18.06.2014

Zerkalo Klaranın güzgüsü

Həmid Herisçi

Kubinka məhəlləsindəki bu zülmət ünvana gəlıib yetişməkçün, gərək əvvəlcə yanmış, qaralmış bir söyüdün quru skleti altından keçəydim. Baş əyəydim bu vahiməli mənzərəyə. İndiki kimi yadımdadı, bu həyətin əyri qapısını açıb cırıldatmaq adamdan şir ürəyi tələb edirdi, vallah. Əvvəlcə qorxdum, sonra cürətlənərək qapını çox yox...azca araladım...Qonaq kimi deyil, yoxxxxx...siçan kimi tez sivişib keçdim bu dəlikdən.
Bahar nəfəsiylə təzəcə çiçəkləmiş qədim heyva ağacının sərt gövdəsini, budaqlarının iri, qartmış düyünlərini görüb təəccüblənməmək mümkün deyildi. Bədənim irəli getsə də, arxamda qalan bu ağaca doğru gözlərim boylana-boylana qalmışdı.
Beləcənə gəlib yetişdim Klaranın alaqaranlıq, tabuta oxşar dar dəhlizinə. Klarayamı salam verdim, yoxsamı narahat bir kölgəyə, yaxud mumiyaya bənzər bir məxluqa, yoxsamı küncdə qaralan  Mircəfər dövrü yadigarı telefon aparatına ...inan, indiyəcən bu suala qəti cavab vermək gücündə deyiləm.
Süfrəsinə saysız bıçaq izləri həkk olunmuş masa arxasında elə təzəcə əyləşmişdim ki, küncdəki həmin qara telefon aparatı durmadan, dayanmadan zingildəməyə başladı. Klara hirslənərək əlini telefon dəstəyinə doğru uzadanda, xələtinin bir qolu aşağı sürüşdü. Klaranın əlini bəzəyən döymə yazılar  gözümə soxulub, həyəcanımın dərəcəsini bir azacıq da artırdı bu vaxt.
Telefon dəstəyini Klara nə qədər qulağına kip sıxsa da, ordan bir cavab gəlmədi ki, gəlmədi. Dəstəyi yerinə çırpınca zənglər yenidən telefon aparatını silkələməyə başladı. Bir dəfə təkrarlandı bu bezdirici mənzərə, iki dəfə... Axırda Klaranın bircə sərrast cümləsi bütün bu teatra son qoydu:
- Allah sənin dilini, mənim də gözlərimi açsın.
***
Hə...özü deməsəydi, Klaranın kor olduğunu o gün bəlkə heç bilməyəcəkdim də. Beli əyilsə də, vicudu qürurluydu bu qadının. Kor olsa da, əlləri süfrə üzərində azıb istəkanı, qənddanı axtarmırdı. Elə bircə hərəkəti bəs edirdi ki, əli gedib istəkanın qulpundan yapışsın. Yaxud masadakı küt bıçağı qamarlayıb onu altdan-altdan qəfil sənin sinənə dirəsin.
Əsl cibgir idi axı. Dəqiq bilirdi, santimetrinə, milimetrinədək, hardadı pullar. Süfrədəki fincanlar, duz qabı, çörək, divarları bəzəyən köhnə, tozlu fotoşəkillər və s.i .və ilaxır.
İndiyəcən dəqiq bilmirəm "Zerkalo Klara" ilə tanışlığımın səbəbi şeytandan idi, yoxsa Allahdan. Mənə onun həyat yolu, oğru fəndləri maraqlıydı əvvəlcə. Özünün dediyinə görə oğrular əvvəl tramvaylarda məşq keçərdilər. Tramvay sürücüsü, böyük sürətlə döngəyə yaxınlaşanda qəfildən pəncəsini əyləcə basıb, içərilərdəki yerindən uçurdarmış. Əsl balet tamaşasıymış sanki bu sınanılmış oğru fəndi. Oğrular, öz qurbanlarının cibinə bax bu zaman- belə deyək, havada uçarkən, girib pullarını apararmışlar.
