31.10.2012

Salam Sarvan: "Öz şeirlərimi deməyə qarşı kompleksim var"

Siyasətçilər, ictimai-siyasi çəkisi olan tanınmışlar, adətən, ümumi danışmağa üstünlük verirlər. Bəzən elə təsəvvür yaranır ki, onlar ya kiminsə adından danışırlar, ya da kiminsə mesajını çatdırırlar. Hətta bəzən fikirlərini təsdiqləmək üçün çəkinmədən “bütün xalq belə düşünür” də deyirlər. İstədik, bu dəfə ictimai nüfuz sahibi olan şəxs özündən danışsın, öz sözləri ilə etdiklərinə qiymət versin…
“Özündən danış” layihəsi tanınmışlara özlərini təqdim etmək üçün imkan yaradır. Düşündük ki, şıltaq qızcığazın suallarına hər kəs, hər cavabı verər. Verilən cavablardan da biz onu daha yaxşı tanımaq imkanı qazanarıq. Təbii ki, əgər, onları “qılaf”ından çıxara bilsək…

Beləliklə, layihəmizin növbəti qonağı Salam Sarvandır. 
Dosye: Salam istedadlı şair və bir qədər uğursuz siyasətçidir. Qaradinməz, bir az qaşqabaqlı olması şeirlərinə də hopub. Qan və qəm şeirlərinin hər misrasından süzülür. Ziddiyyətlidir, fikirlərini tamlıqla açmaq olmur. Özü üçün bir dünya qurub və özü də o dünyadadır. Amma bu dünyasında yerlilərinə də yer verib. Bunu redaksiyasının ab-havasında və sakinlərində duymaq olur. Beləliklə, başlayaq.

- Bilirsiz də, Salam, Allahın adıdır.
- Bilirəm...

- Sizə bu adı kim qoyub?
- Babam qoyub. Bizim kənddə, nəslimizdə də belə ad olmayıb.

- Hansı kənddənsiniz?
- Cəlilabadın Qarğılı kəndindən...

- Həmyerli çıxdıq ki...
- Qarğılı kəndindənsiniz?

- Xeyr, amma Cəlilabadlıyam...
- Lap yaxşı...

- Adınızdan danışırdınız...
- Adımın qoyulmasına din xurafatı deyərdim. Babam namaz qılan adam olub. Yəqin elə bu səbəbdən də, mənə bu adı qoyub. Bir müddət olub ki, bu ada öyrəşə bilməmişəm.

- Adınızı dəyişmək fikriniz olub?
- Xeyr. Sonradan öyrəşdim və bu adı sevməyə başladım. Bu da o zaman oldu ki, adım mənim təxəllüsümə çevrildi. Axı, mən bir müddət “Salam” imzası ilə çap olunurdum. Sarvan sonradan əlavə olundu. İkincisı də, babam qoyduğu üçün bu adı qəti dəyişməzdim. Çünki mən uzun müddət babamla bir yerdə yaşamışam. Bu adın kompleks yaradan müddəti qısa çəkib.

- Siz necə, babanız kimi Allah adamısınız?
- Təbii ki, Allaha inanıram. Amma onun yerdəki "dəftərxana"sını qəbul etmirəm.

- Şair, bəs, siyasətə necə gəldiniz?
- Xalq Hərəkatı dalğasında... Mən o zaman tələbə idim. O zaman Fəzail Ağamalı ilə tanış oldum və demək olar ki, bu tanışlıq dostluğa çevrildi. Bütün tələbələr kimi, mənim də az-çox fəallığım vardı. Sonra Fəzail Ağamalı Ana Vətən Partiyasını yaratdı. Partiyanın qurulmasında iştirak etməmişəm. İnstitutu qurtarıb, getdim, rayona... Təyinatla vergi müfəttişi işlədim. O vaxt vergi inspeksiyası təzə-təzə yaranırdı. Vergi inspeksiyasında doqquz ay işlədim. Sonra orada işləyə bilmədim. Alınmadı, çünki mən rüşvət almağı bacarmırdım. İndi bunu deyəndə, çoxları inanmır. İddia etmirəm ki, bu, vicdanla bağlı idi. Gənclik yaşlarında insanın bəzi mənəvi kriteriyalar haqqında heç dolğun təəssüratları da olmur.  Sadəcə, bacarmırdım. Bu da diskomfort yaradırdı. Çünki böyük bir idarədə hamı rüşvət alıb bir nəfər almayanda, mexanizmi pozanda, müəyyən psixoloji problemlər yaranır. Özümü orada rahat hiss etmədiyim üçün işdən çıxdım. Bir müddət işsiz qaldım. O vaxt Fəzil Ağamalı Sosial Təminat Nazirliyində birinci müavin işləyirdi. O, bildi ki, işsızəm və məni Bakıya dəvət etdi…

