İbrahim Quliyev
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi
Niizami Gəncəvinin “Xəmsə”sində zərdüştiliyin əsas dini mərkəzlərindən sayılan, ayin və mərasimlərin icra olunduğu atəşkədələr barədə geniş məlumata rast gəlirik. Bu məcusi ocaqları öz zamanlarında o qədər məşhur olmuşlar ki, hətta islam dövrünün leksikoqrafları onlardan toponim kimi istifadə etmiş, hər hansı bir bölgə, region barədə məlumat verərkən onları oradakı atəşgahların adları ilə təqdim etmişlər. Tanınmış nizamişünas alim M. Məmmədova “Nizami Gəncəvi dilinin leksik üslubu” kitabında lüğətlərdən danışarkən bu məsələ üzərində xüsusi dayanmış və atəşkədələrin sonrakı dövrdə funksiyalarını aşağıdakı kimi izah etmişdir: “...Bu atəşgahlar vaxtilə toponomika rolunu oynamışlar. Belə ki, “Məcmə-ül fürs”ün sözlüyündə izah olunmuş bu atəşgah adlarının bir hissəsi üçün yenə də Nizami əsərlərindən istifadə edilmişdir.” (1.27)
Daha sonra müəllif fikrini təsdiq etmək üçün geniş nümunələrdən istifadə etmişdir. İran alimi Məhəmməd Moin isə atəşkədələrdən danışarkən onların təsnifatını da vermiş və müxtəlif təbəqələrə məxsus atəşkədələrdən söhbət açmışdır: “Qədim İranda üç nahiyədə üç məşhur və mühüm atəşkədə olmuş və onların hər biri müəyyən bir təbəqəyə aid olmuşdur” (2. 197). Daha sonra İbn Bəlxinin “Farsnamə”sinə istinad edən müəllif həmin atəşkədələrin tikilmə ardıcıllığını aşağıdakı kimi təqdim etmişdir: “Zərdüşt Gəştasb zamanında ilk atəşkədəni Bəlxdə, ikinci atəşkədəni Azərbaycanda - Cisdə, üsçüncüsünü isə fars İstəxrində tikdi”.
Məlum olduğu kimi, “Cis” sözü burada Şiz sözünün qədim variantlarından biri kimi işlənmişdir. İbn Bəlxinin yuxarıda qeyd etdiyimiz “atəşkədələrin təbəqəsi olmuşdur” ifadəsinə dolğun cavabı Abdulla Fazilinin “Azərbaycanın ən qədim tarixi müasir İran tarixşünaslığında” əsərindən alırıq: “Keçmişdə hər qəbilənin, əyalətin və ya kəndin özünəməxsus odu olsa da (atəşi Bəhram) üç atəşkədə bu odların hamısından fərqələnirmişdir. Bunlardan ruhani təbəqəsinin odu olan Azərfərinborğ, əkinçilərə məxsus olan Azərbərzinmehr, şahlara məxsus olan Qoşnəsb atəşkədəsi məşhur idi” (3. 56) Abdulla Fazilinin “Qoşnəsb” kimi təqdim etdiyi bu atəşkədə, əslində, bütün digər kitablarda “Azərgəşsəb” yaxud “Azərgəşnəsb”, bir qədər də qədim dövrə getdikdə, “Aturgəşnəsb” adlanmışdır. Bu sözün etimologiyası ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Məsələn, M.Moin qədim mənbələrə istinad edərək yazır: “Gəşnəsb özü iki sözdən ibarətdir: sözün birinci hissəsi fars və pəhləvi dilində “gəşn”, “Avesta” dilində “vərəşnə” kimi işlənmiş və “erkək”, yaxud da “qoç” mənasını bildirmişdir”. Nizaminin aşağıdakı beytində də “gəşn” qeyd etdiyimiz mənada, daha doğrusu, “qoça gəlmək” mənasında işlənmişdir (3.197-198):
