05.03.2013

“İşgüzar”qəzetinə etiraz!

Mahir Şəkərov

Namaz yalnız ərəbcə qılınmalıdır!

Bir neçə  gün əvvəl  İşgüzar qəzetinin 2-8 Avqust,  2012-ci  il  buraxılışında oxuduğum bir yazı, məni bu məqaləni yazmağa vadar etdi.Beləki, sözügedən qəzetin (2-8 Avqust  2012 buraxılışında) sonuncu səhifədə, “Dini suallar” bölməsində namazla bağlı verilən suala SƏHV CAVAB verilib.
Gəlin  əvvəl  oxucunun qəzetə ünvanladığı  suala baxaq. Sual: Namazı hər millət öz dilində qıla bilərmi? Bu, nə dərəcədə düzgün olar?
Cavab: Sualı cavablandıran adsız müəllif, əvvəla  sualı verən oxucuya təşəkkür edərək, çox aktual mövzuya toxunduğunu diqqətə çatdırır. Sonra yazır: “...Doğrudan da bu gün namazın ərəb dilində qılınması, ümumiyyətlə Quranın sırf ərəb dilində oxunması  geniş vüsət almışdır.
Nəticədə isə ərəb dilini bilməyən 100 milyonlarla müsəlman bir çox yanlışlıqlara düşür, əksər hallarda kor-koranə dindarlıq edir.Elə bizləri Qurandan ayrı salan,  Allahın dediklərini anlamağa imkan verməyən səbəblərdən biri də bu problem deyilmi?...
Adsız müəllifə cavab: Ay müəllif! Deməli belə çıxır ki, Quranın ərəbcə olması müsəlmanların yollarını azmasınamı səbəb olur? Deməli insanları Allahdan və Qurandan ayrı salan yeganə məsələ Quranın ərəbcə olmasıdır? Dünyanı bürüyən bu qədər fəsad və şeytani təbliğatlar insanları azdırmır, lakin Quranın ərəbcə olması insanları yoldan azdırır? Bu nə məntiqsiz və əsassız sözlərdir belə...
Əgər Quranın ərəbcə olması insanların yolunu azmasına və azğınlığa düşməsinə səbəb olursa, onda belə çıxır ki, Allah Quranı ərəbcə endirməklə insanları azğınlığa və zəlalətəmi sürükləyir? Siz Quranın ərəbcə olmasını “PROBLEM”mi adlandırırsınız?  Qurani Kərim sizin bu puç və əsassız iddianızı rədd edərək buyurur:  “Kəlmə və mənalarında heç cür əyrilik olmayan ərəbcə bir Quran!  Bəlkə çəkindilər.” (Zumər sürəsi 28-ci ayə)
Adsız müəllif daha sonra belə yazır:  “...Belə bir sual yarana bilər ki,  görəsən, Quran niyə məhz ərəb dilində nazil edilib? Və ya başqa dildə Azərbaycan dilində nazil edilə bilərdimi? Cavab sadədir. Bir  halda ki, bütün dilləri  Allah yaradıb deməli, Quranı başqa dildə də nazil edə bilərdi, sadəcə Məhəmməd peyğəmbər ərəb olduğu üçün  Allahın  ayələri  məhz  ərəb  dilində olmalı idi ki, o,  bu kitabı rahat şəkildə insanlara çatdırsın və təbliğ  etsin. Həqiqətən də, özünüz fikirləşin, Məhəmmədə başqa  dildə Quran nazil  edilsəydi, peyğəmbərimiz  onu necə izah edə bilərdi? Ən maraqlısı  isə odur ki, uca Rəbbimiz məhz bu məqamla bağlı bizə  belə bir ayə göndərib:
“Əgər Biz onu yad bir dildə Quran nazil etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə  doğru  yol  göstəricisi  və  şəfadır.” İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır.Onlar ona qarşı kordurlar.Onlar sanki uzaq yerdən çağrılırlar.”
(41-ci sürə, 44-cü ayə)
Ayədən də açıq-aşkar görünür ki, Allah istəsəydi, Quranı başqa dildə edərdi, sadəcə Məhəmməd peyğəmbər ərəb olduğuna görə, müqəddəs kitabımız da ərəb dilindədir.
Beləliklə, Quranın niyə ərəb dilində olmasını aydınlaşdırdıq...”
