06.08.2013

TÜRKİYƏNİN SABAHI

AKİF ABBASOV. H E K A Y Ə L Ə R
                                                                              
Atatürk prezident iqamətgahına tələsirdi. Bir yığıncaq çağırmışdı. O, görüş təyin edərkən, yaxud tədbir nəzərdə tutarkən gecikməyi xoşlamaz, bunu başqalarına qarşı hörmətsizlik sayardı.
Yolun kənarına xeyli adam toplaşmışdı. Onlar Atatürkə əl edir, nəsə deyib onu alqışlayırdılar. Atatürk sürücüyə buyurdu ki,  maşını əyləsin. O, xalqını, millətini çox sevir, onlarla birgə olmaqdan hədsiz məmnunluq duyurdu.
Atatürk avtomobildən düşdü, onu salamlayan kütlə ilə görüşdü. Ön cərgədə dayananların əlini sıxdı. Bir nəfər irəli çıxaraq, izdihamın iradəsini ifadə edərək dedi:
– Siz bizim fəxrmizsiniz, əfəndim!
Atatürk meydana toplaşanlara minnətdarlığını bildirib, onların xoş sözləri müqabilində dedi:

– Mən 1919-cu ilin mayında Samsuna gələrkən əlimdə maddi qüvvə yox idi. Yalnız böyük Türk millətinin əsil-nəcabətindən doğan və mənim vicdanımı ilhamlandıran yüksək və mənəvi qüvvə mövcud idi. Mən bu milli qüvvəyə, Türk millətinə güvənərək işə başladım. Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun hərarət və qüvvəsinin bizi isidəcəyinə, bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu, adətən, gözlərimlə görürdüm… Siz sağ olun, əziz millətim!
Sürəkli alqışlar qopdu. Sürücü yaxınlaşıb astaca Atatürkə xatırlatdı ki, iclasa gecikirlər. Atatürk saatına baxdı. İzdihama əl eləyib maşına sarı gedərkən ağlamaq səsi eşitdi. Dönüb geriyə baxanda bir qadının qucağındakı yaşyarımlıq uşağı gördü. 
Atatürk uşaqları çox sevirdi. Balacanın ağlamağına dözə bilməyib ona doğru getdi. Uşaq toppuş əllərini ona sarı  uzatmışdı. Atatürk də əllərini uzatdı. Ana uşağı ona verdi. Mustafa Kamal uşağı qucağına götürdü. Uşaq  dərhal ağlamağını kəsdi. Atatürk bu balaca, məsum, şirin yaranmışın yanaqlarından öpdü. Uşaq gülür, onunla oynayırdı. Atatürk onu xoş dillə danışdırıb anasına qaytarmaq istəyəndə balaca təzədən göz yaşlarını axıtdı. Bu dəfə əllərini maşına sarı uzatmışdı:
– Mən…mən…maşın…mən…
Ana onu sakitləşdirmək istəsə də, bacarmadı. Axırda dedi:
– Maşına minmək istəyir.
Adamlar sakitcə dayanıb baxırdılar. Atatürk iclasa gecikirdi. Buna baxmayaraq yenidən uşağı qucağına aldı və anaya:
– Xanım əfəndi, siz narahat olmayın, biz bir az gəzib gəlirik,- deyib qucağında uşaq xidməti avtomobilinə əyləşdi.
On-on beş dəqiqəlik gəzinti zamanı uşağı dilə tuta bildi. Onlar geriyə qayıtdılar. Balacaya anlatmışdı ki, onun vaxtı azdır, maşında çox gəzdirə bilməz. Uşaq da onu başa düşmüşdü. Avtomobil bayaqkı yerinə çatanda Atatürkün sadəliyindən vəcdə gəlmiş izdiham onu alqışladı. Ana irəli yeriyib uşağı aldı və üzrxahlıq etdi. Atatürk cavabında dedi:
– Bu uşaq türk millətinin gələcəyidir. Uşaqlar bizim sabahımızdır. Biz onları qorumalıyıq. İndi bizim əlləşib-vuruşmağımız bu uşaqlar üçündür, böyük türk xalqı üçündür, anamız Türkiyə üçündür.
Atatürk yola düşdü, qəlblərdə yaratdığı heykəlini daha da ucaltdı.