بدشت انگله در هر قرانی
بگشن آید تکاور مادیانی
بفرمان خدا زو گشن گیرد
خدا گفتی شگفتی در پزیرد
Beləliklə, “azərgəşnəsb” sözünü hissələrə ayıranda “atəş-e əsb-e nər”in “erkək atın odu” mənasını verdiyini görürük, lakin o, fars dilində daha çox “ildırım”, “elektrik” anlamında işlənmişdir (4) Görkəmli İran alimi Səid Nəfisi də son variantı daha ağlabatan hesab edərək onun üzərində dayanmışdır: “Azərgəşnəsb Azərbaycandakı ən nüfuzlu atəşgədələrdən idi, mənasına gəldikdə “sıçrayan od” deməkdir. Yəni azər –od, gəşəsb- sıçrayan deməkdir... Bu sadəcə qığılcım kimi başa düşülməlidir”. (5.93) “Ancaq bəzi tədqiqatçılar bu ifadəni həmin atəşkədənin padşah Azərgəştasb tərəfindən inşa edilməsi ilə də əlaqələndirirlər” (2.198). M.Moin bu versiyanı inandırıcı olmadığı üçün rədd edir və o, Azərgəşəsbin “ildırım” mənasını qəbul edərək onun Urmiya (Çeçesta) gölünün sahilində yerləşdiyini, sonradan Keyxosrov tərəfindən viran edildiyini bildirir. Ümumiyyətlə, zərdüştiliyin yayıldığı arealda hər kəndin və şəhristanın öz atəşxanası olmaqla bərabər, üç əsas atəşkədənin oması və onların üç təbəqə ilə bağlı olması bütün tədqiqatlarda öz əksini tapmışdır. Bunlardan ən birincisi şah atəşkədəsi sayılan Azərgəşəsb idi. “Behişt qığılcımlarından biri olan Azərgəşəsb insanlara kömək etmək üçün Yer üzünə nazil olmuş və Azərbaycanda qərar tutmuşdur”. (7. 239-240) “Azərgəşəsbin sənəti döyüşdür, buna görə də Atrapatekanda (Azərbaycanda) döyüşçülər cəld və igiddirlər”. (6.132) İkinci atəşkədə ruhanilərə məxsus Azərfərinboğ, üçüncüsü isə kəndlilərin sitayiş etdiyi Azərbərzinmehr atəşgahı idi. Azərfərinboğun harada yerləşməsi barədə Xord Avestada deyilir: “Cəmşid zamanında hər bir peşə və iş üç atəşdən birinin himayəsi altında idi. Cəmşid Azərfərinboğu (başqa cür desək, Azərxordad) Xarəzm dağındakı sitayişgaha endirdi, Fərcəmşid bu atəşi Zöhhakın əlindən xilas etdi. Gəştasb öz padşahlığı dövründə onu Xarəzmdən götürüb Kabulistana gətirdi”. (6.122) Azərbərzinmehrin Xorasan əyalətinin Rivənd dağında yerləşdiyi Xord Avestada qeyd olunmuşdur.
Nizami Gəncəvinin əsərlərində yuxarıda qeyd etdiyimiz atəşkədələrdən ikisinin- Azərgəşəsbin və Azərbərzinin adlarına rast gəlirik. Lakin N.Gəncəvi nədənsə Azərgəşəsbin Azərbaycanda yox, Bəlxdə yerləşdiyini və İsgəndərin əmri ilə dağıdıldığını yazır:
ببلخ امد و آتش زردهشت
بطوفان شمشیر چون اب کشت
بهار دلفروز در بلخ بود
کز و تازه گلرا دهن تلخ بود
پری پیکرانی درو- چون بهار
صنمخانهای چو خرم بهار
درو پیش از اندازه دینارو گنج
نهاده بهر گوشه بی دسترنج
زده موبدش نعل زرین براسب
شده نام آن خانه آذرگشسب.
