31.10.2012

Türk tarixi -21

XXI hissə: Min türkcə başlayıb rivayət, Kıldım bu fəsanəni hekayət…

 Qərb türkcəsi oğuz, şimali türkcə isə qıpçaq və şərq türkcəsi- Orta Asiya ləhcələri üzərində qurulmuşdur. Şərq türkcəsinə Cığatay türkcəsi də deyilmiş, əmir Teymur zamanından başlayıb, Nəvainin zühuru ilə ən parlaq mərhələsinə çatmış və sonra isə özbək türkcəsinə çevrilmişdir.
 Teymurilər zamanında Cığatay türkcəsi əmir Əlişir Nəvai kimi böyük şair və qüdrətli şəxsiyyətin meydana çıxması ilə bu məntəqənin ədəbi dili olmuşdur. Əmir Teymur da Çingiz kimi yürüş etdiyi zaman bir çox qarət, qətl və xərabəliklərə səbəb oldu.
Lakin sonradan abadlıq və islahat üçün də çalışdı. Onun zamanında Səmərqənd islamın ən böyük şəhərlərindən birinə çevrildi. Teymur fəth etdiyi yerlərdən memar və mütəxəssislər gətirib, Səmərqəndin ətrafında şəhərciklər tikdirdi, onlara Bağdad, Dəməşq, Qahirə, Sultaniyyyə və Şiraz kimi böyük şəhərlərin adını verdi. Səmərqənddə tikdirdiyi böyük came o zamanın ən böyük məscidi imiş. Bu camedə Teymur, Şahrux və Uluğbəyin məqrəbələri də vardır.
 Teymurun oğlu Şahrux və nəvəsi Uluğbəyin zamanında Səmərqənd mədəniyyət mərkəzi oldu. Lakin ondan sonra kültür mərkəzi Herata köçürüldü. Sultan Hüseyn Baykara 1469-cu ildə Heratı paytaxi seçdi. Dostu və şagirdi əmir Əlişir Nəvai ilə birlikdə oranı elm və ədəbiyyat mərkəzinə çevirdi.
 Nəvai öz zamanının ən böyük şairi və türk ədəbiyyatının ən əzəmətli şəxsiyyəti olmuş, ərəb, fars və türkcəni mükəmməl bilmiş, türkcə və farsca şeir divanı yazmışdır. Türkcə şeirləində Nəvai, farsca şeirlərində Fani təxəllüsünü seçmişdir. Öz zamanında ən qüvvətli siyasi şəxsiyyət olub, ana dili və millətinə candan bağlı adam idi. Bu səbəbdən də öz zamanının türk şairlərinə ana dlində şeir yazmağa tövsiyə edib, türk dilinin farscadan daha geniş və kamil olduğunu isbat etmək üçün «Mühakimət əl-lüğəteyn» adlı bir kitab yazmışdır.
 Nəvai 32 mənzum və mənsur əsər yazmışdır ki, bunların yarısı farscadır. Onun ən mühüm əsəri olan «Xəmsə» 32 000 beytdən ibarətdir.
 Nəvai İranda və Türkiyədə o qədər məşhur olmuşdur ki, türkiyəli və azərbaycanlı şairlər onun şeirlərinə nəzirələr yazmış, onun divanını yaxşı anlaya bilmək üçün «Sənglax» kimi lüğət kitabları yazmışlar.
 Nəvai Cığatay ədəbiyyatının qurucusudur. Cığatay türkcəsi Əngican ləhcəsi və Orta Asiya türkcəsinin qarışığından meydana gəlmişdir. Cığatay ləhcəsinə Azəri türkcəsinin təsiri çox olmuşdur. Çünki o zaman Təbriz, Şirvan kültür mərkəzləri idi, Heratla yaxın münasibətlərdə olmuşlar. Belə ki, bir çox Azəri şair və sənətkarları Heratda məktəb oxumuş və bu məktəb akademiya şəklini almışdır.
 Nəvaidən qabaq Cığatay ləhcsində Mir Heydər Xarəzmi, Səkkaki, Atai, Yəqini və Gədai Səmərqənddə, Heratda Cığatay ədəbiyyatının qurulmasında mühüm rol oynamışlar.
 Nəvai ən böyük dəstəyi sultan Hüseyn Baykaradan görmüşdür. Bu adam özü də şair olub, ana dilinə bütün varlığı ilə bağlı imiş. Onun dövrü türk dilinin altın dövrü idi. Baykara türk və farsca şeirlərində Hüseyni təxəllüsü ilə yazmışdır.
 Nəvainin idarə və himayə etdiyi Herat məktəbində Hafiz Əbru, Səmərqəndi, Mirxond, Xandəmir və Dövlətşah Səmərqəndi kimi tarixçilər, Behzad və Hüseyn Vaiz kimi nəqqaşlar, Sultanəli kimi xəttatlar yetişmişlər.
 İran, Hindistan və Anadoluda Nəvainin əsərlərini yaxşı başa düşmək üçün Cığatay türkcəsində yazılmış ən mühüm sözlüklər bunlardır:   
 «Bədai əl-lüğət». Heratda 1704-1705-ci illərdə yazılmışdır.
 «Lüğəti Əbu Şəka». Anadoluda XVI əsrin əvvəllərində yazılmışdır.
 «Lüğəti Fəzlullah xan». Hindistanda XVII əsrdə yazılmış və Kəlküttədə çap olmuşdur.
 «Kitabe zabani türki». Cığatayca-farsca sözlükdür və Hindistanda Yaqub Cəngi tərəfindən yazılmışdır.
 «Sənglax». Nadir şahın münşisi Mirzə Mehdixan Atsrabadi tərəfindən Nəvainin əsərlərini daha yaxşı anlamaq üçün yazılmışdır.
 «Əl-tamğaye Nasiri». Farsca-cığatayca lüğətdir.
 «Behcət əl-lüğət». Farsca-cığatayca lüğətdir, XIX əsrdə yazılmışdır.
 «Lüğət Şeyx Süleyman Əfəndi Buxarai». İstanbulda yazılıb çap edilmişdir (1298).
 Hindistanda səltənət quran Babur da əsərlərini Cığatay türkcəsilə qələmə almış, türkülərilə yanaşı, Cığatay nəsrinin ən gözəl nümunələrini («Baburnamə») yaratmışdır.
*****
 İndi isə nümunə üçün Nəvai və Babur şahdan parçalar dərc edirik. Nəvainin «Leyli və Məcnun»undan:

Min xəstə ki, bu rəqəmni çikdim
   Təhriri üçün qələmni çikdim.
Yazmağa bu eşği cavdanə
   Məksudum deyildi fəsanə
Məzmuniğa buldı ruh meyli,
   Əfsanə idi anın tüfeyli.
Lakin çu rəqamqa gəldi məzmun
   Əfsanə anğa libasi mövzun.
Bu idi ğərəz kim ol qüruhi,
   Kim sözdə əyan qılıb şükuhi.
Bu namə üçün olub rəqəmkeş,
   Səfhə yüzün itdilər münəqqəş.
Gər nüktələri caşani tutdi,
   Qovğalari ins və cani tutdi,
Çün farsi irdi nüktə şovği
   Azrak idi anda türki zövqi.
Ol dil ilə nəzm boldi məlfuz,
   Kim farsi anlar oldi məhzuz.
Min türkcə başlayıb rİvayət,
   Kıldım bu fəsanəni hekayət.
Kim şöhrəti çün cahanqa dolar
   Türki ilə daği bəhrə olar.
Niçün kimi bu gün cahanda ətrak,
   Çoxdur xoş tabo saf-edrak.

 Bu qəzəli isə diqqətlə oxuyun, çünki onu Babur şah yazmışdır:

Kim göründür ey köngül əhli cahandan yaxşılık,
Kim ki andın yaxşı yok köz tutma andın yaxşılık.

Gər zəmanqı nəf qılsın, eyb qılma ey rəfiq,
Kormədim hərkiz etayın bu zəmandan yaxşılık.

Dülrübalardan yamanlık kildi məhzun könlümə,
Kilmədi canımğa hiç aram canındin yaxşılık.

Ey köngül çün yaxşıdin kördünk yamanlıq əsru, köp
İmdi köz tutmağni yəni hər yamandan yaxşılık.

