18.06.2014

Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva həyat yoldaşı, tanınmış rəssam Altay Sadıqzadə ilə birgə yeni art-layihə hazırlayıb. Modern.az saytı xəbər verir ki, buro247.az İçərişəhərdə yerləşən Mayak 13 art-kafesindən reportaj hazırlayıb. Art-kafedə Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə görüntülənib.

Modern.az saytı buro247.az-ın art-kafedə Nərgiz Paşayeva və Altay Sadıqzadədən alınmış müsahibəsini təqdim edir.
Bakının tam mərkəzində öz sehrli energetikası ilə insanı valeh edən bir məkan var. Tarixi İçərişəhərdə yerləşən Mayak 13 art-kafesi müvafiq konsepsiyası olan qastronomik müəssisədir. 
Mayak 13 muzey müəssisəsinə daxil olarkən, dərhal onun qeyri-adiliyini anlayırsınız. Art-kafedə hər şey eksklüzivdir, çünki peşəkar rəssam Altay Sadıqzadə tərəfindən yeganə bədii açarda hazırlanıb. Məkanın əsas mövzusu mayakların poetikası, dəniz ruhunun azadlığı və əhval-ruhiyyədir.

A.S.: Mayak mövzusu həmişə Naranın sevimli mövzusu olub. Kafenin ideyası da elə buradan yaranıb.
N.P.: Mənim üçün mayak xüsusi yerdir, heyranlıqla, demək olar, ehtirasla yanaşdığım bir məbəddir. Müsahibələrimin birində mən çəkinmədən etiraf etdim ki, məmnuniyyətlə mayakın nəzarətçisi ilə əməkdaşlıq edərdim. Belə iş mənim üçün yüksək vəzifədir. Mayakların möhtəşəmliyi ondadır ki, onlar bütün funksionallığı və rasionallığı ilə bərabər, həm də poetikdirlər. Onlar - insan əllərinin yaratdığı ən gözəl tikililərdirlər. Simvolika və forma üzrə gözəl olan bu tikililər yol göstərir, nişan verir, ümid yaradırlar. Mayaklar quru və suyun birləşdiyi, üç təbiət ünsürünün (su, yer və səma) qovuşduğu yerdə yerləşirlər. Kafeni də biz mayakların, təbiət sirlərinin və insan talelərinin qoruyucularının şərəfinə hazırlamışıq.

- Art-kafe adi kafedən nə ilə fərqlənir?
A.S.: Art-kafe incəsənətlə doludur. Yəni bu yer təkcə bədəni deyil, ruhu da qidalandırır. Məsələn, muzeylərə insanlar nadir hallarda gedirlər. Ancaq bu kafeyə gəlməklə, incəsənətdən zövq almaq və eyni zamanda dadlı təamlar yemək mümkündür.

- Bu konsepsiyanın reallaşdırılması nə dərəcədə çətin olub?
N.P.: İdeyanın müəllifi mənəm, ancaq obrazın bədii ifası və yaradılması peşəkar rəssam Altaya aiddir. Mövzunu əsas götürərək həyata keçirmək olar, ancaq bununla obrazı yaratmamaq da olar. Rəssamın istedadı ondadır ki, min illər ərzində insanlara tanış olan mövzunu özünəməxsus şəkildə təqdim edə bilsin. Onun mayakı tamamilə fərqli, təkrarolunmaz mayakdır. Çəkdiyi və etdiyi isə həqiqətin bədii əksinin nəticəsi olan incəsənət əsərinə çevrilir.

- Buranın mətbəxinin xüsusiyyətləri barədə danışardınız.
N.P.: Mətbəx kifayət qədər sadədir - kafe demokratik olmalıdır. Bizim hədəfimiz bədii məkanın yaradılmasından ibarət idi. Ancaq xidmət və qastronomiyada öz tələblərimizi də müəyyən etmişik: ilk növbədə, statuslarından asılı olmayaraq, bütün müştərilərə eyni münasibət göstərmək. Digər tələb - yeməklərin adları mümkün qədər az, lakin bununla belə hazırlanması üçün istifadə olunan məhsullar sağlam və yeri istehsal olmalıdır. Bundan əlavə, mən duzun qadağan olunması ideyasını irəli sürmüşəm. Onun əvəzinə limon şirəsi, müxtəlif ədviyyələr istifadə olunur. Hər şey maksimum təbii, sağlam, keyfiyyətlidir və mürəkkəb hazırlığa ehtiyac yoxdur.
A.S.: Mətbəxdə duzdan istifadə olunmasa da, masanın üzərində həmişə var. İstəyən şəxs öz zövqünə uyğun olaraq, istifadə edə bilər.