Bu beytlərdən görünür ki, Nizami də Dəqiqi kimi Bəlxdəki Nubhar adlı bütxanə ilə Azərgəşəsbi səhv salmışdır. Mənbələrdə qeyd olunur ki, Azərgəşəsb Zərdüştin doğulduğu şəhərdə bina edildiyindən, bütün şahlar tacqoyma mərasimindən sonra buraya gələr, atəşkədəyə çox böyük hədiyyələr bağışlayardı. Nizaminin özünün qeyd etdiyi kimi, “dinar və xəzinə” baxımından Azərgəşəsbin digər atəşkədələrdən daha varlı olması da məhz onun şahların taleyində mühüm rol oynaması ilə bağlı olmuşdur. “Xosrov və Şirin”də Nizami təkcə şahların hakimiyyətə gələrkən atəşkədəyə üz tutmasını deyil, həm də dünyanın zövq və əyləncələri ilə haqq-hesabı bitirib, fəlsəfi fikir və mülahizələrə qapılaraq həyat və dünyanın mahiyyəti barədə düşünmək istəyəndə də atəşxanada sakin olduğunu yazır. Poemanın “Neşəstən-e Xosrov be atəşxane” hissəsi bu mənada daha çox diqqəti çəkir.
جهان افتاد از آ ن پس رای خسرو
که آتشخانه باشد جای خسرو
نسازد با همالان هم نشستی
کند چو موبدان آتشپرستی
(321)
Təbii ki, Xosrovun üz tutduğu atəşkədə şahlar üçün nəzərdə tutulmuş Azərgəşəsb olmalı idi. Nizami onun adını çəkmir, lakin təsvirdən və tarixi məlumatlardan belə bir nəticə hasil olur. “Yeddi gözəl” əsərində Bəhram – gurun əldən getmiş hakimiyyətini bərpa etməyə məsləhət üçün möbidlərlə görüşdüyü yer də çox ehtimal ki, bu atəşkədə olmuşdur. İtirilmiş hakimiyyətini bərpa etmək üçün Bəhramın atəşkədədə möbidlərin önündə hesabat verməsi, onları taxt –tacı qaytaracağı təqdirdə ölkəni ədalətlə idarə etməyə inandırmağa çalışması şahıq üçün atəşkədələrin sözünün həlledici olduğunu bir daha təsdiqləyir. Nizami burada da Azərgəşəsbin adını çəkmir, lakin məclisin səviyyəsi onun şahlar üçün nəzərdə tutulmuş atəşkədə olduğunu sübut edir.Dialoqun gedişindən də aydın olur ki, möbidlərin razılığı olmadan Bəhram şahlıq tacı geyinə bilməz, onun taxta əyləşməsi qeyri-mümkündür. Buna görə Bəhram siyasi baxımdan son dərəcə yetkin çıxış etməli, nəyin bahasına olursa olsun möbidləri hüsn-rəğbətini qazanmalıdır. Bu məqsədlə o, hətta möbidlərə yalvarır ki, onun səltənətə gəlmək yolunu qapamasınlar. Bu təsvirlərdən məlum olur ki, qədim fars imperiyaları teokratik mahiyyətdə olmuş və onların taleyi Azərbaycan atəşkədələrində həll olunmuşdur. Üstəlik, idarəetmə sistemləri də atəşkədələr vasitəsilə reallaşmışdır. Bu atəşkədələrin başında dayanan isə muğlar idi. Doktor Məhəmməd Moin “Fərhənge –farsi”də yazır: “Muğlar əslində Midiya əhalisinin bir qəbiləsi idi. Ruhaniyyət məqamı birmənalı şəkildə onlara aid idi. Zərdüştilik ayini İranın cənibi – qərb nahiyəsində, yəni Midiya və Parsda vücuda gələndə muğlar yeni dəyanətin rəhbərləri oldular. Avesta kitabında ruhani təbəqəsinin adını həmin qədim variantda, yəni “athravan” kimi görürük. Amma Əşkaniyanların və Sasanilərin dövründə bu tayfanı adətən muğlar adlandırıblar. (8. 2001)
Göründüyü kimi, fars imperiyalarının əsas dövlətçilik strukturunu atropatlılar (azərbaycanlılar) təşkil etmişlər. Ümumiyyətlə, bölgənin dini dünyagörüşünü bütün zamanlarda maqlar, M.Moinin yazdığı kimi, atropatenlilər formalaşdırmışlarsa, onda zərdüştiliyin də bu xalqa məxsus olması öz-özünə təsdiqlənir. Belə olan təqdirdə bu qədim dinin parsizm kimi təqdim olunması ən azı elmi baxımdan kənardır. Zərdüştilik təkcə din yox, həm də inzibati - idarəetmə sistemi, atəşkədələr isə monarxiyanın icra aparatı idi. Elə buna görədir ki, Nizami Gəncəvinin son əsərində -“İskəndərnamə”də İskəndər Daranı öldürsə də, yerli hakimiyyəti tam ələ keçirə bilməyəcəyini anlayır, çünki idarəetmə əvvəlki qaydada atəşkədələr tərəfindən müstəqil şəkildə davam edir. Buna görə də İskəndər monarxın ölümündən sonra, hakimiyyətin mənbəyi kimi çıxış edən atəşkədələri dağıtmaq qərarına gəlir...