- Yəni işsizlikdən siyasətə gəldiniz?
- Bəli, işsizlikdən siyasətə gəlmişəm. Bakıya gəlmədən öncə, elə Fəzail bəyin köməyi ilə Cəlilabadda sosial yardım şöbəsində direktor müavini oldum. Orada da altı ay işləyə bildim. Həmin səbəbdən orada da işləməyə bilmədim. Fəzail bəy bütün bunları başa düşürdü. Sonra məni Bakıya dəvət etdi və dedi ki, "Sən qaynar mühiti sevən adamsan. Rayon mühiti səndə müəyyən komplekslər yaradır". Mənə nazirlikdə işləməyi təklif etdi. Mən Fəzail bəyə dedim ki, maliyyə sistemində işləyə bilsəydim, elə rayonda qalıb işləyərdim. Onda Fəzail bəy mənə partiyanın aparatında işləməyi təklif etdi. Bax, mənim siyasətə gəlişim, bu cür oldu.

- Bəs, niyə getdiniz? Siyasətdə də alınmadı?
- Bəli. Anladım ki, siyasət adamı deyiləm. Bunu başa düşmək üçün çox vaxt keçdi. Bu da heç kimin günahı deyil. Hesab edirəm ki, Fəzail bəy mənə diqqət göstərib. Onunla tanışlığım, dostluğum boyu ondan heç bir pislik görməmişəm. Sadəcə, siyasətdə olduğum yeddi ildən çox müddəti ömrümün itirilmiş vaxtı hesab edirəm. Ancaq bu itkinin günahkarı heç də Fəzail Ağamalı deyil. Bütün həyat mərhələlərini insan özü seçir. Məndən də heç kim siyasətə gəlməyi xahiş etməmişdi. Seçim anında özüm səhv qərar verib, siyasətə gəldim. Sonradan gördüm ki, bu, mənim görə biləcəyim iş deyil.

- Bir siyasətçidə olan, amma sizdə olmayan nə vardı ki, siyasətdə baş çıxara bilmədiniz?
- Hər bir sahənin özünəməxsus cəhətləri var. Məndə siyasətçi bacarığı, istedadı yox idi.

- Bəlkə şairlər, yazarlar siyasətə gəlməsi yaxşıdır? Bildikləri işlə məşğul olsalar, daha yaxşı olar...
- Dünyanın harasındasa, elə Azərbaycanda da mümkündür ki, bir insana həm bədii mətn istedadı, həm də siyasətçi istedadı verilsin. Bu, məndə yox idi. Heç partiyadan gedəndə bəyanat da vermədim. İndi bir partiyadan getməyi qəhrəmanlığa çevirmək dəbdədir. Dostum Fəzail Ağamalıya getmək istədiyimi bildirdim, o da məni anladı və biz dostcasına ayrıldıq.

- İndi də dostsunuz?
- Əvvəlki kimi intensiv görüşlərimiz olmur. Amma o zamanki münasibətlərə heç bir zədə dəyməyib. Bu gün də hərdən zəngləşirik, danışırıq.

- Sizdə olmayan siyasətçi istedadı Zahid Orucda vardı?
- Bəli...

- Ona görə də sizdən önə çıxdı?
- Bəli...

- Yaman bədbin yazırsınız, şeirlərinizdə ruh düşkünlüyü hiss olunur...
- Mən şeirə gələndə 80-ci illərin sonu idi. O zaman ümumi şeir axının özəlliyi ondan ibarət idi ki, şeirdə dəhşətli bir pafos vardı. Bu pafos ölüm pafosu,  sevgi pafosu, adamda ikrah oyadan vətənbazlıq, özünəvurğunluqdan, yəni, milli eqoizmdən ibarət idi. Mən bu cür şeirlər oxuya bilmirdim, zövq ala bilmirdim. İçimdəki şeir ehtiyacını ödəyə bilmirdilər.

