22.03.2013

Səndən yadigar

Ruslan Dost Əli

Oxu,gör nə qalıb səndən yadigar.

Köksümün altında sınmış, əzilmiş
Bir könül saxlaram,səndən yadigar.
Sinəmin üstündə əzizlədiyim
Bir şəkil saxlaram,səndən yadigar.

Bilet əlimdə,qalmışam qatardan,
Turarım yox,ta düşmüşəm tutardan.
Tənhalıqdan hər çəkdiyim siqardan,
Bir az kül saxlaram səndən yadigar.


Xoş gün hanı,göstər,varsa olum şən,
Mən elə səndəyəm,məndən gedən sən!
Deyirdin ‘’payızı çox sevirəm mən’’
Bir fəsil saxlaram səndən yadigar.

Hara atdın o duyğunu,hissini?
Yoxsa qəlbin dönüb oldu mis sini?
Güldanın üstünə çəkib rəsmini,
Bir də gül saxlaram səndən yadigar.

Artıq olmasam da özüm-özümdə
Hələ yaşayaram mən bu dözümlə.
Sənin gözlərin rəngində,gözümdə
Mən bir göl saxlaram,səndən yadigar.

Üstümə həsrətin qoxusu hopub,
Yaman ayrılığın tufanı qopub.
Sənə bənzədərək,qəmimdən yapıb
Bir heykəl saxlaram səndən yadigar.

Bilirsənmi ne qəsd etdi gedişin?
Heyatımı alt-üst etdi gedişin.
Eşqimizi şikəst etdi gedişin,
Bir əlil saxlaram,səndən yadigar.

Mənəm bir bucağa çəkilib qalan,
Gözləri yollara dikilib qalan.
Yastığın üstünə tökülüb qalan
Üç-dörd tel saxlaram,səndən yadigar.

Bu şeir də sənə məndən yadigar…

Комментариев нет:

Отправить комментарий