09.03.2013

Məsiağa Məhəmmədi: “İraq bizə iraq deyil”

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertləri İraqdan qayıdıb. Nümayəndə heyətinin üzvü Məsiağa Məhəmmədi ilə hər gün terror xəbərləri almağa öyrəşdiyimiz İraqda baş verənlər barədə söhbətləşdik:

– İraqda vəziyyət necədir?
– Deyim ki, İraqda vəziyyət heç də KİV-də təqdim olunduğu qədər təhlükəli deyil. Bağdadın mərkəzi hissəsində, mühüm dövlət orqanlarının yerləşdiyi rayonda ciddi təhlükəsizlik tədbirləri görülüb. Təbii ki, İraqda sabitliyin olmasını istəməyən qüvvələrin təxribatlarının qarşısını başqa cür almaq mümkün deyil. Amma şəhərdə həyat öz axarı ilə davam edir. Hiss olunur ki, İraq dövləti dirçəlməkdədir və necə deyərlər, regionda söz sahibi olmaq iddiasındadır.


– İraq-Azərbaycan münasibətləri indi hansı mərhələdədir?
– İraq-Azərbaycan əlaqələrinin əsrlərlə ölçülən qədim və zəngin tarixi var. Təkcə onu demək kifayətdir ki, milli ruhumuzun, bədii düşüncəmizin ən kamil ifadəçisi Məhəmməd Füzulinin həyatı İraqda keçib, məzarı da ordadır. Xalqımız üçün müqəddəs sayılan Kərbəla, Nəcəf kimi məkanlar orda yerləşir. Ən nəhayət, bəzi tədqiqatçıların “İraq azərbaycanlıları” adlandırdığı 2 milyondan çox türkman orda yaşayır. Bir sözlə, arada xeyli məsafə olmasına baxmayaraq, İraq bizə iraq deyil. Hələ sovet dönəmində Bakı ilə Bəsrə qardaşlaşmış şəhərlər idilər. Müstəqillik illərində də münasibətlərimiz normal məcrada inkişaf edib. İraq Orta Şərqdə və ərəb dünyasında çox mühüm bir dövlətdir. Özü də Qarabağ məsələsində daim bizim mövqeyimizi fəal müdafiə edib. Hazırda əsas problem İraqda Azərbaycan səfirliyinin olmamasıdır. İraqlılar Bağdadda səfirliyimizin fəaliyyətə başlamasını, Bakıdan birbaşa aviareyslər açılmasını çox istəyirlər. Fikrimcə, səfirliyin tezliklə fəaliyyətə başlaması təkcə diplomatik münasibətlər mənasında deyil, strateji baxımdan da dövlətimiz üçün çox önəmlidir.

– İraq Respublikasına səfərin məqsədi nə idi?
– Səfərdən məqsəd Bağdadda İraq Strateji Araşdırmalar Qrupu tərəfindən təşkil edilən “Təhlükəsiz regional mühitə doğru” mövzusunda beynəlxalq konfransa qatılmaq idi. Mənimlə yanaşı, konfransda SAM-ın direktor müavini Gülşən Paşayeva və gənc ərəbşünas alim Kamal Qasımov iştirak edirdi. Konfransa əsasən ərəb ölkələrindən, eləcə də Türkiyə və İrandan ekspertlər gəlmişdi. İki gün ərzində bölgədəki proseslər, regional təhlükəsizliyin müxtəlif aspektləri haqqında, eləcə də beyin mərkəzlərinin və medianın rolu barədə səmərəli fikir mübadiləsi oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, Suriya ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi, Azərbaycanda dinlər və məzhəblər arasında münasibətlərin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı verdiyimiz məlumatlar iştirakçılarda maraq doğurdu. Bundan başqa, konfransın ilk iş gününün sonunda SAM ilə İraq Strateji Araşdırmalar Qrupu arasında əməkdaşlığa dair memorandum imzalandı. Düşünürəm ki, bu memorandum iraqlı həmkarlarımızla daha yaxından əməkdaşlığımıza təkan verəcək.

– Səfər çərçivəsində nə kimi görüşləriniz oldu?
– Ən yaddaqalan görüş İraqın sabiq baş naziri, İraq Milli Alyansının lideri İbrahim əl-Cəfəri ilə oldu. Təqribən iki saat davam edən görüşdə bu təcrübəli siyasətçi və dövlət xadimi İraqın mövcud durumu, etnik və məzhəblərarası münasibətlər, ölkənin demokratikləşməsi problemləri, ərəb dünyasının inteqrasiyası məsələləri və s. barədə geniş məruzə etdi, müxtəlif sualları cavablandırdı. Bundan başqa İraq türkmanlarının ölkə parlamentindəki təmsilçilərindən biri, Azərbaycanda bir çoxlarının yaxşı tanıdığı Fevzi Əkrəm Tərzioğlu ilə söhbətlərimiz də bizdə xoş təəssürat oyatdı.

bakupost.az

Комментариев нет:

Отправить комментарий