Adsız müəllifə cavab: Müəllif  yazısının  bu hissəsində “Quran niyə məhz ərəb dilində nazil edilib?” sualına cavab verməyə çalışıb. Müəllif qeyd  edir ki, Quranın ərəbcə nazil olmasının səbəbi peyğəmbərin (s) ərəb olmasına görədir.Mən bu fikirlə razıyam. Çünki Quran  bu  fikri  təsdiqləyərək  buyurur: “Əgər Biz onu yad bir dildə Quran nazil etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır.” İman  gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar.Onlar sanki uzaq yerdən çağrılırlar.” (Fussilət sürəsi 44-cü ayə)
Və  müəllif  də bu ayəyə istinad edib.Quranın ərəbcə nazil olması həm də ərəb dilinin geniş, zəngin söz ehtiyatına  malik olması, fəsahət, bəlağət, onun sözlərinin eyni harmoniyaya  malik  olması və s. üstünlükləri vardır ki, müəllif bu barədə bir kəlmə belə olsun yazmayıb. Adsız müəllifin yazısının bu hissəsində  kobud  bir səhvlə də rastlaşdıq. Beləki, müəllif  İslam peyğəmbəri  Hz  Muhəmmədin (s) adını çəkdiyi  (yazdığı halda) bir dəfə də olsun peyğəmbərin (s) adından  sonra “S” (Sallallahu ələyhi və alihi və səlləm) ifadəsini qeyd etməyib. Bu müəllifin peyğəmbərə (s) qarşı hörmətsizliyidir.Halbuki  Quran belə buyurur: “Həqiqətən  Allah  və  Onun mələkləri  daim  peyğəmbərə salam (salavat) göndərirlər.Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun. (Əhzab sürəsi 56-cı ayə)
Adsız müəllif sözünə davam edərək yazır:  “...İndi qalır  o  sual  ki, görəsən, hər millət öz dilində namaz qıla bilərmi?  Əvvəlcə bir məsələni düşünək: Allah  bizə  məhz  ərəb dilindəmi ibadət etməyi əmr etmişdir? Qurana nəzər salarkən belə bir ayənin olmadığını görürük...”
Adsız müəllifə cavab: Müəllif  iddia  edir ki, namazın ərəbcə qılınması  haqqında Quranda  ayə yoxdur.Müəllifin  bu  iddialı  sualı bir daha onun İslami biliklərdən  yoxsul olmasını  açıq şəkildə göstərir.Mən həmin ayəni qeyd edərəm, amma ilk öncə müəllifdən soruşmaq istəyirəm ki; Məgər hər bir hökmün (məsələn, namazın) bütün incəlikləri Quranda yer alıbmı? Əlbəttə yox! Bəs onda  İslam ümməti hansı dəlillərə söykənərək namaz qılır? Namazla bağlı hər hansı bir məsələnin Quranda olmaması, həmin məsələnin yalnış olması üçün dəlildirmi?  Əgər müəlliflə razılaşsaq onda gərək heç kim namaz qılmasın.Çünki, namazın rükətlərinin sayı, namazda istifadə olunan sözlərin tam mətni, namazı pozan hallar və bu kimi məsələlərin heç biri Quranda yoxdur. Belə bir halda İslam ümməti namazla (və ya digər məsələlərlə) bağlı, Quranda olmayan hökmləri nəyə əsasən yerinə yetirirlər? Cavab olduqca sadədir. Gəlin bir nümunə göstərməklə bu suala cavab tapaq. Quranda oruc tutmaq əmr edilir. (Bəqərə 183) Amma orucun əsas hökmləri – orucu batil edən işlər, oruc tutana məkruh olan işlər, orucun kəffarəsi, orucun qəzası, hansı halda oruc tutan  kəffarə verməlidir? Kəffarəni kimə verməlidir? Necə verməlidir? Haçan verməlidir? və bu kimi  bir çox  hökmlər Quranda  göstərilmir  və  bu hökmləri  bizə  izah edib çatdıran Hz peyğəmbər (s) dir. Və ya Quranda “namaz qılın” deyə əmr olunur. (Bəqərə 43)  Amma namazın əsas hökmləri – namazın rükətərinin sayı, vacib namazlar, nafilə namazlar  və  bu  namazın hökmləri, namazı pozan hallar və namazla əlaqəli bir çox hökmlər Quranda göstərilmir. Həmçinin namazın hansı dildə qılınması da...
Bu cür məsələlərdə biz yenə də peyğəmbərin (s) hədislərinə və sünnəsinə müraciət etməliyik. Bu qədər deyilənlərdən aydın oldu ki, əgər bir məsələ ilə bağlı Quranda ayə yoxdursa, bu o demək deyil ki, həmin məsələ yanlışdır. Əgər müəllif bütün bunlardan sonra yenə də öz iddiasında israr edirsə namazın rükətlərinin sayını, namazın batil edən əməlləri və s. bizə  Quran ayələri əsasında subut etsin. Görək subut edə bilərmi? Bu yerdə müəllifin iki yolu var. 1.Ya gərək  bizə bu məsələni hədislərə əsaslanmadan yalnız Quran əsasında subut etsin.  2. Ya da açıq şəkildə etiraf etsin ki, İslam ümməti namazla bağlı Quranda olmayan hökmləri (peyğəmbərin (s) hədislərinə və sünnəsinə söykənərək yerinə yetirməklə SƏHV İŞ görürlər.