Yeri gəlmişkən, burada maraqlı bir məqam var... Nizaminin atəşpərəstlik dövrü ilə bağlı yazdığı hər üç əsərin süjet xəttində önəmli rol oynayan bu Azərgəşəsb atəşkədəsinin harada yerləşməsi ətrafında mübahisələr bu gün də davam etməkdədir. Fikrimizcə, bu səhv bütövlükdə Zərdüştiliyin meydana gəldiyi, onun banisinin doğulub, yaşadığı və dinini yaydığı arealla bağlıdır. Məlum olduğu kimi, bu məsələ ilə bağlı zərdüştşünaslıqda iki nəzəriyyə mövcuddur: Şərq nəzəriyyəsinin tərəfdarları Zərdüştün Bəlx ətrafında anadan olduğunu, dinini bu yerlərdən yaymağa başladığını və baş atəşgahın da burada olduğunu iddia edirlər ki, həmin iddialar bu günədək davam etməkdədir. Beləliklə, təkcə Nizami yox, bir çox orta əsr təzkirəçiləri, tarixçiləri, lekskoqrafları bu fikri dəstəkləyərək öz əsərlərində Zərdüştün Bəlxdən olması fikrində israr edirlər. O cümlədən şair Dəqiqi də Bəlx mövqeyində olmuşdur. Bu halda Nizaminin baş atəşkədənin Bəlxdə yerləşməsi barədə fikir irəli sürməsi təəccüblü görünmür, çünki Nizami zamanında izi-tozu qalmayan atəşkədə barədə məlumatı şair ancaq ayrı-ayrı mənbələrdən ala bilərdi. Lakin tarixi mənbələrin təsdiqlədiyi kimi, Azərgəşnəsbin Zərdüşt dövründə Çaeçasta, hazırda Urmiya adlanan gölün yaxınlığında yerləşməsi və İran şahlarının 700 ildən artıq bir müddətdə bu atəşkədəni ayaqyalın və piyada ziyarətə gəlmələri Zərdüştin azərbaycanlı olması qənaətini bir daha təsdiqləyir. Azərgəşəsb əslində qədim imperiyaların əsas dini-ideoloji mərkəzi olmuşdur. İbn Xordadbeh “Əl-məsalik vəl-məmalik” adlı kitabında yazır: “... Azərbaycan atəşkədəsinin olduğu Urmiyə, Səlmas və Şiz Zərdüştün şəhəridir, atəşpərəstlərin qarşısında onun böyük qədir-qiyməti vardır. Belə ki, padşahlar hakimiyyətə gələndə ziyarət üçün Mədaindən oraya piyada gələrdilər”. (9.119)
Üç ən nüfuzlu atəşkədədən ikincisi, Azərbərzin mehr atəşkədəsi hesab olunur ki, Nizaminin əsərlərində bu atəşkədənin də adına rast gəlirik. Nizami onun İskəndər tərəfindən məhv edilməsini belə təsvir edir:
زبرزین دهقان وافسون زند
بر اورده دودی بچرخ بلند
