Bu bayatıların Liviyada, İraqda və başqa müsəlman ölkələrində
necə oxunmasını dünya ictimaiyyəti yaxşı bilir!
Bu gün ABŞ başda olmaqla, demək olar ki, bütün dünya dövlətləri
İrana qarşı sanksiyalar tətbiq edir, bu ölkəni təcrid etməyə çalışır,
müxtəlif təzyiqlərə məruz qoyurlar. Bəhanə də odur ki, İran nüvə silahına
malik olmaq istəyir.
Çox maraqlıdır! Görəsən, nüvə silahına malik olmaq istəyən
təkcə İranmıdır? Məgər dünyada heç bir ölkə nüvə silahına malik deyil
ki, İran onu əldə etməyə çalışan kimi ona təzyiq edirlər?
Bu dünyada ədalət deyilən bir şey varsa, məgər bu ədalət yalnız
Şərqə aid olmalıdırmı?
Nə üçün Böyük Britaniyada, ABŞ-da və İsraildə nüvə silahı olmalıdır,
ancaq İranda yox?
Bəlkə bu dövlətlər dünyanı idarə etmək üçün yaranıblar? Bəlkə
bu ölkələrin xalqları ən ali irqə məxsusdur? Bəlkə bu dövlətlər və onların
xalqları hamıdan və hər şeydən üstündürlər?
Əgər bu nüvə «zəhrimar» pis şeydirsə, onda nə üçün aparıcı ölkələr
o «zəhrimar»ı özündə saxlayır və bu pis şeyin üstündə niyə bir-birlərini
qırırlar? Onlar nə üçün bu pis şeyi məhv etmirlər?
Yox, əgər yaxşı şeydirsə, nə üçün başqa ölkələrə bunu rəva görmürlər?
Niyə istəmirlər ki, həmin yaxşı şey başqalarında da olsun? Nədəndir
bu qısqanclıq?
Nüvə silahı ancaq bu ölkələrdə var, kifayətdir. Başqa ölkədə
olsa, fəlakət baş verə bilər (!) Bu ölkələrdən gələn fəlakət isə xoşməramlı
iş kimi qəbul olunmalıdır. Çox gözəl paradoks! Bu, birinci ədalətsizilk!
İkinci ədalətsizlik ondan ibarətdir ki, ABŞ digər 4 dövlət
kimi heç bir ölkəyə nüvə silahı əldə etmək üçün kömək göstərməməli olduğu
halda, İrana kömək göstərmişdir və İranın nüvə silahı əldə etməsinə şərait
yaratmışdır (bu haqda bir qədər sonra).
Üçüncü ədalətsizlik isə odur ki, nə qədər İranla ABŞ arasında
münasibətlər normal idi, nüvə silahı haqqında söhbət də getmirdi. Əlaqələr
kəsiləndən sonra ABŞ İranın nüvə silahına malik olmaq istəməsini
gündəmə gətirdi, sanksiyalar tətbiq etdi, hədələdi və bölgədə müharibə
şəraiti yaratdı.
Deməli, ABŞ-ın öz maraqları, öz siyasəti, öz mənafeyi və öz xətti
hər şeydən – BMT-dən, müqavilə bağladığı ölkələrdən, haqdan, ədalətdən,
hətta insanlıqdan da üstündür.
Heç də təəccüblü deyil ki, başqa ölkələrdən üstün olmaq
ABŞ-ın başlıca prioritetlərindən biridir. Buna görə də dünyada öz hegemon
siyasətini yürütməkdə davam edir, istənilən ölkəyə hücum edir, istənilən
dövlətin rejimini dəyişdirməyə nail olur, istənilən dövlət başçısını
diktator adı altında hücuma məruz qoyur, istənilən ölkədə inqilabi
çevriliş hazırlayır.
Yuxarıda qeyd olunan ədalətsizliklərdən biri də məhz İrana münasibətdə
baş vermişdir. Ən paradoksal həqiqət də budur ki, bu gün əsasən ABŞ tərəfindən
təhdidlərlə üzləşən İran elə həmin ABŞ-ın özü tərəfindən vaxtilə dəstəklənirdi.
Bu, həmin ABŞ idi ki, İranın nüvə silahına sahib olmasını istəyir
və bu məqsədə çatmaq üçün hərbi yardım göstərirdi.
Nə üçün?