İndi keçək əsas suala ki, hər millət öz dilində namaz qıla bilərmi? Əlbəttəki yox! Yuxarıda qeyd etdiyim kimi əgər namazın ərəbcə qılınması ilə bağlı Quranda ayə yoxdursa (bu müəllifin iddiasıdır) bu namazın başqa dildə qılınması üçün səbəb ola bilməz. Çünki  İslam ümmətinin  iki  əsas qaynağı var. 1.Quran. 2.Hədis. (Sünnə)
Quranda olmayan məsələlər ikinci qaynağa istinadən əldə edilir ki, buna da aydınlıq gətirdim.Əgər fərz etsək ki, Quranda bu haqda (namazın ərəbcə qılınması) ayə yoxdur, onda ikinci mənbə hədis bu məsələni aydınlaşdırır. Bu məsələdə olduğu kimi.
Allah-Təala  Quranda “namaz qılın” deyə buyurur.Amma namazın necə qılınmasından, neçə rükət qılınmasından, namazın növlərindən söz açılmır.Allah-Təala da insanların  bu  kimi  hökmlərdən  xəbərdar etmək üçün onlara peyğəmbər (s) göndərir ki, Quranda olan və olmayan bütün ilahi hökmləri, o cümlədən əsas mövzumuz olan  namazın necə qılınmasını, ədəb və ərkanını bizə təhlil edib öyrətsin. Bu məsələ o qədər ciddi məsələdir ki,  hətta İbrahim (ə) və İsmail (ə)  Kəbə evinin bünövrəsini ucaltdıqları zaman bu mövzu ilə bağlı dua edərək dedilər: “(Onlar yenə dedilər:) Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən.” (Bəqərə sürəsi 129-cu ayə)  
Qeyd olunan ayəyə əsasən, Quran təkbaşına  bu ümmətə kifayət edə bilməz. Əgər etsəydi bu ifadə “elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin” Quranda dəfələrlə gəlməzdi. Dəməli Quran peyğəmbər (s) tərəfindən izah və təfsir olunmalıdır ki, bu ilahi hökmlər hamıya  aydın olsun.Əgər ərəb öz dilində olan bu Quran kitabını  anlamağa  çətinlik  çəkir və müəllimə (peyğəmbərə (s) ) ehtiyac duyursa, qeyri ərəb (və ya Azərbaycanlı  olan bu adsız müəllif kimi) necə iddia edib  deyə bilər ki,  “Bizə müəllim (peyğəmbər (s) ) lazım deyil, Biz Qurana əsaslanırıq...”
Ay müəllif, sənin əsaslandığın bu Quran deyir ki, peyğəmbər (s) olmadan (onun hədislərinə, həyatına, sünnəsinə istinad etmədən) Quranı başa düşmək qeyri mümkündür. Və dəfələrlə  “...Sizə peyğəmbər göndərdik ki, sizə kitabı və hikməti öyrətsin, sizi paklaşdırsın...” (Cümə sürəsi 2-ci ayə) buyurur. Məgər bu ayələr, heçmi sizə rast gəlməyib?
Qurani Kərim bir daha subut etdi ki, “Quran mənə kifayət edər” deyib peyğəmbər sünnəsindən (hədislərindən) üz döndərmək özü batil əməldir. Quranı peyğəmbərsiz (s)  (onun hədislərinə və sünnəsinə istinad etmədən) anlamaq qeyri mümkündür.
Allah Rəsulu (s) da bütün ilahi hökmlər kimi namazı da öz ümmətinə izah etmiş, onu necə qılınmasını şəxsən özü qılaraq onlara təlim və təhlil etmişdir.Öz əməli ilə insanlara örnək olan Allah Rəsulu (s) həm də bu məsələni öz hədisi ilə açıq şəkildə bəyan edərək “Namazı mənim qıldığım kimi qılın” deyə buyurmuşdur.Bəziləri irad tutub deyə bilərlər ki,  hədisdəki bu ifadə  “...mənim qıldığım kimi qılın” sadəcə namazın hərəkətlərinə (qiyam, ruku səcdə və s) aiddir.
Cavabında deyirik; Peyğəmbərin (s)  “...mənim qıldığım kimi qılın”  ifadəsi  təkcə namazın hərəkətlərinə aid olsaydı, belə olan surətdə peyğəmbər (s) bu məsələyə mütləq aydınlıq  gətirməli idi. Çünki peyğəmbərin (s) ətrafında ərəb olmayanlar  da var idi.Əgər namazı öz dilində qılmaq icazəsi olsaydı, o insanlar hərə öz dilində bunu yerinə yetirərdi.Lakin, görürük ki, onlar hamısı namazı peyğəmbər (s) buyuran şəkildə, ərəbcə qılırdılar.Yenə soruşuram ay müəllif, niyə qeyri ərəblər məhz ərəb dilində namaz qılırdılar? Niyə peyğəmbər (s) onlara namazı öz dillərində qılmağı əmr etmirdi?