Bu atəşkədə farsdilli ədəbiyyatda əksər halda Bərzin kimi işlənmişdir. Xord Avestada həmin atəşkədə haqqında deyilir: “Atəşbərzin mehrin işi əkinçilikdir. Bu atəşin köməyi ilə əkinçilər əkinçilik işində daha bilikli, təcrübəli, təmizkar olmuşlar. Gəştasb bu atəşlə sorğu -sual etmişdir.” (6. 132) “İran Sasanilər dövründə” kitabında Kristensen Lazare de Parpa istinad edərək Rivənd kəndini Muğan kəndi adlandırsa da, Jeksonun bu atəşkədənin Mehr kndində yerləşdiyini də xatırladır: “Jeksonun fikrincə, o, Xorasan yolunun üstündə Miyandəştlə Səbzəvar arasında eyni məsafədə yerləşmişdi” (10. 108-109). Nizaminin təsvirində İskəndər Bəlxdən qayıdarkən yolüstü bu atəşkədəni məhv etdmişdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbərzin mehr ədəbiyyatlarda həm də məşhur 7 atəşkədənin biri kimi təqdim edilmişdir. Bununla bərabər, Bürhan “Əncümən”ində səhvən Azərbərzinmehrin Nişapur kəndində yerləşdiyini yazmışdır. Lakin Mehri xanım Məmmədovanın “Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı” əsərində Əhməd Çülçin Məaniyə istinadı göstərir ki, XVIII əsrin ortalarınadək Məşhəddə atəşpərəstliyə inananlar olmuşdur. (11.68)
Məhəmməd Moin “Təhlil-e həft peykər-e Nizami” əsərində qədim İranda atəşkədələrin sayından və quruluşundan yazarkən üçtəbəqəli atəşgahlardan yalnız Azərgəşnəsbin daxil omadığı yeddi atəşkədənin sırasını vermişdir. O, yazır: “Lüğətyazanlar qədim İran atəşkədələrinin sayını yeddi göstərmiş və demişlər ki, həmin atəşkədələri yeddi səyyarəyə uyğun tikmişlər. Onların hər birinin buxarısı həmin səyyarələrə uyğun şəkildə yandırılardı. Həmin yeddi atəşkədə aşağıdakı qayda üzrə sıralanmışdır:
1. Azərmehr. Azərmehr bərzin (Azərbərzinmehr-Aturbərjin mehr) Xorasan ətrafında yerləşirdi.
2. Azərnuş, ya Nuşazər. Firdovsi onun yerinin Bəlxdə olduğunu demişdir.
3. Azərbəhram Sasani dövrünün yeddi atəşkədəsindən biri olsa da, bu ad fərdi olmamışdır, əksinə İran şəhərlərində atəşkədələrin çoxu atəş bəhram adlanmışdır.
4. Azərain. Mənbəələrdə onun yalnız adı çəkilmişdir, bəziləri onu “Azərbətin” adlandıraraq onu Firudinin atasına aid etmişlər.
5. Azərxordad. Bu həmin azərfərənbəğdir (Xornebəğ, xorebəğ, xore) ki, onun yerini bəzən Röşən dağı (Kabulestan) və bəzən də Karyan (fars), bəzən isə Kenarəng (Nişapur) bilmişlər. Böyük ehtimalla onun yeri Karyan olmuşdur. Fars atəşkədəsi fars atəşilə digər iki ada da malikdir.
6. Azərbərzin. O, Azərbərzin mehr də adlanır. Bu atəşkədələrin adı iki dəfə və iki şəkildə qeyd edilmişdir.
7. Atəşe - zərdhoşt. Bu xüsusi atəşkədə adı deyil, sadəcə odun mütləqliyinin Zərdüştə aid edilməsidir. Lakin lüğətyazanlar bu adı da xüsusiləşdirmiş, yeddi atəşkədə sırasında yad etmişlər.
