26.06.2014

Suriyalı hərbçi Quseyr əməliyyatı, sionist-vəhhabi əlaqələri və Azərbaycan haqqında


Tanınmış suriyalı hərbçi Ayham Əbdülrəhmanın qafqaznews.com saytına eksklüziv müsahibəsini təqdim edirik

-Əssalamu əleykum, cənab Əbdülrəhman. Şəxsən Sizi və bütün Suriya xalqını əl-Quseyrin azad olunması münasibətilə təbrik edirəm.
-Çox sağ ol, əzizim. Bu hər birimizin qələbəsidir. Bu qələbə ilə müharibəni bitmiş hesab etmək olar. Orada terrorçuların beli sındırıldı. Onların məhv edilməsi məsələsi artıq zaman məsələsidir. Onların tam yox olmasına az qaldı.


-Qısa olaraq əl-Quseyr əməliyyatı haqqında danışa bilərsiz?
-Söhbətə əl-Quseyr rayonunun əhəmiyyətini qeyd etməklə başlamaq istərdim. O, Suriyanın mərkəzində qərar tutur və ölkənin cənubunu paytaxt Dəməşq və Suriya sahili, Latakiya, bir sıra önəmli liman və Rusiyanın Tartusdakı bazası ilə birləşdirir. Əgər düşmən əl-Quseyr və onun ətrafları üzərində tam nəzarəti bərpa edə bilsəydi, paytaxtı etibarlı arxa cəbhə və adətən limanlardan gələn texniki təchizatdan təcrid edərdi. Bu rayonun ikinci strateji əhəmiyyəti ondan ibarətdir ki, orada “Hizbullah” hərəkatının təchizat yolları yerləşir. Son onillik ərzində əl-Quseyr Suriya vasitəsilə “Hizbullah”ın İrandan gələn ən yeni texnika ilə təchizi məsələsində önəmli rol oynayırdı. Əgər düşmən, xüsusilə də İsrail, bu rayon üzərində nəzarəti ələ keçirə bilsəydi, “Hizbullah” çətin vəziyyətə düşərdi və sionist rejimilə müharibə təqdirində önəmli təminat arteriyasından məhrum olardı. Sonralar Suriya ordusu tərəfindən müsadirə edilmiş İsrail mənşəli müasir silahlar arsenalının terrorçularda varlığı məhz bununla izah olunur. Sionistlər və onların müttəfiqləri – ABŞ ilə Qərb, ikinci Cenevrə konfransına güclü dəlillə getmək və orada öz şərtlərini diktə etmək üçün əl-Quseyrdə uğur qazanmağa çox ümidli idilər. Suriya rəhbərliyi və onunla birlikdə “Hizbullah” bu planı ifşa edib onun qarşısını almağa qərara aldılar. “Hizbullah”ın baş katibi Seyyid Həsən Nəsrullah bu haqqında ictimaiyyət qarşısında danışdı, hərçənd susa da bilərdi. Lakin belə bir məsələni mütləq ictimailəşdirmək lazım idi ki, düşmən başa düşsün: burada artıq möhkəm ittifaq çıxış edir. Bu ittifaq “Hizbullah”ın məskən saldığı Cənubi Livandan, Suriya və İraq vasitəsilə ta İrana qədər uzanır. Düşmənə vacib bir ismarıc çatdırmaq lazım idi: bundan sonra ittifaq təkbaşına hərəkət etmək fikirində deyil. Və əgər düşmən silahlandırmasında bu qədər səy və sərmaye qoyduğu əl-Quseyri xilas etmək üçün geniş miqyaslı əməliyyata başlasa, ittifaqın bütün üzvləri əl-ələ verib müharibəyə girişəcəklər. Suriya ordusu şəhərin azad edilməsinə dair plan cızdı.
Ordu qüvvələri iyunun 5-də sübh çağında hücuma keçməli idilər. Bu tarixin seçilməsi də böyük əhəmiyyət daşıyırdı, çünki məhz 1967-cı ilin 5 iyununda İordaniya kralının xəyanəti ucbatından İsrail rejimi Qolan yüksəkliklərini ələ keçirmişdir. Suriya rəhbərliyi İsrailin planlarına qalib gəlməklə bu pis yaddaşı silmək istəyirdi.
Əl-Quseyr Suriya-Livan sərhədində yerləşir və ordu qüvvələrinin hücumu təqdirində, terrorçular Livana çəkilib orada daha münasib vaxtın gəlişinə qədər məskən sala bilərdilər. Məhz burada “Hizbullah”ın növbəsi çatdı. Onlar terrorçuların çəkilmə yollarını kəsib onların qaçmaq ehtimalının qarşısını almalı idilər. Plan baş tutdu və hələ Suriyada öldürülmüşləri nəzərə almayaraq çoxlu sayda terrorçu artıq Livan ərazisində məhv edilmişdir. Livana çəkilmə yollarının kəsilməsindən sonra, qalan terrorçulara əl-Zəbiyyə rayonuna çəkilmə yolları hazırlandı. Orada da terrorçuları suriyalı xüsusi təyinatlılar gözləyirdi və yerindəcə onları məhv etdilər. Banditlərin son qalıqları Buayd kəndinə üz tutdular və orada da ordu qüvvələrilə qarşılaşıb məhv edildilər. Əməliyyatın əsas məqsədi əl-Quseyr cəbhəsinin belini tam qırmaq və mümkün qədər çox terrorçunu məhv etmək idi. Allaha həmd olsun ki, plan müvəffəqiyyətlə baş tutdu.

