03.03.2013

Asif Ata Ocağı 35-ci ilini qarşılayıb

Asif Atanın Mütləqə İnam Ocağı 35-ci Yeni İlini qarşılayıb. Günəş ayının 1-də (1 mart 2013) Ocağın Ruhani Mərkəzinin İnam Evində Yeni İl Mərasim-Bayramı düzənlənib. 
Bayramdan bir gün öncə Ocaqçıların evlərində, İnam Evinin həyətində tonqallar çatılıb. Ocağın Ruhani Başçısı Safruh deyib ki, bu, Ocağın Mütləqə İnam ilsırasının 35-ci ilinin gəlişini kutlamaq tonqalıdır: «Biz insanları simalı, özümlü görmək istəyirik. Bütün tədbirlərimiz bu istək üstə köklənir. Biz simadan, sifətdən, müəyyənlikdən ayrıla bilmərik. Bu ayrılmanı zərərli sayırıq. Çünki adam hansısa çətinliyi daxilən ruhlanıb aradan qaldırır. Bir də ola bilsin, müəyyən əhval qaldırıcı içkinin gücüylə eləyir. Axı bunların fərqi çox böyükdür.
Daxildən gələn eşq insanı təsdiq eləyir. Dışarıdan daxil edilən «eşq» insanı inkar eləyir. Biz insanı təsdiqləyənlərik. Biz insana nihilist, kinayəli, ikili yanaşmaları rədd edirik. Hər kəsi sifəti, qəlbinin istəkləri, aliliyi ilə qəbul edir və öyürük. İnam Atadan gələn ideyalar cəmiyyətin zəmanənin simasızlığına qarşı təzad sanbalında fərqlidir, ondan ucadır. Biz bu ucalığı yaşama gətirmək istəyirik».
Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib ki, bəşər özündən ayrıldığı çağlarda onu ruhani mahiyyəti yaşadıb: «Bəşərin indiki kimi özündən ayrılan çağı olmamışdı. 34 ildir ki, Azərbaycanda Mütləqə İnam harayı çəkilir. Özümlüyümüzə doğru yol gedirik. Bəşərin ilahi, ülvi gözəlliklərini vəsf eləyirik. İnsansız dünyanın xilası yoxdur.»
Tədbirdə Yolruh Atalı, Uluruh Atalı, Yolnur Atalı, İnamyurd Atalı, Sadiq Atalı, yazıçı Əlisahib Əroğul, tanınmış jurnalistlər Qənbər Ağayev, Məhərrəm Şəmkirli, rəssam Eyzam Şıxəliyev, şair Müslüm Mahir, Özadlı Yaşar Türkazər çıxış ediblər.

Комментариев нет:

Отправить комментарий