- Ona görə də, özünüz şeir yazmağa başladınız? Şeir ehtiyacınızı ödəmək üçün?
- Heç kim məqsədyönlü şəkildə yaradıcılıqla məşğul olmağa başlamır. Bu suala bir dəfə cavab vermişəm ki, mən şair olmaq istəməmişəm. Şairlik başıma qəza kimi gəlib. Necə ki, birini maşın vurar və deyərlər ki, başına hadisə gəldi. Bax, məndə də elə olub. Şeirdə fərqli yazmağım da düşünülmüş olmayıb. Azərbaycan poeziyasında inqilab etmək fikrində də olmamışam.  Sadəcə, mən şeir yazmağa başladım və fərqli alındı. Mənim şeirlərimdə bədbinlik yox, ironiya var. Bu, mən şeirə gələn dövrdə şeirimizi bürümüş vətən, sevgi, ölüm pafosuna ironiya idi, gülüş idi.

- Bəs, indi burada, nə ilə məşğulsunuz?.. (Biz onunla Bakı Slavyan Universitetində görüşmüşdük…)
- Burada nəşriyyatla, kitab çapı ilə məşğulam.

- Kamal Abdulla ilə də aranız çox yaxşıdır...
- Biz Kamal Abdullayla 20 ilə yaxındır ki, tanışıq. Onda Kamal Abdulla heç rektor deyildi. Kamal müəllim məni tanımadığı halda, bir neçə şeirimə esse yazmışdı. Onda şeirə təzə gəlmişdim. Bir gəncin yazdığı şeirlər haqqında artıq özünü təsdiq etmiş bir adamın fikir bildirməsi, hətta esse yazması maraqlı gəlmişdi mənə. Kamal Abdulla ilə ilk dəfə görüşəndə bir xahişlə getdim, yanına...  O vaxt mənim Xarici Dillər Universitetində oxuyan bir qohumumu bədən tərbiyəsi fənnindən haqsız olaraq incidirdilər. Kamal müəllim kafedra müdiri idi. Görüşdük, söhbətləşdik və bir-birimizi qəbul etdik. Münasibətlərimiz də belə başladı və getdikcə doğmalaşdı.  Bayaq unutdum deməyi, partiyadan çıxandan sonra dörd ilə yaxın işsiz qaldım axı....

- O dörd ildə nə ilə məşğul oldunuz?
- Evdə otururdum.

- Evli, ailəli bir adam üçün işsizlik çətin deyildi?
- Çətin idi. Amma iş yox idi.

- Nə əcəb ticarətlə məşğul olmadınız?
- Ticarətlə məşğul ola bilmirəm.

- Ticarətlə məşğul ola bilmirsiniz...
- Əslində, çox istərdim ki, ticarətlə məşğul ola bilim. Amma o da bacardığım işlər siyahısında deyil. İşsiz olduğum vaxt Kamal Abdulla məni işə dəvət etdi. Kamal Abdulladan çox razıyam. Bir yerdə işlədiyimiz üçün belə demirəm. Mən Kamal Abdullanı tanımayacaq uzaqlığa çəkilib deyirəm ki, çox yaxşı insandır. İndiki dövrdə, dəyərlərin bir-birinə qarışdığı zamanda arzu edərdim ki, onun kimi adamların sayı çox olsun.