-Əl-Quseyr zəfərindən, ardınca isə Dərəa şəhərciliyin azad edilməsindən sonra, siyasi analitiklərindən biri yazdı: “Belə getsə, Suriya hökumətilə Cenevrədə danışıqlar aparmaq üçün bir kimsə qalmayacaq.” Bu daha çox zarafata oxşasa da, məlum olduğu kimi, hər zarafatda bir həqiqət var. Həqiqətən digər şəhərlərin də azad edilmə və terrorçuların tam olaraq məhv edilmə planları mövcuddur, yaxud ordu strateji fasilə götürmək fikirindədir?
-Heç bir fasilə omayacaq! Prezident açıq-aşkar dedi: “Ölkə terrorçulardan tam olaraq təmizlənməlidir!” Və bundan sonra Suriyanın Müdafiə Nazirliyindən sərt bir rəsmi bəyanat gəldi. Orada deyilirdi: “Terrorçuluqla mübarizənin danışıqlara heç bir aidiyyatı yoxdur. Terrorçuları heç kim danışıqlar masası arxasına dəvət etmir. Onların cəmi iki seçimi var: ya silahı yerə qoyub ədalətli məhkəməyə ümid etmək, ya da məhv edilmək.
Politoloqun sözlərinə gəlincə ki, danışıqlar aparmaq üçün bir kimsə yoxdur, axı prezident Bəşər Əsəd əvvəldən deyirdi: “Biz bu müxaliflərin ərbabları – ABŞ və onun müttəfiqlərilə danışıqlar aparırıq, çünki müxaliflərin özlərindən heç nə asılı deyil. Onlar Qərbin əmrlərini yerinə yetirirlər.”

-Yeri gəlmişkən, ölkənin terrorçulardan təmizlənməsi haqqında. Son məlumatlara görə Hələbin təmizlənməsinə artıq başlanıldı, amma indidən aydındır ki, ordu üçün əl-Quseyrlə müqayisədə qat-qat çətin olacaq. Axı məlumdur ki, yerli əhalinin güclü nifrətinə rəğmən, terrorçular bu şəhərdə möhkəm dayaqlara sahibdir. Bu kontekstdə, Hələbin azad olunacağı nə qədər real görünür və ordu orada uzun aylara ilişməyəcəkmi?
-Xeyr, elə deyil. Hələbin özündə terrorçular heç bir dayağa malik deyillər. Həm də şəhərin cəmi 10%-i onların nəzarəti altındadır. Terrorçular əsasən şəhərin ətrafında – kəndlərdə cəmləşdilər. Ordu üçün orada onlarla mübarizə aparmaq daha asan olacaq. Orada açıq bir yerdir və aviasiya effektiv işləyəcək. İndicə xəbər gəldi ki, uzun müddət terrorçuların məskəni olmuş Tal Şuehne rayonu artıq azad edildi və ordu irəli getdi. Hərçənd bu yer vəhhabilərin dayaqlarından biri sayılırdı. İnşallah yaxın günlərdə oradan yaxşı xəbərlər eşidəcəyik.