(12.132-133)
Yeddi rəqəminin xüsusi rol oynadığı atəşpərəstlikdə ruhanilərin də öz fəaliyyət dairələrinə uyğun olaraq yeddi təbəqəsi mövcud idi. Onların adları Vendidatda beşinci fərəgərdin 57-58-ci bəndlərində, Visperedin 3-cü bəndində aşağıdakı kimi göstərilmişdir:
1. Havənən- ən böyük başçı idi. Bu əsas ruhani lideri, homun hazırlanması ilə məşğul olurdu.
2. Atrəvəxş – müqəddəs odun xidmətində dayanırdı.
3. Frəbərətər- o, mərasim zamanı aləti böyük başçının əlinin altına qoyurdu.
4. Abərət- mərasim zamanı su işinə baxırdı.
5. Asnətər-alətləri yumaq və homun ayrılması işinə baxardı.
6. Rəisvişkara- homu südlə və s. qarışdırmaq və onu paylamaq işinə baxırdı.
7. Srouşəvarəz- ən kiçik rütbə idi. Pərəstişgahda nizam-intizam işinə baxırdı.
(12.9-10)
Nizami Gəncəvinin əsərlərindən yuxarıda adı çəkilən atəşgahlardan əlavə, digər zərdüşti məbədlər barədə də qiymətli məlumatlar alırıq. “Məcmə-ül fürs”da da qeyd olunur ki, Azərbaycanda çoxlu atəşgah olduğu üçün onların əksəriyyətinin fərdi adı da olmuş və bu adlar sonralar toponomikanın əsas vahidlərinə çevrilmişdir. “Xəmsə”də onlardan ikisi xüsusi fərqləndirilmişdir ki, bunlardan biri Azərabadegan, digəri Xodisuz (Özüyanan) atəşkədəsidir. Bürhan Qate Azərabadeqana müvaviq olaraq, Təbrizdə Azərabad, Azərbayqan, Azərbadeqan adlı atəşkədələrin də olduğunu yazmış və Azərbaycan adının da bu sözlərə bağlı yarandığını bildirmişdir. (Məsələn, Azərabad – azər atəş, abad xidmətçi; azərbadeqan – odu hifz edən və s.). (4) Fəzlullah Rəşidəddin də “Came-ət –təvarix”ində Azərbaycan sözünün atəşkədələrlə bağlı meydana gəldiyini sübut etməyə çalışmışdır. Lakin Azərbaycan adının odla bağlı olmadığını, əksinə atəşkədələrin bu ada bağlı olduğunu tarix elmi artıq sübuta yetirmişdir. (13)
“Məcmə-ül fürs”ün müəllifi Məhəmməd Qasim Süruri yazır: ”Azərabadeqan Azərbaycandakı atəşgahın adı idi, camaat onu belə adlandırırdı. Xodisuz da Azərbaycanda yerləşirdi.” (1.27) Lekskoqraf daha sonra öz fikirlərini əsaslandırmaq üçün Nizami beytlərinə istinad edir. Vəhid Dəstgərdi də Nizami leksikasının şərhi ilə bağlı əsərində “Azərabadeqanın İranın şimal hissəsində (yəni Azərbaycanda) yerləşdiyini qeyd edir.”