Deməli, peyğəmbərin (s)  “...mənim qıldığım kimi qılın”  ifadəsi namazın ərəbcə qılınmasına açıq dəlildir. Məlumat üçün qeyd edim ki, bütün İslam ümməti bu hədisin səhihliyi barəsində yekdil rəydədir və heç bir alim bunun əksini iddia etmir.Əgər belə bir iddia varsa, onda müəllif  bunu da subutlarla bizə təqdim etsin. Və heç kim peyğəmbəri (s) bir kənara qoyaraq “mənə Quran kifayətdir” deyə bilməz.Çünki Quran bu iddianı rədd edərək peyğəmbərə (s) tabe olmağı, onun et dediklərini etməyi, etmə dediklərini etməməyi əmr edir. Uca Allah belə buyurur: “Peyğəmbər sizə nəyi əmr edirsə əməl edin, nəyi qadağan edirsə ondan əl çəkin.” (Həşr sürəsi 7-ci ayə)
Mən bu ayəni deyirdim.Bəli, peyğəmbərin (s) bizə buyurduğu işlər, əslində Allahın bizdən istədiyi işlərdir.Çünki, peyğəmbər (s) Allahın buyuruqlarını bizə çatdıran bir elçidir. (Nəcm 3-4)
Odur ki,  İslam ümməti hər sahədə əziz İslam peyğəmbərini (s) özünə nümunə seçir. Uca Allah buyurur:Şübhəsiz ki, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır. (Əhzab sürəsi 21-ci ayə)
Bu ayələr bir daha göstərir ki, Quran və sünnəni (hədisi) bir-birindən ayırmaq olmaz.Əgər bir məsələ qarşısında sadəcə Qurana istinad etsək, onda məsələyə birtərəfli yanaşmış olarıq. Belə olan vəziyyətdə lazımi nəticəni əldə edə bilmərik.Necəki, müəllif namazın ərəbcə qılınması ilə bağlı məsələdə sadəcə Qurana istinad etmiş, bu barədə olan hədislərə ümumiyyətlə toxunmamışdır.Nəticədə düzgün olmayan, “namazın qılınması ilə bağlı Quranda ayə yoxdursa, deməli namazı öz dilimizdə də qıla bilərik” qənaətinə gəlmişdir. Halbuki, o, hədis və ayələri birgə təhlil etsəydi o da bizim kimi  “namaz yalnız ərəbcə qılınmalıdır” qənaətinə gələrdi.
Sadəcə Qurana istinad edərək “Allaha qurban olum” deyənlər deyəsən unudublar ki, Allaha qurban olmamışdan əvvəl, onun peyğəmbərinə (s) qurban olmaq lazımdır ki, bu qurban həqiqi qurban olsun.Başqa sözlə, təkcə Allahı sevmək (onun göndərdiyi Qurandan yapışmaq) kifayət etmir, həm də onun peyğəmbərini (s) sevmək (onun buyuruqlarına əməl etmək) lazımdır.Bu Quranın məntiqidir! Bu Allahın istəyidir! Uca Allah bu barədə buyurur: “(Ey peyğəmbər!) De:Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah mehriban və bağışlayandır. (Ali-İmran sürəsi 31-ci ayə)
Adsız müəllif daha sonra yazır: Əksinə, 30-cu sürədə belə bir ayəyə rast gəlirik: Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi  də  Onun qüdrət əlamətlərindəndir.Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır.
 (30-cu sürə, 22-ci ayə)
Gördüyünüz kimi, uca Rəbbimiz özü dillərimizi müxtəlif cür yaradıb və bu onun qüdrət əlamətlərindəndi.Əgər hər bir dili  Allah yaradıbsa, niyə hər kəs öz dilində ibadət etməməlidir?
Adsız müəllifə cavab: Müəllifin  öz  fikrini  subuta yetirmək üçün Rum sürəsinin 22-ci ayəsini dəlil gətirir. Halbuki, bu ayənin mövzuya heç bir aidiyyatı yoxdur.Əgər  müəllif  bu ayənin təfsirini və izahını oxusaydı bilərdi ki, ayədəki  “dillərinizin və rənglərinizin müxtəlifliyi”  ifadəsi heç də namazı  Azərbaycan və ya başqa dildə qılmaq üçün dəlil deyil. Amma  görünür müəllif  Allahın kitabında nazil olan bu ayədən öz məqsədinə çatmaq üçün sui-istifadə edərək, ayəni öz istədiyi şəkildə yozur. Necə olur  ki, İslam dünyasının görkəmli alimləri bu ayəni oxuyur, amma heç biri bu qənaətə gəlmir, lakin heç bir dini məlumata sahib olmayan “Biz yalnız Qurana əsaslanırıq” deyən və adı belə bilinməyən naməlum müəllif  bu qənaətə gəlir???  Əgər bu ayə hər bir kəsin “namazı öz dilində qılması” üçün subut olsaydı peyğəmbər (s) bunu ümmətə çatdırar  və bu ayəni digər ilahi hökmlər kimi açıq-aşkar izah edərdi. Necə olur ki,  İslamı insanlara öyrətməklə mükəlləf olan peyğəmbər (s) bu cür ciddi bir məsələni insanlara çatdırmır? Ay müəllif, sizcə bu mümkündür?  Qurani-Kərim bunun mümkün olmadığını iddia edərək bir daha sizin batil dəlilinizi üzə çıxarır. Uca Allah buyurur:  “Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bilki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərrindən) qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz.”  (Maidə sürəsi 67-ci ayə)
Göründüyü kimi, müəllifin subut olaraq təqim etdiyi ayə ( Rum sürəsi 22) subut yox, Allahı  və peyğəmbəri (s) ittiham etməkdir ki, biz bu işdən Allaha sığınırıq.
