30.06.2014

Türk tarixi -6

VI hissə: Çadırı o icad etmişdir

 Mete xan (e.ə. 209-174) zamanında ildə üç dəfə dövlət tərəfindən toy (məclis) tutulardı.
 Hun dövlətlərində toy və ya məclisin hökumət idarəsində mühüm rolu var idi. Avropa hunlarında da eyni məclislər qurulurdu. Atilla zamanında seçki məclisi var imiş.
 Oğuzlarda elin işləri tərnək və ya dərnəklərdə müzakirə edilirdi.
 Toyda iştirak edən üzvlərə toygün deyilirdi. Toyların təbii rəisi xaqan və ya tanhu idi. Yalnız xaqan seçiləndə, ya da xaqan yerində olmadıqda, ayquçi və ya üke deyilən baş vəzir, ya dövlət müşaviri məclisi idarə edirdi.
 Əski türklərdə baş vəzirə ayquçi və hökumətə ayüki deyilirdi. Bu kəlmə Orxon daş yazılarında zikr edilmiş və məşhur Tonyukuq üçün söylənmişdir. Göktürk və uyğur hökumətində altı vəzir var imiş, onlara buyruq deyilirdi, xalq tərəfindən seçilirdilər.

 Xaqan ölkənin idarəsində məsul olub, baş vəziri özü təyin edir və məclisi toylanmağa dəvət edird. Xaqanın fərmanlarına yarlık deyilirdi.
 Əski türklərdə dövlət rəhbəri üçün müxtəlif terminlər işlənirdi: tanhu, xaqan- imperator üçün, xan- padşah və hökmran üçün, yabğu, idiqut, eltəbər, erkin də əmir üçün işlənirdi. 
 Tanhu termini Asiya hunlarında ilk dəfə Mete xana verilmiş, xaqan Avropa hunlarında, tabqaçlar və göktürklərdə işlədilmişdir. Yabğu ünvanı isə Asiya hunlarında miladdan əvvəl mövcud idi.
 Bəy ünvanı Mete xan (Mutun, yəni Bəytun) zamanından mövcud olub, 2300 illik tarixi vardır. XXI əsrdən bəri bəyliyin ifadə etdiyi məna genişlənib və günümüzə gəlib çıxmışdır.
 Əski türk ellərində (dövlətində) hakimiyyət nişanələri otaq və ya xaqanın çadırı, örkün (taxt) və tuğ (xaqanın bayrağı), təbil, qotuz (bürk tükü) və yaydan ibarət idi.
 Xaqanın bayrağının- tuğun ucuna kəsilmiş qurd başı taxılardı.
 Asiya Hun imperatorluğunda bir tanhu iki illik (şah) və 24 başbuğ (sərkərdə) var idi. İliklər, yabğu və şadlar tanhu ailəsindən seçilirdilər.
 Katibə tabqaçlarda bitikçin, göktürk, türkeşlər və uyğurlarda bitikçi, elimqa və tamqaçı, oğuzlarda isə tuğraçı deyilirdi. Bunlar məclisdə xarici siyasət barəsində qərarları yazar və sonra xaqanın möhürü basılardı (tamğa, tuğra). 
***
 Əskidən orduya sü (sürü) deyilirdi. Ordu sözü isə xaqanın qərargah və ya paytaxtını ifadə edirdi. Sonradan ordu qoşun mənasında işləndi. Qoşun sözü də monqolcadan dilimizə girmişdir. 
 Türk ordusunda atlılardan ibarət olmaqla ən böyük dəstə on min nəfərdən təşkil olunurdu və ona tümən deyilirdi. Tümən minlik, yüzlük və onluq vahidlərə bölünürdü, bunların başındakılara minbaşı, yüzbaşı və onbaşı deyərdilər. Ordunun onlu tərtibi onu mərkəzə bağlayır, qəbilə ordusundan çıxardıb, el və ya dövlət ordusu şəklinə salmışdı. İdari rütbə və vəzifə sahibləri eyni zamanda nizami olmuşlar, ordu mənsəbləri də var idi. Bu səbəbdən dövlət qaydalı bir nizam və inzibatla idarə edilirdi, buna görə də türklərə ordu millət demişlər. Ordu və ailə türk cəmiyyətinin iki əsas dayağını təşkil edirdi. Savaş zamanı ordu yemək ehtiyacını qurutduğu (konserv) ətlə təmin edər, bu əti atının yəhərindən asdığı qutuda saxlardı. Kolbasa (qolbasan) da türklərdə yaranmışdı.
 Türklər uzaqdan savaşı üstün tutub, at üstündə 700 metrdən ox atardılar. Müxtəlif qüvvətdə yayları vardı. Ən qüvvətlisi qövsli refleks yay idi. Oxlarında ən qorxulusu səs verən, vıyıldayan oxlar idi. Bu oxlar Mete xan zamanında işlənirdi. Oxların ucu dəmirdən, sadə və ya çəngəlli idi.
 Yaxından savaşmaq üçün nizə, qalxan işlədirdilər. Müqəddəs bayraqları olan tuğun ucuna bir dəstə at və ya vəhşi öküz qılı, bir də ipək lentlər bağlardılar. Tuğlardan başqa bayraqları da var idi.
 Türklər savaşda hücum (axın) üçün hazırlanardılar. Atlı olduqları üçün hərəkət qüdrəti və sürətləri çox olub, əksəriyyətini piyada və ağır arabalar təşkil edən düşmənlərinə birdən hücum edir, az müddətdə düşmənə qalib gəlirdilər.