- Amma Kamal Abdullanı da tənqid edirlər. Elə sizi də Kamal Abdullaya görə tənqid edirlər...
- Mən başa düşürəm, siz nə demək istəyisiniz. Sadəcə, açıq demirsiniz. Slavyan Universitetində işləyən bir neçə yazar var ki, Kamal Abdullanı yazıçı kimi dəyərləndiririk. Buna görə də onun haqqında dediyimiz hər söz qıcıq doğurur. Buna Azərbaycansayağı yanaşırlar. Düşünürlər ki, Kamal Abdullaya yarınırıq. Gizli bir şey deyil, bunu niyə utana-utana deyirsiniz? Dəfələrlə mənə bu barədə ehyam vurulub. Təbii ki, bunların cavabları verilib. Amma hərdən fikirləşirəm ki, biz bir toplum olaraq, psixoloji bariyerləri aşa bilmiriksə, artıq izahat vermək də lazım deyil. Cəmiyyətin, ətrafın yanlış təsəvvürünə, əsassız təzyiqlərinə görə haqlı bildiyim işdən əl çəksəm, bu, iradəsizlik olar. Yaxşı hesab etdiyim yazıçı haqqında düşündüklərimi niyə deməməliyəm ki, məsələn, Sədan xanım məni yaltaqlıqda ittiham edə bilər. Məndə bu komplekslər yoxdur. 46 yaşım var, bu baryerləri yoxdan aşmışam. Kamal Abdullanın da taleyi belədir. Rektor olmağı ona problemlər yaradır. Tənqidçi olub ki, mənimlə şəxsi söhbətində  Kamal Abdullanın yaradıcılığı haqda arqumentlərlə çox gözəl fikirlər deyib. Amma gedib Azadlıq radiosunda çox ehtiyatlı  bir yazı yazıb. Bu, qorxaqlıqdır.

- Nədən qorxurlar?
- Kamal Abdulla rektor olduğu üçün ona yarınmaqda, yaltaqlıq etməkdə ittiham olunmaqdan qorxurlar. Deməli, cəmiyyətin haqsız, yanlış təzyiqi qarşısında geri çəkiliblər. Yaradıcı adam qorxaq olmamalıdır. Sən haqlı bildiyin bir məsələni Kamal Abdulla kontekstində deməkdən çəkinirsənsə, başqa səviyyələrdə nə edəcəksən?

- “Sehrbazlar dərəsi” necə təəssürat yarandı sizdə?
- Burada bir neçə istiqamətdə danışmaq olar. Dil faktoru, süjet, əsərin ideyası…  Qısaca desəm, əsərdə ana xətt paralel dünyalardır. Bu xətt Kamal Abdullanın “Yarımçıq əlyazma”sında da, ona qədərki pyeslərində də vardı.

- Deyirsiniz ki, Kamal Abdulla yaxşı yazardır. Bəs, onu maraqlı yazar saymaq olarmı?
- Kamal Abdullanın son yazdığı əsərlər, xüsusilə də, “Yarımçıq əlyazma” postmodernist əsər idi. Dövrümüzün əsəri idi. Dünyada, elə həyatımızda da postmodernist çalarlar var. Bu dövrdə gözüaçıq gəncliyin ədəbiyyatı, həm də “Yarımçıq əlyazma”dır.

- Bəs, bu dövrdə yaşayan Azərbaycan gəncliyinin gözü açıqdır?
- Əksəriyyətinki qapalıdır. Əslində, bütün dövrlərdə bu məsələdə mənzərə oxşar olub. Sadəcə, say nisbətində cüzi fərqlər ola bilər. Gənc nəslin işıqli və qaranlıq hissəsi var. Bu nisbət heç vaxt işığın xeyrinə olmayıb. Bu, tək Azərbaycanla bağlı deyil. Bəlkə də bütün dünyada belədir. Görünür, bu, nəsillərin bir-birini əvəz etməsinin başlıca özəlliyidir.

- Mir Şahinlə qohum olduğunuz iddia olunur. Bu iddialarda doğruluq payı var?
- Bu iddiaları eşitdikdən sonra məsələni araşdırdım. Bir dayım vardı, nəslimizin qatlarını bilən adam idi. Ondan soruşdum ki, bu, nə dərəcədə doğrudur. Dedi ki, doğrudur.  Yəni, rəhmətlik dayımın dediyinə görə Mir Şahinlə ana tərəfdən uzaq qohumluğumuz var.

- Bəs, onunla münasibətiniz varmı?
- Hərdən zəngləşirik. Bilirsiniz, iki yaradıcı insanın münasibətində uzaq qohumluq çox xırda məsələdir.

- Sizə görə, Mir Şahin yaradıcı adamdır?
- O, çox istedadlı adamdır. Ona böyük istedad sahibi kimi hörmətim var.

- Bəs, insan olaraq necə dəyərləndirirsiniz?
- Təəssüf ki, biz Mir Şahinlə dost deyilik.

- Salam bəy, ailədə neçə nəfərsiniz?
- İki...

- Övladınız yoxdur?
- Xeyr...