Keçək müəllifin  “Əgər hər bir dili Allah yaradıbsa, niyə hər kəs öz dilində ibadət etməməlidir?” sualına. Bu suala yuxarıda cavab verdim. Amma müəllif, eyni sualı dolayı yollarla verməklə oxuculara psixoloji təsir göstərərək, öz batil iddiasını yeritməyə çalışır. Yenə deyirəm, insanların dillərinin müxtəlif olması, onlara namazı öz dillərində qılmağa haqq qazandırmır. Məgər  müxtəlif  dillərə  sahib olmaq  Allah və Onun Rəsulunun (s) qoyduğu qanunları tapdalamaq üçün dəlildir?
Adsız müəllif sonra yazır: Digər tərəfdən, eramızdan çox-çox əsrlər əvvəl  yaşamış  peyğəmbərlər, məsələn, Quranda çox təriflənən  İbrahim peyğəmbər məgər ərəb dilində ibadət edirdi? Xeyr, qətiyyən. Hər kəs öz dilində ibadət edirdi. Halbuki onların hamısı müsəlman idi.Deməli, biz müsəlmanların da öz dilimizdə ibadət etməyində heç bir qəbahət yoxdur.
Adsız müəllifə cavab: Ay müəllif!  Sizə kim deyib  ki, İbrahim  peyğəmbər ərəbcə namaz qılmalı idi? Bu haqda hansısa bir yazılı ədəbiyyata rast gəlmisiniz?  İbrahim peyğəmbərin ərəbcə namaz qılmaması sizi yaman təəccübləndirib. Niyə? İbrahim peyğəmbərin ərəbcə namaz qılmaması yox, əksinə, onun ərəbcə namaz qılması daha çox təəccüblü olardı. Bəli, İbrahim peyğəmbər ərəbcə namaz qılmayıb.(Qeyd:Əvvəlki peyğəmbərlərin və ümmətlərin ibadət şəkilləri bizə tam aydın deyil.Quranda və hədislərdə olan məlumatlar istisna olmaqla) Bilirsiz niyə? Ona görə ki hər peyğəmbərin ibadəti (namazı) ona nazil olunan səmavi kitabın və ya səhifələrin dili ilə uyğun olmalıdır. Odur ki, İbrahim peyğəmbərin ərəbcə namaz qılmaması, sizin iddianız üçün subut sayıla bilməz. Həm  də unutmayaq ki, İbrahim peyğəmbər sadəcə bir tayfaya peyğəmbər olduğu halda, Hz Muhəmməd (s) isə qiyamətə qədər bütün insanlığa, bütün dünyaya peyğəmbərdir. Sual verirəm: Peyğəmbər (s) insanlara tabedir ya insanlar peyğəmbərə? Hazır ki vəziyyətdə bütün dünya müsəlmanları yalnız sonuncu peyğəmbərin (s) və müsəlmanlara nazil olan sonuncu səmavi kitabın dili ilə, yəni ərəbcə namaz qılmalıdırlar və beləliklə də İslam bayrağı  altında vəhdətə gələrək hər cür ixtilafdan və təfriqələrdən uzaq olmalıdırlar.Lakin,  görünən budur ki, siz İslam adı altında bu vəhdət və birliyi pozmaq niyyətindəsiniz...