-Söhbət vəhhabilərdən düşmüşkən, onların özləri haqqında da danışmaq maraqlı olardı. Əsəd qüvvələrinə qarşı vuruşan bu təriqətin bir neçə mənsubu ilə söhbətləşməyə fürsət tapmışdım. Onların çoxu səmimi inanır ki, Əsədə qalib gəldikdən sonra müqəddəs Qüdsü azad etməyə gedəcəklər. Sizin fikrinizə görə, vəhhabilər Amerika və İsrailin maraqlarına xidmət etdiklərini dərk edirlər, yoxsa həqiqətən də düşünürlər ki, İslam yolunda döyüşürlər və Allaha xoş bir iş edirlər?
-Onlar bilə-bilə ABŞ və sionizmə xidmət edirlər. Əlbəttə ki, onlar kimisə aldada bilərlər, amma uzun müddətə yox. Onsuz da axırda hər şey bəlli olur. Bunun misalı Suriyada idi. Bəziləri doğrudan da fikirləşirdilər ki, İsrailə qarşı vuruşurlar, həqiqəti öyrəndikdən sonra isə, silahı atıb ölkəni tərk etdilər. Bəzilərin isə bəxti gətirmədi. Onlar ölkəni tərk etmək niyyətində olduqlarını bildirdikdə, elə özünküləri tərəfindən öldürüldülər.
Bir neçə misala müraciət edək: əgər terrorçuların məqsədi doğrudan da Qüdsdürsə, niyə onlar İsrail silahlarını gəzdirirlər? Əgər terrorçular Qüds uğrunda mübarizə aparırlarsa, niyə israillilərin yanında müalicə alırlar? Onlar Suriya ordusu ilə cənubda döyüşürlər, ordu onları sıxışdıranda isə, israillilərə pənah aparırlar. Niyə terrorçular İsrailə qarşı döyüşmürlər? Axı orada onlara bunu etməyə heç kim mane olmur.
Bu yaxınlarda İsrail mətbuatında belə bir xəbər çıxdı: bir yaralı vəhhabini İsrail təcili yardımı apardı. Yardım göstərmək üçün onu soyunduranda gördülər ki, belinə şəhid kəmərini bağlamışdır. Niyə özünü israillilərlə birlikdə partlatmadı? Axı o, kəməri özünü düşmənlə birlikdə partlatmaq üçün taxmışdır. Buyur, düşmən sənin ətrafındadır. Partlat və sübut et ki, sən doğrudan da onları düşmən hesab edirsən.
Və sonuncu misal: İsrail aviasiyası Dəməşqə hücum edəndə, terrorçular bütün bunları hələ hücumdan qabaq çəkirdilər. Kameralar məhz partlayışın baş verəcəyi yerdə qoyulmuşdur. Bu artıq terrorçularla sionistlərin tam qarşılıqlı əlaqəsindən xəbər verir. Üstəlik də, hava hücumundan dərhal sonra, terrorçular Dəməşq rayonlarına soxulmağa cəhd etmişdilər.

-Bu yaxınlarda prezident Bəşər Əsəd də terrorçuların İsraildən dəstək alması haqqında danışırdı. Sionist rejiminin Suriya münaqişəsini alovlandırması ondan xəbər vermir ki, daxili düşmənlərə qalib gələcəyindən sonra, Əsəd İsraillə müharibəyə başlayacaq? Xüsusən də əzəli Suriya torpağı – Qolan yüksəkliklərinin hələ də sionistlərin işğalı altında olmasını nəzərə alaraq.
-Fikrimcə, elə də olacaq. ABŞ və İsrail hələ mərhum prezident Hafiz Əsədə yüksəkliklərin qaytarılmasını təklif etmişdi, amma bir şərtlə: Fələstin haqqında unudulsun və Livan ilə Fələstinin müqavimət güvvələrinə dəstək dayandırılsın. O, imtina edib cavab vermişdi ki, Fələstin Qolandan da qabaq Fələstin xalqına qaytarılmalıdır və bir santimetr belə işğal altındadırsa, müqavimət davam edəcək. Prezident Bəşərin mövqeyi eynidir və heç nə onu dəyişdirə bilməz. O, İsrailin hava hücumundan sonra, bütün dünyaya bəyan edəndə ki, Qolan yüksəkliklərində ikinci müqavimət cəbhəsi açılacaq, nümayiş etdirdi ki, onun hədəfi məhz işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Bundan sonra İsrail rejimi rahatlıq üzü görməyəcək. Onlar üçün “Hizbullah”la həmsərhəd 40 km-lik ərazi təhlükə mənbəsi idisə, indi oraya 150 km əlavə olundu, özü də “Hizbullah” cəbhəsilə birləşik. Bu sionistlər üçün əsl cəhənnəm olacaq. Xüsusən də Əsədin Suriya ordusunun malik olduğu ən müasir silahları “Hizbullah”a ötürmək və bir neçə gün sonra Nəsrullahın bu silahları qəbul etmək ictimai vədlərini nəzərə alaraq.

Комментариев нет:

Отправить комментарий