Bari ilğa yaxşılık kılgil ki muidin yaxşı yok,
Kim dikaylar dəhr ara kaldı filandin yaxşılık.

Yaxşılık əhli cahandan istəmə Babur kimi,
Kim görübtür ey köngül əhli-cahandan yaxşılık.

 Şeirlər, şeirlər və yenə də şeirlər… bu kitabı da ilə şeirlə bitirmək istəyirik. Elə belə, mövzuya tam aydınlıq gətirmək üçün. Cənublular demiş, hüsnü xitam üçün. Yenə də Cənubi Azərbaycana üz tuturuq, çünki həmişə intellektuallarımız və inqilabçılarımız bu torpaqdan çıxıb. Tanınmış alim Həmid Nutqinin və Doktor Cavad Heyətin buraxdıqları «Varlıq» jurnalı Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Əsərimizin ərsəyə gəlməsində də əsasən Doktor Cavad Heyətin kitablarından istifadə etmişik.
 Aşağılakı misralar isə «Varlıq» jurnalının baş redaktoru Həmid Nutqinin bir şeirindəndir:

Heç olmasa, min ildi bu torpaqlara girdik,
Min dürlü əmək, göz yaşı, qan uğruna verdik.
«Altay»ları tərk eyləyərək, sel kimi daşdıq,
Dağ-düz demədik, isti, çorak çölləri aşdıq.
«Şamanlığı» atdıq, ulu islama qovuşduq
……………………………………………………
«Qorqud» dədənin xeyri-duasın alan ellər
Üz qoydu «Axın» yollarına, titrədi hər yer.
Gündüz-gecə, el sel kimi dörd nal düzü keçdi
Yaldızlı saraylarda «gələn türk» sözü keçdi.
Çöl bitdi nəhayət, Sıra dağlar yolu kəsdi,
Mənzil yaxın artıq, deyə ellər də tələsdi.
Lakin nə keçid vardı, nə yol, olsa da yer-yer
«Dur, gəlmə!» deyənlərlə savaşmaqdı müqəddər.
Tər, göz yaşı, qan qiymətinə İrana girdik
Son bəylik üçün bir sıra əvvəllər əsirdik.
Min dürlü məşəqqətlə bizim qəhrəman ordu
Bu ölkədə tovhid adına yurdunu qurdu.
Sərkərdə «Səbük»lərlə elin sanı ucaldı,
Türkün adı hər guşədə min vəlvələ saldı.
Zəncirdə əsirkən, yenə azad ola bildik,
Dünyada baş olduqsa da, adil qala bildik.
…………………………………………………….
Günlər tükənib, aylar ötüb, keçdi yüz illər
Allah bərəkət verdi də artdı bizim ellər.
Ard-ardına qardaşlarımızdan gələn oldu,
«Altay» ətəyindən boşalıb, İrana doldu.
Hökm etdi bu yerlərdə pey-a-pey uzun illər
Mahmud, Məlikşah, Cəlal əd-Din, Səncər…
……………………………………………………...
Hər riştəyə, hər fənnə əl atdıq təməlindən.
Sənətdə, ziraətdə, hünərdə əlimiz var,
Bax hər yana, hər guşəyə bizdən neçə iz var.
Saysan o böyük adları, heç dəftərə gəlməz
Minlərcə əsatid adın insan saya blməz…
*****
 «Mənə tarixi bilmək təkcə maraq üçün lazımdır. Başqa heç bir məna kəsb etmir. Hər halda, mənim baxışım belədir.
 Bir çox qardaşlar vardır ki, yolları çoxdan ayrılıb, artıq onların birləşməsi, bir yerə toplaşması da ağlasığan görünmür. Əslində, bu heç hökmən də deyildir. Ancaq onlara özlərinin bir atadan olmalarını bilmələri hökmən lazımdır» (Qasid Nağıoğlu).

İmza yerinə:

Ər ərdəmi atım tapdımi ərdəmi/ Bəg ərdəmi sizimi adırıldım-
yazıb nöqtəni qoysam, yetərmi görən?

Son

Комментариев нет:

Отправить комментарий