Digər tərəfdən də sizin oxucuya İbrahim peyğəmbərdən məsəl çəkməyiniz və fikrinizi  bu yolla subuta yetirmək  istəməyiniz  heç başa düşülən deyil. Biz məgər İbrahim peyğəmbərin şəriəti ilə əməl edirik  ki, siz biz oxuculara onun şəriəti ilə hökm çıxadırsınız?  Aydın məsələdir ki, hər bir peyğəmbərin öz dövrünün şəraitinə uyğun olaraq müəyyən və xüsusi qanunları olur. Beləki, əgər biz müsəlmanlar günün müəyyən hissəsini ac qalmaqla oruc tuturuqsa, xristianlar isə bunu susmaqla yerinə yetirirlər. Eyni hökmdür, və hər ikisi də oruc tutur amma zahiri şəkilləri ayrıdır. İndi kimsə bu gün durub mən Həzrəti İsanın şəriəti ilə gedirəm desə və susmaqla oruc tutsa bu oruc qəbuldurmu? Xeyr! Qətiyyən! Çünki artıq Hz İsanın şəriəti daha kamil bir şəriətlə, İslami şəriətlə əvəz olunub və qiyamətə qədər hər bir insan bu şəritlə əməl etməlidir.Əks təqdirdə, hazırkı vəziyyətdə başqa peyğəmbərin şəriəti ilə əməl etsə, onun etdiyi bütün əməllər batildir. Bunu mən demirəm Quran deyir: “Uca Allah buyurur: Şübhəsiz Allah yanında din İslamdır! Kitab verilmiş  şəxslər yalnız onlara elm gəldikdən sonra, həsəd və təkəbbür ucbatından ixtilafa düşdülər.Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki) Allah tez hesaba çəkəndir.” (Ali-İmran 19-cu ayə)
Burda daha bir maraqlı məqam var: Diqqət edin! Müəllif soruşur: “Digər tərəfdən, eramızdan çox-çox əsrlər əvvəl yaşamış  peyğəmbərlər, məsələn, Quranda çox təriflənən İbrahim peyğəmbər məgər ərəb dilində ibadət edirdi?  Xeyr, qətiyyən. Hər kəs öz dilində ibadət edirdi.”
Çox maraqlıdır ki, müəllif bu iddianı edir və oxucuya heç bir subut təqdim etmir.Halbuki, qəzetin sonuncu səhifəsində “Dini suallar”  bölməsində yuxarıda  sağ  küncdə  “Suallarınıza heç bir təriqətə uymadan, yalnız müqəddəs Quran əsasında cavab veriləcək”  iddiasını da irəli sürür. Amma hazırkı vəziyyətdə görünən budur ki, bu oxucunu aldatmaq üçün yazılan, şablon bir ifadədir. Mən bir oxucu kimi müəllifdən tələb edirəm ki, Hz İbrahim peyğəmbərin  ərəbcə namaz qılmamasını, Quran əsasında subut etsin. Mənə Qurandan ayə gətirin ki, İbrahim peyğəmbər ərəbcə namaz qılmayıb! Hardadır bu ayə??? Subut edə biləsinizmi??? Buyurun subut edin, və iddianızı bu yolla təsdiqləyin!
Birdə unutmayın ki, bütün sualları yalnız Quran əsasında, heç bir təriqətə tabe olmadan cavablandıra bilməzsiniz. Bu iddia batil iddiadır. Yuxarıda sizdən bir neçə sual (namazın rükətlərinin sayı,namazı batil edən əməllər, və.s) soruşmuşam.Həm o sualları,  həm də İbrahim peyğəmbərlə əlaqəli verdiyim sualı yalnız  Quran əsasında subutlarla bizə təqdim edin ki, sizin səmimiliyinizə inanaq.
Adsız müəllif sonra belə yazır: “Başa düşmək lazımdır ki, biz ibadət zamanı Allahla söhbətdə oluruq, ona dualar edirik.Elə isə bir insanın heç bir şeyi anlamadan etdiyi dua ilə öz dilində başa düşdüyü dua eyni ola bilərmi? Məgər siz Allaha öz dilinizdə ibadət etsəniz, O sizi başa düşməyəcək??? Çox məntiqsiz fikirdir...
Əksinə, sizin başa düşmədiyiniz sözlərin, duaların, xahişlərin heç bir faydası yoxdur.”
Adsız müəllifə cavab: Müəllif söhbətinin bu yerində dua ilə namazı qarışıq salır. Əvvəla bunu bilməliyik  ki, hər insan öz mənsub olduğu dildə dua edə bilər.Duanın dili yoxdur və ümumiyyətlə duanın dillə əlaqəsi yoxdur.Çünki dua insan ruhunun dərinliklərindən Allaha tərəf pərvaz edən bir nidadır. Məgər ruhun dili var? Əlbəttə yox.
Daha sonra müəllif yenə də eyni sualı dolayı yollarla təkrarlayır.Yuxarıda qeyd etdiyim kimi bu əslində sual yox, oxucuya psixoloji təsir göstərmək üçündür.
Adsız  müəllif  sonra soruşur: “Məgər siz Allaha öz dilinizdə ibadət etsəniz, O sizi başa düşməyəcək??? Çox məntiqsiz fikirdir...”
Ay müəllif! Allah hər dili başa düşür. Amma Allah harda deyib ki, hamı öz dilində ibadət etməlidir??? Bunu da Quran ayəsi ilə subut edin. Quranın hansı sürəsində, hansı ayəsində yazılıb ki, Azərbaycan dilində namaz qılmaq olar??? Onda belə çıxır ki, Allah hər millət üçün xüsusi ayə nazil etməli idi ki, onlar o ayəyə əsasən namaz qılsın? Siz demişkən çox məntiqsiz fikirdir...  Elə deyilmi???