- “Tramvay imtahanı”ndan çıxdınmı, Rostov qatarına yolun açılırdı, - bu vaxt qəribə işartı parıldayardı, yadımdadı, Klaranın kor gözlərində. Deyərdin, bıyyyy...lap möcüzədi, həəəə... indicə yazığın gözlərinə nur gələcək.
Barmaq izləri, gərək indi biləsiz, anadangəlmə yox idi bu qadının. Yəni təbiət özü sanki Klaraya oğru aləminə girmək üçün xüsusi imkan, şərait yaratmışdı. Mənim Klaraya marağım da bax bu sirri-xuda ilə bağlıydı. Əvvəlcə o, məni öz həyatıyla tanış etdi. Dedi ki, bunun xərci var, bəs gərək ona bir dəstə “Astra” siqareti alam. Hədiyyəm masa üzərinə qonunca Klaranın dili açıldı:
- 1948-ci il idi, yadımdadı. Bakı limanı ambarlarında törədilmiş müdhiş talanda o vaxt bütün Bakının bərkgedən oğruları içtirak etmişdi, o cümlədən canciyərim Göygöz Sabir. Sonra gördük yoxxx eyyy, ortada işverən, xain var. Satır bizi bir-bir. –damağındalı əzik siqaretinin acı tüstüsünü bu vaxt Klara bilə-bilə düz sifətimə üfürdü. Gözlərim acıxdı bir an. Əllərimi hərəkətə gətirib, tüstünü sir-sifətimdən qovdum.
Tüstünün öhdəsindən gəldiyimi hiss edincə Klara xatirələrini davam etdi:
- Demə bu işverən nişanlım, sevgilim qubalı Romadı.
Klaranın rəhmətlik atası Ağababa Yusifzadə, 1937-ci ildə güllələnmiş inqilabçı, əslən Güney Azərbaycanlı olsa da, bir müddət Qubada yaşamışdı. Mircəfərin divar qonşusuydu. Gəncliyinin bir dövrünü Klara Qubada yaşamışdı, sevgilisi Roma da oralıydı.
- Qərara gəldik ki, bəs mən öz nişanlım Romanı evdən çıxarıb oğruların hüzuruna gətirməliyəm.
-Sevgilinizi, sevginizi qurban verdiz “oğru ideyası”na?- ilk sualım çox sərt səsləndi. Tərs şillə kimi. Ancaq, belə deyək, Klaraya deyil, gedib qarşımdakı kor divara çırpıldı bu sualım. Qayıdıb öz qulaqlarımda cingildədi.
- Həəəə...ilk qurbanımdı o. İlk. Həm də ilk sevgilim idi Roma...Tərəzinin bir gözündə Romaydı, digərində “oğru ideyası”. Seçimi özün etdim...Mətbəxdə oturub pencərədən küçəyə baxa-baxa...Qərarım qətiydi. Gecəynən Zavakzalnıdakı evimizin qapısına Göygöz özü gəlib bıçağını mənə ötürdü...
***
- Allah sənin dilini, mənim gözümü açsın.
Bayaqları sizə nümunə gərirdiyim bu sərt kəlməni, sən demə ilk dəfə Klara məhz öz sevgilisi, ilk qurbanı Romaya qarşı işlədib, bədbəəxtə ilk zərbəni öz adından vurubmuş. Sonra “bütün Bakı oğruları adından”.
-Bundan sonra həmişə iki bıçaq zərbəsi vurardım öz qurbanlarıma. Birini öz, digərini bütün oğrular adından.
-O vaxt Roma cavab qaytara bildimi sizə, Klara?-sualım əks-sada verib, bir müddət havada cavabsız asılıb qaldı.