Əhməd Kəsrəvi Strabona istinad edərək həmin şimal hissənin Atorpatakan olduğunu və ən qədim dövrlərdən bu yerlərin Kiçik Midiya adlandığını yazır. “Əhəməni şahlığı yıxıldıqdan sonra Azərbaycanda - Kiçik Midiyada Atropat adlı sərkərdə həmin ərazinin yunanların əlinə keçməsinə mane olmuş və ölkə onun adı ilə Atropaten adlandırılmışdı”(14, 130). Kəsrəvi Starabona istinad etməklə Azərbaycanın öz azadlıq və istiqlalını uzun müddət qoruyub saxladığını da yazmışdır: “Azərbaycan parfiyalıların dövründə də azad olmaqla bərabər, İranın başqa əyalətlərindən ayrı idi” (14, 131). Ümumiyyətlə, tarix İsgəndərin Azərbaycan torpaqlarında olmadığını, Atropat adlı sərkərdənin bacarıq və qabiliyyəti hesabına talanlardan yaxa qurtara bildiyini sübut etmişdir. Bu halda biz Azərbaycan ərazisindəki atəşkədələrin və buradakı zərdüşti ədəbiyyatın qorunub saxlandığını da güman edə bilərik. Lakin N.Gəncəvi bunun əksini yazır. “İskəndərnamə”nin “Şərəfnamə” hissəsindəki “Viran kərdəne - İskəndər atəşgahhaye- əcəmra” bölməsində hər iki atəşgahın o dövrdəki vəziyyəti, statusu ətraflı işıqlandırılmışdır:
وز انجا بتدبیر آ زادگان
درآمد سوی آذرابادگان
بهر جا که او آتشی د ید چست
هم آتش فرو گشت و هم زند شست
در آن خطه بود آتشی سنگ بست
که خواندی خودیسوز ش آتش پرست
صدش هیربد بود با طوق زر
باتشپرستی گره بر کمر
بفرمود کان آتش دیرسال
بکشتند و کردند یکسر زکال
(811)
((İskəgəndər) Ağıllı insanların məsləhəti ilə oradan Azərbaycana tərəf yola düşdü. Harda ki, bir atəş gördü söndürdü, həm odu məhv etdi, həm də Zendi yudu (sildi). Həmin ətrafda daşa bağlı bir atəş var idi, ona atəşpərəst(lər) “Özündənyanan” deyirdi. Onun yüz hirbüdü qızıl zəncirdən atəşpərəstlik kəməri bağlamışdı. Əmr etdi ki, o qədim odu məhv etsinlər, kömürə çevirsinlər.)
Bu cümlələrdən görünür ki, Azərabadeqan və Xodisuz öz zamanlarında ən böyük və ən zəngin atəşpərəstlik məbədlərindən olmuşlar. Xodisuzda təxminən yüz hirbüdün çalışması, onların qızıl zəncirli kəmər bağlamaları bu atəşgahın cəmiyyətdəki nüfuzundan, dövlətə təsir etmək gücündən xəbər verir. Digər tərəfdən, Nizami Xodisuz atəşkədəsini qorxunc cadugərlik ocağı kimi təsvir edir və hətta orada çalışan gənc bir cadugər qızın öz cadusu ilə İskəndərin ordusunu qorxudaraq qaçmağa vadar etdiyini bildirir. Nizami həmin cadunu “əjdəhaye-keneşt”, yəni “sinaqoq əjdahası” kimi də təqdim edir. Vəhid Dəstgərdi yazır: “Əjdahaye-keneşt” Azərbaycan atəşkədələrinin birində yer almış cadugər bir qızdır. O, əjdaha şəklini almış və İskəndərin ordusunu qorxudaraq qaçmağa vadar etmişdir”.
بعقیدت جهود کینه سرشت
مار نیرنگ و اژدهای کنشت
Həsən Pirniya da yunanların Azərbaycana təsiri olmadığını yazırdı:”Azərbaycan yunanların qarşısında iranlılığn səngəri olmuşdur. Zərdüştün adət-ənənələri burada toxunulmamış qalmışdır”. (15, 1491)
Beləliklə, Azərbaycan atəşkədələri ilə bağlı fikrimizi aşağıdakı kimi ümumləşdirə bilərik:
1. İran alimlərinin parsizm kimi qələmə verdikləri Zərdüşt peyğəmbərə məxsus din heç vaxt milli İran dini olmamışdır. Bu dinin qorunub saxlanmasında Azərbaycanın müstəsna rolu olmuşdur.