Yeri gəlmişkən Rum sürəsinin 22-ci ayəsini təkrar bura dəlil olaraq yazmayın.Çünki o dəlil deyil.
Adsız müəllif daha sonra belə yazır: “Bir fikirləşin, bir halda ki siz ərəbcə namaz zamanı özünüz nə dediyinizi  özünüz  başa düşmürsünüz, o halda  Allahdan  nə  istəyə bilərsiniz?”
Adsız müəllifə cavab: Müəllifin  “namazı Azərbaycan dilində də qılmaq olar” fikri heç də təzə bir fikir deyil.Bu fikri ondan əvvəl də səsləndiriblər, ondan sonra da səsləndirəcəklər.Fikrimi subut etmək üçün diqqətinizi bir tarixi hadisəyə çəkmək istəyirəm.
1932-ci ildə İyul ayının 18-i Mustafa Kamal Atatürk əzanın türkcə verilməsi haqqında sərəncam imzalayır.Həmin gündən sonra ancaq türkcə əzan verilməyə başlayır və bu Türkiyənin bütün məscidlərini əhatə edir. İş o yerə çatır ki, ərəb dilində əzan verənlər, həmçinin bu işə qarşı olanlar ya həbs edilir ya da müxtəlif  işgəncələrə  məruz qalırdı. (Daha ətraflı bax: Mustafa Armağan “Türkçe Ezan və Menderes”)
Əzanın türkcə verilməsi zahirən İslamın xeyrinə yozulurdu.Guya ki, məqsəd insanları dinə daha çox cəlb etmək, namaza və məscidlərə daha çox məhəbbəti artırmaqdır.Amma bunlar hamısı gözdən pərdə asmaq üçün idi. Nəticədə insanlar məscid əvəzinə evlərində, alçaq səslə namaz qıldılar və bir çoxları “mən bələ (türkcə) əzanla namaz qılmaram” deyərək namazı və məscidləri tərk etdilər...                                Əslində əzanı təhrif edərək, onu tükcə verilməsini əmr edənlərin əsl istəyi də elə bu idi.
Bu məsələ o qədər geniş yayıldı ki, şairlər də bu barədə şer yazmağa başladılar.Necəki  türk şairi  Ziya Gökalp öz “Vətən” şerində deyir:

“Bir ülke ki,camiində Türkçe ezan okunur,
Köylü anlar manasını namazdaki duanın...
Bir ülke ki, məktəbində türkçe Kuran okunur.
Küçük büyük hər kes bilir buyruğunu Hüdanın.
Ey türk oğlu, işte senin orasıdır vatanın!”

İslama qarşı bu zülm və işgəncə düz 18 il davam etdi. Ta ki,  1950-ci il İyun ayının  16-sı  Adnan Menderesin təşəbbüsü ilə türkcə əzan verilməsi məsələsinə son verildi.
Bu tarixi hadisəni deməkdə məqsədim budur ki, bu yazının adsız müəllifi  də bu yazısıyla  eyni senarini həyata kəçirtmək  fikrindədir.
Müəllifin bu ifadəsinə diqqət edin! O deyir: “Bir fikirləşin, bir halda ki siz ərəbcə namaz  zamanı özünüz nə dediyinizi özünüz başa düşmürsünüz, o halda Allahdan nə istəyə bilərsiniz?”
Adsız müəllifin iddiasına daha bir cavab: Əvvəla müəllif bu sualı səsləndirməklə yenə də çox böyük bir səhvə yol verib. Çünki müəllifin bu;  “Bir fikirləşin, bir halda ki siz ərəbcə namaz zamanı özünüz nə dediyinizi özünüz başa düşmürsünüz, o halda Allahdan nə istəyə bilərsiniz?” cümləsi ümumi xarakter daşımır.Əslində o  ifadə qəzeti oxuyan, hər bir oxucuya birbaşa ünvanlanan sualdır ki, bu da müəllifin öz oxucusna qarşı hörmətsizliyidir...
Deməli  müəllif  bu ifadəsi ilə bütün namaz  qılanları kor-koranə namaz qılmaqla, öz qıldıqları namazdan bixəbər olmaqla ittiham edir. Ay müəllif!  Sizə kim ixtiyar verib ki siz bütün müsəlmanları kor-koranə ibadət etməkdə ittiham edirsiniz??? Kim?!
İkincisi, əgər bir müsəlman namazın tərcüməsindən xəbərsizdirsə, bu ona haqq qazandırmır ki, o, namazı öz dilində qılsın.Bilmirsə  zəhmət çəkib öyrənsin.Bu nə deməkdir? Allah hər kəsin kefinə görə bir şəriət nazil etməlidir? Ya siz müsəlman olub cənnətə girməyə asan məsələ kimi yanaşırsınız? Unutmayın,  Cənnət bazar deyil ki, kim istəsə ora daxil olsun.Ora girmək üçün zəhmət çəkmək, Allahın və Onun Rəsulunun (s) buyuruqlarına əməl etmək lazımdır. Cənnətə girmək üçün ərəb dilində namaz qıılmaq lazımdır ay müəllif!