BALIQ

Rafiq Dadaşbəyli kəndində yaşayırdı. Arada bacısının həyat yoldaşı Oqtay Salyandan onlara gəlir, gələndə də özü ilə pay-pürüş gətirirdi. Bu dəfə də əliboş gəlməmişdi. Tez bir stəkan çay içib getdi. Rafiq evdə yox idi. İşdən qayıdanda evin küncündə həsir bir zənbil gördü və əlüstü başa düşdü ki, Oqtay gəlibmiş. Tez soruşdu:
– Bəs özü hanı?
Anası Töhfə arvad cavab verdi:
– Allah saxlamış nə billah elədim oturmadı. Dedi vacib işi var.
Sonra həsir zənbili göstərib:
– Sağ olmuş bu istidə yenə özünə əziyyət verib, pay gətirib,- dedi.
Zənbili ortaya çəkdilər. Zənbildə başqa şeylərlə yanaşı bir balıq da vardı.
Evdə, adətən çəki, arada xəşəm və kütüm yeyən ailə üzvləri indi dayanıb ayırd etməyə çalışırdılar ki, yeznənin pay gətirdiyi balıq, görəsən, nə balıqdır? Biri dedi durnabalığıdır, o biri dedi sufdur…
Əlqərəz, balığı şam üçün bişirib həvəssiz yedilər. Aradan beş-on gün ötmüş Oqtay yenə gəlib çıxdı. Bu dəfə də nəsə gətirmişdi. Özü də bir xeyli oturdu. Fürsətdən istifadə edən Rafiq soruşdu:
– Yeznə, keçən dəfə gətirdiyin balıq nə idi?
Oqtay cavab verdi:
– Qızıl balıq idi.
Hamının matı-mutu qurudu. Rafiq əlini əlinə vurub heyrət içərisində:
– Ay sağ olmuş, pay gətirəndə adını deməzlər. Biz də dedik görəsən nə balıqdır. Bişirməyinə – bişirdik. Amma iyrənə-iyrənə yedik.
Faiq söhbətə qarışdı:
– Deyirəm axı dadlı idi…
Rafiq əlavə etdi:
– Ay yeznə, gərək balığın adını deyib gedəydin. Biz də onu qızıl balıq kimi yeyərdik…

Mərc

Əmir, Qulu və Faiq bir yerdə işləyirdilər. Əmir həm yaşca böyük idi, həm də vəzifəcə.  Qulu ilə Faiqin zarafatları tuturdu, bir-birlərindən inciməzdilər. Əmir bir qədər sadəlövh və adama tez inanan olduğundan arada onunla zarafat edirdilər.
Bir dəfə iki dost – Qulu və Faiq işdə oturub bekarçılıqdan darıxırdılar. Qarşılarındakı krossvordun cavablarını da tapıb yazmışdılar. Birdən Qulu Faiqə müraciətlə dedi:
-İstəyirəm, bu gün Əmiri stolun üstündə uzandırım.
Faiq təəccüb içərisində ona baxaraq:
-Bu haradan ağlına gəldi?
-Məzələnmək istəyirəm.
Faiq bunun qeyri-mümkün olduğuna dostunu inandırmaq üçün:
-O kişi ağır adamdır. Sadəlövh olmağına baxma. Sən onu stolun üstünə uzandıra bilməzsən.
Qulu əlini irəli uzadaraq dedi:
-Gəl, mərc gələk.
Faiq dərhal razılaşdı. O, mərci aparacağına əmin idi.
-Uzandıra bilsən, on manatın məndə… Bacarmasan, onda sən on manat tərləyəcəksən.
-Oldu.
Çox keçmədi ki, Əmir əlində portfel içəri girdi. Salamlaşıb portfeli stolun üstünə qoyaraq istidən gileyləndi:
-Heç yoxsa, qırx beş-əlli dərəcə istilik var. Amma radioda, televizorda otuz yeddi-otuz səkkiz dərəcə deyirlər. Bu da səbəbsiz deyil. Qırx dərəcədən yuxarı olduğunu elan etsələr, gərək bütün idarələrdə, müəssisələrdə işi dayandıralar…
Qulu onun sözünə qüvvət verərək:
-Doğru deyirsən, qağa. Bu, yuxarılara sərf eləmir. Bəs pambığı kim yığıcaq, mədənlərdə, tikintilərdə, elektrik stansiyalarında kim işləyəcək?
Əmir Faiqə sarı baxaraq:
-Dostum, sənin səsin niyə gəlmir? – deyə ona sataşdı.
Qulu:
-Gələcək, ay qağa… Bayaq bir mərcimiz vardı. Faiq uduzub, ona görə səsini içinə salıb.
-Nə mərc?
-Şərtimiz belə idi ki, kim stolun üstünə uzanıb əlini stola dayamadan ayağa qalxsa, mərci o aparacaq. Faiq bacarmadı.
Əmir canfəşanlıq edərək dedi:
-Bundan asan nə var ki? Mən ömrüm boyu idmanla məşğul olmuşam.
Qulu Əmiri qızışdırmaq üçün:
-Qağa, yəni deyirsən bacararsan? – deyə soruşdu. – Axı bu sənin işin deyil.
Əmir əlini əlinə vuraraq:
-Yəni deyirsən qocalmışam?! Onda sən bu lələşini yaxşı tanımırsan.
Qulu cəld:
-Nəsə inanmağım gəlmir, -dedi. -Faiq kimi əcdaha bunu bacarmadı.
Əmir özünü gözə soxaraq: 
-Sənin nə borcuna qalıb? – dedi və sonra, - yaxşı, neçə verəcəksən? – deyə soruşdu.
Faiq tələsib «on manat» demək istəyirdi ki, Qulu onu qabaqladı:
-Beş manat. Mərci udsan – alırsan, uduzsan beş manatından keçirsən.
-Mən razı.
Əmir çıxıb stolun üstünə uzandı. Qulu Faiqə göz vurdu, yəni «Gördün lələşini?! Hərif aldandı».
Sonra Əmir bir ölüm-zülümlə əlini stola dayamadan qalxdı. Və əlini irəli uzatdı: yəni «ver beş manatımı».
Qulu tez:
-Faiq, on manatı bəri ver.
Faiq çar-naçar əlini cibinə salıb pul çıxartdı. İki beşliyi Quluya uzatdı və:
-Axır ki bəlasan, Qulu, -dedi.
Qulu beşliyin birini qatlayıb öz cibinə qoydu. O birini isə Əmirə uzadaraq:
-Faiq isə inanmırdı ki, Əmir müəllimi stolun üstündə uzandıra bilərəm.
Əmir sanki yatmışdı, ayıldı. Başa düşdü ki, bu tələ onunçun qurulubmuş. Odur ki, Qulunun əlini kənara itələyib pulu götürmədi. Pərt halda:
 -Dolamağa adam tapmırsınız? – dedi və qapını çırpıb çıxdı.