- Həyatınızda övladın yoxluğunu hiss edirsiniz? (Bu sualı səsləndirdikdən sonra bildirdim ki, cavab verməyə də bilər. Amma o, əvvəlcədən razılaşdığımız kimi, bütün suallara cavab verdi…)
- Düzü, beş-altı il qabaq, bu, məndə narahatlıq yaradırdı. Işdən evə gedəndə uşaq səsi eşitmək ümidi ilə qapını döyürdüm. Girirdim evə və o səsi eşitmədiyim üçün pərt olurdum. Sonradan bu hisslər keçdi, getdi.

- Azərbaycanda buna görə ailələr dağılır...
- Bir uşağa görə ailə dağıtmağın qəti əleyhinəyəm. İnsan talelərinə münasibətdə eqoistlik etmək olmaz. Bir kişi qadını uşağı olmadığı üçün atırsa, bu, eqoizm, özünü sevmək əlamətidir. Heç vaxt uşağa görə arvadını boşayan kişiyə və ya ərindən ayrılan qadına haqq qazandırmamışam.

- Aydındır ki, xanımınızı çox sevirsiniz...
- Bəli...

- Neçə ildir, evlisiniz?
- İyirmi ildir...

- Deyirlər ki, evlilik sevgini öldürür axı...
- Sevgini çox böyük anlamda qəbul etsəniz, məlum olar ki, bu fikri deyənlər səhv edir.

- Sevdiyiniz qadına çox şeir həsr etmisiniz?
- İki...

- İki şeir böyük sevgi üçün az deyilmi?
- Bu, mənim şeirə münasibətimlə bağlıdır. Mən həsr, ithaf şeirləri yaza bilmirəm. Yazanlara da etirazım yoxdur. Mən xanımıma aid şeiri də bilərəkdən yazmamışam. Belə deyək, mənim sevgi haqqında şeirim xanımıma aid alınıb.

- O şeirlərdən bir misra deyə bilərsiniz? (Sən demə, şair şeirlərini yadında saxlaya bilmir…)
- Mütləq deməliyəm?

- Mütləq deyil. Şair, özünüzdən başqa, kimləri oxuyanda şeir ehtiyacınızı ödəyə bilirsiniz?
- Vaqif Bayatlı Odər, Aqşın Yenisey, Cemal Sürəya və başqaları...

- Siz demədiniz. Mən isə bir misra deyəcəyəm. Çox sevdiyim şeirinizdən...
- Buyurun...

- Düşünürəm, bir təqvimə
Baxıb zaman barədə
dünən vardın, bu gün getdin, 
sabah gəlməyəcəksən.
Yəqin, duyuq salmamaqçün
məni öz varlığından
bundan sonra barmaqların 
ucunda gəzəcəksən…

-“Sevgi və zaman” şeiri...  Sevgiyə zaman konteksində baxılan şeirdir. Əslində, orada zaman haqqında düşüncələrdən söhbət gedir. Amma oxuyanların hamısı onu sevgi şeiri hesab eləyiblər. Bu da səhv yanaşma deyil. Şeirin içində gizlənən ideya da sevgidir (Bu məqamda şair dözməyib, axır ki, bir neçə misra dedi).

Bəlkə onda biləcəksən
SEVGİ yoxdu, ZAMAN var :
Sevgi nədi – ləng öpüşlər,
sürətli ayrılıqlar.

Bu şeir bütöv şeirdir. Sanki şeirdə bir süjet var. Mənim digər şeirlərimə baxsanız, eyni şeirdə, hətta bir bənddə misradan misraya qəfil keçidlər var. Məsələn, bir bənddə  başqa ideyadır, qəfildən şeirin digər bəndində tamam başqa ideyaya keçilir. Ona görə də, mənim əvvəlki şerlərimi axırdan əvvələ də oxumaq mümkündür. Bu şeiri isə, yox... Bu şeirdə bir sakitlik var. Oxuyanda hiss etdinizmi, bilmirəm. Bu sakitlik yaşdan irəli gəlir. Bu 40 yaşdan sonranın, bir az ahıl yaşın şeiridir. Bu, 25 yaşın şeiri kimi qışqırmır.