Klaranın hər iki burun dəliyindən çıxan tüstü sütunu, məhz bu zaman bir-birinə qarışmadı. Hərəsi evin bir tərəfində seyrəlib itdi.
- Bıçaq zərbələrimdən dərhal sonra Sabirgili sanki yerin dibindən peyda oldular qarşımızda. Bunu görən Roma, özünü itirmədi...Cibindən nəşəsini çıxararaq ötürdü mənə...Bu dəfə öz adımla deyil, sevdiyi bir kinoqəhrəmanının adıyla çağırdı məni:
- Klarsanetta, evə get.
***
Ancaq, day bu qanlı hadisədən sonra Klaranın getməyə evi olmur. Həbslər biri digəriylə əvəzlənir. Üst-üstə 32 ildən çox qazamat günləri keçirir Klara. Qarlı Uralda, tozlu Türkmənistanda, qaranlıq Qaraqandada...
- Qaraqanda, yəni “Qara kənd”, mənimçün doğrudan da zülmət dünyasının qapısını açdı elə bil. Təkadamlıq karslarda yata-yata məhz orda gözlərimin nurunu itirdim. Çixarkən bax bu pasportu aldım orda.
Klaranın qurumuş sifəti üçün gülümsəmək,- mən kənardan görürdüm,- ağrılı bir cəhd idi. Ancaq, Klara vaxtaşırı hərdən gülümsəyərdi, yadımdadı. Bax indi də o, azacıq gülümsündü. Pasportunu açıb mənə göstərdi:
- Nə yazılıb burda, hə, de?
Bütün diqqətimlə bu sənədə sancıldım. Gördüklərim məni anında diksindirib təəccübləndirdi. Pasportda Klaranın adı qarşısında “Ağababa oğlu” kəlməsi həkk edilmişdi!!!
Nəydi, yaxşı bu? Bəlkə Klara...həqiqətən...
Bu lal şübhəmi Klara anında eşitdi:
- Yoxxxx...kişi deyiləm...qadınam...Yazdırdım daaaa bu kəlməni axır ki pasportuma...
Lakin, söhbətimizin hələ davamı da varmış:
- Sən diqqətlə bax bu “oğlu” kəlməsinə. Bax bir, mənim güzgümü tut bu yazının üzünə.
Klaranın kor gözlərinin küncdəki tozlu gəlinlik güzgüsünə tuşlandığını görmək, düzü, çox təsirli idi.
Deyilən xahişə təmbəl-təmbəl əməl etdim. Güzgünü tutdun pasportun üzünə. Sətirləri yenidən oxumağa başladım...”Ağababa oğlu” ifadəsinə çatınca, gözlərimə inanmadım əvvəl-əvvəl.
Güzgüdə bu sətirlər, azca dəyişərək “oğru” şəklini almışdı...
Bu an Klaranın səsini, nəfəsini öz sifətimdə hiss etdim:
- Gördünmü hünərimi? Pasportumda öz sənətimi-“oğru” adımı qeyd etmişəm. Kimdə belə pasport var, özün soruş məndən?
Bu vaxt Klara tam susub daş heykələ çevrildi bir an. Axırda astaca pıçıldadı:
Məndən yox...başqalarından soruş. Pasport isə qoy səndə qalsın.
- Niyə məhz məndə? Niyə? – deyib, sarsıldığımı bu kor qadına nümayiş etdirmək istədim.
-Başqalarına ötürərsən bir gün.
***
İllər keçib indi bu son söhbətimiz üzərindən. Klara dünyasını dəyişib.
Pasportu isə hələ də məndədi.
Özü istəyirdi ki, mən onu bir gün bir başqasına ötürüm.
Baxın. Tanış olun bu misilsiz, təkrarsız sənədlə. Özünüz deyin nədir axı bu?...
Ancaq, inanmıram sizin güzgünüz, Klarankı kimi, möcüzəli, kəramətli olsun.

1937.az

Комментариев нет:

Отправить комментарий