Cücə

Balasadıq bazarda toyuq satırdı. Bir qadın yaxınlaşıb:
-Cücələr neçə ola var? – deyə soruşdu.
Balasadıq təəccüblə ona baxıb:
-Ay canım, cücə nədir, bu boyda cücə olar? Toyuqdur, özü də biri 7 manata, - dedi.
Qadın yenə dediyindən əl çəkmədi:
-Cücə neçə ola var?
Balasalıq fikirləşdi ki, yəqin qadın kardır, ağır eşidir. Odur ki səsini qaldırıb:
- Cücə deyil, toyuqdur. Bir dənəsi də 7 manatdır, - dedi.
Qadın özünü o yerə qoymayıb:
-Oğul, dedin cücələr neçə ola var?
Balasadıq qadının mal alana oxşamadığını görüb:
-Satılmır, - deyə arvadı başından eləmək istədi və üzünü yana tutdu.
Qadın qır-saqqız olub yapışdı:
-Necə yəni satılmır?! Axı bayaq satırdın bu cücələri. De görüm, neçə ola var?
Balasadıq hey deyirdi, cücə deyil, toyuqdur. Qadın dayanıb dururdu ki, cücədir ki, var. Balasadıq bunu eşidib bir də qayıdıb dedi: satmıram! Qadın əl götürmədi ki, yox, satıla var. Səbir-kasası dolub-boşalan Balasadıq özünü saxlaya bilməyib toyuğu qaldırıb arvadın başına vurdu:
-Hə, cücədir, dincəldin?!
Buna bənd imiş kimi qadın tez özünü polis məntəqəsinə salıb, Balasadığın onu necə təhqir etdiyini yana-yana danışmağa başladı. Sahə müvəkkili qadını götürüb Balasadığın yanına gəldi. Qadın dil-boğaza qoymurdu:
-Nəçənnik, toyuğu başıma vuran bu idi. 
Qadına qarşı kobudluq etdiyi üçün bayaqdan özünü danlayan Balasadıq onun dilindən «toyuq» kəlməsini eşidib təzədən cin atına mindi:
-Dayan bir! Bayaq cücə deyirdin… Başına dəyən kimi cücə nə tez dönüb toyuq oldu??? 

Maşın kimindir?

Arif, Elxan, Əsgər həyətdə əyləşib söhbət edirdilər. Söhbətin şirin yerində bir taksi maşını tükürpədici səs qopararaq onların bərabərində yerə mıxlandı. Sürücü tosqun bir kişi idi. O, sürətlə hərəkət edən maşının əyləcini qəfil basmışdı. Taksi sürücüsü başını maşının pəncərəsindən çıxararaq salamsız-kəlamsız:
-Bu maşın kimindir? Deyin buradan götürsün.
Arif, Elxan, Əsgər dönüb baxdılar. Qonşuları Nəcəf həkim öz maşınını binanın qarşısında, öz mənzilinin bərabərində saxlamışdı. Ora kölgəlik olduğundan bu hikkəli sürücü öz maşınını onun yerinə vermək istəyirdi.
Taksi sürücüsünün iddialı davranması Arifə yer elədiyindən ona dərs vermək istədi. Odur ki dedi:
-O «Mersedes» prokuror Qanun Qaydayevindir. Narahat olma. Bu saat gedib deyərəm, cənab prokuror öz maşınını buradan götürər.
Prokurorun adını eşidən taksi sürücüsünün rəngi ağardı. Cəld:
-A kişi, lazım deyil, - dedi. – Mən öz maşınımı küçədə də saxlayaram.
Taksi sürücüsü bunu deyib maşını döndərdi, daha buralarda dayanmayıb gözdən itdi.

Комментариев нет:

Отправить комментарий