- Ceyhun Nağının yoxluğuna həsr etdiyiniz şeir çox təsirlidir. Elə o şeiri oxuyanda, sizin də bu itkidən nə qədər təsirləndiyiniz hiss olunur...
- Ceyhun mənim dostum olub. Yəni, o, tək qohumum deyildi, ən yaxın dostum idi. Bu itkinin belə təsir etməsinin bir səbəbi də, onun ölümünün qəfil olmasıdır. Etiraf edirəm ki, sarsılmışdım. Elə ölümlər var ki, o adamı təəssüfləndirmir, əsəbləşdirir. Ceyhunun ölümü məni əsəbləşdirmişdi.

- Əsəbiniz keçib?
- Keçib. Amma indi hiss edirəm ki, bir boşluq var. Kimsə həyatımda yoxdur. O boşluğun izi qalıb.

Dərd verdinsə, çəkiləcək – buna şübhən olmasın.
Noolsun bir az ağırdı və noolsun ağrıdı.

Görürsünüz, necə arxayınlıqla, qətiyyətlə yazılıb. Elə ölümlər var ki, çox pafosla düşünürük ki, qəlbimizdə həmişə yaşayacaq, o, ölmədi, mən səni unutmayacam və sairə. Amma tezliklə unudursan, gedir. Ən əziz adamı belə, unudursan. Səmimi deyim ki, atamın itkisini iki aydan  sonra unuda bildim. Amma Ceyhun üçün darıxıram.

- Şairlər fürsət tapan kimi şeirlərini deyirlər. Siz isə, bir bəndi zorla dediniz...
- Öz şeirlərimi deməyə qarşı deyəsən, kompleksim var. Bəlkə də, başqa bir şeydir, amma bunun adı hər halda təvazökarlıq deyil. Çünki, çox yaxşı bilirəm ki, hansı hisslərə təvazökarlıq deyilir. Həm də, mən şeir deyə bilmirəm. Deyəndə də, əslində, həmişə başqalarının şeirlərini demişəm.

- Ən çox kimlərin şeirini deyirsiniz?
- Bir dostum var. İndi Qazaxıstanda yaşayır. Daha çox onun şerini demişəm.

- İndi də deyə bilərsiniz?
- Mən özüm ərköyün öyrətdim səni
İndi dözəm gərək şiltaqlığına.
Səni saflığına qurban olasan,
Səni bağışladım uşaqlığına.

Nə var tellərinə sığal çəkməyə,

Sənin əllərindən tutmağa nə var?!
Mənim məhəbbətim səndən böyükdür,
Bir qızın könlünə yatmağa nə var?!

Mənim məhəbbətim səndən böyükdür,

Mənim məhəbbətim sənnən toxtamaz -
Keçər, dünyanın bağrından keçər.
Ucuz düşərsən ha, işdi-günahdı,
Birdən məni sevmək ağlından keçər.

Ahıl yaşamışam cavan ömrümü,

Unama könlümdən cavanlıq keçər.
Sevgidən yetiməm, sevgidən acam,
Fikrimdən bir tikə yavanlıq keçər.

Sən məndən min ağac uzaq ol, uzaq,

Mən sənə boy verim, boyumu tut get.
Getdi sənnən mənim toy çaldırmağım,
Mənə bir baxış çal, toyumu tut get.

Mən özüm ərköyün öyrətdim səni,

İndi gərək dözəm şıltaqlığına.
Səni saflığına qurban olasan.
Səni bağışladım uşaqlığına.

Ən çox bu şeiri deyirəm.

- 46 yaşınız var. Amma daha yaşlı olduğunuz təəssüratı yaradırsınız...
- Yəqin, yaşlı görünürəm...

- Görüntüylə bağlı deyil, söhbətimizin nəticəsidir, bu...
- Deməli, düşüncələrim yaşımdan irəli gedib. Yarızarafat-yarıgerçək deyirəm.

- Bəs, ruhunuz neçə yaşdadır? Bəlkə elə ruhunuz da yaşınızdan irəli gedib?
- Bu zarafatla verdiyin suala, elə zarafatla da cavab verəcəm. Məni ruhdan salan yaşadığım həyatın, yəni bu günün problemləri deyil. Məni Tarix ruhdan salıb (Gülür).

Sədan Bünyadova            publika.az

Комментариев нет:

Отправить комментарий