2. Atəşpərəstlik təkcə din olmayıb, həm də idarəçilik sistemi olmuşdur. İskəndər bu sistemi məhv etmədən Şərqin qədim imperiyasına sahib ola bilməzdi. Bu dinin Azərbaycanda qorunub saxlanması bu torpaqda ikinci dəfə imperiya yaranmasına şərait yaratdı.
3. Dualist dünyagörüşü zərdüştiliyə sonradan əlavə olunub. Bunu biz Nizaminin əsərlərində daha aydın görürük. Nizami İskəndərin atəşpərəstlik məbədlərini dağıtmasına ona görə bəraət qazandırır ki, “bu din əslindən uzaqlaşaraq, əyyaş və sərxoşlar dininə çevrilmişdi”. İskəndərin işğal etdiyi torpaqlarda yaşayan xalqların öz qədim dinlərinə qayıtmalarına Nizaminin müsbət münasibəti də bununla bağlıdır.
4. Bütün yuxarıda dediklərimizdən çıxış edərəkdeyə bilərik ki, 1. İskəndər Avestanın bütün nüsxələrini məhv etməmişdir. Əslində, onların bütövlükdə məhv edilməsi fiziki baxımdan mümkünsüz idi və onların bir çoxu İskəndərin hərəkət trayektoriyasından kənarda olmuşdur. Həmin atəşkədələrdə Avestanın nüsxələri qorunub saxlanıla bilərdi. 2. Yunan filosoflarının təfəkkür və düşüncə tərzləri onların zərdüştiliyə yaxından bələd olduğunu göstərir. Təbii ki, İskəndər də Avestanın dəyərini bilirdi. Bu halda onun Avestanı məhv etməsi yox, özü ilə aparması daha məntiqli görünür. İskəndər dövründə zərdüştiliyin əcaib şəklə salınması belə bir ehtimala əsas verir ki, həqiqi Avesta İskəndərə qədər məhv edilmişdi. Nizamidəki təsvirlər bizi bu qənaətə gəlməyə vadar edir.
Ədəbiyyat
1. Məmmədova M., Nizami Gəncəvi dilinin leksik üslubu, Bakı, “Nafta – press”, 2012, 300 s.
2. Moin Məhəmməd, Məzdyəsna və təsiri an dər ədəbiyyate- parsi, Tehran, Daneşgah, 1326, 623 s.
3. A.Fazili, “Azərbaycanın ən qədim tarixi müasir İran tarixşünaslığında”, Bakı, Elm, 1970, 56, 148 s.
4. Bürhan Qate, Fərhənge –parsi, birinci cild, iki cilddə, Tehran, Təb, 1317
5. Nəfisi Səid, Fərhəngnameyi-parsi, birinci cid, Tehran, Məclis, 1319
6. Xord Avesta, İbrahim Pur Davudun şərhi ilə, Bombey İran zərdüştiləri cəmiyyətinin nəşrləri silsiləsindən, Peşuten Markerin ianəsi ilə, 1310
7. Yəştlər, Pur Davudun şərhi ilə, Bombey İran zərdüştiləri cəmiyyəti nəşrləri silsiləsindən, birinci cild, Bombey, 1307.
8. Fərhənge –farsi, doktor Məhəmməd Moin, 6-cı cild, s. 2001, 2351 s.
9. İbn Xordadbeh, s. 119
10. Artur Kristensen, İran Sasanilər dövründə, fars dilinə tərcümə edəni Rəşid Yasəmi, Tehran, 1318
11. Məmmədova Mehri, Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı, Bakı, Örnək, 2001, 140s.
12. Moin Məhəmməd, Təhlile – həft peykəre- Nizami Gəncəvi, Tehran, 1338
13. Fəzlullah Rəşidəddin, Cəa-üt-təvarix, celde-sevvom, mətne-elmi vo tənqidi, Əlizadə Ə.Ə. Bakı, 1957
14. Əhməd Kəsrəvi. Çehel məqale, toplayanı Yəhya Zeqae, Tehran, 1957
15. Həsən Pirniya, İrane bastan, Tehran, 1306

Комментариев нет:
Отправить комментарий