 Uzun sürən savaşlarda turan taktikasını işlədirdilər. Turan taktikası süni geriyə çəkilmə və pusqudan ibarət idi. Buna qurd oyunu da deyilirdi. Ordu düşmən qarşısından qaçar kimi görünüb, düşməni dalına salıb münasib bir yerə gətirir və birdən ona hər tərəfdən hücum edib qırırdılar. Bu taktika sonralar Alp Arslanın ordusu tərəfindən Malazgird savaşında (1071) da işlənmişdi. Səfəvilər də osmanlılarla savaşlarda turan taktikasını işlətmişlər və bu taktika sayəsində osmanlıların sayca və silah cəhətdən üstün olan orduları qarşısında dayana bilmişlər (Doğan Avçıoğlu, Türklərin tarixi).
 Türklərin milli strategiyası iki əsasa dayanırdı: 1) kəşf səfərləri; 2) axındırma savaşları.
 Kəşf səfərləri və axındırma savaşları illərlə davam edirdi. Məsələn, Çin ilə səlcuqların Dandənaqan və Malazgird savaşları kimi. Bu əsnada qorxu törədici rəvayətlər də yayardılar. 
 Ölkənin hüdudlarını qorumaq üçün sərhədlərdə atəş qalaları (qurğu) tikib, orada keşik qoyardılar. Eyni zamanda, sərhədlərdə bir hissə yerləri boş buraxardılar. 
 Türk ordusunu qurdlara bənzədərdilər. Türklərin atlı qoşunlar sistemi eramızdan 318 il qabaq Çin ilə bağladıqları müqavilədən sonra Çində də tətbiq edildi və həmin atlı qoşunlarla çinlilər (e.ə. 117-ci ildə) turan taktikası işlədib türkləri məğlub etdilər.
 Türk atlıları yel-şalvar və çəkmə geyir, başlarına börk qoyardılar.
***
 Asiya hunları, göktürklər və uyğurlar hər il Göktanrıya, əcdadlarına və təbiət qüvvələrinə qurbanlıq kəsirdilər. Hun imperatoru Tanhu günəş və aya səcdə edərdi.
 Təbiət qüvvələrinə Orxon yazılı abidələrində yer-su deyilir və onlar müqəddəs sayılırmışlar. Orada iki yer-sudan bəhs edilmişdir: birisi Otugen və digəri Tamiğ Ayduqbaş (Tamir bulağının çeşməsi). Otugen hökumət mərkəzi Tamiğ və ya Taqi isə Göktanrıya qurban kəsilən yer idi.
 Əski türklərin əsas dini Göktanrı dinidir. Tanrı ən yüksək varlıq olub, kainatı yaradıb və göksel (səmavi) mahiyyəti olduğu üçün Göktanrı adlanırdı. Bu dinin əsasları Çin qaynaqlarında, Göktürk yazılı daşlarında və digər mənbələrdə yazılmışdır. Tanhu Mete xan (e.ə. 176) Çin imperatoruna göndərdiyi məktubda Tanrı tərəfindən taxtda oturulduğunu və zəfərlərini Tanrının inayətinə borclu olduğunu yazır.
 Göktürk yazılı abidələrindəki mətnlərə görə, göktürk xaqanlığının qurulması Tanrının istəyi ilə olmuşdur. 
 İqtidar, kut, qismət (uluğ) onun tərəfindən verilir, ölmək də onun əlindədir, insanlar fani, Tanrı isə əbədidir. 
 Bayat (qədim), açu (ata), eydi (sahib), okan (qadir), çalap və ya çələb (mövla)- hamısı onun sifətləridir.
 Tanrı sözü başqırd ləhcəsindən başqa bütün türk ləhcələrində mövcuddur (Başqırdlar Ural qəbilələrindən olub, sonradan türkləşmişlər). Çinllər arasında da Ti-yen şəklində yayılıb və ən azı 2500 il keçmişi vardır.
 Türklər sonradan əsasən islam dinini qəbul etmişlər. Çində hökumət olan tabqaçlar Budda dinini qəbul edəndən sonra sürətlə çinliləşmişlər, 495-ci ildən sonra isə türk ürf və adətlərini yasaq etmişlər.
 Uyğur türkləri Mani dinini qəbul edəndən sonra Soqd mənşəli Göktürk əlifbasını da Mani əlifbası ilə əvəz etdilər. Sonradan Budda dini uyğurlar arasında yayıldı və bu iki din yeni məzhəb kültürünün yaranmasına, dini mətnlərin tərcüməsi isə zəngin bir dini ədəbiyyatın meydana gəlməsinə səbəb oldu.
 Bu yazı və kitabların bir qismində diqqəti cəlb edən naxışlar da vardır. Bu kitablardan «İrk bitik» və ya «Kəhanət kitabı» XX əsrdə Göktürk əlifbası ilə yazılmışdır. «Altun yarık» (qədim türk seks kitabı) və «Səkkiz yükmək» (Səkkiz tumar) adlı kitablar da həmin zamanda, lakin uyğur əlifbası ilə yazılmışdır.
 Yalnız islam dini türklərin əski inamları ilə bir çox baxımdan səsləşdiyinə, onların ruh və xarakterlərinə uyğun olduğuna görə kütləvi şəkildə bu dini qəbul etmişlər.
 İslami şəkildə türklərin böyük atalarının adı Türkdür. O, Yafəsin oğlu və Nuhun nəvəsidir, atası öləndən sonra İssık-kul ətrafına gəlib, orada yerləşmiş və çadırı o icad etmişdir.
***
 «Ey ala buludlu, ey göy çadırlı, ey sütunsuz-dirəksiz, ey nərildəyib-guruldayan, ey əsib sovuran Tanrı!»- tərəkəmələrin Allaha müraciət forması belə idi.

İbrahim Sel      (Ardı var)

Комментариев нет:

Отправить комментарий