xristofor Kolumb, sən Hindistana dəniz yolunu kəşf etməkdə çox böyük fədakarlıq göstərmisən. Ola bilməz ki, bu bir təsadüfün və korkoranə məsafə qət edilməsinin nəticəsində baş versin. Elə isə bu işdə alimlərdən bir kimsəni zəhməti, rolu olmadımı?!
Kolumb əvvəlcə diqqətlə onun üzünə baxaraq qaldı, sonra baxışlarını aşağı dikərək, yenə də çox çətinliklə:
–Xeyr, olmadı! – dedi.
Bu zaman bir sualı da gənc alimlərdən kimsə verdi:
– Sizin zənninizcə biz Hindistana, orada yaşayan xalqlara xoşbəxtlik aparacağıq, yoxsa bədbəxtlik?
Kolumb bu suala da nəsə bir cavab verməyə çox çətinlik çəkdi və sonda “Bilmirəm” deməklə canını qurtardı. Daha sonra nələr soruşulduğunun, özünün nə cavab verdiyinin, nələr deyildiyinin heç fərqində olmadı.
O, küçəyə çıxanda əhvalı heç yaxşı deyildi. Ən böyük səfəri tamam başa çatmış, bununla bağlı məclisdə isə özünün ən böyük kəşfinin əsil mahiyyətini ifadə edə bilməmişdi. Onun bu əhvalına görəmi, ya nədənsə bir azdan göy guruldadı, şimşək çaxdı, amma... Amma yağış yağmadı. Şimşəklər çaxmaqda davam edirdisə də, nəticə dəyişmirdi.
Kolumb buna çox təəssüf edirdi ki, gələcəyin yeni tarixi heç də əsil həqiqət üzərində yazılmır. O yeni torpaqlar kəşf etdiyi halda bunu dilə gətirə bilmirdi. Nə vaxtsa, kimsə bu ədalətsizliyi aradan qaldıracaqdımı, onun layiq olduğu haqqını ona verəcəkdimi? Hərçənd ki, bunu aradan qaldıracaqdısa da bir ayrı ədalətsizlik qalacaqdı– Nəsirəddin Tusinin haqqının unudulması.

Комментариев нет:
Отправить комментарий