Çünki İran dünyanın ən böyük dövləti olan SSRİ-nin sərhəddində
yerləşirdi və ABŞ-la siyasi düşmən olan bu nəhəng dövləti «vurmaq» üçün
İrandan istifadə etmək niyyətində idi. Buna görə də İranın nüvə proqramı
məhz Vaşinqtonda hazırlanmışdı.
SSRİ dağılandan, İranda rejim dəyişəndən və bu rejim ABŞ-ı rədd
edəndən sonra ABŞ öz «ikili standart»ını işə saldı və «ədaləti axtarmağa»
başladı. Bu «ədaləti» İranın nüvə silahına sahib olmaq istəyinə qarşı
mübarizədə «tapdı» və dərhal əməli işə keçdi:
«İranın nüvə silahına sahib olması BMT prinsiplərinə ziddir,
dünyada təhlükə yaradır, başqa xalqların təhlükəsiz yaşamasına
mane olur, İran təhlükəli ölkədir və s.» sərsəm bəyanatlarla dünyanı
çaşdırmaq istədi.
Amma «oxunan bayatılar» artıq
hamyıa bəllidir və bu bayatıların Liviyada, İraqda və başqa müsəlman
ölkələrində necə oxunmasını dünya ictimaiyyəti yaxşı bilir!..
Əgər ABŞ demokratik və sülhsevər ölkə idisə, nə üçün 12 il ərzində
İrana nüvə enerjisi ixrac edirdi? Əgər həqiqətən dünyada sülhü və sabitliyi
qorumaq vəzifəsini yerinə yetirirdisə, niyə İranda nüvə reaktorlarını
işə salmağa cəhd göstərirdi?
Bu suala hələ o zamankı ABŞ rəhbərliyi belə cavab verirdi:
«Biz dünyada balanslaşdırılmış siyasət yürüdürük və ölkələr arasında
hərbi-siyasi tarazlığın qorunmasına çalışırıq».
O zaman daha bir sual meydana çıxır: «Yaxşı, əgər ABŞ həqiqətən
dünyada hərbi-siyasi tarazlığın qorunmasına səy göstərirdisə, onda nə
üçün XX əsrin 90-cı illərində İran yenidən nüvə proqramını davam etdirəndə
ona qarşı çıxdı və dərhal sanksiyalar tətbiq etməyə başladı? Onda o balanslaşdırılmış
siyasət hara getdi?»
Bu sualın cavabı isə birmənalı olaraq belədir: «Çünki 60-70
illərdə İran ABŞ-ın dostu idi, 80-90-cı illərdə isə Rusiyanın dostu
oldu. Ağ Evin fikrincə, ABŞ-ın dostu nüvə silahına malik ola bilər, amma
Rusiyanın dostu bu silaha malik ola bilməz». Əsl paradoks, elə deyilmi?
ABŞ-ın iç üzü elə buradaca göründü və aydın oldu ki, ABŞ üçün kimin
nüvə silahına malik olub-olmamasının fərqi yoxdur. Bunun üçün təkcə
bir və əsas şərt olmalıdır:
«Nüvə silahı ABŞ-ın köməyi
ilə əldə olunmalı, həmin ölkə həmişə ABŞ-dan asılı olmalı, onun diqtəsi lə
oturub durmalı və ABŞ-ın forpostuna çevrilməlidir!»
Yalnız belə olan təqdirdə İran kimi ölkələr nüvə silahına sahib
çıxa bilər. Bax, ABŞ-ın «demokratiya»sı və «humanizm»i budur!
Buna görə də 2002-ci ildən etibarən ABŞ iranı hədələməyə başladı
və bu ölkəni «qara siyahı»ya saldı.
ABŞ açıq-açığına bəyan edə bilməzdi ki, İran Rusiya ilə hərbi əməkdaşlıq
etdiyinə və ABŞ-ın əlindən çıxdığına görə onu hədəfə götürür. Təbii ki,
burada başqa amillərin mövcud olduğunu da istisna etmək olmaz. Amma məlum
olanı budur ki, ABŞ İranı «vurmaq» üçün bəhanə axtarırdı.
2003-cü ildə ABŞ belə bir bəhanə tapdı: Guya «İran terrorçulara dəstək
verir, Əl-Qaidə üzvlərinə hərbi kömək göstərir və dünyanı təhlükə qarşısında
qoyur, çünki nüvə silahı əldə etməyə çalışır».
Bu bəhanə ilə əvvəlcə iqtisadi sanksiyalar tətbiq etdi və Avropa
ölkələri ilə danışıqlara başladı ki, hərbi müdaxilə etməyə razılıq
versinlər.
Комментариев нет:
Отправить комментарий