Hər bir insan namazı tərcüməsiylə öyrənə bilər,  əgər bu məsələyə istəklə yanaşsa.Necə olur ki, bəziləri bir çox mənasız sözləri, söyüşləri, zehnində saxlayır lakin,  Allahın ondan tələb etdiyi bir nəçə kəlməni yadda saxlamağa çətinlik çəkir?  Həm də ki, əgər kimsə qıldığı namazın sözlərini anlamasa bu onun namazının batil olmasına və qəbul olmamasına dəlildirmi? Bəlkə bu da Quranda yazılıb? Əgər yazılıbsa göstərin. Yox əgər belə iddia yoxdursa onda niyə bu fikirlərlə insanları azdırırsınız?
Və kiminsə namazın sözlərini anlamaması sizə “Namazı öz dilimizdə də qıla bilərik” iddiasını etməyə əsas verirmi? Görünən budur ki siz şəxslərə görə İslam yaradırsız. Amma əslində şəxsləri İslama uyğunlaşdırmaq lazımdır. Lakin görünür, siz bunları hələ də ayırd edə bilmirsiniz.
Müəllif  yazısının son hissəsində yazır: “Bu fikrimizi  təsdiqləmək üçün son olaraq bir misala diqqət yetirək. Hər birimiz namaz zamanı Fatihə sürəsindən müxtəlif  ayələr deyirik, məsələn:
İhdinəs-siratəl mustəqim
İndi isə özünüz kiçik bir sorğu keçirin və namaz qılanlara sual verin görək onların neçəsi bu duasının mənasını biləcək...”
Adsız müəllifə cavab: Yuxarıda dediyim kimi, kim bilmirsə  özünə biraz  zəhmət verib öyrənsin.Birdəki dediyim kimi tərcüməni anlamadan da namaz qıla bilər və bunun heç bir qəbahəti yoxdur.Qıldığı namazlar da şəriət baxımından səhihdir.Sizin bu sualınız bir daha göstərir ki, sizin namazın hökmlərindən zərrə qədər xəbəriniz yoxdur.Əgər olsaydı bu sualı verməzdiniz. Namazın hökmlərindən xəbəriniz olmadığı halda necə olur ki, siz namazla bağlı sualı cavablandırırsınız?  Sizə məsləhətim budur ki, insanların axirəti ilə oynamayın.Dini sualları cavablandıran kifayət qədər internet saytları, qəzetlər, və sosial şəbəkələr mövcuddur. Qəzetinizdən o bölməni (Dini suallar) yığışdırmaqla İslama xidmət edin!
Siz  təklif edirsiniz ki, sorğu keçirib namaz qılanlara sual verək və görək ki, onların nəçəsi Fatihə sürəsinin “İhdinəs-siratəl mustəqim” ayəsinin mənasını biləcək.
Yaxşı keçirdək. Sorğu nəyi düzəldəcək? Siz sorğu keçirtməklə nəyə nail olmaq istəyirsiniz?  “Sorğu keçirdək” deməklə öz batil fikrinizin düzgünlüyünəmi işarə edirsiniz?  Siz “sorğu keçirdək” deməklə növbəti dəfə müsəlmanların kor-koranə ibadət etmələrinə dolayı yolla işarə etdiniz. Bunun fərqindəsinizmi?
 Lap tutaq ki, sorğunun nəticəsi siz  gözlədiyiniz kimi oldu.İnsanların əksəriyyəti “İhdinəs-siratəl mustəqim” ayəsinin mənasını bilmədi. Bu nəyi dəyişdirəcək? Sizin üçün vacib olan nədir, Allahın qanunu yoxsa insanların fikri?  Əgər sabah kimsə içkini (yüksək səs çoxluğu ilə) halal bilsə siz də bunu halal biləcəksiniz? Əgər sabah kimsə qumarı (yüksək səs çoxluğu ilə) halal bilsə siz də bunu halal biləcəksiniz? Bəli biləcəksiniz! Sizin namaz haqqında kəçirmək istədiyiniz sorğu buna dəlildir.
Unutmayın!  Əgər bütün dünya da, sizin bu batil fikrinizi dəstəkləsə yənə də bir şey dəyişməz. Əgər bütün dünya da namazın ərəbcə  qılınmasının ələyhinə olsa, bu yenə də heç nəyi dəyişməz.
 Son nəticə budur ki, namaz, Allah və Onun Rəsulunun (s) buyurduğu və qıldığı şəkildə, yalnız və yalnız ərəb dilində qılınmalıdır! Ərəb dilindən qeyri bir dildə qılınan namaz, namaz deyil. Vəssalam! Allah rəhməti və bərəkəti haqq yolda addımlayan hər kəsin üzərinə olsun!  Amin!

Комментариев нет:

Отправить комментарий