- Deməli, buranın mətbəxinin əsas xüsusiyyəti - duzun yoxluğudur? 
N.P.: Art-kafedə əsas olan - hətta incəsənətə qarşı soyuqqanlı adamın belə buradakı şəraitə laqeyd qala bilməməsindədir. Onun daxilində özündən asılı olmadan, möcuzəvi notlar səslənəcək və o zaman yəqin ki, fiziki aclıqdan əlavə, mənəvi aclıq kanalı da işə düşəcək.

- Məkanın adında 13 rəqəminin nə mənaya gəldiyi barədə danışın
N.P.: 13 qədim, çox maraqlı və gözəl mövzudur. Mən, qızım və kürəkənim ayın 13-ü anadan olmuşuq. Hətta nəvəm belə ayın 13-ü dünyaya gəlib... Bu kafe isə Altayın ad günümə hədiyyəsidir. Məkan məhz 13 dekabr 2013-cü ildə yaradılıb.

- Köhnə rəsmlərdən olan qravyuraların üzərində köhnə Bakı təsvir olunub. Bu, çox gözəl görünür.
N.P.: Mən "Bakı gözəlləşib" kimi cümlələr eşitməyi xoşlamıram. Belə şeyləri keçmişdə aul və ya köçəri insanların şəhəri olan, komsomol tikinti dəstələrinin tikdiyi yerlər barədə demək olar, Bakı barədə yox. Paytaxtımızın köhnə fotoları bunu təsdiqləyir.

- Şəhərimiz və onun sakinlərinə nə arzulayardınız?
N.P..: İstəyərdim ki, şəhərimizin mədəniyyət, urbanizasiya qatları, köhnə ruhu, dar və asimmetrik küçələri, ikimərtəbəli gözəl ənənəvi daş binaları, köhnə qapıları, fənərləri dağıdılmasın... Şəhərin çoxəsrlik simasını, sadə ştrixlərini və orijinal qatlarını dağıtmaq olmaz. Çünki müxtəlif dövrlərin fərqli stilləri daşda daha uzun müddət və etibarlı şəkildə qorunur. Məhz şəhər artefaktları bizə özümüzü tarixi və formalaşmış zəngin mədəniyyəti olan xalq hesab etmək haqqı verir.

- Bakının gələcək obrazını necə görürsünüz?
N.P.: Bilirsiniz, Londonun ən prestijli və bahalı küçələrindən biri olan Uolton-strit sadə, köhnə ikimərtəbəli daş evlərdən ibarətdir. Bizim kiçik köhnə Bakı evlərimiz onlardan daha gözəl və maraqlıdır. Ancaq ingilislər özününküləri qoruyur və Londonun simasını yeniləmək məqsədilə heç nəyi dağıtmırlar. Bu özünə, öz vətəninə hörmətdir. Bakı bir zamanlar olduğu kimi tünd və çirkli deyil. Şəhər üçün yaxşı şeylər edən insanların əməyini də danmaq olmaz.
Məncə, dünyada iki növ şəhər var: Şanxay, Honkonq, Sinqapur kimi yırtıcı-şəhərlər və Afina, Roma, Paris, Barselona kimi romantik şəhərlər. İmkan vermək olmaz ki, bizim həmişə romantik olan şəhərimiz yırtıcı şəhərə və ya daha pis olan - yarıyırtıcı-yarıromantik şəhərə çevrilsin. Gələcək nəsillər bunu bizə bağışlamazlar. Qoy mayaklar həmişə işıq saçsın və bizə doğru yolu göstərsin!

modern.az

Комментариев нет:

Отправить комментарий